Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Muxtar Manıyev: «Xanımım olmasaydı, çoxdan canımı tapşırmışdım»

«Cavan aktyor sənətə gəldiyi bir il deyil, istəyir Otello, Hamlet oynasın»

Çəkildiyi filmləri sevə-sevə seyr etdiyimiz böyük aktyorumuz, xalq artisti Muxtar Maniyevin çoxdan xəstə yatdığını və elə bu səbəbdən də, evdən bayıra çıxmadığını bilirik. Mİnnət kimi çıxmasın, ad günləri və eləcə də əlamətdar günlərdə telefon açıb bayramlaşır, hal-əhval da tuturuq. Amma nə gizlədim, bu ünsiyyət aktyorun ömür-gün yoldaşı Nəsibə xanımın razılığından sonra baş tutur. Çünki Nəsibə xanım xəstəliyinə görə üstündə əsdiyi həyat yoldaşının jurnalistlə söhbətdən sonra həyəcanlanacağından, təşvişə düşüb təzyiqinin yüksələcəyindən, bir sözlə, səhhətinin ağırlaşacağından ehtiyat edir. Elə bu dəfə də belə oldu. Səhhəti ilə əlaqədar kinodan gedən sevimli aktyorumuzla baş-başa qalmaqdan ötrü Nəsibə xanımdan izn istədik. Etiraz olmadı, amma: «Sİzə etibar edirik, danışın, amma özünüz bilirsiniz də, Muxtarı körpə uşaq kimi qoruyuram, halı tez-tez dəyişir, xəstəlik onu bir az da kaprizli edib. Qadan alım, sualları ehtiyatla verin…» yaxşı qadın kişinin sərvətidir.

- Muxtar müəllim, ozunuzu necə hiss edirsiniz?
- Ay qızım, bu xəstəlik köpəyoğlu şeydir, insanı dizi üstə çökdürər. Mən də axır vaxtlar çox xəstə oldum. Buna görə də heç yana çıxıb eləmirəm. Adam xəstə olanda heç istəmir ki, bu vəziyyətdə kiminsə gözünə görünsün. Mən də elə evdə dava-dəmanla birtəhər başımı girləyirəm.
- Yenə «şəkər»…
- Bəli, bu da elə mərəzdir ki, gərək daim özünü gözləyəsən. Bir balaca ki, məhəl qoymadın, başından basacaq. Mənim də başımı aldadırlar ki, sağalcaqsan, keçib gedəcək. Amma yox, yalan sözdür, bu xəstəliyin köklü-dibli müalicəsi yoxdur. Elə həmişə özünə nəzarət də adamı bezdirir.
- İndi siz də gərək özünüzü qoruyasınız, yeməyinizə fikir verəsiniz ki, xəstəlik də sizi enməsin…
- Elə deyirlər. Baxtım onda gətirib ki, mənim başımın üstündə dayanıb, ana kimi qayğımı çəkən həyat yoldaşım var. Onun göstərişi olmadan bir qaşıq su da içmərəm. Xanımım olmasaydı, çoxdan canımı tapşırmışdım.
- Deməli xoşbəxt aktyor olmağınızla bərabər həm də xoşbəxt kişisiniz.
- 100 faiz. Yaxşı həyat yoldaşı Allahın kişiyə bəxş etdiyi ən böyük sərvətdir. Belə qadınlar da mİlyardda bir doğulur ki, varlığını unudub, özünü büsbütün kişiyə həsr eləsin. Mənim xanımım hər şeyi atıb, təkcə məni tutub.
- Yəqin siz də ona qarşı yaxşı olmusunuz…
- Mən itirən kişi olmamışam. Heç vaxt onun qəlbinə dəyməmişəm, yersiz əsəb gərginliyi yaşatmamışam.
- Amma kaprizli, həm də zəhmli adama oxşayırsınız… Zəndimdə yanılmıram ki?
- Kaprizli adam deyiləm, amma mən sözü bir dəfə deyirəm, ikinci dəfə təkrarlamıram. Xoşum gəlməyib ki, evdə, ailədə özbaşınalıq, xaos hökm sürsün. Heç buna şərait də yaranmayıb. Xanımım xasiyyətimi bilib və o cür də mənimlə rəftar edib. Amma bu o demək deyil ki, despot olmuşam, yox, mən xanımıma daxili azadlıq vermişəm. Heç vaxt onunla əmrlə danışmamışam. Kişi var e, ağ da olsa, deyir qatıq qaradır, arvad da qorxusundan onu təsdiqləyir. Mən hər şeyə qarşılıqlı hörmət şəklində nail olmuşam, qorxu ilə yox. O mənim xasiyyətimi və özümü olduğum kimi qəbul edib.
- Kinodan aralı darıxmırsınız ki?
- Nİyə darıxım axı. Mən elə vaxt olub bir ildə 7-8 filmə çəkilmişəm. Bu yaxınlarda kino muzeyində saymışdılar ki, düz 157 filmdə çəkilmişəm. Çoxunun adını heç bəlkə siz də bilmirsiniz, çünki həmin filmləri az-az göstəriblər. Mən kinoda başımı aşağı salıb, işimi artıqlamasıyla görmüşəm. Sayan sayacaq, görən də görəcək.
- Siz epizodları da məharətlə oynamısınız və hətta elə filmlər var ki, baş rolu gölgədə qoymusunuz…
- Sənə deyim ki, kiçik rolu oynamaq daha çətindir. Kiçik rolla dərinliyə gedə bildinsə, demək sənətkarsan. Yoxsa ki, bu da balaca roldur, necə gəldi oynayım, belə olmamalıdır. Gərək o kiçik rolun fəlsəfəsini anlayasan və tamaşaçıya anladasan. Aktyor belədir ki, qazımalıdır, axtarmalıdır, yoxsa ondan yaxşı aktyor çıxmaz. Elə şərt deyil ki, o tapıntı sənə bu gün lazım olsun, qoy qalsın beynində, sənə sonra lazım olar. Beyin, yaddaş insanın arxividir, getdikcə cilalınır, qaymaq bağlayır.
- Arzuladığınız, amma oynamadığınız rol olub?
- Heç bir aktyor deyə bilməz ki, nə istəmişəm, onu da oynamışam. Ömründə olan iş deyil. Aktyor elədir ki, əlinə düşən şansdan maksimum istifadə etməlidir. Mən də şansıma düşən roldan bəhrələnmişəm. Bitmiş bir fikri ifadə edən söz birləşməsinə cümlə deyirlər. Mən də rolumla həmişə çalışmışam bitmiş bir fikri ifadə edim. Bir də var yarımçıq iş, dad yarımçıq əlindən. Hansı rolu veriblərsə, onu layiqincə oynamışam, verməyiblər də, gennən durub baxmışam.
- Gənc nəsil aktyorların oyunu sizi qane edir?
- Heç kim özünə əziyyət vermək istəmir, hər kəs hazırın naziri olmaq istəyir. Cavan aktyor sənətə gəldiyi bir il deyil, istəyir Otello oynasın, Hamlet oynasın.
- Sizcə, onların arasında Muxtar Maniyevlər çıxacaqmı?
- Bilmək olmaz… Mən elə vaxt olub bir filmdə iki rol oynamışam. Necə ki, siz mənə deyirsinz ki, Muxtar Maniyev böyük aktyordur, axtarıb məni tapıb yad eləmisiniz, yeni nəsil də gərək özünü doğrultsun. Onların da özünü doğruldub-doğrultmayacağını gələcək gstərəcək, biz indidən nə deyə bilərik.
- Yeni çəkilən filmlər barədə nə deyərdiniz, xoşunuza gəlirmi?
- Açığı məni qane eləmir. Buna görə də heç zəhmət, vaxt sərf eləyib, həmin filmlərə baxmıram da. O vaxtlar rejissorlar, aktyorlar filmin üstündə körpə uşaq kimi əsirdilər. Bu bilirsiniz nəyə bəynzəyir? Qadına bir kilo ət verirsən, qadın var o əti elə ləzzətlə bişirib ortaya çıxarır ki, yeyənlər beş barmağını da yalayır. Elə qadın da var ki, o əti ortaya çıxarmasa ondan yaxşıdır. Film də belədir, «fərsiz qadın»ın əlinə düşdüsə, ondan yaxşı «xörək» gözləmə.

“Indii televizorda «Ay Zaur» verlisi gedir, səviyyə cox aşağıdır, gərək aparıcının səviyyəsi yüksək olsun...



- Evdə vaxtınızı nəylə öldürürsünüz?
- Yoldaşım dükan-bazara gedəndə mənim üçün də 2-3 qəzet alır. Yazılanları bəyənməsəm də, oxuyuram özüm üçün. Bir də görürsən kimisə tərifləyirlər, heç səbəb göstərmirlər e. Elə televiziyalar da o gündədir. Hələ indiyənəcən ürəyimdən tikan çıxaran veriliş görməmişəm.
Proqramlar məni cəlb eləmir.
- Niyə, nə xoşunuza gəlmir?
- Keyfiyyət aşağıdır, proqramlar məzmunsuzdur. Bax indii televizorda «Ay Zaur» verlisi gedir. Səviyyə aşağıdır, gərək aparıcının səviyyəsi yüksək olsun.
- Heç televiziyalar sizi proqramlarına dəvət edir?
- Edən də olur, amma dəvəti o saat qəbul etmirəm. Deyirəm əvvəlcə gəlin mənə o verilişin ssenarisini göstərin görüm nə proqramdır, qonaqlar kim olacaq…
Yoxsa mən o səviyyənin adamı deyiləm ki, hansı veriliş gəldi çıxıb özümü gülünc vəziyyətə qoyum.
- Muxtar müəllim, sizi yoluxan, zəng edib quruca hal-əhval edənlər çoxdur?
- Edəndə edirlər. Köhnələr…Bəstəkar Siyavuş Kərimi məni yaddan çıxarmır, tez-tez hal-əhval tutur. O mənim xalam oğluyla bir yerdə oxuyub, həm də ailəvi dostuq. Bir də a qızım, mən dəymədüşər adam deyiləm, soruşamasalar da üzlərinə vurmuram.
- Arzularınız çoxdur yəqin…
- O qədərdir ki, evə-eşiyə, dama-bacaya, dunyanın özünə belə sığışmaz. Qabaqdan həyatımın yaxşı günləri gəlsin, bunu arzulayıram…


Firəngiz Həmidova






12 Fevral, 2011  16:36 Baxılıb: 5649 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner