Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ELDAR NAMAZOV: “4-CÜ VƏ 5-Cİ DALĞA GƏLƏCƏK”

“Harada korrupsiya, rüşvətxorluq və nəticədə narazılıq var, orada demokratiya qurulacaq”

Ərəb ölkələrində avtoritar rejimlərə qarşı xalq üsyanları sərhədləri aşaraq genişlənir. Afrikanın Şimal hissəsində yerləşən dövlətlərin hakimiyyətlərinə qarşı da üsyanlar baş qaldırıb. 

Azərbaycan Naminə İctimai Formun prezidenti, politoloq Eldar Namazov Simsar.az saytına müsahibəsində dünya düzəninin yaranmaqa olan yeni formasından danışır.

- Eldar müəllim, hazırda dünyada hansı proseslər gedir?

- Dünyada artıq 200 il bundan əvvəl başlayan demokratikləşmə prosesi gedir. Demokratiyanın tələblərinə cavab verən dövlət ilk dəfə hələ 19-cu əsrin birinci yarısında Amerikada qurulub. Ondan sonra demokratiyanın dünyada yayılmasının bir neçə dalğası oldu. Əvvəlcə bu dalğa Avropa ölkələrinə sirayət elədi. II dünya müharibəsindən sonra isə xristian dünyasına aid olmayan ölkələrdə də demokratik sistemlər quruldu. Demokratiyanın növbəti dalğası 1980-ci illərdə Latın Amerikası ölkələrində əsdi. Bunun nəticəsində Latın Amerikasında avtoritar rejimlər səhnədən getdilər. 1990-cı illərdə, SSRİ dağılandan sonra Şərqi Avropa və Pribaltika ölkələrində sürətlə demokratik islahatlar aparıldı. Onlar artıq Avropa Birliyinə və NATO-ya üzvdürlər. Növbəti demokratiya dalğası indi Yaxın Şərqdə baş verir. Bu ölkələrdə insanlar avtoritar və korrupsiyalaşmış rejimlərə yox deyib, ölkələrində azad seçkilərin keçirilməsini, insan haqlarının qorunmasını, ədalətli məhkəmə sisteminin formalaşmasını, iqtisadi-sosial islahatların aparılmasını istəyirlər. Yəni ərəblər də demokratik sistem qurmaq arzusundadır. Onu demək istəyirəm ki, bu dalğa təqribən 200 ildir ki bütün dünya boyunca hərəkət edir. Güman edirəm ki, Yaxın Şərqdə baş verən demokratiya dalğası başqa bölgələrə də gəlib çıxacaq. Məsələn, Afrika ölkələrində, MDB məkanında da demokratik proseslər, demokratik etiraz dalğaları baş qaldıracaq.

- Deyə bilərikmi, demokratiya dalğasını Qərb gətirdi?

- Demokratiya Qərbin icad etdiyi mal deyil ki, onu harasa satsın. Demokratiyanın əsas iki prinsipi var. Birincisi, ədalət prinsipidir. Seçkilər ədalətli keçirilsin, məhkəmələr ədalətli olsun, ölkənin resursları vətəndaşlar arasında ədalətli bölünsün. Ədalət prinsipi fərq qoymur ki, müsəlmansan, xristiansan və ya ağ dərilisən, qara dərilisən… Hər bir insan istəyir ki, onun yaşadığı cəmiyyətdə ədalət olsun. İkinci prinsip isə effektivlikdir. Ona görə düşünürəm ki, avtoritar rejimlərə qarşı üsyanlar qaçılmazdır. Hər bir xalq demokratik siyasi quruluşa üstünlük verir. Ona görə də indi Yaxın Şərq ölkələrində baş verən proseslər təbiidir. Hazırda demokratiyanın 3-cü dalğası yaşanır. Bundan sonra dalğanın 4-cüsü də, 5-cisi də gələcək.

- Bu dalğa ilə ərəb ölkələrində demokratik cəmiyyətlər qurmaq mümkün olacaqmı?

- Təbii ki demokratik cəmiyyəti bir aya, bir ilə qurmaq mümkün deyil. Əsas odur ki, xalqlar ortaya iradə qoyublar. Demokratik islahatlar prosesi başlayıb. Bu islahatlar uzun illər də çəkə bilər. Hətta bəzi hallarda bu islahatlarda gerilələmələr də ola bilər. Məsələn, demokratiya dalğasından sonra müəyyən əks proseslər başlaya bilər. Həmişə demokratik islahatlarda iki addım irəli gedib, sonra geri qayıdırdılar. Sonra yenə iki addım qabağa, yarım addım geriyə qayıtma halları olur. Ölkələrdən də çox şey aslıdır. Elə ölkə olur ki, islahatı aparan komanda zəif olur, yalnışlara yol verilir. Amma bütün hallarda proseslərin hansı istiqamətdə getdiyi artıq bəllidir.

- Etiraz dalğası İrana gəlib çatdı. Ekspertlər iddia edir ki, İran rejimi bunun qarşısını ala biləcək…

- Güman etmirəm ki, İran rejimi demokratiya dalğasının qarşısını ala biləcək. Orada rejimin özündə çox ciddi çatlar əmələ gəlib. Söhbət yalnız iqtidarla müxalifət qüvvələrinin mübarizəsindən getmir. İndi müxalifətdə olan insanlar vaxtilə İranın baş naziri, prezidenti olmuş şəxslərdir. Yəni artıq İranın siyasi elitası parçalanıb. Bu o deməkdir ki, İranda vəziyyət gərgindir. Demokratiya dalğasının, demokratik proseslərin qarşısını almaq mümkün olmayacaq.

- Yaxın Şərqdəki hadisələrdə «facebook», «tvitter» kimi sosial şəbəkələrin rolu olduğu bildirilir. Həmin sosial şəbəkələrə Obama tərəfindən 25 milyard dollar vəsait ayrılması informasiyaları da yayılıb…

- Misirdə, Tunisdə baş verənlər ABŞ üçün heç də gözlənilən deyildi. Haqq-ədaləti, yaxşı sosial şəraitdə yaşamağı, övladlarına keyfiyyətli təsil verməyi hamı istəyir. Fərqi yoxdur bu amerikalıdır, avropalıdır ya şərqlidi...
Obama 25 milyard dolları bloqqerlərə dəstək üçün ayırıb. Düzdü sosial şəbəkələrin ərəb dünyasında baş verən proseslərə təsiri böyük olub. İnsanların bir biri ilə müzakirələr aparıb, qərar vermələrində sosial şəbəkələrin rolu danılmazdır. Amma sosial şəbəkələrin Ən çox yayıldığı ölkələr Amerika və Avropa ölkələridir. O zaman niyə Avropada bu tip çaxnaşmalar olmur, insanlar rejimi dəyişmək üçün sosial şəbəkələrdən istifadə etmirlər? Deməli, internet məkanı özü-özlüyündə təhlükə deyil. Təhlükə məhz avtoritarlıqdır, rüşvətxorluqdur…

- Hakimiyyətə qarşı aksiyalar Rusiyada da keçirilir. Ərəb dünyasında baş verənlər orada təkrarlana bilərmi?

- Rusiyada həmin proseslər gedir. Avtoritarizm o deməkdir ki, bunun dalınca mütləq korrupsiya gələcək. Əgər bir hakimiyyət seçkiləri saxtalaşdırırsa, öz siyasi rəqiblərini zorla seçki proseslərindən uzaqlaşdırırsa, deməli, bu hakimiyyətin üzərində nəzarət yoxdur. Nəzarət olmayan yerdə korrupsiya baş alıb gedir. Rüşvətxorluq ölkənin inkişafını ləngidir, insanların sosial durumuna mənfi təsir göstərir. Korrupsiyalaşmış hakimiyyət illərlə qalanda sosial partlayış baş verir, xalqlar sistemi dəyişməyə çalışırlar. Harada korrupsiya, rüşvətxorluq və nəticədə narazılıq var, orada demokratiya qurulacaq. gələcək. Sadəcə 3-cü dalğa ərəb dünyasından start götürdü.



Anar Bayramlı






23 Fevral, 2011  15:54 Baxılıb: 3283 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner