Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Çalıquşu” ilə günəş kimi doğan yazıçı - RƏŞAD NURİ GÜNTƏKİN

Bu gün yazıçının doğum günüdür

«Çalıquşu», «Bir qadın düşməni» , «Yaşıl gecə» (1928), «Acımaq» (1928), «Yarpaq tökümü», «Qızılcıq dalları», «Göy üzü», «Əski хəstəlik», «Atəş gecəsi», «Dəyirman», «Miskinlər təkkəsi», «Хarabaların çiçəyi» , «Qovaq yelləri» kimi 19 roman və bir çox müxtəlif əsərlərin müəllifi olan, qələmi ilə Türk ədəbiyyatına rəng və ahəngdarlıq gətirən Rəşad Nuri Güntəkin 1889-cu ilin bu günündə dünyaya gəlib. Ərzurum valisi Ənvər Paşanın qız nəvəsi olan Güntəkin ilk təhsilini Çanaqqala orta məktəbində alır. Təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. Rəşad Nuri Ali təhsilini 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyat fakültəsində alır.

Universiteti bitirdikdən sonra 15 il Sultanisi, İstanbul Beşiktaş İttihat və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. Elə müəllim işlədiyi vaxtlarda ömür gün yoldaşı Hədiyyə xanımla evlənir. Hədiyyə xanım onun şagirdi idi. 1927 –ci ildə ailə quran cütlüyün 14 il uşaqları olmur.

“11 mart 1951-ci il... Ela qızım, mən uşaq ikən, sənin yaşında olarkən səmadakı aya baxardım: “Ay dədə, ay dədə, oğlun qızın çoxdur, dədə. Birini mənə versənə. Allah sənə çox verər” deyə dua edərdim. Ay dədə məni eşitdi. Uşaqlarının birini mənə verdi. “Adı Ela qız olsun” dedi. “Mənim qədər çox ömrü, mənimkilər qədər gözəl uşaqları olsun” dedi”. O, bu fikirləri xatirə dəftərində ilk və yeganə qızı Ela haqqında yazırdı.

Rəşad Nuri qızı ilə birbaşa söhbətdən çəkinərdi. Elanı çox sevməsinə rəğmən bəlkə elə bunu hiss etdirməməsinin nəticəsi idi ki, qızı xatirələrində, “Evimiz monastr kimi bir yer idi”- deyərək, atasının həddən artıq mentalitetə bağlı biri olduğundan bəhs edərdi.

Yazıçı müəllimliklə yanaşı siyasətlə də məşğul olurdu. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir və 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasına məxsus Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirir. Sonra yenidən müfəttiş kimi çalışır və 1950-ci ildə UNESCO-nun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedir. 4 il sonra  yaxşı  bir vəzifədə çalışmaq üçün çox yaşlı olduğundan istefa verir. Bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərir.

Rəşad Nuri Güntəkin Anadolu insanına yaxından bələd idi. Bunu onun əsərlərində də aydın şəkildə görmək mümkündür. Anadolu insanını tanımasına şərait yaradan isə yazıçılığı və vəzifəsinin verdiyi imkan idi. O, Anadolunu qarış-qarış gəzmiş və şahidi olduğu mühiti öz əsərlərində əks etdirmişdi. 1936-cı ildə qələmə aldığı “Anadolu notları” adlı səyahətnamə əsəri həmin səfərlərin nəticəsi kimi ortaya çıxmışdı.

Bəlkə elə xalqa yaxın mövzularda yazması onu oxucuya sevdirirdi. Bəlkə də dilinin axıcı olması. Qələminin demək olar bütün məhsulları sevilir, oxucu kütləsinin marağına səbəb olurdu. Bu əhatəlilik onun əsərlərini nəinki dövrünün, hətta gələcək dövrlərin filmləri üçün ssenari mövzusuna çevirəcəkdi. Prof.dr. Birol Emil kiçik və böyük miqyaslı olmaqla 100 əsərin müəllifi olan Güntəkinin əsərlərini 1922-ci ildə qələmə alınan  «Çalıquşu»nun ulduzu altında doğmuş kimi» deyə adlandırmışdı.

Yazıçının dram və tərcümə əsərləri də onun yaradıcılığında хüsusi yer tutur. Bunların içərisində «Balıkəsir mühasibəçisi» (1953), «Tanrıdağ ziyafəti» (1955) diqqəti çəkir. Migel de Servantesin «Don Kiхot», Alber Kamyunun «Yad», Emil Zolyanın «Həqiqət» romanlarını, habelə dünya yazıçılarının bir çoх hekayələrini türkcəyə çevirərək nəşr etdirib.

Rəşad Nuri Güntəkin uzun müddət köksündəki ağrılardan əziyyət çəkir. Həkimə müraciət etdikdə ona ağciyər xərçəngi diaqnozu qoyulur. Müalicə olunmaq üçün Londona yollansa da 1956-cı ilin dekabrında elə oradaca vəfat edir.  Türk ədəbiyyatına, teatr və kino sənətinə bu qədər qatqıları olan yazıçı dekabr ayının 13-də Qaracamaat qəbristanlığında dəfn edilir.

Ölümündən sonra yazıçının həyat yoldaşı Hədiyə хanım onun əsərləri külliyatını nəşr etdirib.

Ülviyyə Cövdətqızı







25 Noyabr, 2013  10:43 Baxılıb: 2838 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner