Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hindistanda müsəlman mədəniyyətinin ilk izləri – BABURİLƏR DÖVLƏTİ

.

Tarixin ən böyük dövlətlərindən birini quran Baburilər, Hindistan torpaqlarında dövlət rəhbərliyindən ordu sisteminə, ədəbiyyatdan mədəniyyətə, sənətdən arxitekturaya kimi bir çox bənzərsiz əsərlər miras qoyublar. Çox təəssüf ki, Baburilərdən sonra bu coğrafiyanı işğal edən ingilislər yazdıqları tarix kitablarında bu böyük türk dövlətinə Monqol İmreratorluğu adını qoydular. Türkiyə Respublikası Prezident Gerbində təsvir olunan günəşin ətrafındakı 16 ulduzdan biri də Baburiləri təmsil edir. Osmanlı dövləti tarixinin ən parlaq dövründə, türk ordularının qərbdə və şərqdə böyük fəthlər etdiyi zamanlarda, hind diyarında yeni bir türk dövləti doğulurdu. Orta Asiyanı hakimiyyəti altına alan Teymurilər dövləti parçalanıb, nəvələri ayrı-ayrı dövlət quran zaman, Əmir Teymurun nəvələrindən - Türk Barlas qəbiləsindən olan Ömər Şeyx Mirzə, Fərqanədə müstəqilliyini elan etdi.

Baburilər dövlətinin yaranması

Ömər Şeyxin oğlu Məhəmməd Babur, Fərqanənin Əndican qəsəbəsində 1483-ci ildə anadan olub. Kiçik yaşda, atasının ölümündən sonra əmisi və dayısı ilə apardığı şahlıq mübarizəsində məğlub olur və əmri altındakı bəylərlə birlikdə 1504 - cü ildə Kabilə qayıdaraq, dövlətin paytaxtını bura köçürdü. Türküstanda davam edən taxt-tac müharibələri ucbatından Məhəmməd Babur istiqamətini şərqə, Hindistana çevirmişdi. Türklər tarix boyunca bu coğrafiya ilə hər zaman münasibət içində olublar. İslamdan əvvəl Saka və Hun türkləri; İslamın qəbulundan sonra isə Qəznəvilər və Timuroğulları Hind qitəsini ələ keçirmişdilər. Son olaraq Babur, Hindistanın sərhədlərində öz ordusunu yerləşdirmişdi. Kabildə qaldığı illərdə Hindistanın zənginliyi və sirri diqqətini çəkmişdi. Onsuz da bu xüsusiyyətləriylə Hindistana çağlar boyunca axınlar olmuş, bir çox qövm alt qitədə mədəniyyətlər qurmuşdu. XVI əsrin əvvəllərində Hindistan qarışıqlıq içində idi. Babur bu qarışıqlığı fürsət bilib cənuba yönəldi. Hind qitəsini fəth etmək üçün İndus çayını keçdi. Hindistanın hakimi Delhi Sultanı İbrahim Ludi 100 000 əsgər və 1000 fildən ibarət böyük ordusuyla Baburun üstünə gəldi. Qanuni Sultan Süleyman, Hind diyarını fəth etməyi qarşısına məqsəd kimi qoymuş olan Babura dəstək olaraq Mustafa Rumi adlı topçu zabiti göndərmişdi. 13 min nəfərlik süvari və topçu birliyi ilə Moxaç qələbəsindən bir neçə ay əvvəl Panirut meydan müharibəsində hindliləri məğlub edərək Dehliyə girən Babur, 1526-cı ildə Hind-Türk imreratorluğunu qurdu. Bu zəfər, dövrün məşhur tarixçisi Şeyx Zeyn Hafik tərəfindən qələmə alındı. "Zəfərnamə" adlı bu əsər, İslam məmləkətlərinin hökmdarlarına göndərildi. Babur müharibələrdə bişmiş, cəsur, iradəli, incə zəkalı və şair bir sərkərdə idi. Babur şahın çağatay dilində səyahət və xatirələrini danışdığı "Baburnamə" adlı kitab, türk dilinin ən qabaqcıl şah əsərləri arasındadır. Bu böyük dövlət adamı, ölümündən sonra "Həzrəti-i Firdövsü-Məkani" və "Həzrət-i Giti-Sitani" (Cahan Fatehi) kimi adlandırılmışdır. Onun ölümündən sonra yerinə keçən oğlu Humayun, səltənətinin ilk illərində taxtına göz dikənlərlə və atasının məğlub etdiyi düşmənlərlə mübarizə etmək məcburiyyətində qaldı. Humayun şah Səfəvi hökmdarı Şah Təhmasiblə əlaqələr qursa da, Səfəviləri öz dövlətinin gələcəyini təhdid edən bir təhlükə kimi görürdü. Onun üçün Osmanlı Padşahı Qanuni Sultan Süleymana "radşah baba" - deyə xitab edən məktubda şərqin ona verilməsi halında Səfəvi təhlükəsini birlikdə yox edə biləcəklərini bildirirdi.

Əkbər şah və İslam dinin təhlükə altına düşməsi

Əkbər Şah Baburi Hindistanı tək bir mərkəzi idarə altında toplamağı bacaran ilk hökmdar olmuşdur. Əkbər Şah zamanında Baburilər Hindistanda ən ehtişamlı dövrünü yaşadı. Avropalılar şərqdəki bu dövlətə Böyük Monqol İmperiyası adını verdilər. Əkbər Şahın ən böyük səhvi, müxtəlif dinlərin yaxşı və doğru tərəflərini götürərək yeni bir din təsis etmə düşüncəsinə girişməsi idi. Böyük İslam alimi İmam Rəbbani, o illərdə Hindistanın Sərhənd şəhərində yaşayırdı. İmam Rəbbani bu səhv anlayışa qarşı mübarizə apararaq, nəhayət Əkbər Şahdan sonra taxtın varislərindən olan Şah Cahan və Aləmgir Şaha fikirlərini qəbul etdirmişdir. İmam Rəbbaninin bu irşad və əhya hərəkatı ilə Hindistanda İslam yenidən əsl formasına uyğun olaraq yaşandı və yayıldı. Əkbər Şahdan sonra taxta Səlim Cahangir keçdi.

Şah Cahanın Hindistanı yenidən qurması və türklüyün Hindistanda yayılması

Yeni hökmdarın ədalətli olmasına baxmayaraq zövq və əyləncəyə düşkünlük kimi zəiflikləri var idi. İngilislər Cahangir şah dövründə Hind qitəsinə gəlməyə başladılar. Limanların və tacirlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə bu coğrafiyaya ingilis əsgərləri ayaq basdı. İngilislərin ələ keçirdiyi limanlar, zamanla bütün ölkənin işğalını təmin edəcək ilk addım oldu. Cahangir, taxtdan endiriləcəyi əsnada öldü və oğlu Xürrəm şah, "Şah Cahan" adı ilə taxta çıxdı. Baburilər bu dövrdə alt qitədə çata biləcəkləri ən böyük məqsədlərinə çatdılar və yavaş-yavaş tənəzzül dövrü başladı. Şah Cahan Hind qitəsinə dünya mədəniyyət mirası kimi qəbul edilən çoxlu sayda şah əsər qazandırdı. Baburilər tarixin heç bir dövründə olmadığı kimi Hindistanı abad etdilər və zənginləşdirdilər. Şah Cahan, həyat yoldaşı Mümtaz Mahal üçün dünyanın 7 möcüzəsindən biri hesab edilən Tac-Mahalı inşa etdirdi. Tac Mahalın tikilməsi üçün Osmanlıdan memar istəndi və Memar Sinanın tələbələrindən olan Məmməd İsa Əfəndi, qrupu ilə birlikdə Hindistana gəlib 21 ildə bu şah əsəri tamamladı. Dünyada Aqra şəhərində türk memarları tərəfindən inşa edilən Tac Mahal kimi çox az məşhur memarlıq nümunəsi var. Baburilərin Osmanlı dövlətiylə ilk nizamlı diplomatik münasibətləri də Şah Cahan tərəfindən başladıldı. Şah Cahan IV Murada yazdığı məktubda istifadə etdiyi, "Müsəlman sultanların xanı, xilafət məqamı üçün Allah tərəfindən seçilmiş və müsəlman millətlər arasında birliyin təsis edicisi" ifadəsi, Babur hökmdarlarının Osmanlı sultanlarına baxış bucağını göstərir.

Şah Cahanın hakimiyyətinin sonu və dövlətin süquta doğru getməsi

Şah Cahandan sonra Baburilərin son böyük hökmdarı kimi qəbul edilən Evrəngzib, Aləmgir şah ünvanı ilə taxta keçdi. Evrengzib yaxşı bir müsəlman, cəsur bir sərkərdə, ideal bir idarəçi, dövlət adamı idi. Aləmgir şah, Türk və İslam dünyası ilə yaxşı münasibətlər qurdu, ölkədə nizam və dincliyi yenidən təmin etdi. Lakin təəssüf ki, dövründə Hindistan ticarətinin, ingilislərin və hollandların əlinə keçməsinə mane ola bilmədi. Aləmgir şah 1707-ci ildə dünyasını dəyişəndə türk dövlətlərində pis bir ənənə halını alan hakimiyyət uğrunda döyüşlər yenidən başladı. Əfqanların və İranlıların hücumları ilə Babur hakimiyyəti zəiflədi və ölkənin sərhədləri daraldı. Bu dövrdə ingilislər də həmin bölgədə hərbi varlıqlarını gündən-günə gücləndirdi. Nəhayət, Aləmgir şah, ölkədə getdikcə yayılan və güc qazanan ingilislərlə müharibə aparmaq məcburiyyətində qaldı. 1764-ci ildə baş verən Balkar müharibəsində Baburilərin ordusu məğlubiyyətə uğradı. İngilislər ilə bağlanan Allahabad müqaviləsi nəticəsində ölkənin idarəsi ingilislərin əlinə keçdi. Bundan sonra gələn Babur hökmdarları da təəssüf ki, ingilislərin məmuru olmaqdan başqa bir işə yaramadılar. 1857-ci ildə çıxan Böyük Sipahi üsyanını yatıran ingilislər, 1858- ci ildə bütün Hindistanı ingilis imperiyası torpaqlarına daxil etdilər. 1877-ci ildə isə İngilis kraliçası Viktoriya rəsmi Hindistan imperatoriçası elan edildi.

Baburilərin 322 illik hakimiyyəti və bu hakimiyyətin Hindistana verdiyi töhvə

Türklər Hindistanda dünyanın ən böyük və güclü mədəniyyətlərindən birini qurdu. Baburilərdə mədəniyyət, sənət, ədəbiyyat və memarlıq çox inkişaf etmişdi. Bu dövrdə böyük şairlər, ədiblər, tarixçilər və memarlar yetişdi. Hindistanın hər tərəfi çiçəkləndi və abadlaşdırıldı. Saraylar, məscidlər, körpülər və bir çox xeyriyyə müəssisəsi inşa edildi. Hind qitəsinin hər tərəfinə yollar çəkildi. Benares, Agra, Dehli və Lahor kimi şəhərlər, dünyanın ən gözəl sənət əsərləri ilə dolub daşdı. Dini inanca möhkəm bağlı olan Baburilər yüzlərlə din və qövmün yaşadığı Hindistanda din və vicdan azadlığına böyük hörmət göstərirdilər. Bu torpaqlarda yaşayan xalqlara dinlər və dini qrurlar arasında ahəngi, əməkdaşlığı və dinclik içində birgə yaşayışı məhz onlar öyrətdilər.
Dini həyatın çox canlı olduğu bu coğrafiyada İslam dini yerlilər arasında daha da yayıldı. Orta Asiyadan gələn təsəvvüf hərakatları Hindistanı da təsiri altına almış və burada Nəqşibəndi, Qədiri, Sührəverdi, Səttari təriqətləri geniş yayılmışdı. Babur hökmdarları böyük bir əhalinin yaşadığı çox millətli bir ölkədə türk əhalisini çoxaltma siyasətindən istifadə etmədilər. Üç əsr boyunca azlıqda qalan türklər, ordunun və dövlət işlərinin xaricində vəzifəyə gətirilmədi. Ev və qalaların xaricinə çıxıb yerli xalqla qaynaşma yerinə qapalı bir həyat yaşadılar. Bunun nəticəsi olaraq, Türk mədəniyyəti və Türk dili Baburilərdən sonra yavaş-yavaş yerini Fars, daha sonra da urdu dilinə və mədəniyyətinə buraxdı. 1526-cı ildə Məhəmməd Baburun qurduğu böyük Türk-Hind imperatorluğu 332 il yaşadı və 1858-ci ildə tarix səhnəsindən silindi.
Bu gün Babur imperatorluğunun sərhədləri içində Hindistan, Pakistan, Banqladeş və Əfqanıstan dövlətləri var.

Aynur Bayramova

 






12 Sentyabr, 2013  12:29 Baxılıb: 4045 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14




sagbanner