Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Canım fəda olsun Sənin yoluna...

Fevralın 14-dən 15-nə keçən gecə peyğəmbərlərin sonuncusu və əşrəfi, Quranda bildirildiyi kimi, Allah-Təalanın aləmlərə böyük bir lütf, mərhəmət olaraq göndərdiyi Həzrəti Məhəmmədin (s.ə.s.) mövlududur.

Hər könül bir eşqdən coşar, hər qəlb bir ritmiylə vurar. Hər gülün bəxtinə bir bahar düşər, hər qulun bəxtində bir ağası var... Mən Sənin kölən olummu? Dərgahının qapısına layiq görərsənmi bu üzüqara qulunu? Ayağının tozunu əta edərsənmi bu quluna, üzünə sürsün, başına qoysun?

Məndə “mən”  qalmasın, məni sən yenidən inşa eylə! Məni odda dəmir kim ərit, dəyirmanda dən kimi üyüt, yandır, dondur, kəs, əz, yenidən inşa eylə, məndə məndən bir şey qoyma, amma yolundan ayırma, izindən azdırma, “ümmətim” dediklərindən kənarda qoyma, Sənsiz buraxma!

***

Canım fəda olsun Sənin yoluna, adı gözəl,

 özü gözəl Məhəmməd!

Şəfaət eyləgil kəmtər quluna, adı gözəl,

 özü gözəl Məhəmməd!

Yunus Əmrə elə bildi ki, Veysəl Qaraninin dilindən deyib bu sözləri, bir də gördü ki, milyonlar bir ağızdan oxuyur bu sözləri, həm də ürəyin ən dibindən, ən gözəl dua kimi: “Canım fəda olsun...” Candan daha dəyərli nəyi var ki, sevənlərin.

Sən Allahın sevdiyisən, Allahın sevdiyini sevəni Allah sevər, Allahın sevdiyini sevən Allahı sevər.

Məhəmməddən oldu məhəbbət hasil

Məhəmmədsiz məhəbbətdən nə hasil?

Sevməyi Sən öyrətdin bizə, Səndən öyrəndi bu insanlıq sevməyi, Sənsiz nə sevgi, nə məhəbbət?

***

Göndərən Səni Aləmlərə Rəhmət olaraq, Mərhəmət olaraq, ən böyük nemət, ən böyük dəstək olaraq göndərdi. Sənin adın yetər aşiqlərə. Hansı könüldə, hansı cümlədə adın çəkilərsə, bərəkət toxumları kimi boy verər o yerdə.

Sənin üzün hörmətinə yaradılmadımı bu dünya, Sənin üzün hörmətinə biz də var olmadıqmı? Səndən başqa nəyimiz, Sən olmayan yerdə nə işimiz olacaq ki bizim?

Dünya nəyə sahibsə Onun vergisidir həp,

Mədyun Ona cəmiyyəti, mədyun Ona fərdi.

Mədyundur o Məsuma bütöv bir bəşəriyyət,

Ya Rəbb, bizi məhşərdə bu iqrar ilə həşr et!

Bu bənddə deyildiyi kimi, bəşəriyyət nəyə sahibsə hamısı Onun üzü hörmətinə verilməyibmi? - Nə qədər də dəqiq, doğru-düzgün, olduğu kimi ifadə edib iman şairi Mehmet Akif Ərsoy.

***

Şeir onda şeir olur ki, yüz il sonra yaşayanların da hissinə eyni dərəcədə tərcüman olur. Şair onda şair olur ki, əsrlər sonra da insanlar onun hisslərini, duyğularını paylaşırlar. Əslində o şeir bir dua kimi, bir türkü kimi qiyamətə qədər səslənəcək və səsləndikcə də müəllifinə dua qazandıracaq. Allah qəni-qəni rəhmət eləsin o sətirlərin müəllifinə!

O sonsuz Nurdur, O, dünyaları da, könülləri də işıqlandıran, nicat yolunu, qurtuluş yolunu göstərən bir Mürşiddir. O elə möhtəşəm bir Nurdur ki, Günəş də, Ay da işığını Ondan alır; ancaq hərəkət halı ilə varlığını davam etdirən bu kainat Onun başına fırlanır, Onun pərvanəsi olaraq dəyər qazanır:

Bir əcəb Nur kim,

Günəş pərvanəsi.

Bunu da “Nəti-Şərif”i ilə könüllərə düşən Süleyman Çələbi söyləyib, söyləyib də nə gözəl söyləyib.

***

Hər gözəlliyin zirvəsi Onda görünüb. Adəm oğlu bu dünyada ondan gözəlini görməyib, görməyəcək də. Məhəmməd Füzüli Onun çöhrəsinin gözəlliyini misli görünməmiş və görünməyəcək bir gül hesab edir:

Suya versin bağban,

bihudə zəhmət çəkməsin,

Bir gül açılmaz üzün tək,

versə min gülzarə su.

Könlündə duyğusu olan, həqiqi sevginin nə olduğunu bilənlər Onu vəsf ediblər. Onu vəsf edənlər Ona bir şey qazandırmayıblar, sadəcə, onun adını öz şeirlərinə qatıb, yazdıqlarına da, duyğularına da bərəkət tapıblar. Onun sevgisi hansı qəlbə düşsə, o qəlbin bərəkəti sahibinə yetər.

***

Ona Allah-Təala və mələkləri səlatü-salam edirlər. Ona salam oxumaq bizə Allah-Təalanın əmridir. Ona Allahın səlatı dəstəkləməyidir, mərhəmətidir, müzəffər qılmasıdır; mələklərin səlatı Onun üçün dua etmələridir, Onu sevmələridir; Ona bizim səlatımız isə Yolunu tutmağımız, buyruqlarına əməl etməyimizdir.

Ata-oğul uzaq bir səfərə çıxırlar. Yolda ata ölür. Həm də elə bir yerdə ki, nə gələn var, nə gedən. Oğul nə edəcəyini, atasını harada dəfn edəcəyini fikirləşirkən bir də baxır onun başı dəyişib bir heyvan başına çevrildi. Gəncin bir dərdi dönüb iki oldu: bu halda onu necə torpağa basdırsın, basdırmasın da neyləsin? Beləcə, atasının meyiti başında “Allah” deyə-deyə ağlamağa başlayır. O qədər ağlayır ki, zamanın necə keçdiyindən xəbər tutmur, yuxuda, ya ayıq olduğunu belə anlamır. Bir də görür ki, üzü ay kimi nurlu bir gənc gəldi, əlini uzadıb meyitin başına qoydu və baş  əvvəlki halına döndü. Oğlan çox sevindi və nurlu gəncin əlinə-ayağına düşüb: “Ey Allahın sevimli bəndəsi, Sən kimsən?”-dedi. Həmin gənc də: “Mən Həzrəti Məhəmmədəm. Sənin atanın dünya həyatı o qədər də abad deyildi, amma bir xasiyyəti vardı ki, harda mənim adımı eşitsə, o andaca salavat gətirərdi. Mən də atanın bu halını və sənin fəryadını eşidib, Uca Rəbbimə üz tutdum və Onun izni ilə gəldim”.

Bəli, O, içindən gərilərək Onu çağıran ümmətinin hayına yetişər. Onun adını ehtiramla anmaq, hər dəfə zikr etdiyimizdə və ya eşitdiyimizdə, heç olmasa, “əleyhissalam” və ya “Ona salam olsun!”- söyləmək əmin olun ki, boşa getməz və gün bir xəzinə kimi qarşımıza çıxar. Biz Ona layiqli ümmət ola bilsək, Onun ağalığının qüsursuz olduğuna şəhadət gətirərik.

***

O, bir şey soruşurdusa, öyrətmək üçün soruşurdu, O, bir şey istəyirsə, vermək üçün istəyir; Onun yolunu tutmaq Ondan çox bizə qazandırar, bizi qurtuluşa çıxarar. bizim qurtuluşa çıxmağımız da Onun qazancı olar.

Allah-Təala buyurur ki,  Allahı sevdiyini söyləyənlər Onun yolunu tutsunlar, dediklərini qəbul eləsinlər ki, Allah da onları sevsin. Açın Qurani-Kərimi baxın, Ali-İmran surəsinin 31-ci ayəsində buyurulur. Buyurun, bundan daha tutarlı bir dəlil olarmı? Demək, Rəsulullahı sevmək həm də Allahı sevmək mənasına gəlir və həm də Rəsulullahı sevmədən Allahın mərhəmətinə qovuşmağın mümkün olmadığını da bizə göstərir.

Onun yolunu tutan Allaha təslim olmuş sayılır. Onun əxlaqı Quran əxlaqıdır, Onu tərbiyə edən Allah-Təaladan başqa bir kimsə deyil. Onu xətalardan, günahlardan qoruyan da Allah-Təalanın Özüdür. Onun həyatı Quranda yaşanması istənilən örnək mənzərələr toplusudur.

***

Onu sevdiyini iddia eləmək asan iş deyil. Onu sevmək dostun, qonşunun, əminin, dayının, xalanın, bibinin xətrini istəmək, valideynləri, ömür-gün yoldaşını sevməyə bənzəməz. Allah və Rəsulullah sevgisi hər sevgidən ucadır, müqayisə edilməz. Bir insanı sevəndə o sevgidən özünə nəsə bir pay ayırırsan, Allah və Rəsulullah sevgisi isə tam təslimiyyət deməkdir. Əgər birisi Allahı və Rəsululahı bütün insanlardan, bütün sevdiklərindən, öz canından artıq sevmirsə, yalandan “sevirəm” söyləməsin. Bunu biz demirik, Rəsulullah Özü buyurur.

***

Qurani-Kərim Onu bizə təqdim edir, biz də o təqdimatdan bəzi məqamları diqqətinizə çatdırırıq. Hər kəs baxsın, düşünsün və vicdanı istiqamətində özü üçün nəticə çıxarsın:

- Biz Səni ancaq aləmlərə rəhmət olaraq göndərdik. (Ənbiya surəsi-197)

- And olsun, sizə özünüzdən elə bir Peyğəmbər gəlmişdir ki, sizin sıxıntıya düşməniz Ona çox ağır gəlir. O, sizdən ötrü (sizin iman gətirməyiniz üçün) çox təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir (Tövbə-128).

- (Ey Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim yolumu tutun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Çünki Allah çox bağışlayandır, mərhəmət edəndir.

"Zaman Azərbaycan" qəzeti






13 Fevral, 2011  00:20 Baxılıb: 1876 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner