|
YATAQDA KÖMƏK GÖZLƏYƏN İMRAN – REPORTAJ – FOTOLAR
Bu gün onun üçün adi bir gün olacaqdı. Amma hardan biləydi ki, bu səhər İmran Lalayev üçün fərqli açılacaq?!
Həmişəki kimi çörəkpulu ardınca evdən çıxmışdı. İş axtarmaq ümidilə yollara üz tutdu. Nə biləydi ki, bu gün həyatının faciəsini yaşayacaq. Qazanc dalınca Koroğlu Metrostansiyasının yanındakı dəmiryolu stansiyasına gəldi və bu yerdə o … Dəmir yolundan keçərkən elektirik qatarının altına düşdü…
Həmin gün – may ayının 24-ü səhər saatlarında bir ana bəd xəbər alacaqdı. Bir gəncin həyatı dəyişəcəkdi. Planları alt-üst olacaqdı. Ömür yazsına qatar altında qalmaq yazılacaqdı…Sonra isə bütün dostları, tanışları, onu sevənlər belə bir xəbər eşidəcəkdi: “Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü İmran Lalayev qatar altında qalaraq, hər iki ayağını dizdən aşağı itirib”.
Hadisədən artıq iki ay keçsə də nə Dəmir Yol İdarəsindən, nə də ki Nəqliyyat Nazirliyindən heç kim bu gəncin taleyi ilə maraqlanmır.
İmran hadisənin təfərrüatları barədə Simsar.az-a danışır: “Həmin gün mən iş axtarmaq üçün evdən getmişdim. Bu yolu hər gün keçirdim. Hər iki tərəfə boylandım. Sonra dəmiryoluna keçdim. Bir ayağımı qoymuşdum ki, bir də gördüm nəsə mənə möhkəm dəydi. Özümü geri atdım. Elə bildim ki, tamamilə xilas olmuşam. Amma demə…sonra qatarın sürücüsü qatarı məndən 10 metr aralıda saxladı. Baxdı, sürdü və getdi. Əgər bunlar üçün “yaşıl işıq” elan olunubsa, nəyə görə sonra qatarı saxladı?! Mənim vəziyyətimi gördükdən sonra belə geri dönmədi. Boylandı, sürdü, getdi. Bundan sonra mənə yaşlı bir kişi yaxınlaşdı. Ayağımı qayışla bağlayıb xəstəxanaya apardı. Sonra heç nəyi xatırlamıram. Həkimlər deyirlər ki, 8 gün komada olmuşam”.
İmranın anası Zəminə Lalayevanın sözlərinə görə, iki ay ərzində onlara rəsmi orqanlardan hələ heç kim baş çəkməyib.
“Oğlumun halı barəsində heç kim maraqlanmayıb. Hətta həmin qatar sürücüsü belə gəlməyib. Mən özüm tək iki oğul böyütmüşəm. Əvvəl biz hamımız işləyirdik, indi isə yalnız mənim kiçik oğlum işləyir.O isə 250AZN qazanır. Mən işləyə bilmirəm, çünki İmranın yanında olmalıyam. Bizim maddi vəsaitimiz isə yoxdur. Dərmanlar almaq, həkimlərin pulunu ödəmək lazımdır. Bunların hamısı maddi vəsait tələb edir. Bu günə kimi İmranın bütün xərclərini onun dostları sahəsində ödəyə bilirik. Mən dəhşət içərisindəyəm və nə edəcəyimi bilmirəm. Oğlum görməsin deyə otaqdan kənarda çıxıb göz yaşları axıdıram. Kimdən yardım istəyim, kimə müraciət edim?!” - ana bunları fəryadedərcəsinə deyir.
Qeyd edək ki, xəstəxanada qaldığı müddətdə Z. Lalayeva 3 dəfə oğluna qan köçürüb. Bu arada, Azərbaycan Respublikasının DİN Dəmiryolu Baş Polis İstintaq bölməsinin rəisi Elşad Daşdəmirovun sözlərinə görə, baş verən hadisə zərər çəkənin diqqətsizliyi ucbatından baş verib. Maşinistin hərəkətləri qeyri - qanuni deyil. Avtomobil yolu olmadığından, qatar piyadadan kənar keçə bilməzdi. “Vətəndaşlar dəmir yolunda diqqətli olmalıdırlar. Fakt əsasında Sabunçu Polis bölməsində istintaq aparılır” - E. Daşdəmirov. Bu gəncdə elə bir həyat həvəsi və böyük ürək var. Bütün müsahibə zamanı ancaq bu sözləri deyir: “Mənə kömək lazım deyil”. İmran anası və qardaşı ilə birgə kirayədə yaşayır. Onun üçün ya protez, ya da ki süni ayaq qoyulmalıdı. Bu məbləği ödəmək üçün 20.000AZN-dən çox pul lazımdır. Hələki lazım olan məbləğ yığılmayıb. Həkimlər isə bildirirlər ki, əməliyyat ən azı 6 ay müddətində olmalıdır. Amma hadisədən iki ay keçib. Ailənin bu məbləği ödəməyə imkanı yoxdur. Aşağıdakı hesabdı İmrana dəstəkləmək üçün açılmış. Kim maddi yardımla kömək etmək istəsə bu hesab vastəsilə edə bilər. İmranı tək qoymayaq, onu bu vəziyyətdən xilas edək. Hesab nömrəsi: (AZN) AZ92HAJCRAZNO1000040403001 Hesab nömrəsi: (USD) AZ52HAJCFCRUSD01000040403002
Əlaqə nömrəsi
055 522 70 17 Aynur Bayramova
Foto Nurana Novruz
5 Avqust, 2013 20:00 ⁄ Baxılıb: 5641 ⁄ Çap
Bu bölmədə
|
|
|