Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsrail Azərbaycandan nə istəyir?...

Qərb dövlətlərinin ölkəmizdəki səfirliklərinin narahat olmasının pərdəarxası məqamları 

İsrailin Azərbaycandakı səfirliyi bağlanıldı. İsrailin səfiri Mixail Lavon Lotem «Trend»ə deyib ki, səfirlik texniki səbəblərdən bağlanıb, bütün məsələlər həll olunan kimi səfirlik işini bərpa edəcək. Azərbaycanın Xarici İşlər Nazirliyi isə İsrail səfirliyinin bağlanmasından xəbərsizdir. Qurumun mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Azadlıq radiosuna deyib ki, qanuna görə, hər bir səfirlik fəaliyyətini dayandıranda və bu haqda akkreditə olduğu dövlətə məlumat vermək istəyəndə, nota təqdim edir: «Bizə belə bir nota gəlməyib».

Səfirliyin bağlanılması ilə bağlı texniki səbəblərin nə olduğu bildirilməsə də, qeyd etmək lazımdır ki, bu ölkənin terrorla mübarizə qərargahının bir neçə gün əvvəl ölkəmizdə terror aktı törədilməsi ehtimalı ilə bağlı xəbərdarlıq yayıb. Azərbaycanda inkişaf etmiş dövlətlərin diplomatik korpuslar üçün terror təhlükəsinin olması yerli rəsmi qurumlar tərəfindən təkzib edilməkdədir. İsrail səfirliyinin bağlanılmasından az sonra açıqlama verən Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri bəyan ediblər ki, narahatlıq üçün heç bir əsas yoxdur və kriminogen durum tam nəzarət altındadır. DİN mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov əlavə edib ki, heç bir ölkə, hətta super güc sahibi olan ölkələr terror təhlükəsindən sığortalanmayıblar.

Bu gün İmad Muqniyənin ölümünün üçüncü ildönümüdür.

İsrail tərəfi açıq şəkildə bəyan edib ki, “Hizbullah” təşkilatının xüsusi təyinatlı dəstəsinin komandiri olan İmad Muqniyənin öldürülməsinin üçüncü ildönümü ilə bağlı yaxın bir neçə gündə aşağıdakı ölkələrdə yəhudilərə qarşı terror hücumları baş verə bilər.
Misir, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, Kot-d İvuar, Mali, Mavritaniya və Venesuela. Qərargah İsrail vətəndaşlarını bu ölkələrə səfərlərdən çəkinməyə çağırır, artıq həmin ölkələrin ərazisində olan israillilərə isə tövsiyə edir ki, sayıq olsunlar və yerli hüquq-mühafizə orqanlarının göstərişləri əsasında hərəkət etsinlər. Həmçinin ənənəvi olaraq yəhudilərin və İsrail vətəndaşlarının toplaşdıqları yerlərə getməkdən imtina etsinlər. İ.Muqniyənin ölüm günü isə fevralın 14-ə təsadüf edir.

ABŞ səfirliyinin mətbuat katibi Kit Bin də bu gün mətbuata açıqlamsında bildirib ki, səfirliyin müvafiq təhlükəsizlik səviyyəsində olduğuna əmin olmaq üçün Azərbaycan hökumətinin müvafiq qurumları ilə iş aparırlar: «Təhlükə haqqında etibarlı məlumat əsasında səfirliyimizə Azərbaycanda, o cümlədən Amerika maraqlarına qarşı yönəlmiş mümkün terror aktlarının baş vermə ehtimalı ilə əlaqədar yeni xəbərdarlıq daxil olub. Biz potensial təhlükələrlə bağlı Amerika vətəndaşlarını məlumatlandırırıq ki, onlar öz səfərlərini düşünərək planlaşdırsınlar. Hesab edirik ki, təhlükə realdır və ABŞ vətəndaşlarını sayıq olmağa çağırırıq”.


Niyə məhz İsrail?


İlk olaraq Bakıda İsrail dövlətinin səfirliyini bağlaması bir sıra ehtimallara yol açır. Qeyd olunur ki, Azərbaycanda real təhlükə ilə üzləşə biləcək səfirlik İsrailinkidir. Buna səbəb kimi ölkəmizin İsraillə gərgin münasibətlərdə olan ölkələrlə, xüsusilə də İranla həmsərhəd olmasıdır. Bu günlərdə paytaxt Bakıda şagirdlərin hicabla məktəblərə gəlməsinə qoyulan qadağa həm də ABŞ və İsrail kimi dövlətlərə yarınmaq cəhdi kimi qiymətləndirilərək qonşu İranda da etirazla qarşılanıb. Ayətullahlar bu məsələdə açıq-aşkar «sionist» ölkələri ittiham ediblər.
Bu arada Azərbaycanın İranla həmsərhəd cənub bölgəsində, Masallı Telekommunikasiya Qovşağında baş vermiş partlayışın səbəbləri də müəmmalı olaraq qalmaqdadır. 2 nəfərin ölümünə səbəb olan bu partlayışla bağlı hələlik heç bir versiya yoxdur. Terror versiyası isə elə hadisə baş verən gündən istisna edilmirdi. Məlumatlara görə, Masallı Telekommunikasiya Qovşağı üzərindən bəzi beynəlxalq rabitə xətləri, o cümlədən İrana gedən rabitə kanalı keçir. Tehran neçə vaxtdır Bakını ondan günahlandırırdı ki, İranla sərhədlərin yaxınlığında “Mossad”ın bu ölkədə telefon danışıqlarını izləməsinə imkan verən hansısa məntəqə qurmasına imkan verib. Bu ittihamların Masallı telekommunikasiya qovşağına nə dərəcədə dəxli olduğu bəlli deyil. Lakin elə bu yaxınlarda İran kəşfiyyatının rəhbəri qonşu ölkələri hədələyərək demişdi ki, onlar “sionist rejimin” bu ölkələrdə qurduqları kəşfiyyat şəbəkələrinə qarşı sarsıdıcı zərbələr hazırlayırlar.


İsrail səfiri: «Azərbaycanın strateji əhəmiyyətini də yaxşı başa düşürəm»


Kənar dövlətlərin gərgin münasibətlərinə görə, Azərbaycanın ziyan çəkməsi, terrorla üzləşməsi əlbətdə ki, arzuolunmazdır. Qonşu dövlətlərlə sülh şəraitində yaşamağa üstünlük verən rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən heç bir halda üçüncü dövlətə qarşı istifadə edilməsinə yol verilməyəcək.
İsrail səfiri Mixael Lavon daha öncə bildirib ki, Qafqazda vəziyyətin sadə olmadığını və Azərbaycanın İran kimi ölkəylə sərhədlərə malik olmasını nəzərə alır: “Lakin mənim vəzifəm heç bir halda suveren ölkəni öz qonşuları ilə münasibətlərini necə qurmağa öyrətməkdən ibarət deyil, İsraillə Azərbaycan arasında münasibətləri inkişaf etdirməkdir. Hesab edirəm ki, Azərbaycan İsrailin əsl dostu ola bilər. Prezident İlham Əliyev atasının yoluyla gedir, güclü və iradəli liderdir, sırf milli maraqlara uyğun syasət aparır. İranla qonşuluqda yerləşən Azərbaycanın strateji əhəmiyyətini də yaxşı başa düşürəm. Aydındır ki, Bakı Tehranla münasibətlərini gərginləşdirmək istəmir, ona görə də mən indi səs-küylü bəyanatlar vermək fikrində deyiləm. Ancaq onu deyə bilərəm ki, Azərbaycan strateji kəsişmə xəttində yerləşir və onu nəzərə almamaq mümkün deyil”.

Düşmənimin dostu mənim də düşmənimdir

İsrailin bizim regionda münasibətləri təkcə İranla gərgin deyil. Son vaxtlar Təl-Əvivlə Kremilin də münasibətlərində də problemilər yaranıb. Moskva və Təl-Əviv arasında qalmaqalın yaranmasına əsas səbəb Rusiyanın "Yaxnot" P-800 raketlərini Suriyaya satmasıdır. Hətta beynəlxalq siyasi ekspertlər bildiriblər ki, bu gərginlik Cənubi Qafqaza da siayət edərək, Gürcüstanın separatçı bölgələrilə bağlı münaqişələri yenidən alovlandıra bilər. Çünki Moskvanın addımına etiraz əlaməti olaraq, İsrailin Gürcüstana hərbi yardımlarını artıracağı gözlənir. İsrail rəsmiləri bildirirlər ki, düşmənlərinin dostu onların da düşmənləridir.

İsrailin baş naziri Benyamin Netanyahu da narahatlığını ifadə edərək qeyd edib ki, Rusiya-Suriya münasibətlərinin bu məcrada inkişafı İsrail tərəfindən sakit qarşılanmayacaq: "İsrail artıq öz təhdid elementlərini reallaşdıra bilər. İsrail Rusiya üçün təhlükə törədən ölkələrə silah satışına tam imkan yaradacaq".

Ekspertlərin fikrincə, söhbət ilk növbədə Gürcüstandan gedir.
Belə olan halda, Azərbaycan Rusiya üçün İsraili cəzalandırmaq üçün xüsusi əhəmiyyət kəsb edir.

Elxan Şahinoğlu: «İsrail səfirliyinin addımı anlaşılmazdır»

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, səfirliyin qərarı olduqca ciddidir: «Müstəqil Azərbaycanın tarixində mən belə bir vəziyyətlə ilk dəfədir ki, qarşılaşıram. Söhbət burada İsrail deyil, ABŞ və Böyük Britaniyaya qarşı baş verə biləcək təhlükədən gedir. Görünür, bu dövlətlərin hansısa birində baş verə biləcək terror aktı barədə məlumat var və öz aralarında bölüşüblər. Üç dövlətin Azərbaycanda ola biləcək təhlükə barədə öz vətəndaşlarına eyni gündə xəbərdarlıq etməsi göstərir ki, onlarda hansısa məlumatlar var və birgə məsləhətləşiblər».
E.Şahinoğlu bildirir ki, İsrail səfirliyinin addımı anlaşılmazdır: «Bu dövlətin rəsmiləri tez-tez Azərbaycanla strateji müttəfiq olduqlarını bəyan edirlər. Amma nədənsə təhlükə barədə Azərbaycan tərəfinə heç bir məlumat vermirlər».

Ruslan XƏLİL






14 Fevral, 2011  20:25 Baxılıb: 1723 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner