Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dövlət Neft Şirkətinin qiyməti - 0

ŞİRKƏTLƏR HÖKUMƏTƏ ÖDƏDİKLƏRİ PULLAR HAQQINDA MƏLUMAT VERMƏLİDİRLƏR

Beynəlxalq Şəffaflıq Təşkilatı – Transparency İnternational və Gəlirlərə Nəzarət İnstitutu (Revenue Watch Institute) martın 1-də yaydıqları hesabatda qeyd edirlər ki, neft və qaz şirkətləri korrupsiyanın dayandırılması üçün daha çox iş görməlidirlər. Hesabatda qeyd edilir ki, artıq şirkətlər öz gəlirləri haqqında məlumatlar verməklə bu istiqamətdə müəyyən işlər görüblər. Amma hələ daha çox işlər də görülməlidir.

Transparency İnternational təşkilatının direktoru Huguette Labelle bildirir ki, şəffaflığın artırılması yaxşı xəbərdir. Amma hələ də çox az şirkət işlədiyi ölkələrdə hökumətə ödədikləri pullar haqqında məlumat verir: “Hazırda dünyada hər üç kasıbdan ikisi neftlə zəngin ölkələrdə yaşayır. Bu insanlar hökumətlərinin şirkətlərdən nə qədər qazanc aldıqları haqqında məlumat almaq hüququna malikdirlər.”

Hesabatda qeyd edilir ki, 44 neft-qaz şirkətinin ictimaiyyətə nə qədər açıq olmasına dair 2010-cu ildə sorğu keçirilib. Sorğuya cəlb olunan şirkətlər hazırda dünyanın neft və qaz hasilatının 60 faizini istehsal edirlər.

ARDNŞ NİYƏ "0" ALIB?

Araşdırmaya Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) – SOCAR da cəlb edilib.

Hesabata görə SOCAR anti-korrupsiya proqramları barədə ümumiyyətlə məlumat vermir. Bu göstəriciyə görə Azərbaycan şirkəti Rusiyanın Gazprom şirkəti ilə bir sırada "0" faiz alıb.

Bəzi hallarda "0" gösrətici olan şirkətlər özlərinin daxili kodekslərinə əsasən belə məlumatların verilməsinin mümkün olmadığını bildiriblər. Onların bəziləri hətyta öz kodekslərinin surətini də hesabat müəlliflərinə göndəriblər: “Amma bu sənədlərin heç birini öz ictimaiyyətlərinə açıqlamayıblar” – deyə sənəddə qeyd edilir.

Təşkilat kimi açıqlıq baxımdan isə SOCAR-ın göstəricilərinin bir qədər yaxşı, təxminən 50 faiz göstərilib.

Amma bu da ümumi dünya göstəricisindən aşağı nəticədir. Açıqlıq baxımdan dünyada neft-qaz şirkətilərinin orta göstəricisi 65 faizidr.

Azərbaycan Dövlət Neft Şirkətindən bu tənqidlərə cavab almaq mümkün olmadı.

Yerli ictimai fəallardan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bildirir ki, əslində şirkət dövlət büdcəsinə və Sosial Müdafiə Fonduna ödənişləri haqqında müntəzəm məlumat verir:

- Bu məlumatlar hər ay şirkətin saytına yerləşririlir. Bundan başqa, SOCAR 2004-cü ildən illik maliyyə hesabatlarını da dərc edir. Doğrudur, həddən artıq ləngimələr olsa da, hər halda, dərc olunur. Amma problem ondadır ki, bu hesabatların təqdimatı keçirilmir. Onu hazırlayan rəsmilərə mümkün sualları yönəltmək mümkün olmur. Hazırlanan hesabatların həm də təqdimatı keçirilsə, ekspertlər, jurnalistlər həmin tədbirdə müəlliflərə öz suallarını da verə bilərdilər.

HÖKUMƏTƏ VERİLƏN PULLAR BARƏDƏ MƏLUMAT YAYILMALIDIR

Hesabatda anti-korrupsiya tədbirləri və şəffaflığa görə ən yaxşı qiymət Britaniyanın BG şirkətinə verilir.

Sənəddə qeyd edilir ki, şirkətlər işlədikləri ölkələrin hökumətlərinə ödədikləri pullar haqqında məlumat verməklə həmin dövlətlərdə vətəndaşların da xərclər haqqında öz hökumətlərindən məlumat tələb etmələrini asanlaşdıra bilərlər.

Transparency İnternational və Revenue Watch Institute 2008-ci ildə də bu məzmunda bir hesabat hazırlayıb. Onlar bildirirlər ki, həmin hesabatın yayılmasından bu yana keçən iki il ərzində neft-qaz şirkətlərinin gəlirlər haqqında məlumat yayması vəziyyəti xeyli yaxşılaşıb.

Bu gün yayılan sənədə görə 2008-ci ildə sorğuya cəlb edilən 42 şirkətdən 21-i gəlirləri haqqında məlumat vermirdi. Amma keçən aparılan sorğudan aydın olur ki, 44 şirkətdən səkkizi belə məlumatları yaymır.

Müəlliflər hesab edirlər ki, getdikcə daha çox neft-qaz şirkəti korrupsiyanın qarşısının alınmasında öz məsuliyyətini başa düşür.

Bu istiqamətdə vəziyyətin yaxşılaşdırılması üçün isə Transparency İnternational və Revenue Watch Institute sərmayəçiləri şəffaflıq sahəsində göstəriciləri daha yaxşı olan şirkətlərlə işləməyə çağırır.

Korrupsiyanın dayandırılmasında hökumətlərin görəcəyi iş də klassikdir: təbii sərvətlərdən ictimai maraqların daha yaxşı təmin edilməsi üçün istifadə etmək!

HESABATDA ORTAYA ÇIXAN ƏSAS MƏQAMLAR:

2008-ci illə müqayisədə indi daha çox neft-qaz şirkəti özlərinin anti-korrupsiya proqramları barədə məlumatlar verirlər.
Tənzimləmə qaydaları şəffaflığın səviyyəsini artırıb.
Yerli neft-qaz şirkətləri ilə müqayisədə beynəlxalq şirkətlər məlumatların yayılmasında daha fəaldırlar.

TÖVSİYYƏLƏR:

Neft-qaz şirkətləri özlərinin anti-korrupsiya proqramları barədə könüllü şəkildə ictimaiyyətə məlumat verməlidirlər.
Şirkətlər özlərinin şərikləri, tərəfdaşları və işlətdikləri yataqlar haqqında məlumat verməlidirlər.
Dövlətlərin nəzarətində olan milli neft-qaz şirkətləri beynəlxalq, ya da heç olmasa, ümumi qəbul edilmiş mühasibatlıq standartları tətbiq etməlidirlər. Onlar həmçinin müntəzəm olaraq müstəqil audit yoxlamalarının nəticələri haqda məlumat verməlidirlər.
Beynəlxalq reytinq agentlikləri və risk təhlilçiləri özlərinin qiymətləndirmə meyarlarının sırasına şəffaflıq göstəricilərini də əlavə etməlidirlər.






1 Mart, 2011  21:26 Baxılıb: 1630 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner