Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ÇİNGİZ QƏNİZADƏ - İSGƏNDƏR HƏMİDOV SAVAŞI KƏSKİNLƏŞDİ

Keçmiş prokurordan, keçmiş nazirə həqarət dolu açıq məktub

Milli Məclisin üzvü Çingiz Qənizadə sabiq daxili işlər naziri İsgəndər Həmidova açıq məktub ünvanlayıb. Sərt ifadlərlə zəngin məktub xüsusi olaraq musavat.com-a göndərilib. Məktubun mətnini simsar.az -ın oxucularına təqdim edirik.


“KXCP-nin qərargahında Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə “Dünyada baş verən proseslər və onun Azərbaycana mümkün təsiri” mövzusunda keçirilən toplantıda söz alıb ərəb dünyasında baş verənlərlə bağlı çıxış edərkən sən dövlət başçısı, Azərbaycan prezidenti haqqında qeyri-etik ifadələrlə yanaşı dövlət başçısını ağır cinayətdə ittiham etməklə cinayət törətmisən! Çıxışında Misir hadisələrinə toxunaraq “xalq özü ayağa qalxdı, küçələrdə cəsarət göstərdi” dedin. Bəlkə sən də cəsarət göstərmək istəyirsən?
Bu “cəsarətin” haqda bir neçə kəlmə. 15 may, 1992-ci ildə xalq Ayaz Mütəllimovun hakimiyyətə yenidən qayıtmasına etiraz edərək küçələrə çıxıb Ali Sovetin binasına yürüş keçirərkən sən də xalqın arasında idin. “Moskva” mehmanxanasının qarşısına çatarkən atəş səsini eşidib yoxa çıxdın. Mənim rəhbərliyimlə AzTV-nin binası tutulandan və mənim televiziya ilə xalqa müraciətimdən 2-3 saat sonra sən Ali Sovetə gələrək aşağıdakıları bildirdin: “Məni snayperlə vurdular. Güllə zəhərli idi. Şükür Allaha ki, güllə qolumu sıyıraraq keçdi”. Və qaşığın arxası ilə sıyırdığın qolunu göstərdin. Hamı sənin “cəsarətinə” gülürdü.
1993-cü ildə mərhum Rövşən Cavadov sənin nazir otağına hücum edərkən arxa qapıdan qaçdın. Köməkçin Nizamini qolundan güllə ilə vurmuş, nazir kabinetini darmadağın etmişdilər. Sən isə otağında mənə yalvarırdın ki, fakta görə cinayət işi başlamayım, çünki Rövşəndən qorxurdun! Siyasətdən getdiyini bəyan etdiyin halda yenidən siyasi bəyanatlar verməyə başlamısan. Səbəbi isə budur: sənə elə gəlir ki, Misir və ərəb ölkələrinin sindromu Azərbaycana keçəcək, sən də yaranmış situasiyadan istifadə edərək xalq qəhrəmanına çevriləcəksən! Belə şeyləri heç yuxuda da görməyi sənə məsləhət görməzdim, çünki arzuların ürəyində qalacaq. Bir şeyi də dərk etməlisən ki, xalq sənə avantürist, yalançı, qorxaq, satqın və tərbiyəsiz kimi baxır. Populist bəyanatlarla, “bir maşın erməni qulağı gətirəcəm” deyərək ilk atəş səslərinə yoldaşlarını qoyub qaçan, səni nazir postuna təyin edən bir şəxsin, rəhmətlik Əbülfəz Elçibəy hakimiyyətinin əleyhinə 4 iyun Gəncə qiyamından 1 gün sonra - iyunun 5-də mitinq keçirmək istəyən, sonra bir komandada olduğun və çörək kəsdiyin şəxslərin özləri və ailələri haqda tərbiyəsiz ifadələr işlətməyin, sonra da həmin şəxsin təşkil etdiyi mətbuat konfransında oturub özünə qarşı söyüşlərin üzünə deyilməsinə heç nə olmamış kimi qulaq asmağın və 2 gün öncə dediklərindən imtina etməyin hamının gözü qarşısında olub. O şəxslərin adını və sənin dediklərini etika naminə açıqlamıram. Kişi çörək kəsdiyi, ünsiyyət etdiyi insanların arxasınca danışmaz. Bunu ancaq sən bacararsan! “Siyasətə qayıdası olsam, çox böyük səs-küylə qayıdacam” deyirsən! Bu gün yanında, arxanda 10 nəfər də olmadığı halda, ictimai qınaq obyekti olduğunu bilə-bilə hansı səs-küydən danışırsan?
Azərbaycanın yalançı qəhrəmanı olmaq xülyasında olan şəxsin 2 gün öncə müsahibəsindəki ifadələrinə diqqət yetirək: “Mənə yalnız Kəlbəcər - vətənim, dədəmin qəbri olan yer diqtə edə bilər! Məndə Kəlbəcər əxlaqı var!”
Savadsız siyasətçi Həmidov! Bütün Azərbaycan vətəndir. Həm də Kəlbəcər! Əxlaq isə rayonla ölçülmür. Bu cılız fikirlər də yalnız sənə məxsus ola bilər. Sən həmişə üzdə bir, arxada başqa şey demisən. Yadındadırsa, nazir olarkən mənim yanımda Rəhim Qazıyevlə telefonla danışırdın. Ona “can, qardaş, qardaş” deyirdin. Dəstəyi asan kimi onun dalınca çox ədəbsiz söyüşlər işlətdin. İradımı bildirdim ki, kişi bu cür söyüşlər söyməz. Sənsə dedin ki, bu, bir siyasətdir. Etiraz edib bu cür ikiüzlü siyasəti qəbul etmədiyimi dedim. Hərçənd Rəhim Qazıyevlə həmişə düşmən münasibətdə olmuşam.
Sən nazir olarkən Naxçıvanda daxili işlər naziri təyinatına rəhmətlik Heydər Əliyev etiraz etmişdi. Bir dəstə qoşun götürüb, hərbi paltar geyib Naxçıvana hücum etmək istəyini televiziya ilə bəyan etdin. Biz bir qrup hakimiyyətdə olanlar buna etiraz olaraq rəhmətlik prezident Elçibəyin kabinetinə getdik. Bəy çox əsəbi idi. Bizi sakitləşdirib dedi ki, narahat olmayın, o, qorxağın biridir, dəniz vağzalının yanından o yana gedə bilməz. Belə də oldu. Nəinki Naxçıvana, heç dəniz vağzalının yanına qədər də gedə bilmədin.
Prezident İlham Əliyev səni əfv etdi, gedib Heydər Əliyevin məzarını ziyarət etdin. Dərhal bəyanat verdin ki, Qarabağın azad olunması üçün istənilən vəzifəni icra edə bilərəm. Vəzifə istəyin də çin olmadı. Rəhmətlik Heydər Əliyev səni yaxşı tanıyırdı və satqınları heç vaxt bağışlamırdı. Sən Elçibəyə, onun hökumətinə xəyanət etmişdin. Belə olmasaydı, televiziyaya girib baş nazir Pənah Hüseynin qatıldığı canlı yayımda “tüpürüm sizin hökumətinizə” deməzdin. Özün də o zaman o hökumətin bir üzvü idin!
19 fevral, 2011-ci il tarixdə “Yeni Müsavat” qəzetinin müxbirinə müsahibə verərkən jurnalistin suallarına ana söyüşü ilə cavab vermisən! Səni qınamıram. Sən nazir olsan da sıravi milisioner səviyyəsindən yuxarı qalxa bilmədin (bütün sıravi polislərdən müqayisəyə görə üzr istəyirəm). Nazir olarkən də sənin çox qanunsuz hərəkətlərinin qarşısını almışam. Əvvəla, mənim şəhər prokuroru təyinatım barədə. 18 may, 1992-ci ildə sən zorən nazir postuna sahib çıxdın. Mayın 20-də rəhmətlik Əbülfəz bəy məni evə dəvət edib dedi ki, İsgəndər Mahir Cavadovu Bakı şəhər prokuroru təyin etdirmək istəyir. Bizi artıq boğaza yığıb. Onun qarşısına sən çıxa bilərsən. Şəhər prokuroru təyin edilirsən!
Sənin nazir işlədiyin dövrdə Nəsimi rayonunda bir ölüm hadisəsi baş vermişdi, sənin “Boz qurdlar”ın qapı arxasında evə atəş açaraq yaşlı bir qadını öldürmüşdü. Müavinim Hüseyn Əlixanovla hadisə yerində olduq. Yas yerində söz verdim ki, cinayətkar cəzasız qalmayacaq. Yasa ərzaq köməkliyi də etdik. Sən isə mənə boğaz çəkdin ki, mən ölüm, onları tutma! O şəxsə 14 il cəza verdirdim. O vaxt ki, baş prokurorun müavini Mətləb Mütəllimlini həbs etdirmək üçün Sumqayıta 20 nəfərlik polis dəstəsi göndərmişdin. Tapşırmışdın ki, onu maşının baqajına basıb gətirim. Gecə saat 2-də evdən gəlib otağında səninlə görüşdüm və bu qanunsuzluğunun qarşısını ala bildim. Bakı kəndlərindən “Malış Tofiq”, “Cəyil Tofiq” sənin tapşırığınla həbs edilmişdi. Mən onları da azad etdim. Polis müstəntiq Göyçayskini, əməliyyat işçisi Elbrus Rüstəmovu saxta ittihamlarla həbs etdirmişdin. Mən onları da həbsdən azad etdim. Sənin o vaxtlar heç bir səbəb olmadan işdən kənarlaşdırdığın, həbs etmək istədiyin neçə-neçə şəxsi, layiqli kadrı qoruyub saxlaya, həbsdən qurtara bildim. Onlar bu gün də işləyir, aralarında hətta generallar da var.
Bu gün ömürlük həbsdə yatan İsa Orucovu sən bədbəxt etdin! Özün bilirsən nəyi nəzərdə tuturam! Sənin günahlarının nəticəsidir ki, o, bu gün həbsdədir və ruhi xəstəyə çevrilib. Bircə dəfə maraqlanmısanmı ki, o, nə yeyir, nə içir? Qardaşları tez-tez yanıma gəlir, səndən şikayət edirlər ki, bizə nə qədər yalanlar söyləyir İsgəndər Həmidov. İstəyirsən mətbuata çıxıb sənin əməllərini açıqlasınlar!
İndi də Hacı Qalib haqda. Sən o vaxtkı müavinin rəhmətlik Qüdrət Paşayevin başçılığı altında 50 nəfərlik əməliyyat qrupu yaradaraq Hacı Qalibi həbs edib Bakı Şəhər Baş Polis İdarəsinə gətirmişdin. Deyirsən ki, Hacı Qalibi Çingiz Qənizadə tutdurub, məsuliyyət Qənizadənin üzərinə düşür, mən kiməm ki, prokurora göstəriş verim, sanksiyanı prokuror verirdi. Düz deyirsən, mən yeganə adam idim ki, sən mənə göstəriş verə bilmirdin! Yenə də qorxaqlıq nümayiş etdirirsən! Kişi kimi de ki, onu sən həbs etdirmisən, istintaqı isə prokurorluq aparıb. Mən isə deyirəm, bəli, saxlanıldıqdan sonra onun həbsinə sanksiyanı mən vermiş, istintaqını da mən aparmışam. Səni bu işə müdaxilə etməyə də mən qoymamışam. Obyektiv istintaq aparılıb və mənim göstərişimlə də Hacı Qalib həbsdən azad olunub. Sən isə yalan danışıb deyirsən ki, hakimiyyət dəyişdi və Hacı Qalibi azad etdilər. Mən Hacı Qalib kimi əziyyət verdiyin yüzlərlə insan tanıyıram ki, sənə salam verməyi də özlərinə sığışdırmır və düz edirlər. “Yeni Müsavat”ın 20 fevral tarixli sayında bildirirsən ki, bu adamlar yarınmaq üçün belə edir. Kimə və nə üçün yarınmaq? Axı sən mənim adımı birinci çəkmiş, mənə böhtan atmağa cəhd eləmisən. Sənə verilən cavabı yarınmaq kimi qələmə verməklə oxucuları çaşdırmağa çalışırsan. Bu, sənin köhnə xasiyyətindir: üzdə bir söz, arxada başqa söz.
17 iyul, 1993-cu ildə parlamentdə rəhmətlik Heydər Əliyevə dediklərini yadına salıram: “Heydər bəy, hamı mənə deyir ki, mən Sizin bacınız oğluyam. Elə Siz də olun mənim dayım”. Amma yarına bilmədin. Çünki rəhmətliyin sənin kimi bacı uşaqlarına ehtiyacı yox idi!
Daha sonra mənim adımın əsassız yerə hallandırılmasının səbəbi də bəlli oldu. Övladımın işləməyi, mənim deputat seçilməyim səni çox narahat edib. Buna paxıllıq deyirlər. Övladımın 5 il öncə işə qəbul zamanı testdən topladığı bal imtahan verənlərin arasında ən çox bal toplayan 10 nəfərdən biri olduğunu rəsmi təsdiq edən sənədin surətini sənə göndərə bilərəm.
Sonra sənə bildirmək istəyirəm ki, sənin nə kəlbəcərlilər, nə də Azərbaycan xalqı adından danışmağa nə mənəvi, nə də hüququ haqqın var! Kəlbəcər işğal olunandan sonra “Azərnəşr”in binasında Kəlbəcərə yardım adı altında etdiklərin və yığdıqların bəlkə yaddan çıxıb?
Sənin bütün həyatın yalan üstündə qurulub. Əgər 60 yaşına kimi düzəlməmisənsə, daha düzələ bilməzsən. Müsahibələrində deyirsən ki, son günlərə qədər evdə şahmat oynayırdım. İnanmıram ki, onu da düzgün oynaya biləsən! Çox güman ki, sən siyasətdə olduğu kimi şahmatda da piyadasan!"

P.S. İsgəndər Həmidovun cavab məktubunu dərc etmək öhdəliyimiz olduğunu bilir və sabiq nazirə təklif edirik: sözü varsa, buyursun.






21 Fevral, 2011  23:24 Baxılıb: 1256 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







22 May, 2020  13:30








16 May, 2020  14:30








6 May, 2020  13:34



4 May, 2020  13:29

1 May, 2020  13:41



30 Aprel, 2020  10:56


29 Aprel, 2020  13:15



24 Aprel, 2020  21:10












17 Aprel, 2020  10:14



sagbanner