23 fevral Azərbaycan teatr tarixində silinməz iz qoyan, böyük sənətkar Həsənağa Turabovun ölüm günüdür
Azərbaycan xalqı onu daha çox “7 oğul istərəm” filmindəki rəzil bir komsomolçunun gülləsinə tuş gəlməmək üçün özünə atəş açan Gəray bəy kimi sevib. Acı gülüşlə - “Get denən ki, Gəray bəyi öldürdüm!” deyən Həsənağa Turabov bu rolu ilə əsil Azərbaycan kişisi obrazını yaratmışdı. Filmdə həmin an böyük sənətkarın çöhrəsində əzab ifadəsiylə yanaşı gizli bir qəzəb də vardı. Bəlkə də, bu qəzəb millətin qürurunu alçaldan sovet rejiminə qarşı idi. İgidliyi məscidə it bağlamaqda, sərrast atəşlə dirəkdən asılan qazanı fırlatmaqda, sevdiyi qızı ona verərlərsə yurdundan çıxmağa hazır olmaqda, oğullardan birinin öldüyünü görəndə qisas almaq üçün bir qızı atın qabağına qatıb – “onu sən öldürdün”, - deyə şallaqla döyməkdə görən 7 oğulun timsalında idi bu alçaldılma. Nədənsə adama elə gəlir ki, deyilməyən bu həqiqətlərin acısını ürəyində daşıyan aktyor təkcə həmin anda yox, bütün film boyu için-için ağlayırdı. Bəlkə də böyük sənətkar özünün yayındığı namərd gülləsinə nə vaxtsa əziz oğlu Daşqının tuş gələcəyini hiss etmişdi...Və bu dərd onu öldürəcəkdi. Bu ölümün tarixi isə sovetlərin kişilər bayramı günü kimi qeyd etdikləri 23 fevrala düşəcəkdi. Özü də bu 23 rəqəmini təkrarlayan bir ildə-2003-cü ildə.
“Məşhurların ailə üzvləri ilə görüş” rubrikasında bu dəfə qonağımız unudulmaz aktyorun övladları Yalçın Turabov və Sevinc Turabovadır.
- Yalçın Turabov: Atamı Daşqının dərdi öldürdü. Qardaşım polis əməkdaşı idi, cavan yaşında həlak oldu. Tutmaq istədikləri cinayətkarın əlindəki güllə açılıb ona dəymişdi. Atam onu hamıdan çox sevirdi. Onun ölümündən sonra atamın daxilində elə bil nəysə qırıldı. O vaxta qədər sağlamlığından heç vaxt şikayət etməmişdi. Amma bu hadisədən sonra səhhəti kəskin sürətdə pisləşməyə başladı. Həkimlər müayinə etdikdən sonra məsləhət gördülər ki, tezliklə əməliyyat olunmalıdı, bir gündən sonra gec ola bilər. Xəstəxanada isə həkimlər əməliyyat etməyi boyunlarına götürmürdülər, deyirdilər ürəyi çox zəifdi, sağ qalma şansı 5, 6 faizdir. Nəhayət, əməliyyat olundu. Həkimlər demişdi ki, bundan sonra 10 il də yaşaya bilər. Amma heç 4 il də yaşamadı.
- Sevinc Turabova: Qardaşımın adını indi böyük oğlum yaşadır. Atam rəhmətə gedəndə onun 4 yaşı vardı. Həmin gün atam gəlib soruşdu ki, hanı Daşqın? Uşaq baba- deyib onu çağırdı. Amma bilmirəm atam eşitdi, ya yox, həmin dəqiqə ürəyi dayanmışdı.
- Belə insanların ölümü xalq üçün əvəzsiz itgi, bir ailə üçünsə ağır dərddir. Həmin günlərdə onun dostlarından kimlər sizinlə həmdərd oldu?
- Y. T: Mədəniyyət naziri Əbulfəs Qarayev, onun müavini Ədalət Vəliyev bizim ailəmizlə maraqlanır və əlaqə saxlayırlar. Ədalət müəllim atamla yaxın dost idi. Təkcə teatrda, kinoda deyil, başqa sənət sahəsində çalışanlar arasında da onun dostları çox olub. Rəhmətlik Rasim Ocaqovla, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovla, görkəmli rejissor Eldar Quliyevlə yaxın dostluqları vardı. Ümumiyyətlə onun çox dostları olub. Yəqin ki, adlarını çəkə bilmədiyim dostları məndən inciməzlər... O, həm öz peşəsinə, həm də sənət dostlarına qayğı ilə yanaşan insan idi. Heç özü bir tamaşada iştirak etməsə belə, əgər primyera baş tuturdusa və tamaşaçılar tərəfindən qəbul olunurdusa, həmin an bütün teatr kollektivinin sevinci onu elə sevindirirdi ki... Xüsusilə teatrın bədi rəhbəri olduğu vaxtlarda. Hansısa bir aktyorun rolu alınmadıqda, çox pis olardı. Atam teatra, kinoya bağlı insan idi.
- Həm də ailəsinə bağlı insan idi, demək olarmı?
- Y. T: Bu, doğrudan da belə idi. Gözümü açandan görmüşəm ki, atam kinoda, teatrda, radioda çəkilişlərə, məşqlərə gedir. Amma işi nə qədər çox olsa da ailəsinə həmişə diqqət göstərirdi. O, olduqca mülayim, həm də qayğıkeş bir ata idi. Bizimlə gəzintiyə vaxt tapmayanda özüylə kinopavilionlara çəkilişə aparardı. Lap uşaqlıqdan yadımdadı, onunla arxa qapıdan keçib gedirdik teatrın qrim otagına. O, hazırlaşıb sənəyə çıxırdı, mən də zalda otururub, tamaşa edirdim. Kino çəkilişləri zamanı da çox zaman məni özü ilə aparardı. Yadıma gəlir, Müsyo Jordan və Dərviş Məstəli şah kinosunun çəkilişi üçün Şamaxıya getmişdik. Çəkilişdən əvvəl gözəl mənzərəsi olan Pirqulunu gedib gəzdik. Unudulmaz bir gün kimi həmişə yaddaşımda qalacaq.
- Siz şıltaqlıq edəndə qəzəblənirdi, yoxsa nəvaziş göstərirdi?
- Y. T: Baxmayaraq ki, çox qəddar, qətiyyətli adam kimi görsənirdi, amma bizim üstümüzə heç vaxt səsini qaldırmayıb. Hamımız bilirdik ki, onun xoşuna nə gəlir, nədən acığı gəlir. Bir qaşını qaldırmaqla narazılığını bildirirdi, biz də çalışırdıq həmin hərəkətləri etməyək. Ümumiyyətlə olduqca həssas adam idi. Bir dəfə Çexoslavakiyadan kino çəkilişindən gələndə mənə çanta, flomastrlar, rəngli karandaşlar almışdı. Tənəffüs vaxtı sinifdən çıxıb qayıdanda gördüm uşaqlar hərəsi birini götürüb, o vaxt bizdə belə şeylər yox idi deyə maraqlı idi. Evə gedəndə atama dedim. Mənə tapşırdı ki, uşaqlarla dalaşma, istəmə, mən sənə yenə alaram.
- Sizi məktəbə aparırdı, dərslərinizə kömək edirdi?
- S.T: Məni həmişə məktəbə, ya qardaşım, ya da atam aparıb-gətirirdi. Dərslərimizlə də maraqlanardı, hazırlamaqda kömək edərdi. Özü də atam o biri uşaqlardan daha çox mənə diqqət, qayğı göstərirdi. Mən də ərköyünlük edirdim. Hətta son illərə qədər xüsusi günlərdə, də onlara nə isə almağı düşünmürdüm, fikirləşirdim ki, mən qız uşağıyam, onlar mənə nəsə almalıdı.
- Ad günlərini, ya bayramları necə keçirdərdiniz, atanız sizə ən çox nə hədiyyə alardı?
- S.T: Stol açardıq, yaxın qohumlar gələrdilər, şənlənərdik. Axşam da atam bizi, ya bulvara aparardı, ya da kinoya gedərdik. Hədiyyə isə, bilirdi ki, mən xoş qoxulu ətirləri çox sevirəm, mənə həmişə ətir alardı.
- Hansısa məclislərdə ona insanların, xüsusilə qadınların diqqəti sizdə qısqanclığa səbəb olmurdu ki, axı uşaqlar belə hallarda çox diqqətli olurlar?
- S.T: Mən o qədər qısqanırdım ki. Bir dəfə məktəbdə ondan danışıb tərifləyirdilər, dedim mənim atamdı, siz niyə ondan danışırsız. Müəllimə dedi ki, sənin atan olsa da, o, həm də xalqındı. Evdə də telefona həmişə mən cavab verirdim, katibəsi olanda soruşurdum ki, nə lazımdı, de mən atama çatdırım.
- Sizi tənbeh edəndə nə deyirdi?
- Y. T: Keç gözümün qarşısından gözüm səni görməsin. Onun bu sözü bizə dərs olardı. Bir də həmişə bizə deyərdi ki, öz hərəkətlərinizi ölçüb-biçin ki, sonradan peşman olmayasınız.
- “Bunu nahaq etmişəm”- deyə özünün nədənsə peşmançılıq çəkdiyi vaxtlar olurdu?
- Y.T: Olubsa da, mənim yadıma gəlmir. Ümumiyyətlə, o, çox səmimi idi, hər işində bir nizam vardı. Atam mənim gözümdə ideal bir insan idi. Bütün hərəkətlərini haqlı sayırdım və düşünürdüm ki, mən də olsaydım, belə edərdim. İstər uşaq vaxtlarımda, istər gənc yaşımda mən onun hərəkətlərində heç bir yanlışlıq görməmişəm. Doğrudur, qüsursuz insan yoxdur, ancaq atam ən xırda hərəkətlərini də ölçüb-biçən adam idi. Onun ifa etdiyi rollar, obrazlar həm kinoda, həm teatrda özü kimi qeyri-adi idi. Odur ki, möhtəşəm obrazları ona həvalə edirdilər.
- Ən çox sevdiyi rol hansı idi?
- Y.T: Özü müsahibələrində də deyirdi ki, “Dantenın Yubileyi” tamaşasında Kəbirlinski obrazını çox sevir. Kəbirlinski teatr fədaisidir, amma talantı olmayan bir şəxsiyyətdi. Çox mürəkkəb obrazdır.
- Doğrudan da, bu obrazı yaratmaq üçün böyük sənətkarlıqla yanaşı, həm də ən yüksək insani dəyərlərə malik olmaq lazım idi. Həsənağa Turabovun yaratdığı zamanla ayaqlaşa bilməyən Kəbirlinski həqiqətən kamil və yaddaqalandı. Bəs, Həsənağa müəllim özü necə, zamanla ayaqlaşan adam idi?
- Y.T: O, xalqının keçmişinə bağlı idi, ancaq zamanla ayaqlaşmağı da bacarırdı. Deyirdi həyat inkişaf edir, onunla ayaqlaşmasan geridə qalarsan.
- Əksər valideyn öz arzusu ilə övladına istiqamət verir. Sizdə necə olub?
- Y.T: Aktyor ailəsində böyümüşəm, kinopavilionlarda, səhnələrdə, tamaşaçıların yanında olmuşam. Ancaq buna baxmayaraq başqa peşəni seçdim. Bu, ilk növbədə atamın demokratikliyindən irəli gəlirdi. Mənə bütün kino və teatr aləmini göstərdi, amma seçimi öz öhdəmə buraxdı. Mən də öz marağımın ardınca getdim.
- Həsənağa müəllim məsləhətləşən adam idi, yoxsa hər şeyə özü qərar verirdi?
- Y.T: Məsləhətləşərdi, hər birimizin istəyini, marağını soruşardı, ancaq qərarı yenə də özü verirdi.
- Həsənağa müəllimin həyata keçməyən arzusu var idimi?
- Y.T: Oğlunu itirməsi onun arzularının puç olması demək idi, mən bunu birmənalı deyirəm. Çox arzulayırdı ki, oğlunun püxtələşdiyini, ailə qurduğunu görsün. Bir də axır vaxtlarda Qacar Şahın obrazını yaratmaq fikri vardı. Teatrda bununla bağlı güclü hazırlıq işləri də gedirdi, ancaq ölüm ona imkan vermədi.
- Nəvələrindən kimsə onun sənətini davam etdirə bilər?
- S.T: Böyük oğlum Daşqın məktəbdə hazırlanan novruz şənliklərində iştirak edirdi, onun istedadı var. Bir neçə teatr dərnəklərində də aktyorluq bacarığını təcrübədən keçirib. Özü də musiqi sinfinin fortepiano şöbəsini bitirib. Amma deyəsən tamam başqa sənət seçmək fikrindədir. Deyir, aktyorluq hər adamın işi deyil – çətin peşədir.
- Y. T: Atamın adını kiçik oğlum yaşadır – adını Həsən qoymuşam. Yolunu davam etdirə biləcəyini isə mən deyə bilmərəm. Onu zaman göstərər...
İsmət Ələkbərqızı