Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

GRECO-nun icraçı katibi: “Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində yeni təşəbbüsləri müsbət qiymətləndiririk”

“Azərbaycan korrupsiya əməllərini təqib etmək, onları aşkara çıxarmaq və təhqiqat aparmaq sahəsindəki fəaliyyətini daha da gücləndirməlidir”

Strasburq. Fuad Qulubəyli - APA. “2004-cü ildə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupuna (GRECO) üzv olduqdan bəri Azərbaycan yaxşı bir ruhda əməkdaşlıq nümayiş etdirib. Ölkə Avropa Şurasının (AŞ) təyin etdiyi normaların tələblərinə uyğun olmaq üçün bəzi sahələrdə səylər göstərib”. Bunu APA-nın Avropa bürosuna eksklüziv açıqlamasında Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) icraçı katibi Volfqanq Rau Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərinə münasibət bildirərkən deyib. 
V. Rau qeyd edib ki, 2007-2009-cu illərdə Azərbaycanda Antikorrupsiya Strategiyasına Yardım layihəsi çərçivəsində AŞ və USAİD tərəfindən ölkəyə göstərilən texniki dəstəyin yararı olub: “Bununla belə, GRECO-nun apardığı monitorinq və qiymətləndirmə hesabatları indiyə kimi həyata keçirilən səylərin korrupsiya ilə səmərəli şəkildə mübarizə aparılması istiqamətində tam yetərli olmadığını göstərir. Xatırladım ki, GRECO özünün dəyərləndirmə raundları çərçivəsində bütün üzv dövlətlərdə qiymətləndirmə işlərini bərabər şəkildə aparır. Azərbaycan birinci və ikinci raundlar çərçivəsində dəyərləndirilmişdi. Bu dəyərləndirmə məruzəsində əsasən korrupsiyanın qarşısının alınması, onunla mübarizə üzrə milli qurumların müstəqilliyi, ixtisaslaşması və sərəncamlarında olan vasitələr, korrupsiya ilə bağlı hökumət üzvlərinə qarşı cinayət işinin açılmasına maneələr yaradan xüsusi toxunulmazlıqların əhatəsi və dərəcəsi, eləcə də dövlət qulluqçularının statusu kimi məsələlər daxil edilmişdi. GRECO-nun 2010-cu ilin oktyabrında qəbul etdiyi rəyə görə, bu məsələlərlə bağlı qurumun 2006-cı ilin iyununda Azərbaycana göndərdiyi tövsiyələrdən 15-i artıq qənaətbəxş şəkildə həyata keçirilib”.
İcraçı katib deyib ki, 2010-cu ildə Azərbaycan üzrə yenidən dəyərləndirmə hesabatı hazırlanıb: “Bu dəfə qurum hesabatı özünün üçüncü raundu çərçivəsində hazırlamışdı. Bu hesabatda isə əsasən korrupsiyaya görə cinayət məsuliyyəti daşımaq və siyasi partiyaların maliyyələşdirilməsində şəffaflıq kimi məsələlər əks olunub. Bu hesabatda GRECO boşluqların olduğu nəticəsinə gəlib və Azərbaycana ümumilikdə 17 tövsiyə təqdim edib. Bu tövsiyələrin Azərbaycan tərəfindən həyata keçirilib-keçirilməməsini qurum 2012-ci ilin ilk rübündə baxışdan keçirəcək. Fikrimcə, Azərbaycan çatışmazlıqları aradan qaldırmaq üçün səylərini artırmalıdır".
Son günlər Azərbaycanda korrupsiya ilə mübarizə sahəsindəki yeni təşəbbüsləri müsbət qiymətləndirən V. Rau təmsil etdiyi qurumun bu səyləri yalnız alqışladığını bildirib: “Korrupsiya ilə mübarizəyə yönəlmiş istənilən təşəbbüsü biz yalnız alqışlaya bilərik. GRECO öz hesabatlarında dəfələrlə Azərbaycanın “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” üzrə Milli Strategiyanın (2007-2011-ci illər) qəbul olunmasını müsbət qiymətləndirib və qurumun verdiyi tövsiyələrə uyğun olaraq, həyata keçirilmiş bəzi konkret irəliləyişlərdən məmnunluğunu bildirib. Bu, əsasən korrupsiya hallarını araşdıran hökumət nümayəndələrinin iş metodlarının və vasitələri, korrupsiyanın qarşısının alınması sahəsində dövlət qulluqçularının hüquq və vəzifələrini, o cümlədən 2007-ci ilin may ayında qəbul edilən vəzifəli şəxslərin etik qaydalarını nəzərdə tutan xüsusi normativ əsaslar və çirkli pulların yuyulmasına qarşı mübarizənin mexanizmləri kimi vacib məsələlərdir. Eyni zamanda, GRECO-nun tərtib etdiyi bir sıra tövsiyələri ilə bağlı bəzi dəyişikliklərin edilməsi hələ də vacib olaraq qalmaqdadır”.
İcraçı katib bildirib ki, Azərbaycan korrupsiya əməllərini təqib etmək, onları aşkara çıxarmaq və təhqiqat aparmaq sahəsindəki fəaliyyətini daha da artırmalıdır: “Siyasi partiyaların maliyyələşdirilməsindəki şəffaflıq məsələsinə gəldikdə, ümumilikdə, “Siyasi partiyalar haqqında” qanunda davamlı şəffaflığın, siyasi partiyaların bank hesablarına, seçki kampaniyalarının maliyyələşdirilməsinə kifayət qədər nəzarətin olmaması, eləcə də bu sahədə sanksiyaların tətbiqində natamam mexanizmlərin mövcudluğu ilə bağlı müddəalarda boşluqlar var. Bu baxımdan GRECO Azərbaycanda siyasi partiyaların şəffaflıq qaydalarına daha da hörmətlə yanaşmaları məqsədi ilə, onlara adekvat yardımın edilməsi zərurətini də qeyd edir. Bundan başqa, biz siyasi partiyaların dövlət büdcəsindən müntəzəm maliyyələşdirilməsi ilə bağlı ideyanı da dəstəkləyirik”.






17 Fevral, 2011  17:14 Baxılıb: 1602 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner