Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Məşhurlar Facebook dostları ilə görüşür” – ANAR HEYBƏTOV

Simsar.az-ın layihəsi çərçivəsində növbəti qonağımız rejissor, aktyor Anar Heybətov oldu. Onun Facebook fanatları və dostları arasından seçdiyimiz insanları görüşə dəvət etdik. “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin ofisində baş tutan görüş maraqlı söhbətlərlə yadda qaldı.

Görüşün ən yadda qalan məqamlarını diqqətinizə çatdırırıq.

Öncə Anar Heybətov facebook dostları ilə realda tanış olmağa başladı. Aktyorun diqqətini azyaşlı Fuad cəlb etdi. Anasının sözlərinə görə Fuad ad günü hədiyyəsi kimi bu görüşə gəlməyi çox istəyib. Bundan şad olduğunu bildirən aktyor digər iştirakçılardan teartla nə dərəcədə maraqlandıqlarını soruşdu.

- Teatrda olmuşam, amma təəssüf ki, sizin iştirakınız olan tamaşaya baxa bilməmişəm. Sizi “Pərvanələrin rəqsi” serialından tanıyıram.

- Hansı tamaşaya baxmısız?

- Şekspirin “On ikinci gecə” tamaşasına.

- “On ikinci gecə”?! Harda baxmısız?

- Akademik Milli Dram Teatrında.

- Başa düşmürəm, mən o qədər məsuliyyətsiz olmuşam, tamaşaya gəlməmişəm?!” (gülür) Bəlkə, tamaşanı səhv salırsınız?

- Xeyr! Əminəm...

- Üzr istəyirəm, bir faktı deyim sizə, həmin tamaşanın premyerası 2011-ci ilin 5 iyununda oldu. Ondan bir gün əvvəl isə anam rəhmətə getmişdi. Amma mən həmin premyerada iştirak etdim. Bilmirəm, necə olub ki, siz gələndə mən orda olmamışam (gülür).

- Ola bilsin, sizi tanımamışam.

- Mən orda Sebastyanı oynayırdım. Şpaqa oynadırdım.

- O, siz idiniz? (gülür)

- Hə, o, mən idim. Deməli, orda olmuşam. Nəhayət, tapdıq (gülür).

BİLSƏYDİM, TAR ÇALARDIM...

- Mən sizi İzzət müəllimin uşaqlıq dostu kimi tanıyıram...

- O mənim uşaqlıq dostum olub (gülür). Bülbül adına orta ixtisas musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin tar sinfinində birgə oxumuşuq.

- Tar çalmağı da bacarırsız?

- Hə, onu da bacarıram (gülür). Məktəbi qurtardıqdan sonra valideynlərimin təkidi ilə Konservatoriyaya sənəd verməli oldum. Bu yerdə, xalq artisti Ramiz Quliyeva minnətdarlığımı bildirirəm ki, məni imtahandan kəsdi. Yoxsa, indi hansısa orkestrdə tar çalırdım

- Bunun nəyi pisdir ki?

- Yox, pis deyil. Hərdən darıxanda evdə yadıma salıram.

- Yəqin, tarda pul yoxdu, ona görə?

- Əksinə, mən deyərdim, pul tar çalmaqda. Bu dəqiqə muğama, tara böyük diqqət var, nəinki, aktyorlara. Bilsəydim, tar çalardım (gülür)... Məktəb vaxtı şənliklərdə aktyorluq edirdik, teatr çıxarırdıq. Məktəbi qurtaran illərdə isə Qorxmaz Əlilinin dəvəti ilə Bakı Estrada Teatrına getdim. İlk dəfə orda aparıcı kimi səhnəyə çıxmışam. Buna el arasında “şoumen” deyirlər. İnstituta daxil olmadğım bir il ərzində isə zərgərlik zavodunda çalışmışam. Növbəti il sənədlərimi İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə verdim. Orada xalq artisti Azər Paşa Nemətovun kursuna daxil oldum. 1999-cu ildə ali təhsilimi başa vurdum. Həmin il də Azər müəllim məni Akademik Milli Dram Teatrına apardı. Bu günə qədər də oranın aktyoruyam.

BİR DƏFƏ BİR XANIM MƏNƏ MESAJ YAZMIŞDI...

- Siz sosial şəbəkədən hansı məqsədlərlə istifadə edirsiz?

- Sosial şəbəkədə adi insanlar necə, mən də elə oluram. Arada işimlə bağlı nələrsə paylaşıram və düşünürəm ki, bu, kimlərəsə maraqlıdır. Hərdən dostlarım mənlə zarafatlaşır. Sosial şəbəkə mənim üçün əyləncə xarakteri daşımır. Amma məndə bir xüsusiyyət var: 5-10 dəqiqə Facebook-da oluramsa, əsəblərim sakitləşir. Bilmirəm, bu, necə baş verir...

- Bu pozitivliyi nədən alırsız?

- Adi şəkil paylaşmaq, mənə gələn mesajları, mənim haqqımda yazılanları oxumaq kifayət edir. Ümumiyyətlə, 1-2 dəfə olub ki, haqqımda xoşa gəlməz yazılar yazıblar. Bir dəfə bir xanım mənə mesaj yazmışdı. Dostum deyildi, - deyə mesajı “digər” hissəsinə düşmüşdü. Nəsə, təsadüfən oxudum. Yazmışdı ki, sizə dostluq göndərə bilmirəm, xahiş edirəm, siz mənə göndərin. Fikirləşdim, burda nə var ki?! Göndərdim. Sonra mənə mesaj yazdı: “Mən bilmirəm, nədəndir, mənim sizə simpatiyam yoxdur”. Cavab yazdım: “Mənim dostlarımın arasında müxtəlif zövqdə olan insanlar var”. O isə yazdı ki, “Mən müxtəlif zövqdə olan insanların arasında olmaq istəmirəm”. Mən də yazdım ki, təşəkkür edirəm sizə, dostluğumdan çıxdı.

- Ürək sözlərini demək istəyirmiş?

- Düzü, bu, ürək sözləri də deyildi. Sadəcə, mən orda kiminsə xətrinə dəymək istəmərəm. İndiyə kimi də olmayıb. Məsələn, hərdən olur ki, teatrdan, ya da serialdan danışırlar. Deyirlər, bəyənmirik. Mən çalışıram, onları başa salım və teatra dəvət edim. Elələri olub ki, teatra qeyri-ciddi yanaşıblar. Mən onları dəvət etmişəm, gəlib baxıblar. Növbəti dəfə isə özləri bilet alıb gəliblər. İstəyirsizsə, növbəti tamaşalarımıza sizi də dəvət edə bilərəm.

- Ayın 7-nə tamaşanız varsa, mənə dəvətnamə verə bilərsiz? Toya çağırıblar, getmək istəmirəm”

- Mən sizə başqa bir şey təklif edim, toya gedib, ən azı 50 manat pul yazdıracaqsız. Ondansa, 10 manat verib bilet alın, 40 manat da qalsın özünüzə (gülür).

GƏRƏK, HƏMİN ROLU RƏFAEL DADAŞOVA VERMƏYƏYDİLƏR...

- Teatrların qüsurlarını qüsurları haqqında danışmaq istərdim. Opera və Balet Teatrında “Leyli və Məcnun” tamaşasında Nəzakət Teymurovanın Leyli rolunda çıxışından sonra mən o teatra getmirəm. Nəzakət Teymurovaya və onun sənətinə böyük hörmətim var. Amma bir Leyli kimi mən onu qəbul edə bilmədim. Çünki, çəkisi və yaşı Leyliyə heç də uyğun deyil. Həmçinin, Məcnun. Eynilə, Akademik Milli Dram Teatrında da “Misir gecələri” tamaşasına baxdıqdan sonra mən özümə Dram Teatra getməyi qadağan etmişdim. Bu, təxminən, 2005-2006-cı illərdə olmuşdu. Bu qadağa “On ikinci gecə” tamaşasına baxdıqdan sonra aradan qalxdı. Bu tamaşaya dəvətlə getmişdim.

- Belə olanda biz tamaşaçı itiririk...

- Mənə maraqlıdır, hazırda Akademik Milli Dram Teatrında tamaşaçıların diqqətini teatra çəkmək üçün hansı işlər görülür?

- Qəbul edirəm, qüsurlarımız çoxdur. Akademik Milli Dram Teatrından danışacağam. Repetuardan 50 faiz razıyam. Demək olar, bütün tamaşalara baxmışam. Direktorumuz İsrafil İsrafilov gənclərə geniş şərait yaradıb. Başqa teatrlardan da aktyorlar dəvət olunur.  Əvvəllər başqa teatrların aktyorları arasında belə bir deyim var idi, “oyununda azdramalıq eləmə”. İndi bizim teatra gələn başqa aktyorlarla söhbətim olur. Onlarla söhbətimizdə də bəziləri razılaşırlar ki, Akademik Milli Dram Teatrında işləmək hər bir aktyorun arzusudur. Bu, birmənalı belədir.

Başqa teatrlardan gələnlərin tamaşaları teatrda səhnəyə qoyulur. Onların içərisində yaxşısı da olur, pisi də. Bax həmin pis tamaşalara görə, biz tamaşaçı itiririk.

- Hər şeyi kənardan gələnlərin üstünə atmayaq. “Misir gecələri” tamaşasında bütün aktyorlar Akademik Milli Dram Teatrının aktyorları idi... Mən Nürəddin Mehdixanlının pafosunu dinləmək istəmirəm. Normal tamaşa izləmək istəyirəm.

- Nürəddin Mehdixanlının oynadığı “Xəcalət” tamaşasına baxmısız?

- Baxmamışam.

- Çalışacam, sizi həmin tamaşaya dəvət edim...Mən başqa bir məqamı sizə bildirmək istəyirəm, AzDramada belə bir tendensiya hökm sürür, tutaq ki, bir tamaşa hazırlanır və təqdim olunur. Mən orada iştirak etmirəmsə, deməli, həmin tamaşa pis tamaşadır. Əvvəllər bu hal daha da pis idi. İndi bir az yığışıb, amma tam yığışmayıb. Gərək, belə olmasın.

- Bayaqkı məsələyə qayıtmaq istəyirəm, tamaşalarda elə rollar olur ki, bu, yaş etibarilə aktyora uyğun gəlmir. Amma aktyor xalq artistidirsə, həmin rolu oynamalıdır?

- Sizin fikrinizlə razıyam. Amma axır vaxtlar bu, bizim teatrdan yığışmağa başlayıb.

- Mən belə deməzdim. “Qoca kloun tələb olunur” tamaşasına baxmışam. Orda Rəfael Dadaşovun kloun rolunda çıxışı ürəyimcə olmadı. Düşünürəm, o rol həmin aktyora yaraşmırdı.

- Razıyam. Rəfael Dadaşovun çevikliyi, ola bilsin, həmin rol üçün kifayət etməyib. Tamaşaçının nəyinə lazımdır ki, Rəfael Dadaşov kəndirə çıxa bilərmi, ya da nələrisə oynada bilərmi? Tamaşaçıya lazımdır, o, bunu edə bilsin.

- Mən həmin vaxt, həm də düşündüm ki, həqiqətənmi, Rəfael Dadaşovun, səhnəyə çıxmağa bu qədər ehtiyacı var idi ki, kloun rolunu oynasın?

- Kloun rolunu oynamaq çox çətindir və xüsusi bacarıq tələb edir. Mən özüm kloun rolunu oynamaq istəyirəm. Bu, mənim böyük arzumdur. Amma hərdən fikirləşirəm ki, mən bu rolu oynaya bilərəmmi? Yəni, bu rolu oynamaq çox çətindir. Rəfael Dadaşovun bədən quruluşu o rolu ifa etməsinə çətinlik yaradıb. Belə aktyorlar öz sənətini artıq sübut etmiş aktyorlardır. Çalışıb düzgün istifadə etmək lazımdır. Gərək, həmin rolu Rəfael Dadaşova verməyəydilər...

ELƏ VAXTLAR OLUB Kİ, DEYİBLƏR, BU AY PUL OLMADI, BAĞIŞLAYIN...

- Mənə müasir dövrdə Azərbaycanda çəkilən filmlər və seriallar maraqlıdır. Serialların çəkilişi üçün dövlət tərəfindən pul ayrıldı. Amma nəticə etibarilə, ortaya qoyulan iş kifayət qədər qaneedici olmadı”.

- Konkret, nələr?

- Adi texniki qüsurlar... Kadrlar düzgün qurulmur. Seriallarla aram olmasa da, təzə çıxan vaxtlarda hamı kimi mən də  maraqlanırdım. Bir dəfə təsadüfən qarşılaşdığım serialda bir kadr diqqətimi çəkdi. İşıqdan və obyektlərdən düzgün istifadə edilməmişdi. Fikirləşdim, mən bu kadrı daha yaxşı çəkərdim, halbuki başım çıxmır.

- Dediniz başım çıxmır. Deməli, ola bilsin ki, o kadr düz olub, siz bilməmisiz, ya da əksinə, siz deyən kimidir.

- Başqa məqamlar da var. Elə sizin çəkildiyiniz “Pərvanələrin rəqsi” serialında qarşılaşdığım bəzi məsələləri deyim: bəzi kadrlar maşın, mebel salonunda çəkilmişdi. Bu da əlavə səslərə səbəb olurdu. Kiminsə boş villasında çəkilən film maraqlı olmaz. Filmi, serialı harda çəkirsinizsə, oranı həmin yer üçün uyğunlaşdırmaq lazımdır. Razıyam, ayrılan bütün pullar lazımi şəxslərə çatmır. Mən həmişə demişəm, “Pərvanələrin rəqsi” serialının uğur qazanmasında əsas məqam aktyorlar idi. Sanki aktyorlar rejissoru arxalarınca dartıb aparırdılar. Niyə belə olur?

- Bir çox səbəb var. Birincisi, bizdə heç kim bir iş görmür. Bir nəfər bir neçə işin öhdəsindən gəlməli olur. Deyirlər, türk serialları niyə yaxşıdır, bizimki pis?! Çünki türk seriallarında kamera arxasında 50-60 nəfər olur. İkinci məsələ, peşəkarlıq məsələsidir. Götürək İranı: Onlar film çəkilişində çox peşəkardırlar. Hərənin öz işi var. Məsələn, səs rejissorunun assisenti çəkilişi dayandırmaq hüququna malikdir. Çünki çəkiliş vaxtı o şum mikrofonunu götürür və qulaqcıqla ətrafda əlavə səsin olub-olmadığını yoxlayır. Kiçik bir səs eşitsə, çəkilişi saxlayır və həmin səsin mənbəyi tapılıb aradan qalxana qədər çəkiliş getmir. Bizdə isə belə deyil. Kondisioner işləyirsə, səs rejissoru deyir ki, əşi, camaat biləcək də, kondisioner işləyir.

- Deməli, məsuliyyət yoxdu...

- Məsuliyyət deyəndə ki, məsələn, türklər konkret bilirlər ki, bu gün filan kadrları çəkəcəklər. Bizdə elə deyil. Son vaxtlar təzə bir məsələ çıxıb ortaya: aktyoru danışığa çağıranda deyirlər, ayda 15-20 gün çəkiliş olacaq və günə filan qədər qonorar verəcəyik. Qonorar məsələsi onsuz da səni qane etmir. Amma fikirləşirsən, boş oturmaqdansa, çəkilim. Ay qurtaranda görürsən ki,  cəmi 6 dəfə çağırıblar. Uzağı 7 dəfə çəkilişdə olmusan. Deməli, ssenariyə baxırlar. Tutaq ki, bu otaqda bəzi kadrlar çəkilməlidir. Onun hamısını eyni gündə çəkirlər, bu seriyanın da, o biri seriyanın da, ümumiyyətlə, neçə seriya burada kadr çəkilməlidirsə, hamısını. Sonra ölü vəziyyətində qayıdırsan evə. Sənə bir günün pulunu yazırlar, halbuki dörd günün işini gördün. Hazırda bir çox aktyor bunun əziyyətini çəkir. Mən bu yaxınlarda buna görə bir təklifi rədd etməli oldum.

“Pərvanələrin rəqsi” serialına başlayanda maşınım var idi. Serial bitəndə maşınımı satdım ki, yaşaya bilim. Amma bizdə elələri də var idi ki, yaxşı maşınları var idi, serial qurtaranda ondan da yaxşısı oldu. Halbuki eyni dərəcədə əmək sərf etmişdik. Hətta elə vaxtlar olub ki, deyiblər, bu ay pul olmadı, bağışlayın. Biz də fikirləşmişik, eybi yox, çəkiliş dayanmasın, tamaşaçıdan ayıbdır...

Serial başlamamışdan əvvəl bizə demişdilər ki, geyim problemi olmayacaq, heç nədən narahat olmayın. Amma elə olmadı.

- Filmlərdə roldan rola girirsiz, bəs həyatda?

- Lazım gələndə. Məsələn, yol polisi saxlayanda oynayıram. Sağ olsunlar, çox vaxt tanıyıb, güzəşt edirlər. Amma birdən də elə olur ki, təqsirim olmadığı halda cərimə yazmaq istəyirlər. Bax, həmin vaxt rola girmək məcburiyyətində qalıram. Amma ümumilikdə olduğum kimiyəm. Oynayanlara da yaxşı baxmıram. Aktyor sənəti təbiiliyi sevir.

- Müsahibələrinizin birində demişdiniz ki, teatr çətindir, amma teatrı filmdən üstün tuturam. Həyatda çətinliyi sevən insansız?

- Teatr aktyorun ikinci evidir. Daha doğma, həm də daha çətindir. Teatr canlıdır. Səhv etmək olmaz. O ki qaldı çətinliyə, sevsək də, sevməsək də, bu, belədir. İşimizi çox sevirik.

Sonda onu deyim ki, çox istərdim, yeni çəkilən filmlərə, seriallara dəstək olaq. Çünki hazır olandan sonra “Azərbaycan filmidir”, “Azərbaycan serialıdır” deyirlər. Ola bilsin, çatışmazlıqlar çoxdur. Amma dəstək olmaq lazımdır”.

Vüsal Məmmədzadə

 

 






7 Aprel, 2014  12:04 Baxılıb: 2958 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner