Naxçıvan Xan sarayı, Möminə Xatun türbəsi
Əshabi-Kəhfi ziyarət edib yenidən Naxçıvan şəhərinə qayıtdıq. Bələdçimiz Rövşən Abbasov bizim üçün əməllicə iki günlük tur təşkil etmışdi. Əzizlərim, Naxçıvanda olduğum müddətdə gözümə Bakıdakı kimi təmtəraqlı şadlıq evləri dəymədi. Bələdçimiz isə bildirdi ki, şəhərdə şadlıq evi azdır. Naxçıvan Muxtar Respublikasını paytaxt Bakıdan fərqləndirən cəhətlərdən biri də bu oldu.
Şəhərə çatar-çatmaz məşhur Möminə xatun türbəsi və Naxçıvan xan sarayına getdik. Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan - Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri -Möminə xatun türbəsini həmişə görmək arzusunda olmuşam. Şəhərin mərkəzində ucalan bu əsrarəngiz mədəniyyət abidəsi Naxçıvana xüsusi gözəllik verir. Türbənin ətrafında salınmış istirahət parkı isə dincəlmək üçün ən gözəl məkandır. Türbənin arxasında yerləşən Naxçıvan xan sarayı isə bu mənzərəyə xüsusi gözəllik qatır. XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Naxçıvan xan sarayı XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirib. 1998-ci ilin aprel ayından isə Xan sarayı Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir. Əvvəllər, saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli dəhlizlərdən olub. Dəhlizlərə qırmızı qum daşı ilə döşənmiş pilləkənlərlə qalxılır. Pilləkənlərin ətrafı kərpiclə hörülüb və ağac sürahilərlə bərkidilib. Gəzdiyimiz bu istirahət parkında diqqətimizi müxtəlif fiqurları və canlıları xatırladan daşlar olan ərazi cəlb etdi. Ərazidə xeyli qədimi daşlar vardı, bəzilərinin üzərində isə yazıya da rast gəlmək olurdu.
…Hava o qədər gözəl idi ki, qış olmasına baxmayaraq, üst geyimlərimizi soyunmuşduq. Bələdçimiz Rövşən Abbasovun məzəli söhbətləri də öz yerində. Gah nehrəmlilər barəsində yaranan lətifələrdən gah da qədim Naxçıvandan danışan bələdçimiz bizi gözəl nahar yeməyinə qonaq etdi. Naxçıvan pendiri, Naxçıvan çörəyi, Naxçıvan balığı bir də Ordubad kababı. Bəh-bəh əsl ziyafət idi. Doğrusu yamanca acmışdıq, xörəklər isə çox ləzzətli idi. Naharımızı edib reportajımızın davamına başladıq. Naxçıvanda ən çox görmək istədiyim məkanlardan biri də böyük ədib Hüseyn Cavidin məqbərəsi idi. Nahar fasiləsindən sonra ədibin məqbərəsini ziyarət etdik. 1937 -ci ilin represiya qurbanlarından olan dahi Azərbaycan şairinin cənazəsi 1982-ci ildə Heydər Əliyevin böyük səyi nəticəsində Sibirdən Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib. Şairin qəbrüstü Məqbərəsi də H. Əliyevin himayəsi ilə 1996-cı ildə inşa edilib. Həyəcanlı idim, haqqında kitablardan oxuduğum, “İblis”-in, “Şeyx Sənann”-ın və başqa böyük əsərlərin müəllifinin məzarının kənarında idim…
Əfsanəvi Duzdağ möcüzəsi
Naxçıvan qalası və rəvayətə görə Nuh peyğəmbərin qəbirüstü türbəsi kimi tanınan yerləri də gəzdikdən sonra dünya möcüzələrindən olan Naxçıvanın Duzdağına getdik. Sirli və möcüzəli bir məkana düşdük. Deyildiyi qədər varmış doğrusu. Əsl möcüzə görmək istəyən Naxçıvan ərazisində yerləşən Duzdağa getsin. Dağın içərisindən açılan genış tunellə içəriyə girdik. Yüksək səviyyədə təmir edilmiş Naxçıvan Fizioterapiya xəstəxanası da elə buradan başlayır. 1979 -cu ildən 50 çarpaylıq xəstəxana kimi fəaliyyətə başlayan müalıcə ocağının şəraiti də bizi heyran qoydu. Duz dag fizioterapiya mərkəzində müalicə xəstələr yuxuda olarkən aparılır. Burada əsasən astma-bronxit xəstəliklərini müalıcə edirlər. Dağın içərisində tuneldə irəlilədikcə, ətrafda gözə görünən hər şey təbii duz və gildən ibarətdir. Dagın özünü də duz və gil qatları təşkil edir. Bələdçimizin sözlərinə görə, bu müalicə ocağına dünyanın hər yeriundən xəstələr gəlir. Burada müalicə kursları qəbul edib, bütünlüklə astma-bronxit xəstəliyindən qurtulmaq olar. Xəstəxananın yaxınlığında müasir standartlara cavab verən “Duzdağ” oteli də fəliyyət göstərir.
“Zalım, qaniçən olmayıb”
…Artıq hava qaralırdı, ancaq reportajımız davam edirdi. Bir-birindən maraqlı məkanları görməyə özümüz də həvəsli idik. Bələdçimiz Rövşən bizi Kolanı kəndinə apardı. Tarixən qədim kəndlərdən olan bu kənddə maraqlı tarixi abidələr var. Hətta bələdçimiz kəndin “Axırıncı aşırım” filmindəki məşhur Kolanı kəndi olduğu ehtimallarından da danışdı. “Deyirlər guya Kərbəlayi İsmayıl və Qəmlo bu kənddən olub. Yəqin bilirsiz də, Qəmlo filmdə göstərildiyi kimi, zalım qaniçən olmayıb. Əksinə, mərd adam olub”. Kəndin köhnə üsulla tikilən evləri, tüstülü qoxusu əsl dağ kəndində olduğumuzu yaşatdı bizə. Kolanıda tarixi bilinməyən türbəni də gördük. Qarşımıza çıxan kənd sakinləri turbənin tarixi haqqında heç nə bilmədiklərini dedilər. Artıq hava qaralmışdı, yenidən şəhərə qayıtdıq. Bələdçimiz Rövşən bizə əsl Naxçıvan qonaqpərvərliyi göstərdi. Evə çatdıq ki, bir süfrə açılıb gəl görəsən. Naxçıvan plovu da başda. Fotoqrafımız Əjdər də, mən də çox yorulmuşduq. Bələdçimizin ailəsi ilə tanış olub, birlikdə şam etdik…
Miranşahın ləyaqətini itirdiyi Əlincə qalasının 10 addımlığında...
Naxçıvanda ikinci günümüzün sabahı yenicə açılmışdı. Birdən yuxudan ayıldım, elə bildim yatıb qalmışam, axı hələ çox yerə getməliyik. Saata baxdım hələ 9-un yarısı idi. Dünənki gəzintinin yorğunluğu çixsa da ayaqlarım ağrayırdı. Qalxıb səhər yeməyini yedik, reportajımıza davam etmək üçün yola düşdük. İlk gedəcəyimiz yeri müəyyənləşdirdik. Bələdçimizin dediyi kimi, Miranşahın ləyaqətini itirdiyi Əlincə qalası…
Yazılı mənbələrdə adı X yüzillikdən başlayaraq “Alıncaq”, “Alancıq” , “Əlincək” və “Əlincə” kimi çəkilən qala Naxçıvan - Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yerləşir. Qalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınan Əlincə dövrünün ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan sərkərdə Əmir Teymuru da möhkəmliyi ilə heyrətləndirib. Hətta “Nəsimi” filmində belə bir səhnə var. Əmir Teymur oğlu Miranşaha- Sən ləyaqətini Əlincə qalasında itirmisən - deməklə qalanın alınmazlığına işarə edib. Əlincəqalaya 4 dəfə yürüşdən sonra 5 - 6 əmirin başçılığı ilə qoşun hissələri göndərilir. Qala öz daxilində yaranmış münaqişə nəticəsində başsız qaldığından təslim olur.
Əslində Əlincə elə həmin Əlincədir. Əfsanəvi, Miranşahın ləyaqətini itirdiyi Əlincə qalasının 10 addımlığında idik. Qalada qəribə bir mübarizlik və vahimə vardı. Alınmazcasına məğrur-məğrur dayanıb. Bir anlıq düşünəndə ki, dünyanı heyrətə salan böyük sərkərdə Əmir Teymurun marağında olan, dəfələrlə almaq üçün yürüşlər etdiyi Əlincə qalasının 10 addımlığındayam, daxilimdən qəribə bir hiss keçdi. Özümü bir anlıq Teymurilər dövründə hiss etdim. Tarix salnaməsi göz önümdə canlandı. Gözəl idi çox gözəl...
Bələdçimizin sözlərinə görə, qalanın içərisində, dağ belinin geniş terrasında müxtəlif funksiyalı çoxlu tikili qalıqları durur. Bunlar yaşayış evləri, təsərrüfat binalarıdır. Qalaya su kəməri çəkilişi mümkün olmadığından inşaatçılar ibtidai və min illərin sınağından çıxmış üsula əl atıblar. Qayalarda açılmış şıramlar, arxcıqlar yağmur suyunu axıdaraq qaya içində ovulmuş hovuzlara toplayırdı. Qalada bu cür yeddi hovuz var. Hətta Rövşən bildirdi ki, qaladan Əlincəçaya gizli yolun olması da söylənilir. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və tamamilə zirvəsini əhatə edir.
“Ey müsəlmanlar bu gün ol yarı pünhan ağlayır”...
Əlincəni də gördükdən sonra Rövşən bizi məşhur alim, şair, filosof Fəzlullah Nəiminin qəbriüstü türbəsinə apardı. Şeyx Fəzlullah Nəimi 1338 -ci ildə Araz cayinin sol sahilində Naxçıvan şəhəri yaxınlığında olan Astarbadda anadan olub. O, 14-cü əsrdə Azərbaycan bədii fəlsəfi fikrinin görkəmli nümayəndəsi, hürufilik təriqətinin banisi, şair İmadəddin Nəsiminin müəllimi olub. 1394-cü ildə hürufiliyi təbliğ etdiyi, teymurilər və hakim dairələrə kəskin siyasi mübarizə apardığı üçün Miranşah tərəfindən edam edilib və Xanəgah türbəsində dəfn olunub. Nəiminin qəbrini ziyarət edərkən bu tarixi məkanın səlahiyyətli nümayəndəsi Süsən xanımla xeyli söhbət etdik. Süsən xanım qəbrin ətrafindaki daşların Nəiminin tələbələrinin qəbirləri olduğunu bildirdi. Qəbir bir təpənin üstündə yaşayış kəndlərindən çox kənarda olduğundan, görəsən niyə bu qədər uzaqda dəfn olunub deyə soruşduqda dayandığımız bu boş ərazidə əvvəllər Qıtqın adlı kənd olduğu cavabını aldıq. Bundan əlavə, Süsən xanım buranın 2005-ci ildə Naxçıvan MR Ali Məclisin sədri Vasif Talibov tərəfindən bərpa edildiyini qeyd etdi. Şeyxorasan piri kimi də tanınan bu məkana camaat hələ də inanc yeri kimi gəlir. Yenə də “Nəsimi” filmindən səhnə yadıma düşdü. Nəiminin edam olunduğu səhnə. “Ey müsəlmanlar bu gün ol yarı pünhan ağlayır”...
Ordubad - tamam başqa abu-hava...
...Naxçıvana gəl, amma Ordubadı görmə? Yox, məncə. Kohnə, dağarası yollarla üz tutduq Ordubada. Yolboyu qəribə rəng və formalarda olan dağlar marağımıza səbəb oldu. Mənzərələr çox gözəl idi. Xüsusilə də sakit Araz... Ordubadın abu-havası tamam başqa idi. Burada qədim arxitektura daha çox qorunub. Rayonun içindəki yaşı sakinlərə bəlli olmayan çinar ağacı da ayrı bir gözəllik idi. Bakıya qayıtmalıydıq. Biletləri isə hələ almamışdıq deyə, Ordubadda çox gəzə bilmədik. Geriyə Naxçıvan şəhərinə qayıtdıq. Hava limanında biletlərimizi alıb uçuşu gözləyirdik ki, bələdçimiz Rövşən əlində paketlərlə bizə yaxınlaşdı. Bizə hədiyyə gətirmişdi- Ordubad mürəbbələri. Düzü bütün işini-gücünü atıb bizə iki gün bələdçilik elədiyinə görə ona necə təşəkkür edəcəyimizi bilmirdik, amma Ordubad mürəbbələrinin də ləzzəti başqa idi.
Nəhayət uçuş vaxtımız çatdı. Əjdər də mən də çox maraqlı gəzinti etməyimizə baxmayaraq, Bakı üçün darıxmışdıq. Yenə Azərbaycanca güclə danışan stüardessanın nazik səsi eşidildi. Qaydaları başa salan stüardessa yenə telefonları söndürməyi xahiş etdi. Amma... Bizdən arxada əyləşən xanım:
-Ay qardaş eşitmersənmı söndür telefonu? Boooy, kişiyə bax ey, gör heş qırpınermı? (hiss olunurdu ki, Türkiyə-Azərbaycan arasında ticarətlə məşğul olan gürcüstanlı idi-İ.N).
Bizdən sol tərəfdə əyləşən orta yaşlı kişi isə deyilənə əhəmiyyət verməyərək:
-Kefin yaxşı olsun. Ə bə qardaş, niyə zəng vurmursan, bir axtarmırsan?...
Avtobusdan da səsli-küylü təyyarədə bir saatlıq uçuşumuz başa çatdı. Bakıda isə yağış yağırdı...
İradə Nurəddinqızı
Foto-Əjdər