ю
Yəqin ki, çoxlarınız Mərdəkanda yerləşən Dendrari bağı haqqında eşitmisiniz?! Bura gedəndə əksəriyyəti bir sual maraqlandırır: Dendrari nədir? Dendrari yunan dilindəki “dendron” sözündən götürülüb, mənası “nadir ağaclar məskəni” deməkdir.
Bir əsr yaşı olan park? Sovet rejimi qurulmamışdan əvvəl, 1890-1920-ci illərdə neft miloyonçusu Murtuza Muxtarovun bağı olub. Sahəsi 12.5 hektar olan və Xəzər dənizindən 3.2 km aralıda yerləşən bağın iqlim müxtəlifliyi bitki örtüyünün də zəngin olmasına şərait yaradıb. Lakin əkin üçün yararsız olan torpaq əlverişli iqlimdən istifadəyə imkan vermirdi. Elə buna görə də, xeyriyyəçi Abşeron torpağını cənub torpağı ilə əvəz edir və Lənkərandan münbit torpaq gətizdirir...
Bu qədər ərazinin su ilə təmin olunması üçün Murtuza Muxtarov 4 ədəd su kəhrizi tikdirir. Quyulardan birinin iki çıxış yolu var. Bunlardan biri Şəmsi Əsədullayevin bağına, digəri isə Xəzər dənizinə açılır. Bağın mükəmməl görünməsi üçün əlindən gələni əsirgəməyən Muxtarov burada 6 süni şəlalə və bağa gələnlərin katamaranla səyahətini təmin edən böyük hovuz düzəltdirir.
Əvvəllər milyonçunun şəxsi bağı olan “Dendrari” indi ziyarətçilər üçün açıqdır. Hazırda bağda 4 laboratoriya – “Bitkilərin introduksiyası”, “Landşaft ekologiyası”, “Efir yağlı bitkilər”, “Landşaft memarlığı” və 2 qrup – “Reabilitasiya mərkəzi”, “Toxumçuluq qrupu” fəaliyyət göstərir Flora ilə yanaşı fauna növləri də insanların baxışına təqdim edilir. Bağda meymun, yapon, Avstraliya, hind toyuqları, göyərçinlər, hind tovuzquşusu saxlanılır.
Xoşa gəlməyən bir nüans isə bağdakı pişiklərin insanların istirahətinə mane olmasıdır. Sözsüz ki, bu pişiklərdən qorxan və çəkinənlərə aiddir.
Mərdəkan botanika bağında Murtuza Muxtarovun, rus botaniki, akademik S.N.Vavilovun, həmçinin rus şairi S.A.Yeseninin ev muzeyləri fəaliyyət göstərir. M.Muxtarovun ev muzeyinin memarı fransız Plaşkovdur. Plaşkov Bakı şəhər İcra Hakimiyyətinin binasını və Səadət sarayının da memarıdır.
Dendrari istirahətdən əlavə bir çox məşhur filmlərimiz üçün bir müddət pavilion olub. “ Arşın mal alan”, “Qorxma mən səninləyəm”, “Dərviş Parisi partladır”, “Başsız atlılar” və b. filmlər bu bağda çəkilib.
Qeyd edək ki, bağa giriş yerli vətəndaşlar üçün 2AZN, xaricilərə 5AZN, uşaqlara isə 1AZN-dir.
Nurana Novruz