“Dindarlar üçün yaradılan şəraiti görmək istəməyən qüvvələr var”
“Sovet dövründə Azərbaycanda 18 məscid var idi. Müstəqilliyimizi əldə etdikdən sonra isə məscidlərin sayı 1800-ə qədər artdı. O zamanlar ibadət yerlərinin azlığına görə şikayət edərdik. Lakin indi də şikayət edənlər var. Və bu günü qiymətləndirmirlər”. APA-nın məlumatına görə, bu fikirləri Məhəmməd (s) peyğəmbərin mövludu günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. Şeyx bildirib ki, Azərbaycanın dindarları müstəqilliyimizin qədrini bilməlidirlər: “Üç rəngli bayrağımızın, dövlətimizin və millətimizin qədrini bilməliyik. Məscidlərə, ölkə ərazisində yenidən təmir olunan dini müəssisələrə baxanda şükür etməliyik”.
A. Paşazadə onu da deyib ki, bəzi qüvvələr Azərbaycanda dindarlar üçün yaradılan şəraiti görmək istəmirlər: “Yaxşılığı görüb, görmək istəməyən qüvvələr həm daxildə, həm də xaricdə var”.