Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xarici neft şirkəti - «Bahar Energy» işçilərin hüquqlarını necə pozur...

Şirkətdə çalışan 100-ə yaxın neftçi məhkəməyə hazırlaşır

Azərbaycanda Əmək Məcəlləsinin tələblərinə tam riayət edən, vətəndaşların əmək hüquqlarını pozmayan şirkət, idarə tapmaq çətindir. Bəzən işçilərlə əmək müqavilələri bağlanılmır, bağlanılsa da müqavilənin şərtlərinə əməl olunmur. 
Ölkənin ən böyük təsərrüfat sahəsi olan, 100 mindən çox insanın çalışdığı neft sektorunda əmək hüquqlarının pozulması barədə məlumatlar tez-tez eşidilir.


Neft sektoru ölkədə ən gəlirli sahədir. Burada çalışanların məvacibləri də qeyri-neft sektorlarında çalışanların maaşları ilə müqayisədə yüksəkdir. Məvacibin yüksəkliyi bu sahədəki işçilərlə rəhbərlik arasındakı əmək münasibətlərinə təsir göstərən faktorlardan biridir. Neft sektorunda ikili mühasibat uçotu, «paket maaş», Əmək Məcəlləsinin digər maddələrinin pozulması barədə çox danışılıb, yazılıb. Son vaxtlara qədər belə təsəvvürlər var idi ki, əmək hüquqları daha çox yerli şirkətlərdə pozulur. Xarici neft şirkətləri isə - inkişaf etmiş xarici ölkələrdə olduğu kimi işçilərlə münasibətləri qanun çərçivəsində olur.
Amma Bahar Energy Ltd neft şirkəti tərəfindən işdən çıxarılan, qazmaçı köməkçisi İntizam Şahverdiyev dedikləri bunun əksini düşünməyə əsas verir.
Müsahibimiz 2000-ci ildən «Qum Adası» neft şirkətində çalışıb. İxtisasca hüquqşünas olan İ.Şahverdiyev qazmaçı köməkçisi işləyib. 1050 manat maaş alıb. 2010-cu il 30 sentyabrda «Qum Adası»nın bağlanılıb yeni şirkətə verilməsilə bağlı onu işdən çıxarıblar.

Xarici şirkət ARDNŞ-in əmrinə əməl etməyib

Öncə Bahar Energy Ltd şirkəti barədə qısa məlumat verək.
2009-cu ilin dekabr ayında “Bahar” və “Qum-dəniz” dəniz yataqlarının işlənilməsi ilə bağlı ARDNŞ və Bahar Energy Ltd arasında müqavilə bağlanılıb. Bahar Energy Ltd şirkətinin təsisçiləri Baghlan Group, Greenfield İnternational və RAFI Oil. ofşor kompaniyalardır. Onlar Dubay Cəbəl Əli azad iqtisadi zonasında qeydə alınıb. Prezidenti Mustafa Çorbaçı adlı Türkiyə vətəndaşı olsa da, şirkətin Azərbaycan nazirlərindən birinə məxsus olduğu deyilir.
ARDNŞ-nin 30 sentyabr 2010-cu il tarixli, 124 saylı əmrində Bahar Energy Ltd-də yaradılmış ləğv etmə komissiyasına tapşırılıb: “Qum adası” Neft və Qazçıxarma İdarəsinin ləğvi ilə əlaqədar və Hasilatın Pay Bölgüsü haqqında Sazişin şərtlərinə uyğun olaraq işçilərin əmək münasibətlərinin Əməliyyat Şirkətində davam etdirilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tədbirlər görsün.
Amma şirkət bu tapşırığa əməl etməyib.

«Yeni müqavilə yalnız sıravi işçilərlə bağlanılıb»


Ötən ilin iyun ayında Bahar Energy Ltd şirkətini Qum adası Neft Qaç Çıxarma İdarəsində çalışan neftçilər ilə yeni müvəqqəti (üç ay sınaq mıddəti ilə bir illik) Əmək Müqaviləsi bağlamağa başlayıb.


İntizam Şahverdiyev bildirir ki, o, şirkətlə müqavilə bağlamayıb. Qanunla əvvəlki idarə ilə bağlanan müqavilə qüvvədə qalmalıdır.
İ.Şahverdiyev deyir ki, onu «Qum Adası» idarəsi ilə bağladığı müqavilədən imtina etmədiyi üçün işdən çıxarıblar: «İşçilərə əvvəlki işlərindən çıxıb Bahar Energy Ltd şirkəti ilə yeni müqavilə bağlamaqla bağlı zorla ərizə yazdırıblar. Mən ərizə yazmadım və qanunsuz olaraq işdən çıxardılar. Ərizə yazanları isə
3 ay sınaq müddətilə işə götürüblər».
İ.Şahverdiyev işə bərpa olunması üçün Yasamal rayon məhkəməsinə müraciət edib: «İşə bərpa olunmağım və məcburi işdən çıxarılmaya görə əmək haqqının önəlilməsi barədə iddia qaldırmışdım. Həm Yasamal rayon Məhkəməsi, həm də Apellyasiya Məhkəməsi heç bir əsas göstərmədən iddiamı rədd ediblər. Həmsinin Əmək Müfəttişliyinə müraciət etmişəm. Oradan dedilər ki, gedin məhkəməyə şikayət edin».
İ.Şahverdiyev onu da bildirir ki, Bahar Energy Ltd iki minə yaxın işçi ilə yeni müqavilə bağlansa da, rəhbərlikdə təmsil olunanlar və onların yaxın qohumlarına nədənsə, yeni qaydalar şamil olunmayıb: «Yeni müqavilə yalnız sıravi işçilərlə bağlanılıb»


Bahar Energy Ltd Əmək Məcəlləsinin iki maddəsinə «istinad» edib, bir maddəsini pozub


Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin (NHMK) rəhbəri Mirvari Qəhrəmanlı da qeyd edir ki, Bahar Energy Ltd yeni müqavilə bağlamaqla işçilərin əmək hüquqlarını pozub.
Şirkət rəhbərliyi işçilərə əvvəlki idarədə çalışmalarını dayandırmalarına dair ərizə yazdırıb. Bu isə yeni əmək müqaviləsinin bağlanılmasına əsas verib. Xarici şirkət işçilərlə yeni müqaviləsini Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq bağlayıb. Həmin maddənin açılışı belədir: əvvəlki şirkətdə fəaliyyətlərini dayandırdıqları üçün işçilərlə yeni müqavilə bağlana bilər. Ərizə yazmayanlarla isə Əmək Məcəlləsinin 70.A (əvvəlki müəssisənin bağlanması) əsasında yeni müqavilə bağlanıb.
M.Qəhrəmanlıya görə, neft şirkəti Əmək Məcəlləsinin 63-cü maddəsini (Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi) kobud surətdə pozur. 63-cü maddədə göstərilir ki, müəssisənin mülkiyyətçisi dəyişdikdə işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır.
«Yeni mülkiyyətçinin hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını bəhanə gətirib əmək müqavilələrini kütləvi şəkildə ləğv etməsi yolverilməzdir» deyə, M.Qəhrəmanlı bildirir: «63-cü maddədə həmçinin göstərilir ki, mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürənin hüququndan sui-istifadə edərək işçi ilə əmək müqaviləsinə xitam verməsi qadağandır. Mülkiyyətçinin dəyişməsi o deməkdir ki, köhnə mülkiyyətçinin fəaliyyətinə xitam verilir, yeni mülkiyyətçi fəaliyyətə başlayır. Bu əsas vermir ki, işçilərlə əmək müqaviləsinin şərtləri dəyişdirilməklə yeni əmək müqaviləsi bağlanılsın».

Daha 77 nəfər şirkəti məhkəməyə verməyə hazırlaşır. Neftçilər aşağıdakı hüquqlarının şirkət tərəfindən kobud surətdə pozulduğunu iddia edirlər.
1. İşçilər əmək müqaviləsi üzrə öz vəzifə və peşələri üzrə işlə təmin olunmurlar, yardımçı işlərlə vaxtlarını keçirirlər;
2.İşçilərlə 3 aylıq sınaq müddəti və bir aylıq əmək müqaviləsi bağlanır
3.İşçilərlə tibbi sığorta müqaviləsi bağlanılmayıb, eyni zamanda onlar ARDNŞ-yə məxsus Mərkəzi Neftçilər Xəstəxanasında tibbi müalicə və müayinə oluna bilmirlər;
4.İşçilər bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunmayıb;
5.Mənzil növbəsinə dayanmış işçilər mənzil hüquqlarını itiriblər;
6.Neftçilərin övladları ARDNŞ-yə məxsus uşaq baxçalarına qəbul edilmirlər;
7.ARDNŞ-yə məxsus ailəli yataqxanalarda işçilərdən hər kvadratmetrə görə 5 manat pul tələb edilir;
8.işçilər öz vəzifə və peşələri üzrə dənizdə işləmədiklərindən dəniz əmsalına görə əlavə ödənişlər ala bilmirlər və ya az faizlə alırlar;
9.İşçilər öz vəzifə və peşələri üzrə dənizdə işləmədiklərindən axşam və gecə pulu, vaxt metoduna görə, yemək pulu, susuzluğa görə və sair əlavə ödəniş almırlar.


ARDNŞ sözçüsü «bu bizlik deyil» deyir

ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Bahar Energy Ltd-də çalışan işçilərin hüquqlarının pozulması ilə bağlı məsələlərə münasibət bildirərək qeyd edib ki, problem qanun çərçivəsində həll olunmalıdır: «Burada ARDNŞ-lik heç bir iş yoxdur. Suallarınızı Bahar Energy-yə ünvanlayın. İşdən çıxarılma ilə bağlı qərarlara onlarda yaradılmış Ləğvetmək Komissiyası cavabdehlik daşıyır».
Bahar Energy Ltd-nin məsul işçisi Nazim İsmixanov isə neftçilərin ittihamlarına cavab vermək istəmədiyini bildirib. Şirkət rəsmisi «işdən çıxarılanlar məhkəməyə şikayət edib. Məhkəmə kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirib. Hazırda da məhkəmə prosesləri davam edir» deməklə kifayətlənib.

Dövlət Əmək Müfəttişliyi ən yaxşı halda məsləhət verir


İşçdən çıxarılan neftçilər Dövlət Əmək Müfəttişliyini onların hüquqlarını müdafiə etməməkdə ittiham edir. İntizam Şahverdiyev, Baləmi İbrahimov, Şəmsəddin Əliyev, Rasim Məmmədov, Təbriz Nəbiyev, Sahib Şahmarov, Elmira Heydərova, Xeyrulla Heydərov, Zərifə Qulamova, Rafiq Mehdiyev və sair işçilər pozulan hüquqları ilə bağlı Dövlət Əmək Müfəttişliyinə müraciətlər etsələr də nəticəsi olmayıb. İşçilərin müraciətlərinə verilmiş cavablar ən yaxşı halda məhkəmə orqanlarına müraciət etmək kimi tövsiyyədən ibarət olub.

Sahib Məmmədov: «Aşağılan hüquqlarını bilmir, yuxarılar isə bundan sui-istifadə edir»


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirir ki, aşağılan hüquqlarını bilmir, yuxarılar isə bundan sui-istifadə edir. İşçilərin əmək qanunvericiliyində nəzərdə tutulan hüquqlarını bilməməsi və işəgötürənlərin, tutduğu vəzifələrindən sui-istifadəsi halları əmək hüquqlarının pozulmasının başlıca səbəbləridir.

Ruslan Xəlil

Yazı Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin elan etdiyi «Əmək Hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi» mövzusundə təqdim etdiyi müsabiqəyə təqdim edilir






28 Fevral, 2011  18:15 Baxılıb: 7600 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner