Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Vəhşi övlad qatillərinin hərəkəti parlamenti də hiddətləndirib

Döyülərək öldürülən 5 yaşlı uşaqla bağlı məsələ Milli Məclisdə qaldırıldı

Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər. APA-nın məlumatına görə, cari məsələlərin müzakirəsində deputat Gülər Əhmədova ombudsmanın hesabatında uşaqlarla bağlı məsələnin yer almasını təklif edib. Deputat mobil operatorların biri ilə müzakirələr aparıb orada uşaqların qarşılaşdıqları təzyiqlər zamanı müvafiq qurumlara dərhal məlumat vermələrini təmin edən xüsusi sistem yaradılması təklifini irəli sürüb.

Gülər Əhmədova, Tahir Rzayev və Fazil Mustafa bir neçə gün əvvəl Bakıda 5 yaşlı uşağın valideynləri tərəfindən döyülərək öldürülməsi məsələsinə münasibət bildiriblər. Onlar bununla bağlı hadisəni törədənlərə daha sərt cəza verilməsini təklif ediblər.

Millət vəkili Fazil Mustafa isə çıxışında Rusiyanın Azərbaycanın ərazisində yerləşən Qəbələ Radiolokasiya Stansiyasını (RLS) modernləşdirilməsinə etiraz edib: “Mən anlaya bilmirəm ki, Azərbaycanın ərazisindəki hansısa hərbi baza Azərbaycanın razılığı və xəbəri olmadan necə modernləşdirə bilər? Qəbələ RLS-in modernləşdirilməsi deyiləndə nə nəzərdə tutulur? Bəlkə bura hansısa əlavə kontingentin gətirilməsi nəzərdə tutulur?” Deputat son vaxtlar orduda baş verənləri də misal göstərərək hüquq mühafizə orqanları üzərində parlament nəzarətinin təşkil olunmasını vacib sayıb.

Millət vəkili Fərəc Quliyev isə çıxışında Ermənistan-Azərbaycan münaqişəsi ifadəsi işlədilərkən rəsmi açıqlamalarda və yazışmalarda Dağlıq Qarabağ adının çəkilməsinin düzgün olmadığını deyib və bu ifadənin çıxarılmasını təklif edib.

Deputat Məlahət İbrahimqızı Azərbaycanın dövlət himninin müəllifi Əhməd Cavadın xatirəsinə muzeyin və ya anımı üçün bir abidənin qoyulmasını təklif edib. M. İbrahimqızı deyib ki, istiqlal şairi Ə. Cavadın məzarı mövcud deyil. O təmsil etdiyi Şəmkir ictimaiyyətinin şairin xatirəsinin əbədiləşdirilməsi təklifi ilə çıxış etdiklərini vurğulayıb.

Deputat Elmira Axundova isə çıxışında xüsusi parlament telekanalının açılmasının, yaxud parlamentin fəaliyyətinin işıqlandırılması üçün yeni açılmış “Mədəniyyət” kanalında bir neçə saat yer ayrılmasını təklif edib.

Zahid Oruc çıxışında qeyd edib ki, Azərbaycanda prezidentlərin Soçi görüşündə hansısa nəticənin əldə olunacağına dair ümidlər var: “Baxmayaraq ki əvvəlki görüşlərdə heç nəyə nail olunmayıb. Ötən gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin açılışına qatılması da bir rəmzi məna daşıyır. Bizə bəllidir ki bu danışıqlar da nəticəsiz ola bilər. Təklif edirəm ki Azərbaycan Ermənistanla danışıqlardan imtina edib dialoqu məsələnin başlanğıcından mühüm rol oynayan Rusiya ilə aparsın”.

Millət vəkili Siyavuş Novruzov ümumi bir soyqırımı abidəsinin yaradılmasını təklif edib. Qəbələ RLS-in icarə müddətinin bitməsinə hələ bir il qaldığını deyən millət vəkili bu müddətdə bağlanacaq hər hansı müqavilənin parlamentdə təsdiq olunacağını vurğulayıb. Deputat deyib ki, Qəbələ RLS Azərbaycanın balansındadır və icarəyə verilib. Siyavuş Novruzov bəzi mətbuat orqanlarının Bakı şəhərinə qoşun yığılması ilə bağlı yaydığı xəbərlərə də münasibət bildirib: “Bu yalandır. Kim qanundan kənara çıxacaqsa intizama dəvət olunacaq”.

İclasda vitse-spiker, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın ötən həftə başa çatmış plenar sessiyasında Azərbaycan heyətinin iştirakı və aparılmış müzakirələr barədə məlumat verib. Görüşlərdə Avstriya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin hazırlanması və qəbulu da müzakirə olunub. Bahar Muradova sessiyada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun rəhbərinin dəyişdirilməsi təklifi ilə çıxış etdiklərini də vurğulayıb.

Vitse-spiker Bahar Muradovanın hesabatına münasibət bildirən spiker Oqtay Əsədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun fəaliyyətini tənqid edib: “Bu təsisatın rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək. Mən seçkilər ərəfəsində Azərbaycana gələn institut rəhbərliyi ilə görüşdə sual etdim ki, siz hazır reseptlə gəlmisiniz, yoxsa normal müşahidə aparacaqsınız? Bildirdilər ki bizim hazır reseptimiz olmur. Ancaq illərdir görürük ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun həmişə hazır reseptlə gəlir. AŞPA və ATƏT PA-nın qərarı qalır bir tərəfdə, 10-12 saat danışıq keçirir, sonra öz fikirlərini deyib gedirlər. Ona görə qurumun rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək”.






4 Mart, 2011  17:37 Baxılıb: 1453 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner