Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ceyhun Osmanlı: Siyasi vampirlər

Millət vəkili gündəmi dəyərləndirir

Yay aylarından bu yana beynəlxalq əhəmiyyətli bədii filmin üzərində çalışdıq və filmi tamamladıq. Hal-hazırda filmin təqdimatı üzərində çalışdığımızdan mətbuatda ətrafımda dolaşan müzakirələrə qoşulmaq və cavab verməyə zamanım olmadı. Bazar gününün verdiyi fürsətdən istifadə edərək gündəmdə olan bir çox məqamlara aydınlıq gətirməyi özümə borc bildim.
Beləliklə başladıq:

1. Xədicə İsmayılla bağlı
Təsisçisi olduğum “İRƏLİ” İctimai Birliyinin ofisi İçəri Şəhərdə “Art Garden” restoranının yaxınlığında yerləşir. Bəzən nahar və şam yeməyi üçün həmin restorandan istifadə edirik. 23 yanvar tarixində də axşam Xədici İsmayıl, aralarında əcnəbilərin də olduğu 4 şəxslə birgə həmin restorana gəldi. Bir zəruri məqamı xüsusi vurğulamaq istərdim ki, restorana o daxil olanda mən artıq şam yeməyinə başlamışdım, yəni mən onların olduğu məkana deyil, əksinə, onlar mənim olduğum məkana gəlib və mənə yaxın masada əyləşiblər.
Xədicə İsmayılın elə şəxsən özü də gizlətmir ki, masa arxasında yüksək səslə danışırdı. Mənə məxsus telefonun diktafonu aktivləşdirməyimin də yeganə səbəbi məhz bu söhbəti aparan şəxslərin – Xədicə İsmayılın və digərlərinin danışıqlarında dövlətçiliyə, ölkənin konstitusion quruluşuna yönəlmiş aqressiv və təxribatçı mövqelərin səslənməsinin şahidi olmağımdır.
Şahidi olduğum bu söhbətdə konstitusiyanın və qanunvericiliyin bəzi müddəalarının konkret pozulması faktına şahid olmuşam və Azərbaycan qanunvericiliyinin “cinayətin şahidi olmaq, yaxud bu barədə məlumatlı olub xəbər verməmək özü bir cinayətdir” tövsihindən də xəbərdaram. Xüsusilə, söhbət milli mənafedən gedirsə, bu barədə sayıqlıq göstərmək, hər bir vətəndaşın borcu olmalıdır. Onu da qeyd etməyi vacib sayıram ki, Konstitusiyanın 32-ci maddəsi daha çox şəxsi çəkilişə və səs yazısına aiddir. “Art Garden” restoranı da ictimai yer olduğundan, burada danışılanlar, o cümlədən Xədicə İsmayılın müzakirələri şəxsi yox, məhz ictimai-siyasi motivlidir. Xədicə İsmayılın mənimlə “Art Garden”da rastlaşmasıyla bağlı 3 dəfə fərqli fikir səsləndirməsi və əvvəlki fikirlərdən birinin sosial şəbəkədən silməsi, bu barədə mövqeyini ard-arda dəyişməsi onun ictimaiyyətin mövqeyini yayındarmağa çalışmasını təsdiqləyir.
Təəssüflər olsun ki, əksər məqamlar istintaq sirri olduğundan onları tam açıqlaya bilmirəm. Lakin zamanı gələndə hər kəs hər şeyi biləcək. Əminəm ki, o zaman Xədicədən daha çox “xədicəlik” edənlər bundan utanacaqlar.

2. Gündəmin süni yolla dəyişdirilməsi

Xədicə İsmayıl məsələsi gündəmə gələn kimi bəzi görünməyən əllər görünən kuklaların vasitəçiliyi ilə bu mövzunu gündəmdən uzaqlaşdırmağa çalışdı. Görünür kimlərəsə bu sərf etmirdi. Azərbaycanda daim anonim email ünvanları və anonim facebook profilləri vasitəsilə ictimaiyyətə hansısa mövzuların sırınması adi hala çevrilib. Təxminən bu belə baş verir ki, kimsə özünə saxta elektron ünvan düzəldir, daha sonra o saxta ünvandan hər hansı bir dezinformasiya ölkə KİV-inə göndərilir. Bəzən bu dezinformasiyanı yaymaq istəyən KİV-lər özü-özlərinə belə informasiyalar “göndərir”. Yəni, perspektivdə məsələ məhkəmə predmeti olarkən, “bu informasiyaya istinad etmişik” tipli saxta sığorta mənbəyi əldə etmiş olsunlar. Lakin onlar hər hansı bir məlumatın qarşı tərəfdən dəqiqləşdirilməsini qəsdən “unudurlar”.

3. Anonimlər

Anonim yazan və ya onları sifariş edənlər birmənalı şəkildə, ya xəstə, ya da qorxaq adamlardır. Bəlkə də qanuni nigahdan doğulmayıb, yəni mənşəyi legetim deyillər. Çünki əsli, nəsli, sözü və özü düz olan adam mövqeyini çəkinmədən bildirər, sözünün arxasında dayanar.
Düşünürəm ki, anonimbazlar özünün və valideynlərinin kimliyindən utananlardır.

4. Saxtakarlıq və onun cəzası

Mənimlə bağlı da “politika.az” vasitəsilə gündəmə gətirilən böhtan və saxtakarlıq faktı özündə iki cinayəti ehtiva edir: saxta sənədin hazırlanması və onun yayılması.
Bununla bağlı hüquqlarımı sonadək müdafiə edəcəyəm və bu cinayətin iştirakçılarının məsuliyyətə cəlb olunması və mənə dəyən mənəvi ziyana görə təzminatın ödənməsini tələb edəcəyəm.
Ümumiyyətlə 18 yaşımdan etibarən fəal ictimai işə başladığım andan daim KİV-lərlə qarşılıqlı anlaşma və hörmət əsasında işbirliyi qurmuşam, bu münasibətlərə böyük önəm vermişəm və daima də verəcəyəm. Azad sözə həmişə hörmətlə yanaşdığımdandır ki, dostlarım arasında da jurnalistlərin sayı çoxdur. Şəxsimə qarşı həyata keçirilən informasiya terrorundan heç kəs, o cümlədən jurnalistlərin özləri də sığortalanmayıb. Xüsusilə də “KİV haqqında” qanuna və “Jurnalistlərin Peşə Əxlaqı Qaydaları”na zidd olan bu addımların, jurnalist adına ləkə gətirən bu saxtakarların ifşası hamının borcu olmalıdır.
İndiyə qədər şəxsimə və ölkənin digər nüfuzlu insanlarına qarşı yönəlmiş bu dezinformasiya terrorunun mahiyyəti təsdiq edir ki, onu həyata keçirənlər strukturlaşmış, mütəşəkkil şər ittifaqıdır. Bu barədə artıq əlimizdə yetərincə fakt, hüquqi əsas var. Onları müvafiq dövlət strukturlarına təqdim etməklə yanaşı həm də ictimailəşdirəcəyik.

5. Şər ittifaqı kimlərdir

 Cənab Prezidentimizin həyata keçirdiyi genişmiqyaslı islahatları, o cümlədən, müasir kadr islahatlarını öz mənafeyinə zidd hesab edənlər və buna mane olmağa, həmçinin xalqın öz sevimli lideri İlham Əliyevə inam və etimadını şəxsi nəzarətlərinə götürməyə cəhd edənlər;
 İlham Əliyev siyasətinə sədaqətlərini öz əməlləri ilə daima sübut edən insanların, xüsusən də Heydər Əliyevçi gənclərin bədnamcasına ləkələnməsini öz əsas fəaliyyət proqramına daxil edənlər;
 Öz cılız mahiyyətlərini və uğursuz xidmətlərini ört basdır etmək üçün sadiq, istedadlı, vətənpərvər, uğurlu insanları hədəf seçənlər;
 Qarşıda qoyulan vəzifələrin həllinə töhvə vermək əvəzinə süni problemlər və gərginlik ocaqları yaratmağa çalışanlar;
 nəhayət, radikal müxalifət ünsürləri.

6. Nurçuluq məsələsi

Nurçuluq adlı təriqətin olub-olmaması və əgər varsa da təhlükəli olub-olmaması barədə heç bir informasiyam və təsəvvürüm yoxdur. Azərbaycan Sovet Ensklopediyasını və yenicə çapdan çıxmış Milli Ensklopediyasını nə qədər vərəqləsəm də, orada da bu barədə heç bir məlumata rast gəlmədim. Əgər həqiqətən də belə bir təhlükəli təriqət mövcuddursa, onların hansı planetdən gəlmələri, rəngləri, müxtəlif məziyyətləri, nə yeyib-içdikləri, Allaha, yoxsa bütlərə inanmaları barədə qoy ruhanilər cəmiyyəti məlumatlandırsınlar, yol göstərsinlər və biz də mübarizə aparaq.
Öyrənmək heç vaxt gec deyil!

7. İraqda nüvə silahı, Azərbaycanda isə “Nurçu bombası”

Bu söhbətlər gündəmə gələndə sonuncu ABŞ – İraq müharibəsi yadıma düşdü. ABŞ İraqa “nüvə silahi var” deyə müdaxilə etdi, bir milyondan çox müsəlman qətlə yetirildi, dövlət yerlə yeksan oldu, lakin nəticədə İraqdan nüvə silahı tapılmadı...
Hesab edirəm ki indi də Azərbaycanda “Nurçu bombası” axtarırlar, qorxuram axırda ancaq qarpız taparlar. Amma zarafat bir yana, düşünürəm ki, “nurçuluq axtarışı” radikal müxalifət mətbuatı və onların müxtəlif mənsəbli yarı aşkar - yarı gizli havadarları tərəfindən heç də təsadüfən gündəmə gətirilməyib. Çünki insanlar belə təriqətdən xəbərsizdir və ona görə də hədəf seçilən istənilən adamla bağlı öz mətbuatlarında nurçuluq bombası partladılır və geniş ictimaiyyət də məsələnin əsl məğzindən xəbərsiz olur.

8. Suriya gündəmini dəyişmək kimə sərf edirdi?

İlk baxışdan “Nurçu bombasi” əməliyyatı primitiv ləkələmə kampaniyası təəssüratı yaratsa da, həm də bunun arxasında çox ciddi və dövlətçiliyimizin bir başa əleyhinə yönəlmiş təhlükəli məqamlar dayanır. Bu məsələ ilə bağlı Milli Məclisdə aparılan son müzakirələr də fikrimizi təsdiq etdi.
Belə ki, deputat həmkarlarım Fuad Muradov, Fazil Mustafa, Qənirə Paşayeva və başqaları Azərbaycan vətəndaşlarının İstanbul və başqa marşrutlarla təlimlər keçərək qanunsuz yollarla Suriyaya hərbi münaqişəyə getmələrini gündəmə gətirdi. Ən dəhşətli fakt odur ki, ölkəmizin müxtəlif bölgələrini təmsil edən Azərbaycanlı gənclər Suriyada biri-birlərinə qarşı döyüşürlər. Beləliklə bu məsələ ölkə ictimaiyyətinin konkret faktlarla müzakirə obyektinə çevrildi. Məlum mövzunu gündəmə gətirən həmkarlarım da daxil olmaqla bu məsələyə həssas yanaşan insanlar cəmi iki gün sonra “nurçuluq bombası” ilə “cəzalandırıldılar”.
Nəticədə gündəm dəyişdi – Suriya məsələsi, vətəndaşlarımızın İstanbula qanunsuz səfəri, orada qanunsuz hərbi təlimlərdə iştirakı və daha sonra Suriyaya qanunsuz keçidləri məqsədli şəkildə unutduruldu. Fakt bir kənarda qaldı, təhlükə yerində qaldı, gündəmdə qalan isə ortaya atılan məlum dezinformasiya oldu.

9. Siyasi vampirlər

Sadalanan faktlar göstərir ki, ölkədə siyasi vampirlər mövcuddur. Bu vampirlərlə mübarizənin ən düzgün, səmərəli yolu Prezidentimizə, onun ailəsinə, Prezidentimizin komandasının mütərəqqi üzvlərinə daha çox və həm də birmənalı dəstək verməkdir.
Çünki bu insanların dəstəyi olmasa bugünkü islahatlar və inkişaf baş verməzdi. Çünki bu insanların dəstəyi olmasa tərəqqipərvər insanlar dəstəklənməzdi. Siyasi vampirlərin hədəfi olmaq o qədər də asan olmur, amma Azərbaycanın inkişafı naminə onlara qarşı mübariz olmaq lazımdır.

10. Qorxmaq lazımdırmı?

Özümü bir çox səbəbə görə şanslı insan hesab edirəm. Şanslı olmağımın səbəblərindən biri də odur ki, Ulu Öndərimiz Heydər Əliyevin müasiri olmuşam. Onun ömür yolu ən yaxşı həyat məktəbidir. Vaxt var idi ki, Heydər Əliyev kimi dahi, hər kəsə örnək olan insana hücumlar var idi. Amma Ulu Öndərimiz həyatı bahasına olsa da hər zaman özünün haqlı saydığı mövqeyə sadiq qaldı. O bizə də hər zaman ədaləti, düzgünlüyü, haqlı mövqeyi, mətinliyi, mübarizliyi tövsiyə etmişdir.
Mənim üçün ən doğru yol – Heydər Əliyev yoludur! Mən hər zaman bu yolda olmuşam. Bəziləri kimi 3-4 partiya dəyişəndən, Vəzirova şanlı müraciət qəbul edəndən sonra seçməmişəm bu yolu!
Müasir gənclik Heydər Əliyev ideyaları ilə silahlanıb. Heydər Əliyev ideyaları ilə silahlanan insan qorxaq ola bilməz!

11. Türk litseyləri məsələsi

1993-cü ildən 1999-cu ilə qədər Bakı Özəl Türk Litseyində təhsil almışam. Azərbaycanda ilk türk litseyi 1991-ci ildə Heydər Əliyevin xeyir-duası və sərəncamı ilə Naxçıvanda fəaliyyətə başlayıb. Bu gün türk litseyləri dünyanın 170 ölkəsinə yayılıb. Naxçıvanda açılan bu məktəb isə Türkiyə xaricində açılan ilk məktəb idi. Bu baxımdan tarixi əhəmiyyətə malikdir.
Artıq 15 ildir mən bu məktəbi bitirmişəm. Məktəblər isə fəaliyyətini davam etdirir. Əgər hələ də davam etdirirsə, deməli Azərbaycan qanunvericiliyinin tələblərinə və Azərbaycançılıq ideologiyasına cavab veribdir. Bunu təsadüfən demirəm. Çünki bəzən “nurçu bombası” bu məktəblərin məzunlarına doğru tuşlanır və radikal müxalifət mətbuatı və onların havadarları bu məktəblərin minlərlə məzununa ləkə yaxmaq istəyir.
Bu məndə təəssüf hissi doğurur. Çünki bu məktəbin məzunları arasında çox rəngarəng insanlar var. Məzunlar arasında sayı hissedilməyəcək qədər az olan mənfi hərəkətləri ilə yadda qalmış insan da bəlkə var. Əsas odur ki, mütləq əksəriyyət Azərbaycan dövləçiliyinə sədaqətli insanlardır. Çünki məktəblərdə dövlətçilik, Heydər Əliyevə sədaqət hər zaman tərənnüm olunub. Ən əsası isə bu gənclər hamısı Azərbaycanlı balalarıdır. Bəziləri “litsey məzunu” sözünü elə kinayə ilə deyir ki, sanki bu uşaqlar yad planetdən gəlib bu məktəblərdə oxuyub. Bu gənclər Azərbaycan orta məktəblərindən imtahan yolu ilə seçiliblər, yaxşı təhsil alıblar, Azərbaycan sevərdirlər, bu gün dünyanın 200-dən çox şəhərinin universitetlərində Azərbaycana və onun dövlətçiliyinə baş ucalığı gətirirlər.
Heydər Əliyev ideyalarının, İlham Əliyev siyasətinin təbliğində və dəstəklənməsində bu məzunlar hər zaman fəallığı ilə seçiliblər. Çünki bu məktəblərdə hər zaman məktəblərin açılmasına xeyir-dua vermiş Ulu Öndər Heydər Əliyevə sədaqət aşılanıbdır. Belə olmasaydı heç valideynlər öz uşaqlarını o məktəblərdə saxlamazdı. Çünki sadə xalqla yanaşı, o məktəblərdə xeyli sayda nazirin, millət vəkilinin, məmurların, hüquq-mühafizə orqanları əməkdaşlarının ailə üzvləri təhsil alıb və almaqdadır. Bu məktəblərin məzunlarını ləkələmək, onların ailə üzvlərinə də sataşmaq deməkdir.

12. Taksimdə Xocalı Mitinqi

Bu məsələyə xüsusi toxunmağımın səbəbi var. 2012-ci ildə İstanbul şəhərində Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı mitinq təşkil edilirdi. Təşkilat Komitəsində olan türk vətəndaşları məni və Azərbaycandan başqa yoldaşları da həm Təşkilat Komitəsinin işində iştirak etməyə, həm də Türkiyə mətbuatında Xocalı ilə bağlı maarifləndirmədə fəal yer almağa dəvət etdilər.
Milli Məclis tərəfindən İstanbula ezam edildim. Çox sayda insanla bərabər “Xocalıya Ədalət” deyərək gecə-gündüz demədən çalışdıq. Nəticə isə hər kəsin gözləntilərinin üzərində oldu. Bəlkə də Türkiyə tarixində yeganə mitinq idi ki, AKP, MHP, CHP və Türkiyənin nüfuzlu bütün kəsimlərini təmsil edən yüz minlərlə insan Xocalı üçün eyni mitinqdə yan-yana, çiyin-çiyinə dayanmışdı. Ağlı, məntiqi, fəlsəfəsi sağlam olan hər bir azərbaycanli bundan məmnun qaldı.
Amma fitnəkarlardan da yan keçmədik. Təəssüf ki, Xocalı Mitinqi kimi həssas tədbirdə fəallığımız Şər İttifaqının bizə qarşı kampaniya aparmasına səbəb oldu. O ərəfədə məni bir sual düşündürməyə başladı ki, nə etməli idim? Xocalı məsələsinə səssiz qalmaq, yoxsa ümumiyyətlə fəal vətəndaş olmamaq? Bu məsələyə ona görə aydınlıq gətirdim ki, məni bəzən Türkiyədə hansısa qruplarla əlaqələndirmək cəhdlərinin arxasında dayanan səbəb təəssüf ki, hər hansı bir biznes yox, məhz 2012-ci ilin 26 fevral Xocalı mitinqidir, hansı ki, bu tarix yaddaşımdan heç vaxt silinməyəcək…

13. Pulları kim verir və kim alır ?

Bəzən mətbuatda kimin kimə, harda, nə qədər pul verməsi və ya verməməsi müzakirə mövzusu olur. Bu sualın cavabını özünüzə yaxın sferada axtarın.
Siz bu sualı müştərək radio, televiziya, klinika, universitetə hazırlıq kursu quranlardan soruşun ki, nə qədər pul qazanırlar və pulu necə bölürlər.

14. Ya sonra?

Şər İttifaqına xoş xəbərim var. Bu yaxında gənc tədqiqatçı Eldar Əmirovla mənim Fəzlullah Rəşidəddin haqqında birgə yazdığımız kitab çapdan çıxacaq. Bəzi qaynaqlara görə Rəşidəddin türk, bəzi qaynaqlara görə yəhudi olub. Məhz bu səbəbdən məni Mason adlandırmaq üçün əlinizə yaxşı imkan düşəcək. Bu fürsəti əldən verməyin.
Allah ürəyinizə görə versin!






3 Mart, 2014  12:09 Baxılıb: 1088 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23









sagbanner