Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"İnternet uşaqları" ilə gələcək gün... o günə neçə meqabit sürətlə gedirik?

Girib internetə, məktub yazıram dost-tanışa,
Tanış olmaq ümidilə çıxıram axtarışa.

"İnternet uşaqları" ilə gələcək gün...

Bəşərə bəxş eləyib başqa həyat, internet,
Eyləyir yoxsa həyatla zarafat, internet?
Əvəz Qurbanlı

İnternet, qloballaşan dünyanın əsas elementlərindən birinə çevrilməkdədir. İnternet vasitəsilə insanlar istədikləri informasiyanı əldə edir, sosial şəbəkələrdə yeni dostlar tapır, hətta “dünya səyahətinə” çıxırlar. Bir sözlə, internet bu gün sivilizasiyaların bir-birinə inteqrasiyasını təmin edən aqreqat rolundadır:

Girib internetə, məktub yazıram dost-tanışa,
Tanış olmaq ümidilə çıxıram “axtarışa”.
Mənə təklif edir öz xidmətini hər şəbəkə,
Var klub hər qarışa, sanki giriblər yarışa:
- Burdadır sərfəli qiymətlə rahat internet!

Bu gün dünya əhalisinin böyük bir qismi internet istifadəçisidir ki, onların da əksəriyyətini uşaqlar və gənclər təşkil edir. Bu, ilk baxışdan adi hal kimi görünür: internet yeni dünyada, yeni nəslin yeni tipli silahıdır. Ancaq bu silahdan istifadə qaydaları, silahın özündən qat-qat mürəkkəbdir. Heç kəs təminat verə bilməz ki, onunla “etinasız” davranmaq, sabah hansı nəticələrə gətirib çıxaracaq.
Bu gün biz, Azərbaycan cəmiyyəti olaraq, qapımızın ağzını kəsdirən çox ciddi bir problem qarşısındayıq. Bu problemin adı “azyaşlıların internetdən necə istifadəsi”dir...

Azyaşlılar internetdən necə istifadə etməlidir?

Hazırda bir çox dünya ölkələrində azyaşlıların internetdən geniş istifadəsinə qadağalar qoyulmaqdadır. İnternetin vətəni sayılan ABŞ-da uşaqlar sutka ərzində cəmi bir-iki saat bu işə vaxt sərf edə bilərlər. O da yalnız dərslərini hazırlamaq üçün əlavə vəsaitə ehtiyac olduğu anlarda.
Bəs bu baxımdan Azərbaycanda vəziyyət necədir?

Gəldi internet -əzəl fikrimizi çaşdırdı,
Bizi dünyada bu xidmət “qloballaşdırdı”.
O sayaq girdi ki axırda həyat tərzimizə,
Onsuz hər bir işimiz səbrimizi daşdırdı...

İnternet uşağın nəyinə lazımdır?

Son zamanlarda mətbuatdan təxminən, bu məzmunlu xəbəri tez-tez eşidirik: “Azərbaycanda internet istifadəçilərinin sayı artır”! Az qala, şadyanalıqla bizə təqdim olunan bu xəbərə sevinmək nə qədər doğrudur? Ölkəmizdəki internet istifadəçilərinin, demək olar ki, əksəriyyətini azyaşlılar təşkil etdiyini və bugünkü yeni nəslin elm öyrənmək istəyini nəzərə alsaq, sevinməyə bir səbəb qalırmı? Doğrudanmı bu internet istifadəçilərimiz, virtual şəbəkə üzərindən dünyada gedən informasiya müharibəsində fəallığı artırırlar, yaxud əlavə informasiya toplayaraq baza biliklərini genişləndirirlər?
Təəssüf ki, faktlar bunun əksini deyir...

Bu sahədə indiyədək müxtəlif qurumlar tərəfindən dəfələrlə sorğu və monitorinqlər keçirilib. Hər dəfə də nəticələr eyni ciddiliklə xəbərdarlıq edib. Lakin sorğu və monitorinqlərdən də qabaq hər şey gözümüz önündə cərəyan edir. Necə deyərlər, “kor-kor, gör-gör” – azyaşlılar internetdən faydasız və ziyanlı şəkildə istifadə edirlər...

“İqra”lar kimə lazımdır?

Demək olar ki, bütün net-klublar ağzınadək uşaqla dolu olur. Məhəllə internetləri isə bu baxımdan aktivliyi ilə seçilir. Burada vacib iş üçün internetə girmək həmişə problem olaraq qalır. Çünki “iqra” oynamaq istəyən azyaşlılar çoxdan növbə tutublar. Onlara baxdıqca adamı dəhşət bürüyür: bəzilərinin hətta 6, 7, 8 yaşları var. Səhərdən axşama qədər faydasız internet oyunları oynayan bu uşaqların nəinki dərs oxuduqları, hətta məktəbə getdikləri də inandırıcı görünmür. Onlar saatlarla monitor qarşısında oturaraq gah “qonka”ya çıxır, gah da bir-birini “vurub öldürürlər”. Vəzir demişkən, bu uşağın böyüyəndə kim olacağını düşünəndə adamın tükləri biz-biz olur...
Bir-birindən “maraqlı” oyunlar, interneti daha da şirinləşdirir...

Bir sual adamı çox narahat edir: görəsən, gələcəyimiz olan bu uşaqları göz görə-görə məhvə aparan əyləncəli “iqra”lar onlara çoxmu lazımdır? Ümumiyyətlə, bu, kimə lazımdır?

Bala, “kompüter”in insana ziyandır şüası,
Bu klub-zirzəmiyə girmə, ağırdır havası!
Nola, bir gün tuta interneti kəşf eyləyəni –
Ananın qarğışı ilə atanın bədduası!
İxtira eyləməyəydi salamat, internet...

Sözsüz ki, burada biznes amili danılmazdır. Hər gün bir yeni “iqra” ixtira edib sataraq, milyonlarla gəlir əldə etmək mümkündür. Lakin belə oyunlara Qərb ölkələrində qadağalar qoyulması faktı və bu “iqra”ların Azərbaycan kimi ölkələrdə daha çox yayılması, bu məsələdə bir ideoloji təxribat amilinin olduğu barədə şübhələnməyə əsas verir...

Tərbiyəsiz mühit

Əksər məhəllə klublarının sanitar-gigiyenik vəziyyəti çox açınacaqlıdır. Buranın daimi sakinləri eynilə V.Hüqonun “Səfillər”indəki səfil obrazları xatırladır. Onların sabah hansısa cinayətlərə imza atması ehtimalını düşünəndə, adamın canına əməlli-başlı narahatlıq dolur... Hətta bəzi uşaqlar gecə-gündüz burada yatıb qalırlar: ailədən və məktəbdən təcrid olunmuş halda:

Görmüşük, işləyər üç-dörd saat insan balası,
Yoxsa day sutkada on yeddi saat internet?!

Məhəllə internetləri sanki hansısa eksperiment üçün nəzərdə tutulan izolyasiya olunmuş sistemdir. Burada hər kəs öz tərbiyəsini (daha doğrusu, tərbiyəsizliyini) azad şəkildə göstərməkdən çəkinmir. Sanki buranın öz jarqonları var və burada ancaq söyüşlə, əxlaqsız ifadələrlə danışmalısan. İnternet uşaqları, öz məkanlarına təsadüfən gələn yaşlılara da heç bir əhəmiyyət vermirlər. Bura daimi gələn azyaşlı uşaqların əksəriyyəti, siqaret çəkməkdən xüsusi zövq alırlar.
Daha qorxulusu isə odur ki, məhəllə internetinin yetirmələri, bu tərbiyəsiz mühitdə vərdiş etdikləri pis adətləri, getdikcə açıq ictimai mühitdə tətbiq etməyə başlayırlar...

“Əxlaqsız saytlara giriş qadağandır”

Bu xəbərdarlığa net-klubların demək olar ki, hamısında rast gəlmək olar. Lakin bu şüar tamamilə formal xarakter daşıyır. Xüsusilə, məhəllə klublarında azyaşlı uşaqlar böyük həvəslə porno saytlara daxil olaraq, bu tipli videolara və şəkillərə tamaşa edirlər.

Bir dəfə porno sayta baxan azyaşlı uşağı tənbeh etmək məqsədilə, nəyə görə bu sayta girdiyini soruşdum. O isə heç başını çevirmədən, ekranı dəyişmədən, həyasızcasına bir ironiya ilə belə cavab verdi: “Dayday, mən sayta girməmişəm, sayta girən onlardı” – deyə əli ilə monitordakı çılpaq adamları göstərdi...
Məhəllə klublarının sahibləri isə belə hallara çoxdan alışıblar. Əslində onlar üçün heç bir fərqi yoxdu, təki pul gəlsin. Müəyyən gəlir müqabilində hər şeyə göz yummaq çox asandır. Əlbəttə, istisnalar da yox deyil. Bəzi klub sahibləri belə hallara qarşı çox sərt davranırlar. Ancaq təəssüf ki, belələrinin sayı çox azdır...

Valideynlər narahat olsa da...

Vaxtında tədbir görməyən, övladlarının hara getdiyi ilə maraqlanmayan, onlara lazım oldu-olmadı səxavətlə pul verən və bu pulların hara xərcləndiyini araşdırmayan valideynlər bu gün narahatdırlar:

...Neynim? İnternetə oğlum ki salıbdır marağın,
Son zamanlar ev-eşikdən kəsilibdir ayağı.
Tərki-dünya kimi üzmüş əlini hər şeydən,
Başqa əyləncələr əyləndirə bilmir uşağı –
Uşağı aldı əlimdən, camaat, internet!

Bu gün narahat olmayanlar isə narahat olmasınlar, sabah mütləq peşman olacaqlar. Ancaq bu peşmançılıq fayda verəcəkmi? Övladlarının itirilmiş mənəviyyatını, uşaqlığını, uşaq saflığını  bərpa etmək mümkündürmü? Çox çətin məsələdir.
Ancaq bir həqiqət də var ki, mümkün olmayan heç nə yoxdur, yetər ki, işə ciddi girişəsən. Həm də bu işdə ailə, məktəb, cəmiyyət və dövlət, mütləq birgə əməkdaşlıq etməlidirlər. Yəni, problem həqiqətən də bu qədər ciddidir.

Gələcəyimizi təmsil edəcək gənclərin robotlaşma prosesi nə ilə nəticələnəcək? Görəsən, uçuruma yuvarlanmağa neçə addım qalıb?

Əvəz Qurbanlı






7 Fevral, 2011  13:38 Baxılıb: 2093 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner