Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azadlıq üçün yaşayıb, azadlıq üçün ölən şair

.

Azadlığı həyatının bir parçası bilən, Günəş kimi, səma kimi azadlığı yaşamaq istəyən şairin azadlıq ruhu bu gün də öz missiyasını yaşadır.
Ömrünü xalqına, millətinə qurban verən, həbs həyatında mənəvi azadlığını yaşayan şairin doğum günüdür. Bu gün azadlıq şairi – Xəlil Rza Ulutürkün anadan olmasından 81 il keçir.


Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Azərbaycanda, Salyan rayonunun Pirəbbə kəndində Rza kişinin ailəsində ilk körpə kimi dünyaya göz açıb. 1939-1949-cu illərin məktəb həyatı Xəlilin bədii ədəbiyyat aləminə, necə deyərlər, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxmasına kömək olub. Onun ilk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunub. 1949-cu ildə Xəlil Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olur. Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində Xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak etməsi Xəlil Rzanın şair kimi püxtələşməsinə ciddi təsir göstərib. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayır. SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu "Bahar gəlir" (1957) kitabında nəşr olunur. 1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçib. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, "danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı". O, ana dilinin saflığını qoruyub, ruslaşdırma siyasətinə qarşı mübarizə aparıb. Bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınmır, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. Şair Sabir Rüstəmxanlı yazır:

"Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər".

1984-cü ildə şairin "Ömürdən uzun gecələr" adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət "Qardaşlıq çələngi" toplusu ictimaiyyət tərəfindən təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılanıb. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib. 1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişlənməyə başlayıb. O, bütün varlığı ilə xalq hərəkatına qoşulub, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaqlarını odlu-alovlu çıxışları ilə ifşa edib.

Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnaqları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Ermənisiz Azərbaycan!

Son günlərini yaşayan Sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutanda dünyanın açıq fikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş qətliam kimi lənətləmişdi. O vaxt, yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir. O, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyi”ni, 200-dən çox şer, poema və məktubunu qələmə alıb.

Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi.
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm.
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.

Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulur. 1990-cı il oktyabrın 9-da xəstə halda qatarla Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılır. Xəlil Rza “Ulutürk” təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. 1991-ci il, mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. 1993-cü il avqust ayının 23-də qəhramanımız Firəngiz xanımla Bakı-İstanbul-Köln təyyarə marşurutu ilə Almaniyaya gedir, müalicəsini davam etdirir. Bakıya qayıdan Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər. Sonrakı müalicə nəticə vermir. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi daha vurmur.

Ulutürk Fəxri Xiyabanda dəfn olunur, onun məzari üstündə şairin əzəmətli heykəli ucaldılır.

Turanə İbrahimi

 






21 Oktyabr, 2013  10:49 Baxılıb: 2436 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner