Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

VALİDEYNLƏR NARAZIDIR

85 manata dolanan ailə 40 manatdan baha olacaq formanı necə alacaq?

Azərbaycanda məktəbli formalarının qiyməti arta bilər. Buna səbəb kimi dünya bazarında pambığın və ondan hazırlanan xammalın bahalaşması göstərilir. Pambığın bahalaşması ilə əlaqədar olaraq xaricdən gətirilən parçaların qiymətinin kəskin artması yerli geyim istehsalı ilə məşğul olan şirkətlərə çətinlik yaradıb. Amma burada bir sual meydana çıxır. Hazırlanan məktəbli formalarının tərkibi doğurdanmı pambıqdandır? Valideynlər övladlarına aldığı məktəbli formasının sintetik parçadan olduğunu iddia edirlər. 

“Bakı Tikiş Evi” geyimlərin qiymətlərinə yenidən baxılması üçün sifarişçilərə müraciət etməyə hazırlaşır. ASC-nin sədr müavini Eldar Haqverdiyev “APA-ECONOMICS”ə bildirib ki, dünya bazarındakı bahalaşma nəzərə alındıqda, sifarişlər əvvəlki qiymətlə yerinə yetirilərsə, bu, ASC-nin zərərə düşməsi ilə nəticələnəcək: “Bizim aldığımız parçanın 1 metrinin qiyməti 5,85-6 dollardan 6,8-7 dollara qalxıb”.

Qiymət artımı özünü ASC-nin istehsal etdiyi məktəbli formalarının qiymətində də göstərəcək. E.Haqverdiyevin sözlərinə görə, geyimlərə sərf olunan parçanın tərkibini və həcmini nəzərə alanda, böyük siniflərin şagirdləri üçün formaların 5 manatadək, aşağı siniflər üçün isə 1-2 manat bahalaşacağı qaçılmazdır.


Uniformaların istehsalı ilə məşğul olan “Aynur Company”nin direktoru Hüseynağa Mahmudov bildirib ki, xammalın bahalaşması nəticəsində şirkətin istehsal etdiyi uniformaların qiyməti 10 manatdan 13 manata, fəhlə gödəkçələrinin qiyməti 20 manatdan 23 manata qalxıb.

Simsar.az-ın əməkdaşı H.Mahmudovla danışmaq üçün “Aynur Company” şirkətinə telefon açsa da, direktorun köməkçisi ilə danışa bilib. Köməkçi xanımın dediklərindən: “Bizim direktor agentliyə məlumat verməyib. Jurnalistlər zəng etmişdi, alıcı kimi qiymətlərlə maraqlanırdılar. Şirkətin də rəhbərliyi ümumi şəkildə məlumat verdi, yəni bu məlumatlar yazılmaq üçün deyildi, çünki, səsləndirilən rəqəmlər hələ tam dəqiqləşdirilməmişdi”.

Hər halda məktəbli formaları ilə bağlı problem tez- tez yaşanır. Valideynlər əvvəlki qiymətlərdən, məktəbli formasının 40 manat olmasından narazılıq edirlər.

“21-ci əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də qiymət artımının həmişə mübahisələrə səbəb olduğunu deyir. Onun sözlərinə görə, təhsil haqqında yeni qəbul edilmiş qanunda bildirilir ki, hər bir məktəb məktəbli geyimini özü seçə bilər: ”Bir valideyn üçün iki, üç məktəbli övladına forma almaq çətindir. Azərbaycanda işləyən insanın orta əmək haqqı 85 manatdır. Bir məktəbli formasının qiyməti isə bu məbləğin demək olar ki, yarısı qədərdir. Yaxşı olardı ki, həmin məktəbli formasının bir hissəsini ya məktəb özü, ya da Təhsil Nazirliyi ödəsin. Həmçinin məktəbli formalarının tərkibi ilə bağlı da söz -söhbət səngimək bilmir. Biri deyir tərkibi pambıqdandır, biri deyir, yundur, biri isə deyir ki, sintetikdir. Deyilənən görə, məktəbli formalarının tərkibi 30, 40 faizi sintetikadır.


Bakı Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı simsar.az-a məktəbli formasının qiymətlərinə müdaxilə etmə imkanları olmadığını və bunu “Bakı Tikiş evi”nin həyata keçirdiyini bildirib: “Yanvarda “Bakı Tikiş evi” ilə birgə konfrans keçirtdik. Konfransda “Bakı Tikiş evi” məktəblilər üçün bəlli formanın yaradıldığını və bu formaların qiymətlərini bəyan etdi. Valideynlər sərbəstdirlər, istədikləri yerdə övladları üçün məktəbli forması tikdirə bilərlər. Bizim istəyimiz budur ki, yeni tədris ilində şagirdlər müəyyənləşdirilmiş mənktəbli forması geyinsinlər”.

“Bakı Tikiş Evi”-nin sədr müavini E. Haqverdiyevin məktəbli formasının qalxacağı ilə bağlı proqnozu indidən valideynlərin etirazına səbəb olub. Onlar etirazlarını simsar.az-a belə bildiriblər:

Zemfira Gözəlova: “Mənim qızım 5-ci sinifdə oxuyur. Keçən il də ona forma almışam, bu il də almalıyam. Yenə bir əməlli-başlı parçadan ola. Sintetik parçadan tikib, geyindirirlər uşaqların əyninə. O da min cür xəstəlik yaradır”.

Lalə Vəliqızı: “Məktəbin borcu odur ki, paltarın formasını müəyyənləşdirsin. Ancaq hansı materialdan olacağı artıq valideynin öz işidir və gedib istədiyi yerdən həmin paltarı ala bilər. 40,45 manata məktəbli forması olmaz. Buna hər valideynin imkanı çatmır. Onsuz da hər şeyin qiymətini qaldırırlar. Əminəm ki, məktəbli formasını 60 manat edəcəklər”.

Aydın İsayev: “Təki formanı alım, uşaq məktəbə getsin. Ancaq qiymətləri belə baha edəndə valideynin orta əmək haqqı da nəzərə alınmalıdır”.

Aynurə Həsənova






25 Fevral, 2011  20:20 Baxılıb: 1860 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner