Naxçıvan Muxtar Respublikası (MR) İqtisadi İnkişaf Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi sayəsində son 3 ildə MR-də sahibkarlıq yüksək templə inkişaf etdirilir.
Sərəncamın icrası nəticəsində təkcə ötən il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən 24 hüquqi və 1.185 fiziki şəxs qeydiyyata alınmışdır. Bu sahənin inkişafı üçün yaradılmış münbit şərait hesabına ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 86 faizi ötmüşdür. Hazırda aqrar sektor, sənaye, ticarət, nəqliyyat, rabitə sahələrində qeyri-dövlət bölməsinin payı 83-99 faiz arasındadır.
Ötən il regionda sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi davam etdirilmiş, bank və kredit təşkilatları tərəfindən sahibkarlara 35 milyon 909 min manatdan çox güzəştli kredit verilmişdir. İqtisadi fəaliyyətin bütün sahələrinin tarazlı inkişafını təmin etmək məqsədilə kreditlər verilərkən onların çoxsahəli olması diqqət mərkəzində saxlanmışdır. Ötən il verilən kreditlərin 7 milyon 143 min manatı sənayenin, 5 milyon 746 min manatı tikinti sektorunun, 11 milyon 61 min manatı kənd təsərrüfatı və balıqçılığın, 11 milyon 959 min manatı isə ticarət, nəqliyyat, kommunal və digər xidmət sahələrinin inkişafına yönəldilmişdir.