2009-cu ildə Şamaxının Muğanlı kəndində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində 17 ev tamamilə dağılıb, 47-dən çox ev isə qəzalı vəziyyətə düşüb. Hazırda sakinlərin bir qismi qohum-əqrəbalarının evində, əksəriyyəti isə həyatları bahasına qəzalı vəziyyətdə olan evlərdə yaşayırlar.
Muğanlı sakinlərinin redaksiyamıza ünvanlandığı şikayətə əsasən, Simsar.az-ın əməkdaşı Muğanlı kəndinə yollanıb. Kənddə qəzalı evlər və əhalinin vəziyyəti ilə tanış olub. Görünən mənzərə isə heç də ürək açan deyildi.
Ərazidə hələ də sakinlərin yaşamasına baxmayaraq, bura xarabalığı xatırladırdı. Sürüşmə nəticəsində uçmuş evlərin həyətləri heyvanların otlaq yerinə çevrilib. Kənd camaatının dediyinə görə, sürüşmədən sonra yeni evlər tikilib. Evlərin 2013-cü ilin mart (“Novruz” bayramı ərəfəsində), may aylarında və ya 2014-cü il “Yeni il” bayramında onlara təhvil veriləcəyi vəd edilib. Lakin hansısa səbəbdən bu iş 1 ildən çoxdur ki, gecikdirilir. Əhali isə mövcud vəziyyətdən narazıdır. Kiminin evində ağır xəstəsi, kiminin evində isə körpəsi var. Evlərdən isə hələlik xəbər yoxdu.
Onu da qeyd edək ki, 2009-cu ildən bu yana kənddə daha bir neçə dəfə torpaq sürüşməsi halları baş verib.
Muğanlı kəndinin hazırki vəziyyəti ilə bağlı fotoları sizə təqdim edirik
Nuranə Novruz