Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GƏNC NƏSLİN BƏYƏNMƏDİYİ MİLLİ GEYİMLƏRİMİZ – ARAŞDIRMA

.

İndi filmlərdə, rəqs qruplarında, muzeylərdə gördüyümüz rəngarəng milli geyimlərimiz xalqımızın etnik, tarixi xüsusiyyətlərini özündə əks etdirir. Azərbaycan milli geyimləri maraqlı elementlərlə zəngin olsa da, çox təəssüf ki, müasir dəbdə onların çox az nümunələrinə rast gəlirik. Dünya modelyerlərinin etnik elementlərə qayıdış tendensiyasını azərbaycanlı dəb yaradıcılarına aid etmək mümkün deyil.

XVII əsrdə Azərbaycan Şərqin ən böyük ipəkçilik bölgəsi kimi tanınırdı. Şirvandan başqa Şamaxı, Gəncə, Şəki və Şuşada da parça istehsalı inkişaf etmişdi. Geyimlər onları geyinənlərin sosial statusunu da göstərirdi. Subay qızların geyimləri evli qadınlardan daha parlaq olurdu.
Milli geyimlərimizin bir sıra numunələri Azərbaycan Tarix Muzeyinin Etnoqrafiya Fondunda saxlanılır. Fondun rəhbəri Gülzadə Abdulova muzeydə bir sıra qadın və kişi geyimlərinin saxlanıldığını deyir. Onun sözlərinə görə, qadın geyimləri arasında arxalıqlar, tumanlar, gödək tumanlarla istifadə olunan çaxçur deyilən geyimlər var.

Qadın geyimləri

Qadın geyimləri üst və alt geyimlərindən ibarət olurdu. Üst geyimlərinə çiyinüstü və bel geyimləri aid idi. Çiyinüstü geyimdə üst köynəyi, arxalıq, çəpkən istifadə olunurdu. Köynəklər düz biçimli, çiyni tikişsiz, rəngarəng qoltuqaltından ibarət idi. Yalançı qollara malik çəpkənlər tirmə və məxmərdən tikilirdi. Ləbbadə üst gödəkçəsi idi. Güləcə, baharı, kürdü, sırıqlı, eşmək də müxtəlif çiyinüstü geyimlər sayılırdı.
Bel geyimi dedikdə isə tuman, cütbalaq, çaxçur nəzərdə tutulurdu. Şəhərli qadınlar evdən çıxanda tumanın üstündən çaxçur geyinirdilər.
Baş geyimlərinə gəlincə, Gülzadə xanım muzeydə yerli istehsala məxsus olan araqçın, kələğayı və örpəklərin olduğunu deyir. Araqçınlar məxmər və tirmədən hazırlanırmış: "Kələğayılar əsasən Şamaxı, Şəki, Gəncə və Qarabağdakı ipək mərkəzlərində hazırlanıb. O cümlədən muzeydə XIX əsrə aid Rusiya istehsalı olan kəlağayılar da var. Kələğayılar bir-birlərindən o qədər də fərqlənmir. Amma cavan nəslə məxsus qadınlar əl-alvan, xüsusən ağ, soğanı, bənövşəyi, yaşlılar isə qara kəlağayılardan istifadə edirdilər. Bölgələr üzrə isə kəlağayılar naxışları ilə fərqlənirdi. Məsələn, herati adlanan kəlağayılar Şamaxıda istehsal olunurdu. Araqçınlar kəlağayıların altından, teli saxlamaq üçün qoyulurdu. Bunlar əsasən tirmə və məxmərdən tikilirdi. Əksəriyyətinin kənarları quşgözü, ortası isə güləbətin tikmə ilə işlənirdi".
Baş geyimlərinin arasında çutqu deyilən baş sarğısı da var idi. Çutqu tündrəngli parçadan tikilirdi, onu başın ətrafına ensiz lent şəklində bağlayırdılar. Onunla saçları, hörükləri yığaraq, arxadan sallayırdılar. Saçları bu cür bağlamaq ev və çöl işləri zamanı rahat olurdu. Çutqunun üzərindən yaylıq, ipək və pambıq örtüklər geyinilirdi.
Zəngin qadınlar naz-nazı və qaz-qazı kimi təntənəli günlərdə taxılan baş geyimlərindən də istifadə edirdilər. Onları qış vaxtı bağlayırdılar və çiyinin üzərinə sallayırdılar. Həmçinin isti qış geyimlərini fabrik istehsalı olan şallar əvəz edirdilər.
Çalma və dingə digər baş geyimləri ilə müqayisədə az yayılmışdı, çünki onların bağlanması çox vaxt alırdı. Çalmanı yaylığa və araqçına sarıyırdılar, onun üçtündən bir yaylıq da örtürdülər. Şirvanda çalmanın sarınmasının bir neçə üsulu məlum idi. Başa sancaqla bərkidilən dingə üçün isə şaldan istifadə olunurdu. O çalmadan da mürəkkəb baş geyimi hesab olunurdu.
Baş geyimləri arasında ən sadəsi düzbucaq və üçbucaqşəkilli ləçəklər idi. Ləçəkləri ev işləri və xına qoyulan zaman istifadə edirdilər.
Çadradan isə şəhərli qadınlar evdən çıxarkən istifadə edirdilər. Varlılar atlas, kasıblar isə sətin, bez, dama-dama sarpinkadan çadralar örtürdülər. Çadrayla yanaşı bəzən şəhərli qadınlar üzlərini örtmək üçün kurjevalı tordan da istifadə edirdilər.
Kəndli qadınlar çox nadir hallarda, əsasən kənddən uzaq məsafəyə gedərkən çadra taxırdılar. Onlar adətən baş və ağızı, burunun bir hissəsini örtən yaylıqla (yaşmaq) kifayətlənirdilər.

Milli geyimlərdə sosial mənsubiyyətin ciddi şəkildə özünü büruzə verdiyini deyən G.Abdulovanın sözlərinə görə, kasıblar varlı təbəqənin geyimlərindən istifadə etmək iqtidarında deyildi: "Həm parçalar, həm də tikmə növlərinin ərsəyə gəlməsi o dövr üçün bahalı idi. Bu cür geyimlər kasıblar üçün bir növ xəyal idi. Kasıb təbəqəyə məxsus qadınlar toya, şənliyə gedəndə bəzən kimlərdənsə bahalı paltar alıb geyinir, sonra isə onu qaytarırdılar".
Gülzadə xanım Fondda əsasən tirmə, kəmxa, məxmər, qonovuz, atlas kimi bahalı parçalardan olan geyimlərin qorunub saxlanıldığını deyir.

Kişilər mərdanə, qadınlar isə zənanə başmaq geyinirdilər

Ayaq geyimlərinə gəlincə, əsasən başmaqlardan istifadə olunurdu: "Doğrudur kəndlərdə bəzən qadınlar da çarıqdan istifadə edib, amma şəhər qadınları başmaqlardan istifadə edirdi. Başmaqlar başmaqçılar tərəfindən hazırlansa da, onların üzlüyü tikmə ustaları tərəfindən hazırlanırdı. Başmaqların üzlüyü güləbətin, muncuq tikmə ilə, bəzən zərgər tərəfindən qızıl piləklərlə bəzədilirdi. Dabanlarına qızıl suyu ilə bəzəklər vurulurdu. Gəlin xonçalarına qoyulan başmaqlar xüsusi bəzədilirdi. Elat varlılarına məxsus qadınlar uzunboğaz çəkmələrdən də istifadə edirdilər. Amma onların çəkmələri kişilərinkindən bəzək tərtibatına görə fərqlənirdi. Onların da bəzədilməsində təkəldüz və güləbətin tikmə üsullarından istifadə olunurdu".
Çarıqlar kəndlilərin özləri tərəfindən iribuynuzlu qaramalın emal olunmuş dərisindən ya da mükəmməl üsulla aşılanmış dəridən tikilirdi. Bir neçə çarıq növü məlumdur: təkburun, şirazi, qızqaytaran, satırı, quşburun, şirvani, kalmani, şirmal və s. Çarıqlar ya toxunma, ya da əyrilmiş bağla bağlanırdı. Bağlanma formaları geyinilən corabın uzunluğundan asılı olaraq dəyişilirdi.
Yüngül çüvək, cüst deyilən ayaqqabı növü dabansız olurdu, onları əsasən evdə geyinirdilər.
XIX əsrin sonu-XX əsrin əvvəllərində yerli ayaqqabıları Avropadan gətirilən növlər sıxışdırdılar. Bu zaman başmaqçıların sayı ciddi sürətdə azaldı.

Papağın kişi geyimlərində xüsusi yeri vardı

Muzeydə kişi geyimlərinin də saxlanıldığını deyən həmsöhbətimiz bunların papaq, arxalıq, çuxa, şalvar, başmaq və çarıqlardan ibarət olduğunu deyir. Onun sözlərinə görə, burada qaragül, buxara, şirazi, motal papaqlarının numunələri saxlanılır.
Kişi üst geyimləri köynək, arxalıq, qaba və çuxadan ibarət idi. Arxalıqlar əsasən ipək, kişmir, atlas, mahud, sətindən tikilirdi. Qaba çiyinüstü geyim idi və əsasən tirmədən tikilirdi. Çuxa içi tüklü qoyun dərisindən tikilirdi, düyməsiz, naxışlı idi.
Papağı itirmək rüsvayçılıq sayılırdı. Kiminsə papağının oğurlanması ona qarşı düşmən hücumu, papağın başdan vurulub-salınması onun bütün nəslini təhqir etmək hesab edilirdi. Dəstəmaz zamanı istisna olmaqla, kişilər papaqlarını başlarından çıxarmırdılar. Papaqların müxtəlif formaları və adları mövcud idi. Ən sadə və geniş yayılmış növü motal və çoban papaqları idi. Onları uzuntüklü qoyun dərisindən hazırlayırdılar. Motal papaqları yoxsul kəndlilər taxırdılar. "Şiş papaqları" və "bəy papaqları"nı konus şəklində və itiuclu hazırlayırdılar. Onların ümumi adları buxara papaq idi, çünki onların hazırlanması üçün dərini Buxaradan gətirirdilər. Belə papaqları bəylər və varlılar taxırdılar, həmçinin şəhər aristokratiyası də onlardan istifadə edirdi.
"Yappa papaq" Qarabağ üçün xarakterik idi. Nuxa qəzasında “Daqqa papaq”lar var idi, bu cür papaqların üzü məxmərdən tikilirdi.
Kişi baş geyimlərinin papaqdan başqa araqçın, başlıq, təsək, təskulax, əmmamə (çalma) kimi növləri də var idi. Araqçın və təskulaxı digər baş geyimləri ilə birgə taxırdılar. Araqçını papaqsız taxmaq ədəbsizlik sayılırdı, bunu yalnız uşaqlar edə bilərdilər. Ruhanilər türban-əmmamə taxırdılar. Ali ruhani təbəqəsi yaşıl əmmamə geyinirdi.

Fondda kişi və qadın corabların da bir sıra numunələrinin olduğunu deyən G.Abdulova onların əksəriyyətinin əldə toxunma olduğunu deyir: "Bu corablar həm yun, həm də ipək saplardan toxunurdu".
Soyuq bölgələrdə uzunboğaz, mülayim iqlimi olan bölgələrdə isə qısa corablar toxunurdu. Corablar həm gündəlik, həm də bayram günləri üçün nəzərdə tutulurdu. Bəzəkli corablar satışa çıxarılırdı. Qarabağda corabları xalça ornamenti ilə toxuyurdular. Onları gəbə corabı adlandırırdılar. Qadın corabları çoxrəngli, mürəkkəbnaxışlı olurdu. Xüsusi gözəlliyi ilə seçilən corabları gəlinlərin cehizinə əlavə edirdilər. Bəzi corabları yun ipdən qotazları olan bağlarla bağlayırdılar.
Uşaq geyimləri forma etibarı ilə böyüklərlə eyni idi, yalnız ölçüləri fərqlənirdi. Milli geyimlərə zərgərlərin düzəltdiyi zərgərlik məmulatları da daxil idi. Qadın zərgərlik məmulatları arasında boyun, döş, bel, bilək əşyaları var idi.
Milli geyimlərimizin bir sıra elementlərinin müasir dəbdə bəzi modelyerlərin kollkesiyalarında öz əksini ara-sıra tapdığını deyən etnoqraf bunu qənaətbəxş hesab etmir: "Əsasən rəqs kollektivlərinin geyimlərində, teatr tamaşalarında, filmlərdə bu geyimlərə rast gəlirik. Hazırda buta elementi geniş yayılıb və Azərbaycanın atributuna çevrilib. Digər mədəniyyət sahələrində olduğu kimi geyimlərdə də buna çox rast gəlirik. Digər elementlərə isə çox az təsadüf olunur. Əslində, keçmişə dönüş hər bir xalqın tarixi üçün əhəmiyyətlidir. Bunlar tətbiq olunmalıdır. Əks halda gənc nəslin məlumatsızlığı gələcəkdə bunların yaddan çıxmasına səbəb ola bilər".

Xatirə Nəsirli

Simsar jurnalı 

 






26 İyul, 2013  20:33 Baxılıb: 5908 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner