Mətbuat xidmətinin rəhbəri: «İndi hansı əsasla bizə «0» bal verirlər, onu deyə bilmərəm»
Beynəlxalq Şəffaflıq Təşkilatı - Transparency İnternational və Gəlirlərə Nəzarət İnstitutu (Revenue Watch Institute) martın 1-də yaydıqları hesabatda qeyd edirlər ki, neft və qaz şirkətləri korrupsiyanın dayandırılması üçün daha çox iş görməlidirlər. Hesabatda qeyd edilir ki, artıq şirkətlər öz gəlirləri haqqında məlumatlar verməklə bu istiqamətdə müəyyən işlər görüblər. Amma hələ daha çox işlər də görülməlidir.
Transparency İnternational təşkilatının direktoru Huguette Labelle bildirir ki, hazırda dünyada hər üç kasıbdan ikisi neftlə zəngin ölkələrdə yaşayır.
Hesabatda qeyd edilir ki, 44 neft-qaz şirkətinin ictimaiyyətə nə qədər açıq olmasına dair 2010-cu ildə sorğu keçirilib. Sorğuya cəlb olunan şirkətlər hazırda dünyanın neft və qaz hasilatının 60 faizini istehsal edirlər.
Araşdırmaya Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) - SOCAR da cəlb edilib. Hesabata görə SOCAR anti-korrupsiya proqramları barədə ümumiyyətlə məlumat vermir. Bu göstəriciyə görə Azərbaycan şirkəti Rusiyanın Gazprom şirkəti ilə bir sırada "0" faiz alıb.
Transparency İnternational-ın «0» qiymət verməsi ARDNŞ-in narazılığına səbəb olub. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Simsar.az-a açıqlamasında bildirib ki, təşkilatın nəyə görə, ARDNŞ-ə «0» faiz verməsi ona çatmır: «ARDNŞ hər ay büdcəyə köçürdüyü pulların hesabatını verir. Hesabatları mətbuatda dərc edirik. Bizim fəaliyyətimiz tam şəffafdır. İndi hansı əsasla bizə «0» bal verirlər, onu deyə bilmərəm. Hesabat rəhbərlikdə müzakirə olunacaq və cavabımızı verəcəyik».
RUSLAN