Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yaşar Nurinin həyat yoldaşı: “Biz əsl məhəbbət yaşadıq” – FOTOLAR

“Tanınmışların ailə üzvləri ilə görüş”  rubrikasının qonağı xalqımızın unudulmaz sənətkarı Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanımdır. Onunla Yaşar Nuri haqqında danışdıq

-Rəhimə xanım, Yaşar müəllimlə necə tanış oldunuz, sevib ailə qurmuşdunuz?

-Biz sevib ailə qurmamışdıq. O dövrdə meyarlar başqa idi, ancaq oxumaq haqda düşünürdük. Mən musiqi texnikumunu  bitirib  Konservatoriyaya daxil olmuşdum.  Artıq  sonuncu kursda oxuyurdum,  diplom  müdafiəsinə  çıxmışdım.  Yaşar da əsgərlikdən gəlmişdi. Ailəsi onu evləndirmək istəyirdi. Məni  məsləhət bilmişdilər. O da xəbərim olmadan gəlib məni izləyir. Qohum olsaq da ünsiyyətimiz yox idi. Onun dostu konservatoriyada oxuyurdu,  indi xalq çalğı alətləri ansamblının rəhbəridi – Ağaverdi Paşayev. Yaşar məni ondan soruşmuşdu, o da  tərifləmişdi. Bundan sonra Yaşar valideynlərinə razılığını bildirmişdi.

- Hansı keyfiyyətlər sizi birləşdirirdi?

- Heç birimiz qeibəti, söz-söhbəti sevmirdik.  Biz təkcə həyat yoldaşı yox, həm də sirdaş idik,  ailədaxili problemləri kiməsə anlatmazdıq. Zövq uyğunluğumuz var idi. Onun qeimət verdiyi sənət əsərini, ya filmi  mən də dəyərləndirirdim, birgə baxırdıq. O mənə də qızlarına da müğamı sevməyi öyrətdi. Musiqişünas olsam da, onun sayəsində muğamın pərəstişkarı oldum.

-Bir ailə başçısı kimi onu necə xarakterizə edərdiz?

- Çox gözəl ailə başçısı idi. Özü həmişə maraqlanırdı ki, ailənin ehtiyacı nədi, nə lazımdısa deməmiş alıb gətirirdi. Evliliyimizin ilk 3 ili məni işləməyə qoymadı. Amma sonra atam onu yola gətirdi. Pedaqoji məktəbdə musiqi müəlliməsi işləyirdim. Hər bir işə savadlı, məntiqli yanaşırdı. Odur ki, görmək istədiyimiz istənilən işdə onun fikrini bilmək  bizim üçün çox vacib idi.

-Övladların tərbiyəsinə qarşı necə, diqqətli idi?

-Ata tərbiyə vermir, onun şəxsiyyəti özü onları tərbiyə edir. Ata tərbiyənin yekununu – nəticəni görür... Mənim prinsipim budu ki, ailədə ana-atadan yüksək ola bilməz. Bir də qız uşağını ana tərbiyə etməlidi. Onun tərbiyəsi başqadı. Atanın  rolu isə hökmündə, verdiyi qərardadı.

-  Bəs övladlarına vacib tövsiyəsi nə idi?

- “Oxuyun,  əlinizdə sənət olsun, gələcəkdə biz olmayanda heç kimə möhtac qalmayasız”- deyirdi.

- Yaşar müəllimin necə adam idi, sərt, tələbkar, yoxsa rəhimli…

- Çox çətin adam idi, gün ərzində əhvalı 10-15 dəfə dəyişirdi. Birdən zarafat edirdi, danışırdı-gülürdü. Birdən tamam ciddiləşirdi,  bir qədər də sərt olurdu. Deyirdim  qapını açanda hay-küylə gəlməyi tərgit. Deyirdi keçmiş kişilər belə olub, gərək bilinsin ki, kişi gəlir. Vaqif Mustafayevin  “Bəyin oğurlanması” filmində oynadığı İsrafil onun prototipi idi. Özünə deyrdim sevin ki, mənim kimisinə rast gəlmisən. Mən öz ailəmdə evin böyüyünə – kişiyə qarşı necə münasibət görmüşdümsə, Yaşara qarşı da elə  idim.  Onun şəxsiyyətini qorumaq mənim məqsədim idi, odur ki, kənar söhbətlərə fikir vermirdim. Həmişə çalışırdım evdən çıxanda əhval-ruhiyyəsi yaxşı olsun. Heç nə tələb etmirdim, “dığ-dığ” edib söz-söhbət salmırdım. Xüsusilə tamaşası olan gün onun əsəblərin yerindən oynatmamaq üçün lazım olanda da heç nə istəmirdim.  Qayğı göstərirdim, onu qıcıqlandıracaq hər şeyə nəzarət edirdim. Onun ailəsi bütöv idi və bu da onun şəxsiyyətinin göstəricisi idi. Hamı görürdü ki, ailə ona necə hörmət edir.

- Yəqin ki, sizin bu fədakarlığınız ona stimul verirdi...

- Mən onunla fəxr edirdim. O mehriban olanda, əhvalı yaxşı olanda evdə şadyanalıq olardı. Hərdən oturub uşaqlarla söhbət edirdi, nəyisə müzakirə edirdi. Onları müşahidə etmək mənə qürur,  zövq verirdi. Onunla bir məclisdə olanda özümü çox xöşbəxt hiss edirdim.

- Teatrda tamaşalarına baxanda da...

- Bütün rollarını izləyirdim. O necə bütün rollarını eyni məhəbbətlə yaşayıb-yaradırdısa, mən də hamısını eyni məhəbbətlə izləyirdim. Doğrudur, premyeraya yox, amma tamaşalara gedirdim. Premyerada onun yaşadığı həyəcanı görmək istəmirdim. Tamaşalardan sonra gülləri gətirib mənə verərdi. Amma hədiyyə  almaq lazım olanda seçimi öz öhdəmə buraxırdı. Kim olur-olsun, hər bir aktyor ilk tamaşada həyəcanlı olur.

- Onunla keçirdiyiniz hansı günlər sizin üçün səhnədəki tamaşaya bənzəyir? Bu tamaşa daha çox ağladır, yoxsa güldürür?

- Onun xəstəlik dövründə – bu 7 ildə yaşantımız,  az qala bizim üçün tarixi bir hadisə idi. Biz əsl məhəbbət yaşadıq – əli əlimdə, gözü gözümdə. Bu vaxta qədər keçirmədiyim hisslər idi. Bəlkə də həmin günləri yaşamadan Yaşar dünyasını dəyişsəydi, onun ölümü mənə belə təsir etməzdi. Amma indi  qol-qanadım qırılmış kimidi. Bir canı iki yerə bölüblər elə bil.

- Yaşar müəllim hansı arzusunu reallaşdıra bilmədi?

- Drijor obrazını yaratmaq istəyirdi, bir də çox istəyirdi ki, aktyor həyatından monoloq desin. Amma bunlar arzu olaraq qaldı.

İsmət Ələkbərqızı







27 Dekabr, 2013  11:09 Baxılıb: 2418 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner