Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

“ŞAMAXİNKA”DA HEÇ NƏDƏN QAZANILAN MİLYONLARIN SİRRİ – REPORTAJ – FOTOLAR

Simsar.az-ın əməkdaşı bu sirrin üstünü açır...

«Buradan qovurlar, ora gedirik, oradan qovurlar, o biri tərəfə. Hamısı da gəlir ki, pul ver. Bura hələ yaxşıdır, Velotrekin qabağı ümumiyyətlə dəlixanadır».

Qoşqar Bakının «Şamaxinka» deyilən ərazisindən Şamaxıya sərinişin daşıyr. Deyir, düz 10 ildi burda işləyir. İşləyir deyəndə ki, nə iş olacaq? Hər səhər Şamaxıdan müştəri götürüb gəlir Bakıya, sonra da geri qayıdır. Qoşqar bütün günü çəkdiyi əziyyətə görə, nə qədər pul qazansa yaxşıdır? Hə, bunun üçün hansısa qlobal iqtisadi təhlilə, riyazi hesablamalara ehtiyac yoxdur. Qoşqar Şamaxıdan-Bakıya və geri sərnişin daşımaqla vur-tut 40 manat pul əldə edir. Qazanmır ha, məhz əldə edir. Bu pulun 15 manatı benzinə sərf olunur. Gerisini özü danışır:

- “Oturub dincimi almalıyam, düzdür? Bir tikə çörək yeməliyəm? 5-6 manat da bu edir. Mənə 20 manat qalsa, böyük şeydir. Mən hələ maşın sınanda düşdüyüm xərcləri demirəm. Bir yandan da ki, nəqliyyat müfəttişliyi, buranın yiyəsi…”

***

Hə, sən demə «Şamaxinka» adlandırdığımız bu yerin də yiyəsi varmış. Maraqlıdır, elə deyilmi? Bura ki rəsmi avtovağzal deyil. Hansısa quruma – lap elə bələdiyyəyə aid olması barədə bir lövhə də yoxdur, desinlər, – ay maşın sahibi, buna, hə, məhz buna görə səndən pul alırıq. Bəs?..

Seyid pulu kimə verir?

İndi isə məhz intizarla gözlədiyiniz bu bəhsə aydınlıq gətirəcəyik. Hələ ki «Şamaxinkada»yıq.

«Şamaxinka»nı tanyırsız təbii. Buranı Bakının şimal qapısı adlandırsaq, daha düzgün olardı. Bax, Bakının bu şimal qapısı dediyimiz yerdə kiçik – bəlkə də, böyük bir mini-avtovağzal var. Magistral yolun kənarında, piyada səkilərini zəbt edən yerdə onlarla maşın dayanıb ərazidən avtovağzal kimi istifadə edir. Sən demə, yeni avtovağzalda yerpulunu çox aldıqlarına görə, onlar burada dayanmağa məcbur olur. Buradan Quba, Qusar, Xaçmaz, Xudat, Siyəzən, Şabran, bir qədər aralıda Qəbələ, İsmayıllı, az kənarda isə Ağsu, Şamaxı və Qobustana sərnişin daşınır.

Daşınsın, bununla da işimiz yoxdur. Amma elə bilirsiz bu zavallılır sizi tutaq ki, həmin «Şamaxinka»dan, Şamaxıya 5 manata aparanda sadəlövh bilib kələk gəlirlər? Qətiyyən! Məşhur filmdə deyildiyi kimi: «Onlar qəpik-quruş qazanırlar». Elə Qoşqarın timsalında. Axı Qoşqar və Qoşqarkimilərin bayaq sadaladığım xərclərindən əlavə «avtovağzal xərci» də var!!!

«Şamaxinka»dakı qeyri-leqal avtovağzaldan danışacağıq, sonra isə bir qədər üzü şəhərə tərəf, o qədər də uzaqda olmayan «20 Yanvar»dakı Velotrekin böyürünə gedəcəyik. Ora ümumiyyətlə ayrı bir aləmdir. Amma bir az sonra. Hələlik «Şamaxinkadayıq»…

Bu, sürücülərlin biriylə dialoqumuzdandı.

- Yeni avtovağzalda işləyəndə maşının texniki baxışı, təmizliyi və ödədiyim yer puluna görə, gündə 15 manat xərcim çıxırdı. Özümə də qəpik-quruş qalırdı. Bura yaxşıdı, heç olmasa evimə çörək apara bilirəm.
- Bəs buranın «rasxodu» yoxdur ki?
- Var, niyə yoxdur? Amma azdır da.
- Burda yerpulu nə qədərdir?
- Baxır maşına da. Mənimki sovet maşınıdı, 2 manat. «İnomarka»lar 3 manat. Ayda da 60 manat əlavə verirsən.
- Kimə? Nəqliyyat müfəttişliyinə?
- Yox, onların haqqı azdır. Avtovağzalın yiyəsi var da.
- Kimdi ki o? Hardadı ofisi?
- Nə ofis? Onun özünü heç kim tanımır. Pulu Seyid yığır. Biz ona veririk.

«Bizə qəpik-quruş qalır»

Kimdi axı bu Seyid?! Kimə verir o bu pulları?! Söhbət axı heç də az puldan getmir. Biz həm o Seyidi, həm də onun böyüyünü nə qədər axtarsaq da, tapa bilmədik. Amma bu, bizə kiçik bir hesablama aparıb, bəlkə də, ilk baxışdan kiməsə o qədər də əhəmiyyətli görünməyəcək məkandan yığılan pulları hesabladıq. Elə onların, sürücülərin öz dedikləri ilə. «Azərbaycan xörəkləri» kafesində çay içə-içə gözü dörd olub, o yana - bu yana baxa-baxa danışan sürücü, türklər demişkən, çox “interasan” faktlar açıqladı…

- Müəllim, mən «Şamaxinka»dan Mərəzəyə “kliyent” daşıyıram. Adamın birini 4 manata. 16 manat o yana, 16 manat da bu yana. Mənim 32 manatdan 1 qəpik də artıq qazancım olmur. İndi gəl, xərci hesablyaq. 10 manatlıq benzin yandırıram. Burada yeməyim və çayım da puldur. Nəqliyyat müfəttişliyi 2 manat alır. 2 manat da burda dayanacağa verirəm, 5 manat yeməyə. Çayı da nəzərə alsaq, benzin qarışıq xərcim 19 manatdır. Qazancım isə 13 manatdır. Hələ maşının yağı, təkəri…bunları demirəm. Ayda da əlavə dayanacaq pulu 40 manat.
- Kimə?
- Vallah bilmirik, yığıb gedirlər.

***

Biz, yuxarıda göstərilən istiqamətlərə nə qədər maşının hərəkət etdiyini də öyrəndik. Gündə orta hesabla 350 maşın. Hər maşının iki manatdan avtovağzala dayanacaq pulu verdiyini nəzərə alaq. (Halbuki böyük əksrəiyyəti, yəni bir qədər uzağa, Qəbələ, İsmayıllı, Qusar, Quba, Xaçmaz, Nabrana gedənlər 3 manat verir) Bu, günə 700 manat pul edir. Bu rəqəmi də 30-a vuraq. Ayda 21 min manat. İlə isə nə az, nə çox, 252 min manat. Bu rəqəmin üstünə həmin maşınların aylıq haqqını gələk. Bu da az rəqəm eləmir. Tutaq ki, 350 maşından ortalama 40 manat əlavə aylıq da alırlar. Bu da ayda 14 min manatdan, 12 ayı 168 min manat eləyər. Bu rəqəmləri də cəmləsək 420 min manat edir. Bəs bu pul kimin cibinə girir?!. Hə, bax, onu bilən yoxdur…

Nə çek?

İndi bir qədər aşağı düşək, rəqəmlərdə yox, şəhərə tərəf “20 Yanvar”a. Bu qeyri-leqal “avtovağzal” Metrostansiyanın üstündə, Respublika Velotrekinin qarşısındadı. Piyadalar üçün nəzərdə tutulan yolu taksilər zəbt edərək avtovağzal kimi istifadə edir. Buradan sərnişinlər əsasən, Aran, Muğan və cənub bölgəsinə daşınır. Sürücülər bildirirlər ki, ərazidən dayanacaq kimi istifadə etdiklərinə görə nəqliyyat müfətişlərinə pul verirlər. Hər səhər Nəqliyyat Nazirliyinin əməkdaşları onlardan yerpulu yığır: 

- Sumqayıt maşınlarından iki manat, rayonlara işləyənlərdən isə beş manat alırlar. Elə vaxt olur ki, nazirlikdən göstəriş verirlər ki, ərazidə maşın saxlamayın. Onda polislərlə gəlib bizi burdan uzaqlaşdırırlar. Belə vaxtlarda məcbur olub “3-cü Mikrorayon” dairəsinin yaxınlığında dayanırıq. Çek? Nə danışırsan, nə çek. Elə olur ki, “kliyent” olmur boş gedirik, yenə həmin pulu alırlar.

“Qayda belədir…”

Sabirabada sərinişin daşıyan Mürsəl deyir ki, təkcə öz rayonlarına, Şirvana və Saatlıya buradan gündə 120-130 maşın çıxır:
- Bir elə də İmişli, Beyləqan, Ağcabədi, Horadizə. Bir yandan da “kliyent” olmur. Qalırsan bekar. Amma pulun verməlisən. Vallah qardaş bilmirik, bura kimindi. Amma heç kim burada özbaşına bu qədər adamdan pul yığmaz, yığa da bilməz.

- Nə qədər maşın olar burda?

- Talış zonasıyla götürsək, - Cənub zonası demək istəyir - azı 500.

- Hamınız 5 manat verirsiz?

- Hə. Qayda belədir…

500 maşın, özü də hər maşından 5 manat «rüsum», bax, bu artıq ciddi rəqəmdir. Və təbii ki, heç bir qəbzdən – filandan söhbət getmirsə. Bu, bir günə 2500, ayda 75 min, ildə isə 900 min manat pul eləyir. Hə, təəccüblənməyin. Hər gün o yana – bu yana keçib gəldiyiniz, az qala ayaqlar altında qaldığınız bu «Velotrek» avtovağzalında ildə bu qədər pul dövr eləyir. Hələ biz hər gün Sumqayıta işləyən taksiləri demirik. Nəqliyyat Nazirliyinin müfəttişləri şəhərdaxili avtobusların və digər sürüclərin yolunu kəsən Sumqayıt taksiçilərini nəinki oradan təmizləyir, əksinə, onların yolunu açır, az qala onlar üçün müştəri çağırmaq istəyir. Çünki hər maşından 2 manat pul alırlar. Oradan Sumqayta, hə, təkcə Sumqayıta azı 200 taksi işləyir. İndi adi məktəblinin belə hesablaya biləcəyi bu rəqəmləri üst-üstə gəlin. Görün bu pullar hara və kimlərin cibinə gedir?! Hesabladınızmı?

Avtovağzalın ərəbzəngiləri…

Hələ tələsməyin. Belə avtovağzallardan biri elə avtovağzaldadır. Başa düşmədiz yəqin. Hə, təəccüblənməyin. Az qala yarım milyard dollara başa gələn avtovağzalda. Burda, yəni avtovağzala girişdə iki-üç nəfərin bir ipi var. İp deyil, əslində zəncirdi. Bu adamlar əlində zəncir – XXI əsrin 13-cü ilinin 7-ci ayında hansısa turniket də yox, əldə tutulan zəncir – avtovağzaldan çıxan maşınlardan bir manat alırlar. Niyə?! Heç sən avtovağzala girmisən?..

Təsəvvür eləyin, hansısa qohumunu avtovağzaldan yola salırsan, maşınla avtovağzala girirsən. Heç bir etik norma gözləməyən, adi elementar davranışı olmayan, qadın sürücülərə baxıb çürük dişlərini göstərən bu gerizəkalılara bir manat verməlisən. İndi çalış vermə. Zəncirlərini bağlayıb yolu kəsirlər. İradına isə - “bizə belə tapşırıblar” cavabı. - “Kim tapşırıb?” sulana isə sadə bir cavab: - “Rəhbərlik”.

Rəhbərlik isə adətən heç vaxt yerində olmur. Necə ki, Nəqliyyat Naziriliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun iki mobil nömrəsinə dəfələrlə zəng vursaq da cavab vermədi…

P.S. “Yeri gəlmişkən, Şamaxinka”dakı “Dobromed” klinikasındakı xəstələrə adamın yazığı gəlir. O boyda hay-küyün içində müalicə almaq, sizə rahat gəlməsin.

Cəmil Əhmədli

QEYD. Simsar.az məsələ ilə əlaqədar bütün qurumların və rəhbərliklərin cavabını gözləyir.






25 İyul, 2013  15:04 Baxılıb: 2919 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner