Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ZİBİLİ YANDIRMADAN TƏMİZLİK OLSUN

Vətəndaşlar qanunun əksini düşünür

Vərəm Əleyhinə Dispanser və ondan təxminən səkkiz metr uzaqda yandırılan zibillik. Ətrafa yayılmış hiss. Qoxusuna dayanmaq mümkün olmayan tüstü. Yanan zibilliyin ətrafında laqeyid dayanıb söhbət edən və ya narazılıqla ötüb keçən insanlar...
Zibil yandırmanın ekologiyaya və insan sağlamlığına zərələri barədə çox danışılıb, yazılıb. Lakin problem hələ də gündəmdə qalır. Adamlar zibilləri bir yerə yığıb yandırmağı ən yaxşı təmizlik üsulu hesab edirlər.

“Pis etmişəm bəyəm?..”

Alatavada çəkməçi işləyən Xozeyin Cəlilov kimi. O, mağazasının yanında topladığı zibilləri yandırır. Səbəbini belə izah edir: “Pis etmişəm bəyəm?.. Ətrafa səpələnmişdi zibillər, mən də yığdım, yığışdırdım. Düz eləmədimmi? Yolların çirkli olmasındansa belə yaxşıdır, yoxsa bərbad halda olur. Təmizləyən də yoxdur”. X.Cəlilov zibil yandırmanın fəsadlarını bilmədiyindən özünə bu şəkildə haqq qazandırır.

“...Təmiz olsun, əksinə, çirklənir”

Biləcəri sakini Leyla Nəcəfova isə evlərinin yanında hər səhər zibillərin yandırılmasına etiraz edir: “Bir qonşumuz var, hər gün gəlib zibilləri yandırır. Tüstü evlərə dolur, belə davam etsə hamımız xəstəlik tapacağıq. Çöldən paltar asırıq, yığanda hiss iyindən adamın başı çatlayır. Biz paltar yuyuruq ki, təmiz olsun, əksinə, çirklənir. Bilmirik dərdimizi kimə deyək...”

“Göstəriş müdirdən gəlib”

Daha bir zibil ocağı Yasamal rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserin yanında, “Avtoservis”lə üzbəüz “zibilxanada” qalanıb. “Avtoservis”in işçisi göstərişin müdirdən gəldiyini deyir. Bildirir ki, bu üsul təmizlik yaratmağa xidmət edir: “Küçlər təmiz olsun, adamların üst-başı batmasın deyə, zibilləri bir yerə yığıb yandırırıq”.

“Həci yandırıb”

Vərəm Əleyhinə Dispanserin mühafizəçisi Tofiq Quliyev tullantıların dipanserin yaxınlığında yandırılmasının xəstələr üçün təklükəli olduğunu deyir: “Onlara demişik ki, baş həkim narazılıq edir. Bizə heç qulaq asmadılar. Dedilər ki, baş həkimə deyərsən, bəs, “Həci” yandırıb. “Həci” obyektin müdiridir, bu aptek, “Avtoservis” deyəsən onlarındır. Axı, burda ağır xəstələr yatır, bu tüstüyə dayana bilmirlər. Müalicənin qarşılığında tüstünün onlara ziyanı var”.

Həmin ərazinin süpürgəçisi zibilləri yandırmaqdan savayı çıxış yolu olmadığını bildirir: “Vallah, həmişə görmüşük ki, zibili yandırarlar da. Biz başqa ölkələrdə yaşamırıq ki, onlar kimi olaq. Biz Azərbaycandayıq. Amma mən nəyi yığışdırıramsa özüm aparıb zibilliyə atıram”.

Ərazinin daha bir sakini Cəmilə Qasımova da zibillərin yandırlmasından narazıdır: “Burda çox yerdə zibilləri yandırırlar. Yanan zibilin tüstüsü mənzillərə dolur, adamın nəfəsinə gedir. Bu da min cür xəstəliklərin yaradır. Zibil ocağının yanından keçmək də mümkün olmur, həmin an zibil iyi paltarlara hopur. Sonra adamlar arasına çıxanda üstümüzdən tüstü iyi gəlir”.

Sakinlər nə etməlidir? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyir ki, insanlar zibilin yandırılması və digər bu kimi hallarla rastaşdıqda nazirliyin qaynar xəttinə zəng edə bilərlər.

Zibili yandıranlar cərimə olunur

Ətraf mühitin mühafizəsi haqqında Qanunun 47-ci maddəsində (Ətraf mühitin istehsalat və məişət tullantılarından mühafizəsi) qeyd olunur ki, istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi, basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyənləşdirilir.
Zibillərin yandırılmasına nəzarət “Atmosfer havasının mühafizəsi haqqında” qanunla da tənzimlənir:
Maddə 16.1. Müəssisə və təşkilatların, yaşayış məntəqələrinin ərazisində atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının saxlanılması, basdırılması, zərərsizləşdirilməsi qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilir. Həmin tullantıların xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir.
“İstehsalat və məişət tullantıları haqqında” qanunun 12-ci maddəsinə (Yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsinə tələblər) görə, məişət tullantıları zərərsizləşdirilmək məqsədi ilə əhalinin müəyyən etdiyi yerlərdə yerləşdirilməlidir. Müəyyən olunmayan yerlərdə bu tullantıların atılması, saxlanılması və basdırılması qadağandır. (http://www.eco.gov.az/qanunlar.php)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi qanunlara əməl etməyənlər üçün pul cəzası olduğunu diqqətə çatdırır: “İstehsalat və məişət tullantıları haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” qanunun tələblərinin pozulması ilə əlaqədar inzibati xətaların 110-cu maddəsinə əsasən fiziki şəxslər 500 manatdan 800 manatdək, vəzifəli şəxslər 2000 manatdan 3000 manatdadək, hüquqi şəxslər 6500 manatdan 8000 manata qədər cərimə olunur”.

“Mübarizə üsulu tapılmayıb”

Zibillərin yandırlması zamanı havaya hiss və karbon qazı, həmçinin zibilin çeşidindən asılı olaraq, çirklənmiş, zəhərli qazların qarışığı yayılır.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Balaxanıda və Bakının digər rayonlarında 38 qanunsuz tullantıxana olduğunu deyir: “Yerli sakinlər orda olan metalı, alüminium qablarını, şüşələri yığırlar, qalan hamısını isə yandırırlar. Ümumiyyətlə, lampalar, civə, akummulyatorlar, batareyalar - bunlar zəhərli cismlərdir. Yandırıldıqda ətrafa zəhərli maddələr yayır”.

T.Zeynalovun sözlərinə görə, təkrar emala yararsız olan tullantılar yandırılmalıdır: “Bunun qarşısını almaq üçün hələ ki, heç bir mübarizə üsulu tapılmayıb. Amerikada tullantıların 25, Almaniyada 45 faizi təkrar emala verilir, qalanları isə yandırılır”.

2009-cu ildən Balaxanı ərazisində tikintisinə başlanılan zibilyandırma zavodu 2012-ci ildə təhvil veriləcək. Mərkəzin rəhbəri yeni zavodun standartlara cavab verəcəyinə inanmadığını bildirir: “Lakin tullantı problemlərini tənzimləmək üçün bu yararlı vasitədir. Əks halda şəhərin hər bir nöqtəsində zibil yandırılır. Onunla bərabər tullantıların çeşidlənəsi uyğun sexlərə təhvil veriləcək. Yəni xammal kimi təkrar emal oluna bilən tullantılar yandırılmayacaq”.

“Gördünüz, Bakıda qış da olmadı...”

“Ekoaləm” İctimai Birliyinin rəhbəri Sevil Yüzbaşova qeyd edir ki, ətraf mühitin çirklənməsinə səbəb zibildaşıyanların özləridir: “Tullantıları daşıyanlar zibili lapatkayla qazıb köhnə maşınların içinə atırlar, külək də sovrub aparır. Mən 20 Yanvar ətrafında yaşayıram. Burda bir çox süpürgəçi ilə danışmışam. Hansına deyirsən, zibili yandırma, onlar üçün fərq eləmir. Məncə, ekoloji mədəniyyəti olmayan insan özünü mədəni adlandıra bilməz. Görürsüz, atmosferdə necə dəyişikliklər olur. Bakıda yaxşı qış da keçmədi. Çünki atmosferin üzərində çirkili hava qatı toplanır, bunun nəticəsində soyuq hava kütlələri daxil olmur”.

S.Yüzbaşova xarici ölkələrdə zibillərin növlərinə görə çeşidləndiyini söyləyir: “Tullantıları əvvəlcə evlərində ayıran adamlar, hər birini zibilin çeşidinə uyğun qoyulmuş qutulara atır. Sonradan zibiltoplayanlar bunuları paliqonda aparıb yenidən emal edirlər. Bizdə bu proseslər getmir”.
S.Yüzbaşova hesab edir ki, problemin qarşısını almaq üçün insaları bilgiləndirmək vacibdir: “Vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər bu problemləri gündəmə gətirməlidir. Zibili yandırmaq zəhərli maddələr əmələ gətirir, allergik xəstəliklər törədir. İnsanlar şüurlu şəkildə dərk etməlidilər ki, zibili yandırmaq olmaz. Məlumatlandırmanı uşaqlardan, gənclərdən başlamaq lazımdır”.

Zibil yandırılması qanunla qadağan olunsa da, Simsar.az əməkdaşının araşdırmasından bəlli oldu ki, əhali zibillərin yığışdırılmasının yeganə yolunu onların yandırılmasında görür.


 

 

 

Arifə MİKAYILOVA

 






19 Fevral, 2011  16:45 Baxılıb: 1974 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







22 May, 2020  13:30








16 May, 2020  14:30








6 May, 2020  13:34



4 May, 2020  13:29

1 May, 2020  13:41



30 Aprel, 2020  10:56


29 Aprel, 2020  13:15



24 Aprel, 2020  21:10












17 Aprel, 2020  10:14



sagbanner