Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

YAŞAYIŞ YERİ OLMADAN QEYDİYYATA NECƏ DÜŞMƏLİ? – ARAŞDIRMA

/

 

QANUN: 28-ci maddənin tələbinə görə, hər bir şəxs Azərbaycan ərazisində müstəqil hərəkət edə, özünə yaşayış yeri seçə bilər. Bütün bu məsələlər isə 1996-cı ildə qəbul edilmiş «Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının Qanunu»na əsasən tənzimlənir. Həmin sənədə görə, vətəndaş olduğu yer üzrə qeydiyyata düşməlidir. Sözsüz ki, Qanunda bununla bağlı yerli və xarici vətəndaşlar üçün müəyyən müddət də nəzərdə tutulur. Amma ümumilikdə sözügedən qanunun 1-ci maddəsinə görə, ölkə vətəndaşları üçün qeydiyyat məcburi sayılmır».

 

Deməli, Azərbaycan vətəndaşıları ölkənin istənilən ərazisində qeydiyyata düşmədən istədikləri qədər yaşaya bilərlər. Ancaq bu gün qeydiyyata düşmək məsələsi o qədər qəliz prosesə çevrilib ki, daimi yaşayış yerini dəyişən şəxslər belə bu prosesdən keçməmək üçün, yaşayış yerlərini dəyişdirmək istəmirlər. Bu gün Bakıda 10 ildən artıq yaşayan minlərlə ailə var ki, hələ də bu şəhərdə qeydiyyata düşə bilməyiblər. Səbəb kimi isə daimi yaşayış sahələrinin və qeydiyyata düşmək üçün sənəd hazırlamağa pullarının olmamalarını göstərirlər. Bi də bu sahədə də rüşvətxorluğun baş alıb getməsini...

 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Hüquqi Dövlət Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov mövzu ilə bağlı Simsar.az-a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən, qeydiyyat məsələsində heç bir problem olmamalıdır. Qeydiyyat məcburi olmasa da…vətəndaşların yaşayış yerini dəyişərkən olduqları yerdə qeydiyyata düşməsi çox vacibdir. Əslində «Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının qanunu»na uyğun olaraq qeydiyyata düşmək vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaradır. Məsələn, vətəndaş hansısa ünvanda qeydiyyat əsasında yaşayırsa, bu halda onun müxtəlif sosial güşəztlərdən yararlanması üçün problem olmur. Tutaq ki, vətəndaş hansısa müavinət və ya pensiya almaq üçün aidiyyəti dövlət qurumlarına heç bir məhdudiyyət olmadan müraciət edə bilir”.

 

Amma əhalinin məhz paytaxta axışması bu sahədə müəyyən neqativ halların ortaya çıxmasına şərait yaradır. Paytaxtda qeydiyyata düşmək üçün əsas prosedurların nədən ibarət olmasına gəlincə, Müzəffər Baxışov deyib ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun"un tətbiqi haqqında əsasnaməyə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün həmin yerin müvafiq icra hakimiyyəti orqanına, yəni polis idarəsinə müraciət etməlidir. «Konstitusiyaya görə, Azərbaycan Respublikasının vətəndaşları ölkə ərazisinin istənilən yerində qeydiyyata düşə bilər. Müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı isə vətəndaşı yaşayış yeri üzrə qeydiyyata almaq üçün ondan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi, yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi, ərizə-anket, şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, hərbi bilet və ya təhkim şəhadətnaməsini tələb etməlidir. Qanunda o da nəzərdə tutulub ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün sözügedən Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz».

 

Müzəffər Baxışov Bakıda qeydiyyatsız yaşayanların qeydiyyata düşməsinə mane olan səbəblərə də toxunaraq bildirib ki, bu məsələdə xüsusilə paytaxtda sənədsiz evlərin çoxluq təşkil etməsi əsas rol oynayır. Ekspert sənədsiz tikililərin sənədləşdirilməyənədək vətəndaşların paytaxtda qeydiyyata düşməsi mümkünsüz olacağını bildirib. «İndi insanların bir-birinə etibarı da azalıb. O zaman deyil ki, kiminsə öz evinə müvəqqəti qeydiyyata düşməsinə razılıq verəsən. Hətta qohum olsa belə, bu məsələdə insanlar olduqca tərəddüd edirlər. Düzdür, sovet dövründə sənədsiz evlərdə qeydiyyatsız yaşayan insanlar məhkəmənin qərarı ilə yaşadıqları ünvanda qeydiyyata düşə bilirdilər. Amma indi mövcud qanunvericilik buna imkan vermədiyindən vətəndaşlar sənədsiz mənzillərdə qeydiyyatsız yaşamaq məcburiyyətindədirlər. Ona görə də bu məsələ ancaq qanunsuz tikililərin sənədləşdirilməsindən sonra həll oluna bilər».

 

Mütəxəssis həmçinin vurğulayıb ki, Azərbaycan qanunvericiliyi ölkədə qeydiyyatsız yaşayan vətəndaşlar üçün cərimə sanksiyası da nəzərdə tutur. “Bir müddət əvvəl bu sanksiyanın məbləği də artırılıb. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, ölkə ərazisində qeydiyyatsız yaşayan vətəndaşlar 50 manat məbləğində cərimələnir. Düzdür, bu təcrübədən geniş şəkildə istifadə olunmur. Çünki paytaxtda qeydiyyatsız yaşayan Azərbaycan vətəndaşlarının sayının çoxluğu buna imkan vemir. Yəni bu məsələdə vətəndaşlara güzəşt edilir. Təbii ki, əgər qeydiyyat problemi kütləvi xarakter daşımasaydı, o zaman İnzibati Xətalar Məcəlləsinin bu tələbini praktikada asanlıqla tətbiq etmək olardı».

 

Bəs yaşayış yerini dəyişərkən olduğun yerdə qeydiyyata düşmək üçün müəyyən problem yaradılarsa o zaman hansı addımları atmaq olar? Bu sualı isə Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev cavablandırıB. O, bildirib ki, vətəndaşların yaşayış yerini dəyişərkən olduqları yerdə qeydiyyata düşməsi çox vacibdir. “Qanuna görə, əgər şəxs yaşadığı yerdən qeydiyyatdan çıxıbsa və ya çıxarılıbsa, növbəti yaşayış yeri yoxdursa, qeydiyyata düşə bilmirsə, sonuncu qeydiyyatda olduğu ərazinin polis orqanının inzibati binasında qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır. Həm onun valideynləri, həm də yetkinlik yaşına çatmayan övladları, demək olar ki, bütün ailə üzvləri həmin ünvanda qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdırlar. Əgər vətəndaşlarda sənədlərin qəbulu zamanı müəyyən problemlər yaranarsa, dərhal hüquq-mühafizə orqanlarına və ya məhkəmələrə müraciət etməlidir. Qeydiyyata almaqdan şifahi və yazılı imtina edilməsindən, qeydiyyat üçün bu Qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasında süründürməçiliyə yol verilməsindən inzibati qaydada məhkəməyə şikayət verilə bilər. Vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra ən azı 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz" . 

Ekspert qanunsuz evlərin tam sənədləşdirilmədiyi təqdirdə məsələnin həlli mexanizmini görmədiyini bildirdi.

 

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi Əli Əliyev bildirib ki, bir ünvandan digərinə qeydiyyata düşmək "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında əsasnamə ilə tənzimlənir. Əsasnaməyə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün həmin yerin polis orqanına müraciət etməlidir.

Nazirlik rəsmisi bildirir ki, yaşayış yerini dəyişən vətəndaşlar mütləq 10 gündən gec olmayaraq köçdükləri yerə qeydiyyata düşməli və yeni şəxsiyyət vəsiqəsi almalıdırlar. Qeydiyyata düşmək üçün isə vətəndaş digər sənədlərlə yanaşı köçdüyü mənzilin dövlət reystrindən çıxarışını, order təqdim etməlidir. Bu və eləcə də digər sənəd olmadığı halda isə qanunvericilikdə nativ variantlar nəzərdə tutulub.

 
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin böyük məsləhətçisi Səyyarə Məmmədova isə 1 saylı Bakı "ASAN xidmət" mərkəzində (ünvan: Akademik Həsən Əliyev küç., 36) "pilot" layihə çərçivəsində Azərbaycan Respublikasının istənilən ərazisindən Nəsimi, Nərimanov və Binəqədi rayonlarına qeydiyyata düşmək üçün xidmət göstərildiyini söyləyib. Mərkəzdən bildirilib ki, əgər əmlakın çıxarışı bankda girovdadırsa, o zaman mülkiyyətçi banka müraciət etməlidir. Bankın verdiyi razılıq ərizəsi ("ASAN xidmət" mərkəzinin adına) əsasında istənilən şəxs həmin ünvana qeydiyyata düşmək üçün müraciət edə bilər. Bu zaman mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi tələb edilir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (order, çıxarış - "kupça") yoxdursa və digər əmlak üzərinə ona məlum səbəblərdən qeydiyyata alınmaq mümkün deyilsə, şəxs qeydiyyatda olduğu rayon üzrə RPİ-nin inzibati binasına qeydiyyata alınmaq üçün həmin RPİ-nin səlahiyyətli şəxsi adına müraciət edə bilər.

 

Aysel Kərimova






22 İyul, 2013  15:40 Baxılıb: 34003 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner