Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Sovetski sakinləri: “Bizi aldadırlar” – REPORTAJ – FOTOSESSİYA

Sovetski küçələrində divarlara vurulan bir elan hər kəsin diqqətini cəlb edir. Yəqin ki, indi Sovetski sakinlərinin bu elandakı xidmətə daha çox ehtiyacı var. Çünki Sovetski kimi tanınan Nəriman Nərimanov prospektində yaxın günlərdə evlər söküləcək. Abdulla Şaiq prospektində artıq evlərin ölçmə işləri başladılıb. 10 mindən çox evin 1103-də ölçmə işləri aparılıb. İlkin mərhələdə Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Murtuza Muxtarova, Mirzəağa Əliyev, Abdulla Şaiq, Zərgərpalan küçələri söküləcək. Amma sakinlər bu vəziyyətdən razı deyillər, veriləcək kompensasiyanın onlara sərf etmədiyini bildirirlər.

Sovetskidə əhalinin narazılığını öyrənmək üçün dar küçələri bir-bir gəzdik və qarşımıza çıxan sakinlərlə söhbət etdik:

Ramiz dayı deyir ki, onların verdiyi pulla heç yerdə ev ala bilməz: “Evin kvadratına görə ölçürlər, bizim evlər də 11m²-dir. 16500 manat edir. İndi mənə deyin görüm, bu qədər pula ev var?!”

Satıcı işləyən Pakizə xala isə həm evinin, həm də çörək pulu qazandığı maqazinin sökülməsinin dərdinnən yata bilmədiyini deyir: “Ev bir tərəfə qalsın, bir tikə çörək pulu qazandığım yeri də itirəcəm. Bilmirəm neyləyim, şikayət ediləsi deyil, verdikləri pulla da heç nə eləmək olmur”.

Sakinlərin bir yerə yığıldığını görüb onlara yaxınlaşdıq. Onlar da narazı olduqlarını, nə edəcəklərini bilmədiklərini dedilər: “Onların hesabları ilə bizim hesabımız düz gəlmir. Ölçü aparanda ancaq evin içini ölçüb gedirlər. Deyirəm ki, “bu düz deyil axı, evin ölçüsünü çöl tərəfdən ölçərlər?!”. Onlarda deyir ki, “bizə belə tapşırılıb. Mənim hesabımla evin ölçüsünə görə, 70 min manat edirdi, indi onlar elə hesablayıblar ki, heç 50 min etmir. Televiziyada da deyirlər ki, kvadratı 1500 manatdadır. Ancaq bura gəlib konkret qiymət qoyurlar, qaraj 300 manat, maqazin 500 manat, evin kvadratı 700-800. Bizi aldadırlar. Hələ ki, əlimizdən heç nə gəlmir, özümüz-özümüzə şikayət edirik. Camaatla maraqlanan, qulaq asan yoxdur.  Elə deyirlər ki, sökürük, vəssalam”.

Cahangir dayı isə 7 nəfərlik ailəsi ilə harada qalacağı, necə olacağını bilmədiyini deyir: “İndi deyirlər sökəcəklər, kompensasiya ilə də bu dəqiqə ev almaq qeyri-mümkündür. İndi verdikləri pulu da kirayə verəcəyik, çıxıb gedəcək. Sonra neyləyəcəyik, bilmirəm. Deyirlər ki, guya kirayə pulu verəcəklər 2 aya 1000 manat. Ancaq inanmıram, biz heç kimə maraqlı deyilik. Əsas evdən çıxanadəkdi, sonra bizi itirib-axtaran çətin ola. Mən onda razılaşaram ki, kompensasiyanın yerinə başqa yerdə ev versinlər. Belə daha rahat olar, həm camaat da çöldə qalmaz”.

Məsələ ilə bağlı qanunun nə dediyini öyrənməyi lazım bildik. Hüquqşünas Müzəffər Baxış Simsar.az-a açıqlamasında bildirdi ki, vəzifənin düzgün yerinə yetirilməməsi, əhali arasında narazılığa gətirib çıxarır: “hesabat, ölçü işlərini aparan şəxslər saxtakarlıq edərək cinayət törədirlər. İnsanların əmlakını talayanlara qarşı əhali müqavimət göstərməlidir. Sakinləri məcburi evlərindən çıxara bilməzlər, belə halla rastlaşan vətəndaş məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 157.9 maddəsinin tələblərinə görə, torpaqlar dövlət ehtiyacları üçün yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolaqlarının salınması, müdafiə təyinatlı obyektlərin və təhlükəsizlik obyektlərinin tikintisi məqsədilə alına bilər. Bunun qaydası da sakinlərə bazar qiymətlərinə uyğun pul vəsaitləri ödənilməsindən ibarətdir. İnsanların hüquqlarını pozaraq 1500 manat kompensasiya əvəzində evlərindən çıxartmaları düzgün deyil. Məlum olduğu kimi, burada heç bir satınalma zərurəti yoxdur. Bu mənada istənilən vətəndaş öz mülkünü qoruya və istədiyi məbləği tələb edə bilər. Vətəndaşı evindən çıxarmağa məcbur edən bir hüquqi mexanizm mövcud deyil”.

Sonda onu da qeyd edək ki, Yasamal rayon icra hakimiyyətində söküntü ilə bağlı yaradılan komissiyanın sədri Səməd İslamov əhalinin narazılığı səbəbilə Sovetskiyə baş çəkib. Sakinlərin şikayətləri ilə tanış olub və hər kəsi qane edəcək bir yol tapacağını bildirib.

Turanə İbrahimi






12 Fevral, 2014  17:25 Baxılıb: 3554 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner