Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

"Fövqəldövlətlər"in ikiüzlü antiterror siyasətinin səbəbi nədir?

ABŞ və Qərbi Avropa dünyada yeni güc mərkəzlərinin meydana gəlməsini istəmirlər.

Müasir dövrdə beynəlxalq münasibətlər çox mürəkkəb ziddiyətlərin çulğalanması ilə müşahidə olunmaqdadır. İndi dünya dövlətləri arasında müxtəlif cəbhələrə bölünmə müşahidə edilir. Nüfuzlu dünya dövlətləri arasında təsir dairələri və hegemonluq uğrunda amansız, gizli və açıq rəqabət mövcuddur.

Bir tərəfdə inkişaf etmiş Avropa və ABŞ, digər tərəfdə isə Türkiyə, Rusiya, Çin və İran. ABŞ və Qərbi Avropa dövlətləri dünyada yeni güc mərkəzlərinin meydana gəlməsini istəmirlər. Bunun qarşısını almaq üçün onların əlində kifayət qədər təsir mexanizmləri də var. Bu mexanizmlərə hərbi-siyasi təzyiq vasitələrini, milli-etnik, dini və digər həssas problemləri qızışdırmaq yolu ilə süni surətdə ortaya atılan destruktiv lokal münaqişələri, insan hüquqlarına hörmət adı altında dövlətlərin daxili işinə qarışmağı, ölkədaxili müxalifətlərə maliyyə və s. yardımların göstərilməsini aid etmək olar.

Müxtəlif mürtəce fəaliyyətlə məşğul dini missionerlər 2-ci qrupa daxil olan ölkələrin kasıb təbəqəsini xalqların milli mentalitetini, mənəvi dəyərlərini məhv etməyə istiqamətlənmiş fəaliyyət göstərirlər. Bu vasitələrə ən böyük problem olan beynəlxalq terrorizmi də aid etmək olar.

ABŞ-ın dünya hökmranlığı uğrunda apardığı mübarizədə əsl mahiyyətini gizlətmək üçün din faktordan məharətlə istifadə edir. Hazırda islam dini süni şəkildə digər dinlərə qarşı qoyulur. ABŞ-ın keçmiş prezidenti C.Buşun 11 sentyabr hadisələrindən sonra müsəlmanların ünvanına söylədiyi sözlər, bunun səhəri günü isə islam dininin bir sülh dini olmasını qeyd etməsi, əslində "emmosiyaların təsiri altında yol verilmiş səhv" deyil, sadəcə gizli strateji məqsədlərə xidmət edən jest idi. Bundan sonra hadisələrin xronoloji ardıcıllığına nəzər salsaq görərik ki, dünyanın hər hansı bir nöqtəsində baş verən terror aktlarında "müsəlman barmağı" axtarılır. "İslam fundamentalizmi", "müsəlman ekstremistləri" kimi anlayışlar az qala "Beynəlxalq Münasibətlər Terminləri Lüğəti"nə daxil edilib. Beynəlxalq Cinayət Hüququnda cinayətkarın və terrorçunun vətəni olmur prinsipi yaddan çıxıb.

Təbii ki, törədilmə səbəbindən və informasından asılı olmayaraq terrorizmlə mübarizə həyati əhəmiyyət kəsb edir. Lakin bunun dəqiq konturları cızılmalıdır. Terrorizmlə münasibətdə ikili standatlardan əl çəkilməlidir. Təəssüf ki, strateji maraqlar üzündən terrorizmə və terrorçulara münasibət müxtəlif olur. Məsələn, Rusiyanın təcavüzkar Ermənistanı və Qarabağ ərazisindəki erməni terror qruplarını dəstəkləməsi, əslində bu ölkənin milli zəmində baş verən problemlə-Çeçenistan münaqişəsi ilə üz-üzə qoydu.

Digər tərəfdən Beslan hadisələrini araşdıran Rusiya Federal Təhqiqat Xidmətinin polkovniki Vladimir Çikalyevə görə Osetiyadakı terror aktının ilkin layihəsi məhz ermənilər tərəfdən işğala məruz qalmış ərazilərdə, Xankəndinin 2 kilometrliyində salınmış bazarda hazırlanmışdı. Lakin bu faktı Rusiya tərəfi açıb ağartmadı.

İran, Livan, Fransa, Rusiya, ABŞ, Yunanıstan və s. ölkələr tərəfindən maliyyələşdirilən "Daşnaksütun", "Asala" və digər erməni terror təşkilatları bu günə qədər türklərə qarşı hava, dəniz, yol nəqliyyatlarında, müxtəlif binalarda terror aktları törətməklə 10 minlərlə insanı qətlə yetiriblər.

Nədənsə ermənilərə zavallı, əzilmiş bir millət kimi baxan ABŞ, dünyanın bir nömrəli terrorçusu sayılan Üsamə bir Ladenin qardaşı İbrahim bin Ladenin 1999-cu ildə Qarabağa səfər etməsinə və erməni təşkilatı "Yerkirapa" silah verməsi faktına göz yumur. Görəsən, 2 il əvvəl Tbilisiyə səfər etmiş prezident C.Buş erməni terrorçusunun qumbarasından həlak olsaydı, yenəmi bu vəhşilərə zavallı kimi baxılacaqdı?

Erməni terrorizminə beynəlxalq ictimaiyyətin münasibəti birmənalı deyil. Azərbaycan tərəfinin kifayət qədər təkzibedilməz faktları təqdim etməsinə baxmayaraq ABŞ, Rusiya və Avropa dövlətləri Ermənistanı terroru dəstəkləyən ölkə kimi tanımırlar. Halbuki Ermənistan terrorizm siyasətini dövlət ranqına keçirib. Yəni Ermənistan Milli Təhlükəsizlik orqanlarının tərkibində terror və diversiya əməliyyatlarının keçirilməsi üzrə xüsusi bölmə fəaliyyət göstərir. Məhz bu bölmənin əməkdaşları "Sadval" təşkilatının üzvü olan ləzgilərə xüsusi düşərgələrdə təlim keçirdilər. Nəticədə Bakı metropolitenində terror aktları törədildi.

Mütəmadi olaraq cəbhə bölgəsində əsir düşən azərbaycanlı əsgərlər də bu qurum tərəfindən əməkdaşlığa sövq ediliblər. Elə bir neçə il əvvəl ermənilərə əsir düşüb əməkdaşlığa sövq edilmiş 3 fərarinin Ermənistan Xüsusi Xidmət orqanları tərəfindən Azərbaycan prezidentinin hərəkət etdiyi yolda, Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca mühüm strateji obyektlər haqda məlumat toplamaları üçün təlimatlandırmaları, Ermənistan dövlətinin terroru dstəkləməsinə dəlalət edir.

Beynəlxalq terrorizmə qarşı mübarizə konsepsiyası BMT-nin beynəlxalq terrorizm üzrə xüsusi komitəsi tərəfindən işlənib hazırlanıb. Bu konsepsiyanın ən önəmli müddəalarından biri terrorizmin kökündə duran səbəbləri araşdırmaq, onları aradan qaldırmaqdan ibarətdir. Xüsusi komitə bu cür səbəblərə BMT nizamnaməsinə zidd əməlləri-güc tətbiqini, təcavüzü, dövlətlərin siyasi müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün pozulmasını, irqçiliyi, faşizmi və s. aid edir. BMT baş məclisi dəfələrlə müxtəlif dövlətlərə, beynəlxalq təşkilatlara müraciət edərək terrorizm məsələsinə xüsusi diqqət yetirməyə çağırıb.

Əgər böyük dövlətlər öz siyasətlərini BMT nizamnaməsinin ruhuna uyğun olaraq köklü surətdə dəyişsələr, bu səbəblər aradan qalxar. Bir sözlə, terrorizmlə mübarizədə ikili standartlardan əl çəkilməzsə, belə əməllərin sayı get-gedə artar və insanlar tərəfindən problemlərin çözülməsinin yeganə variantı kimi qəbul edilə bilər.

Ancaq təəssüf ki, ABŞ, Qərbi Avropa və Rusiyanın siyasətlərindəki ikili standartlar destruktiv nəticələrə gətirib çıxarır. Onlar təkidlə Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kompromis mövqe və konstruktiv yanaşma nümayiş etdirməyə çağırırlar. Halbuki, Azərbaycan uzun illərdir ki, erməni terrorunun qurbanına çevrilib. Bu "fövqəldövlət"lərin özləri isə hər hansı bir terror aktını, hətta öz vətəndaşlarının həyatı bahasına olsa belə, ən amansız, qəddar üsullardan istifadə edərək yatırırlar. Bu, həmin Avropa dövlətləridir ki, hüquqi xarakterli bəhanələr (Türkiyədə ölüm hökmünün tətbiqi ilə bağlı) gətirərək, 30 mindən artıq türkün məhvinə səbəb olan kürd terror təşkilatı, PKK-nın lideri Abdulla Öcalanın Türkiyəyə ekstradisiyasından imtina edirdilər.

Və bu gün də Türkiyənin Avropa Birliyinə daxil olmasına hər vəchlə mane olmağa çalışırlar. Eyni zamanda yunan Kiprini bu təşkilata qəbul etməklə, müxtəlif yollarla Türkiyənin regionda mövqelərini zəiflətməyə çalışırlar. ABŞ min bir bəhanə ilə, heç kimdən icazə almayaraq İraqı işğal etdiyi, qədim ölkəni bombalayıb viranə qoyduğu halda Türkiyənin PKK torrorçularına əməliyyatlarını hər zaman əngəlləməyə çalışır. Məgər terrorçunun "yaxşı"sı, "pis"i olur? Eləcə də, bu "demokratik", "insan hüquq və azadlıqlarını" hər şeydən üstün tutan, ağızdolusu sülh, qarşılıqlı dostluq, əməkdaşlıqdan dəm vuran Avropa dövlətləri ərazisinin 20 faizindən çoxu işğal olunmuş, 1 milyon qaçqını olan Azərbaycan dövlətini sözün əsl mənasında terrorçu Dağlıq Qarabağ ermənilərinə güzəştə getməyə çağırırlar.

Azərbaycan dövlətinə dəyən zərərləri görməyərək, yaxud görmək istəməyərək guya Naxçıvanda dağıdılmış mifik erməni qəbirstanlıqlarının "dərdini çəkirlər".
 
Terrorizmlə bu cür "mübarizə aparmaq" əslində yeni-yeni dəhşətli terror aktlarının törədilməsinə rəvac vermək deməkdir. Terrorizmlə mübarizənin ən effektli yolu bu sahədə ikili standartlara yol verilməməsidir. Terrorizmin qarşısının alınması üçün konsepsiya və işlək mexanizm hazırlanmalıdır. Və bütün dövlətlər həmin konsepsiyaya uyğun fəaliyyət göstərməlidirlər.

"Ədalət" qəzeti






19 Fevral, 2011  01:52 Baxılıb: 1721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner