Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türk xalqlarında – NOVRUZ

Novruz türk xalqlarının qədim və tarixi  bayramdır. Qədim dövrlərdə bu bayramın adı Novruz deyil, Tura adlanardı. Tura – Törə (törəmək) sözündən yaranıb ki, bu gün dilimizdə işlətdiyimiz Turan sözü də bu addan götürülüb. Əcdadlarımız qədəm qoyduqları bütün bölgələrdə Tura bayramını böyük coşqu ilə qeyd ediblər. Tura yeni günün başlanğıcı kimi qeyd edildiyindən, farslar bu sözü Nov-yeni, ruz-gün ilə əvəzləyiblər. Sonralar elə bayramın adı Novruz kimi yaddaşlarda daha çox yaşayıb. 21 Mart tarixində günəş Şimal yarımkürəsinə keçir və o yarımkürəni isitməyə başlayır. Beləliklə də bu gün baharın başlanğıcı olaraq qəbul edilir. Novruz bayramının nə İslamiyyət, nə Ələvilik, nə də Sünnilik ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Çünki Novruz ənənəsi İslamdan çox-çox əvvəllər ortaya çıxıb. Novruz nə bir məzhəb, nə də bir dinin bayramı deyil. Mahmud Kaşğarlının “Divan-i-Lüğəti-türk”ündə, Səlcuqlu Vəzir Nizamülmülkün “Siyasətnaməsi” ində, Məlikşahın təqvimində, Ağqoyunlu hökmüdarı Uzun Həsənini qanunlarında, Qazi Bürhanəddinin, Səfəvi şahı Şah İsmayılın divanında türklərin yaşam tərzini, adət-ənənəsini əks etdirən Novruz bayramının ortaq türk bayramı olduğu göstərilir.

Novruz bayramı ilə bağlı Türk topluluqlarında müxtəlif adətlər meydana gəlib. Orta Asiyadan, Balkan türklərinə, hətta Amerikadakı Qızıldərililərin yaşatdığı adətlərdə bu mərasimin ənənlərinə rast gəlmək mümkündür. Azərbaycanda hər il Novruz bayramı martın 21- 23-də böyük mərasimlərlə qeyd olunur. Yaxınların doğmaların məzarları ziyarət edilir. Bu ziyarətlərdə hazırlanan halva, plov və ərzaqlar kasıblara paylanılır. Digər türk xalqlarından fərqli olaraq Azərbaycanda Novruz üçün Səməni göyərdirlər ki, bu da ruzi-bərəkət simvoludur. Adətən İlaxır çərşənbə olan Torpaq çərşənbəsini böyük coşqu ilə keçirən xalqımız bu gün bütün xalq inanclarını həyata keçirirlər. İlaxır çərşənbədə   “Qapı pusma”, “Suya üzük atma”, “Su başı”, “Baca-baca” adətləri, uzun illərin ənənələrinə çevirilən  müxtəlif motivli oyunlar xalqın yaşam tərinə rəng qatır. Əvvəllər Səməni halvası bişirilib nəzir kimi 7 qapya paylansa da günümüzdə bu adətə az hallarda rast gəlirik. Amma Orta Asiyada Novruz süfrəsi bunsuz olmur – adına “sümələk” deyirlər.

K. K Yudahinin əsərində Qırğız türklərində Novruz bayramının  mart ayında olduğu və yeni ilin ilk günü anlamına gəldiyi ifadə edilir. Bu gündə “Nouruz Köcö” deyilən xüsusi yemək hazırlanır. “Köcö”, darı yarması və ya bulqur əlavəsi ilə hazırlanan bir yemək növüdür. Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olur. Bu - quzu ətindən və qırğızların makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilir – çünki əllə yeyilir – yəni beş barmaqla. Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var – Azərbaycanda üzərlik yandıran kimi. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir.

Onlar “Alas-alas, hər bəladan xilas” – deməklə öz həyətlərin atəşlə pis ruhlardan təmizləyirlər.

Qazax türkləri də  Qırğız türklərinin hazırladığı həmin  aşı bişirirlər. Bundan başqa Novruz mərasimlərində ənənvi olaraq mövlud oxudurlar.  Həmin gün evlərdə təmizlik işləri aparılır, yeni paltarlar geyinilir. Novruz mərasimləri sırasında evlərin divarlarına və əşyaların üstünə gildən hazırlanmış qablar çırpılaraq parçalanır və ocağın üstündən atlanılır. Böyük çadırlar qurlub, süfrələr açılır.

Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində, Novruz günü başlayan mərasimlər adətən bir həftə davam edir. Xalq bu mərasimlərdə çadır-çadır gəzərək bir-birilərinin bayramlarını təbrik edirlər. Bu ziyafətlərdə  qonaqlara plov təqdim edilir. Köpkarı, güləş, at yarışları, xoruz döyüşləri kimi nümayişlər hazırlanır. Özbəklər  Novruz süfrəsi üçün şəkərdən hazrılanmış “nişala” bişirirlər.

Özbəkistan böyük bir məmləkət olduğu üçün ölkənin hər yerində dəyişik adətlər var. Məsələn, Surxəndəryada adamlar asimandan yağmur gözləyir. Üzlərini böyük bir qocaman qadının – Sus xatının şəklinə tutub yağış istəyirlər. “Sus xatın, susma xatın, yağmır yağdır” deyə şərqi söyləyirlər.  Novruzda Özbəkistanda məmləkətin yaşlı adamı əlini yağa batırar və öküzlərin buynuzunu yağlar ki, yeni il bərəkətli olsun.

Türkmənistanda Novruz bayramında xalq gününü dini bayramlara bənzər şəkildə keçirilir. Qarşılıqlı ev ziyarətləri edilir, təbrik mesajları göndərilir. Türkmənistanda bir müddət əvvələcən hətta mart ayı demdirdilər – martın rəsmi adı Novruz idi. Amma sonra yeni prezident Berdıməhəmmədov keçmiş dövlət başçısı Niyazovun qoyduğu bütün ay adlarını ləğv etdi.

Bu bayram Qaraqalpaqlarda Nevruz, Kırım türklərində Navrez, Qərbi Trakya türklərində Mevris, MakedoniyaKosova türklərində Sultanı Navrız, Qaqauzlarda İlkyaz adları ilə yuxarıda bəhs etdiyimiz coşqu və ənənlərlərlə qeyd olunur. Çox geniş coğrafiyada yayılmış Novruz mərasimlərində adətən bu oyunlar dəyişmədən keçirilməkdə davam edir.

“Gökböri oyunu” Türkistanda oynanılan oyunların şahı hesab olunur.  Bu oyuna “gökböri, köpkarı, oğlaq, buzkaşi, kökpar, kükbar” kimi adlar da verilir. At yarışları, cirit oyunu, qılınc sallama, yamba qapma, güləş, at üzərində güc göstərmə, sinsin oyunu, huntu oyunu. Bu oyunların əksəriyyəti xüsusilə idman növü hesab olunur. Oyunların bir qismi isə tamaşa motivlidir.

“Kosa-Kosa oyunu, “dəvə oyunu”, “əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş oyunu”, “qış bovay”, “yolbar”, “arğımaq” kimi oyunlar  da türk xalqlarının novruz ənənələrinə daxildir.  Novruz bayramında məhəlli əyləncələrə də xüsusi yer verilir. Beləki gənclər öz  aralarında mahı və şeir söyləyərək yarışırlar. Bunlardan bəziləri, Halay yunu, Yaşıl yarpaq, Qızılgül, Haqışta, Bənövşə, Bəxtiyar və  deyişmələrdir.

Anadolu ətrafında bu oyunlar adətən 21 martda böyük bir coşqu ilə keçirilir. Keçmişdə həmin günə xas olaraq məcunlar, şərbətlər, hədiyyələr hazırlanaraq dövlət adından böyükdən kiçiyə hər kəsə paylanılardı. Günümüzdə bu adət Anadoluda “Məsir Məcunu Şənlikləri” adı altında hələ də davam etməkdədir. Anadoluda “Sultan Novruz”, “Novruz Sultan”, “Mart doqquzu” və “Mart Bozumu” kimi adlarla tanınan novruz adətləri bütün türk toplumu içərisində yaşadılır.

Taxtacı türkmənlərində Novruz bayramı keçmiş Martıq doqquzdur və Sultan Novruz olaraq adlandırılır. Novruz Taxtacı türkmənlərinin yaylağa çıxışında, 22 -23 mart tarixlərində qeyd olunur. Taxtacı türkmənlərində Novruz ölülərin yedirilib içirildiyi gün olaraq qəbul edilir. Burda qədim türk inanc sisteminin atalar mədəniyyəti özünü göstərir.

Tacikistanda az sayda türk olsa da, qədimdə bayram günü onlar süfrəyə 7 nemət düzərdilər. Bunlardan, süd – təmizliyi, şirniyyat – yaşama sevincini, şəkər – sərinlik və rahatlığı, şam – oda sitayişi, daraq – qadının gözəlliyini təmsil edirdi. İslamiyyətdən sonra İslam adətlərinə görə “S” ilə başlayan 7 nəsnə bunların yerini alıb.

Əfqanıstanda Novruz türklər arasında adətən  doğum günü olaraq qeyd olunur. Bu gün hər kəs təzə libaslarını geyinir. Yaxınların məzarları və qohum-əqrəba ziyarətləri edilir. Güləş tutulur və oğlaq oyunu oynayırlar. İnsanlar arasındakı inciklik, küsülülük ardan qaldırılır. Xalq yeni ilə necə başlanarsa ilin elə keçəcəyinə inanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur, amma orda yumurta boyamaq bir az uzun çəkir – yumurtaları qaynadandan sonra da fırçayla üstünə cürbəcür naxış vururlar. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-şərif şəhəridir - əfqanların inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Həzrəti Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Həzrəti Əlinin ziyarətgahında xüsusi sərgilər, mərasimlər, şoular təşkil olunur. Novruzda - Məzari-şərifdə müxtəlif oyunlar, yarışmalar da olur – xoruz döyüşdürürlər, it boğuşdururlar. Bu yarışmaların mövsümü Novruzda başlayır, sonra 3-4 ay da davam edir. Çərpələng uçurma kimi başqa oyunlar da olur.

Altay türkləri arasında 21 martda Novruz bayramı içərisində  “Cılğayaq” deyilən bir bayram da vardır. Bu bayramda da  Novruz kimi baharın gəlişi qeyd olunur. Bu bayramın hazırlıqları yaz mövsümündə başlanılır. Əvvəlki ildən qalan, toplanaraq saxlanılan bitgilərin sarğay adı verilən kökləri çıxarılaraq onlardan yeməklər hazırlanır. Bundan baqşa bu bayramda bal qatılmış qatıq, dondurulmuş və qurudulmuş ət, qoyun, mal dırnaqlarında yeməklər hazırlanılır.

Saka türlərinin yaşadığı Sibirdə də bahar bayramı böyük coşqu ilə  qeyd olunur. Bu bayram o bölgədə İsiah adı ilə qeyd olunur.

İsiah bayramında dua və qımızla mərasim keçirləcək sahələr təmizlənilir. Mərasim meydanlarına yarım ay əvvəldən yeni ağ ağaclar əkilir. Meydanda böyük tonqal qalanır və bu tonqal mərasimlər bitənə qədər söndürülmür

Ağ ağaclara əvvəl gənc qızlar və oğlanlar olmaqla bütün xalq təzə ildə həyata keçməsini istədikləri dilək tutub  bez parçası bağlayırlar. Bu inanc və adət dünyanın demək olar ki, bütün türk xalqları tərəfindən hələ də yaşadılır.

Günel Musa

 

 






18 Mart, 2014  11:57 Baxılıb: 3204 Çap

Bu bölmədə


XƏBƏR LENTİ








10 İyul, 2020  13:32

10 İyul, 2020  11:16

9 İyul, 2020  10:09
















6 İyul, 2020  16:48







2 İyul, 2020  16:06













29 İyun, 2020  15:17




sagbanner