Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nuriyyə Əhmədova: “16 ildir küçələrdə qalmışam” – XƏSTƏXANADAN FOTOREPORTAJ

“Oğlum küçələrdə səfil günündə yaşayır”

Beş gün öncə avtobusdan yıxılaraq xəstəxanalıq olan xalq artisti Nuriyyə Əhmədovanı ziyarət etmək üçün Sabunçu rayonunda yerləşən 3 saylı kliniki xəstəxanaya yollandıq. Açığı Nuriyyə xanımın bizi qəbul edəcəyindən o qədər də əmin deyildik. Amma biz Nuriyyə xanımın yanına jurnalist kimi yox, onun sənətini sevən, özünə son dərəcə hörmət bəsləyən tamaşaçısı kimi yollandıq. Ona görə də qərarə gəldik ki, Nuriyyə xanıma hörmət əlaməti olaraq onun istəyi olmasa, nə diktafonumuzu, nə də fotoaparatımızı işə salaq. Travmbatologiya şöbəsinə qalxdıq və qapının üzərindəki xəstələri ziyarət saatının 17:00-dan başladığı yazılan lövhəni oxuyub bir qədər gözləməli olacağımızı düşündük. Ancaq dəhlizdə qarşımıza çıxan tibb bacısı bizi gülə-gülə Nuriyyə xanımın yatdığı palataya qədər müşayiət etdi. Onu bu vəziyyətdə görmək doğrudan da arzuolunmaz idi. Ancaq məlum qəzadan sonra onurğa sümüyündə yaranan sınıq Nuriyyə xanımın dikəlməsinə imkan vermirdi. O vəziyyətinə rəğmən bizi gülər üzlə qarşılayan xalq artistinin məmnunluğu bizə bir qədər cəsarət verdi.

“Yalvarırdım ki, ay Allah mənə ölüm ver”

- Vallah heç bilmədim necə baş verdi bu qəza. Hər şey qəfil oldu. Bir də gözümü açdım ki, yerdəyəm. O qədər çığırmışam ki, səsim də batıb. Yaxşı ki, qarşımda oturacaq var idi, başım yerə dəysəydi yəqin çoxdan ölmüşdüm. Camaat tez yığışdı başıma. Həmin an elə bircə onu düşündüm ki, onurğa sümüyüm qırıldı, şikəst qaldım. Məni qaldırdılar, amma addım ata bilmədim.
- Nuriyyə xanım sizi xəstəxanaya kim çatdırdı? Deyirlər ki, sizi o vəziyyətdə qoyub gediblər...
- Hə, bu söz-söhbəti mən də eşitdim. Bunlar yalandı. Sağ olsunlar məni taksiyə qoyub ən yaxın xəstəxanaya çatdırdılar. İlkin yardımı elə taksidə etdilər. Ağrılarım çox idi. Məni taksidən zülmlə çıxartdılar. Bədənimdə elə dəhşətli ağrılar vardı ki, yalvarırdım ki, ay Allah, mənə ölüm ver.
- Deyirlər dost dar gündə tanınır. Bu beş gün ərzində sənət adamlarından kimlər sizə baş çəkib?
- Bütün sənət dostlarım mənə baş çəkməyə gəlib. Xalq artistimiz Şəfiqə Məmmədova, Cəmil Qulyev gəldilər. Nazirlikdən bir-iki adam gəlmişdi, amma kim olduqları yadımda qalmayıb. Sağ olsun Əbülfəs müəllimin özü məni xüsusi olaraq tapşırıb. Səhiyyə Nazirliyinin diqqəti üzərimdədir. Ən yaxşı palatada yerləşdirildim.
-Hazırda özünüzü necə hiss edirsiz?
- Ağrılarım çoxdu. İynə vurub keyidirlər ki, ağrını çox hiss etməyim. Onurğa sümüyümdə sınıq var. Bundan əlavə müayinə zamanı ürəyimdə də problemlər tapılıb. Bilirsən, qızım, mən çox dözümlü insanam. Ömrüm boyu xəstəliklə gəzən adam olmuşam. Dəfələrlə müayinə edib müalicə yazıblar, bir az edib sonrasını boş vermişəm. Özümü yatağa verən olmamışam. İndi belə yataq şəraitində qalmaq mənim üçün çətindir.
- Yəqin ki, işləriniz yarımçıq qaldı?
- İki filmdə rol almışdım. Xaricə gedəcək filmlər idi. Çəkilişlər elə yenicə bitib. Biri artıq montaj olunub, festivala göndəriləcək. Filmlərdən biri gənc rejissorun çəkdiyi “Sükut pozqunluğu”dur. Tək qadının taleyindən bəhs olunur. O ssenari məxsusi olaraq mənim üçün yazılmışdı. Hələ xəbərim yoxdur, bəlkə də göndərilib.
- Başınıza gələn bu qəza tamaşaçılarınızı çox üzüb. Onları üzən digər bir məqam da sizin kimi sənətçinin bu yaşda diqqətdən kənarda qalmasıdır.
- Neyləyək qızım, indi vəziyyət belədir. Bilirsən, biz Sovet dövrünün sənətkarlarından ibrət götürmüşük. O vaxtlar bütün xalq artistləri, dövlət mükafatı laureatlarının hamısı ictimai nəqliyyatdan istifadə edirdilər. Biz heç vaxt xırdaçı olmamışıq. Hər zaman hökumət üçün, xalq üçün işləmişik. İndi sənətçilərin sənətə, kinoya baxışı tamam başqadır. Bu dövrdən, nəsildən irəli gəlir. Bizim nəsil həmişə sənəti düşünüb, sənətə gəlib,. Biz heç vaxt fikirləşmədik ki, mənim maşınım, evim olsun. Bəlkə də belə olmaq lazım deyilmiş. Düz 46 ildir sənətdəyəm. Bu illər ərzində iki dəfə ev növbəsinə dayanmışam, amma hələ də ev məsələm düzəlməyib. Evim yoxdur. Kirayələrdə, bacı-qardaş evində yaşayıram.

“16 ildir ki, küçələrdə qalmışam”

Susub gözlərini tavana dikən Nuriyyə xanımın bu sükutunu bacısı Maya xanım pozur. Ürək yanığısı ilə Nuriyyə xanımın təvazökarlıq edib dilə gətirmədiyi problemlərini açıb tökür ortalığa.

Maya xanım: Nuriyyə küçələrdə qalmaqdan bu günə düşüb. Şifonerin başındakı çanataya baxın. Oğlunun məktəb çantasıdır. Uşaq düz bir ildir ki, davamlı olaraq məktəbə getmir. İndi də ana xəstəxanaya düşüb, məktəb çantasını gətirib bura qoyur. Neyləyək? Allah götürməz bunu...
Bu adam küçələrdə qalıb. Lazımsız adamlara ev verirlər, amma 46 ildir sənətdədir, bir otaqlı mənzillə də təmin edilmir. Çox şey istəmir ki, adam kimi yaşamaq üçün ev istəyir. Əşyaları birinin evində, qab-qacağı birinin, yoran-döşəyi bir başqasının küncündə qalıb.

Maya xanımın bu etiraflarından xəcalət çəkib başımı aşağı saldım. Nuriyyə xanımın gözləri dolmuşdu.

- Mən şikayət etməyi bacarmıram. Neçə ildir həkimlər müalicə yazıb, evsizlik, şəraitsizlik imkan vermir ki, düz əməlli müalicəmi davam edim. Neçə dəfə məktub yazıb vermişəm, prezidentə çatmır. Prezidentə çatsa, əminəm ki, bir otaq da olsa məni evlə təmin edər.
Bu gün oğlumun ad günüdür. 16 yaşı tamam olur. Düz 16 ildir ki, mən o körpəylə küçələrdə qalmışam. Neyləyim? Dərdimi kimə deyim? Bilmirəm... Bu gün-sabah ölüb gedəcəm, o yetimim qalacaq künclərdə. Bu illər ərzində mən onun üçün heç bir şey edə bilməmişəm. Böyük oğlum da xəstədir. Ona da mən baxırdım. İndi mən də xəstəxanaya düşmüşəm, balalarım qalıb çöllərdə. Mən bu haqda çox danışmışam, amma nədənsə lazımı ünvana gedib çatmır.
Bilmirəm bu yataqdan qalxa biləcəm, ya yox. Xəstəxanadan çıxandan sonra, hara, kimin evinə gedəcəm, onu fikirləşirəm. Oğlum küçələrdə səfil günündə yaşayır.
Çox istedadlı, savadlı uşaqdır. İncəsənət Gimnaziyasında oxuyur. Şəraitsizlikdən düz bir ildir ki, dərslərə girə bilmir.
(Maya xanım yenə söhbətimizə müdaxilə edir) Maya xanım: O hamısını deməyəcək. Oğlunun ayağı həftələrlə ayaqqabıda qalır, - deyə uşağın ayağına göbələk xəstəliyi düşüb. Rahatlığı yoxdur. Heç olmasa Nuriyyənin bu günkü vəziyyətini nəzərə alıb, onu bir otaqlı mənzillə təmin etsinlər. İstəmirəm, təmirli olmasın. Eləcə dörd divar versinlər, bu da bilsin ki, başını soxmağa bir damı var. Nə vaxta qədər küçələrdə onun bunun qapısında qalacaq bu qadın?! Budur sənətkara verilən dəyər?!
Nuriyyə Əhmədova: 16 ildir kirayələrdə körpə uşaqla sürünürəm. İndi də başıma bu qəza gəldi, qaldım yorğan-döşəkdə. Kaş mənə xalq artisti adını verincə, bir otaqlı ev verəydilər. Məni onsuz da xalq tanıyıb, sevir. Bu gün yanıma yüzlərlə tamaşaçı gəlir. Ürəyim açılır. Mən müraciət edirəm, rica edirəm mənim vəziyyətimi nəzərə alıb, məni bir otaqlı evlə təmin etsinlər.

Könül istərdi ki, Nuriyyə xanımla söhbətimizi uzun edək... Amma xəstə ziyarətinin qısa olanı məqbuldur, - deyib sevimli sənətçimizi yenidən ziyarət etmək üzrə sağollaşdıq. Palatanı ürək ağrısı ilə tərk etdik. Ümid edirik ki, dəyərli sənətçimizin bu müraciəti diqqətdən yayınmaz. Unudulmaz şairimiz Cabir Novruzun sözü ilə desək “Sağılığında qiymət verək insanlara”

Günel Musa
Foto: Nuranə Novruz

 






8 Aprel, 2014  17:45 Baxılıb: 3888 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner