Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Zamanın pərdəsi dəlinir: ulu babalarımızı görüb qayıda biləcəyik?

İnsanın zaman səyahəti: Bəni-adəmin beyni öz keşmişi və gələcəyini görərsə...

Əlisəttar Atakişiyevin «Sehrli xalat» filminə yəqin ki, çoxunuz baxmısız. Orda insanları keçmişə və gələcəyə aparmağa imkan verən xalat nümayiş etdirilirdi. Bu xalat primitiv şəkildə də olsa, pionerlərə keçmişə gedib xanı görmək, gələcəyə də gedib açıq kosmosa səyahət etmək imkanı verdi. Orta məktəbdə isə fizika müəllimimiz bizdən soruşmuşdu ki, «Ruslan və Lüdmila» filmindəki kimi, insanı gözəgörünməz edən papağın olduğuna inanırıqmı? Bir ağızdan «yox» demişdik. Fiziki prosesləri mükəmməl şəkildə izah edən Nazim müəllim dərsin sonunda «Ruslan və Lüdmila» filmindəki insanı gözəgörünməz edən papağın varlığına bizi necə inandırdığını indi də yaxşı xatırlayıram. Ona görə də, 6 yaşlı qızımızın Harri Potterin adamı gözəgörünməz edən xalatından və uçan süpürgəsindən istədiyini eşidəndə heç təəccüblənmədik. «Sən bunları əldə etmək üçün sadəcə dərslərini yaxşı oxumalısan» dedik...

Bu girişi ona görə verdik ki, Milli.Az xəbər portalında, zamanda səyahət və teleportasiya barədə indiyə qədər eşitdiklərimizin reallıqla bir əlaqəsi olub-olmadığı haqda elmi izahatlara körpü salaq.

Bizi keçmişə və gələcəyə aparacaq maşın

Vaxt maşını — zamanda idarə olunan səyahətlər üçün nəzərdə tutulmuş hipotetik qurğudur. Vaxt maşını elmi fantastikada söz açılan ən populyar qurğulardan biridir.

Fizikada vaxt maşını adətən qapalı qeyri-məkan tipli əyriləri olan məkan-zamana deyilir (yəni elə bir məkan-zaman ki, orada müşahidəçi prinsip etibarilə özü ilə qarşılaşa bilər).

Zamanda səyahət ideyaları XIX əsrin fantastik ədəbiyyatında yaranıb. Lakin ilk əsərlərdə zamanda səyahətin hansısa maşının, yəni texniki qurğunun köməyilə edilə biləcəyindən yazmırdılar. Rus yazıçısı A.F.Veltmanın «Kalimerosun əcdadları» (1836) əsərində qəhrəmanı keçmişə aparan fantastik hippoqrafdan söz açılır. Bəzən hippoqrafa vaxt maşınının «bioloji» əcdadı kimi baxılır.

1887-ci ildə ispan yazıçısı Enrique Gaspar y Rimbau Barselonada «El anacronópete» («Zamana doğru uçan») novellasını dərc etdirir. Novellada ilk dəfə zamanda yerdəyişmək üçün qurğu peyda olur. Sonradan bu ideya 1895-ci ildə Herbert Uelsin «Vaxt maşını» romanının dərci ilə populyarlıq qazanır. Uelsin bu mövzuda 1888-ci ildə çap olunmuş «Vaxt arqonavtları» hekayəsi də var.

Zamanda səyahətə 20-ci əsrin ortalarında Ayzek Əzimov «Əbədiyyətin sonu» və Pol Anderson «Vaxt patrulu» əsərlərində yeni baxış nümayiş etdirirlər.

Kainat fırlanır, zaman geri gedir?
1948-ci ildə Kurt Gedel Eynşteyn tərəfindən tərtib olunmuş fırlanan Kainatın qravitasiya sahəsinin tənliklərinin həllini tapıb. Belə bir Kainat məkanında səyahət edən insan öz keçmişinə çata bilər. … Belə Kainatda işıq (və müvafiq olaraq obyektlər arasındakı səbəb-nəticə əlaqəsi) fırlanma hərəkətinə cəlb olunacaq. Bu isə maddi obyektlərə nəinki məkan, həm də zaman cəhətdən qapanmış trayektoriya cızmağa imkan verəcək. Gedelin həllini riyazi təzad kimi bir kənara qoyublar. Əvvəl-axır bütün Kainatın fırlandığına dair sübutlar yoxdur. Lakin Gedelin əldə etdiyi nəticə göstərdi ki, nisbilik nəzəriyyəsi zamanla geriyə getməni istisna etmir. Eynşteynin özü bu fakta heyran qalmışdı.

Hesab olunur ki, hazırkı texnoloji səviyyə ilə vaxt maşınını düzəltmək mümkün deyil. Lakin vaxtaşırı mətbuatda hərbçilər tərəfindən həyata keçirilən zaman səyahətləri eksperimentləri barədə məlumatlar peyda olur.

Zamanda səyahətlə bağlı eksperimentlər

 İki «eksperiment» daha məşhurdur:

1. Filadelfiya eksperimenti. 1943-cü ildə ABŞ HDQ-nin Filadelfiyadakı bazasında guya hərbi gəmilərin radarlar üçün görünməz olması problemi öyrənilirmiş. Layihəyə Con fon Neyman rəhbərlik edib. Bu tədqiqatlar zamanı radar şüalarını gəmidən yayındıran «elektromaqnit köpüyü» adlı ekran yaradılır. Bir dəfə eksperiment zamanı «elektromaqnit köpüyü» «Eldric» hərbi gəmisini əhatə edir. Gəmi qəflətən hamının gözü qarşısında yoxa çıxır və yüzlərlə kilometr uzaqda Norfolkda (Virciniya ştatı) peyda olur. Gəminin heyəti iddia edir ki, onlar gələcəkdə olublar. Komissiya bütün heyət üzvlərinin dəli olduğu barədə rəy yazır və layihə bağlanır.

2. «Feniks» layihəsi. 1943-1983-cü illərdə ABŞ-ın Montauk şəhəri yaxınlığında hərbi bazada keçirilən eksperimentlər. Bu eksperimentlər zamanı üzərində təcrübə keçirilən şəxslərin beyinləri yüksək tezlikli impulslarla şüalandırılıb. Bu isə onlarda qallüsinasiyaların əmələ gəlməsinə səbəb olub. Həmin şəxslərin bir çoxu gələcəkdə olduqlarını iddia ediblər. Onlardan bir neçəsi ağlını itirdikdən sonra layihə bağlanıb.

Bu cür eksperimentlər barədə məlumatların yalnız jurnalist təxəyyülünün məhsulu olması ehtimalı böyükdür. Amma bir sıra insanlar inanırlar ki, real hadisələr təxəyyüllərin məhsullarından (daha dəqiqi, uydurmalardan) oğurlanıb və bir sıra eksperimentlərin başlanmasına, ixtiraların edilməsinə təkan verib.

Bəzi paranormal təzahürlərin tərəfdarlarının fikrincə, insanın özü təbii vaxt maşınıdır və zamanda səyahət edə bilər. Misal üçün müasir texniki qurğuların hissələrinin 200 milyon il yaşı olan süxurda tapılmasını onlar bununla izah edirlər. Məsələn, Moskva aviasiya institutunun «Kosmopoisk» ekspedisiyası (rəhbəri - V. A. Çernobrov) Kaluqa vilayətinin cənubunda 200 milyon yaşı olan çay daşında bolt tapıb. Ufoloqlar bunu yadplanetlilərin gəlişi, müxtəlif dinlərin islahatçıları (induistlər M. Kremo və R. Tompson) bəşəriyyətin yaşının çox qədim olması ilə (yüz milyon və milyard il) izah edirlər.

Bir illik yol 10 ilə qət edilərsə... Zaman harda təhrif olunur?

Uzun illər zamanda səyahət məsələsinə ciddi elm çərçivəsində baxılmayıb. Bu məsələyə ciddi baxsaq, çox maraqlı nəticələrə gələ bilərik. Məsələn müasir fizikanın əsasında duran səbəb-nəticə məsələsi zamanla səyahətdə ciddi deformasiyaya uğramalıdır. Vaxt barədə daha dolğun məlumatı Eynşteynin nisbilik nəzəriyyəsi verir. Ondan əvvəl vaxt universal və mütləq sayılırdı.

O, hər bir müşahidəçi üçün eyni idi. Eynşteyn nisbilik nəzəriyyəsində belə bir ehtimal irəli sürdü ki, iki hadisə arasındakı vaxt intervalının qiyməti müşahidəçinin necə hərəkət etməsindən asılıdır. Başqa sözlərlə, müxtəlif cür hərəkət edən iki müşahidəçi eyni iki hadisə arasındakı vaxt intervalını müxtəlif cür qiymətləndirəcəklər. Belə təzahürlərə «əkizlər təzadı» deyilir. Təsəvvür edin ki, Əli və Vəli əkizdilər. Əli kosmik gəmiyə oturaraq böyük sürətlə yaxınlıqdakı ulduza tərəf yönəlir və ora çatan kimi geriyə dönüb dərhal Yerə qayıdır.

Hesab edək ki, Əli bir ilə qayıdıb. O, qayıdanda görəcək ki, həmin vaxt ərzində Yerdə on il keçib. Məlum olur ki, əkizlərin biri artıq o birisindən 9 yaş böyükdür. Gündəlik həyatımızda biz, zamanın təhrif olunmasını sezmirik. Bu cür təzahürlər yalnız işıq sürətinə yaxın sürətlərdə meydana çıxır. Hətta təyyarələrin sürəti o qədər azdır ki, adi aviauçuş zamanı vaxtın zədələnməsi bir neçə nanosaniyə təşkil edir. Buna baxmayaraq, atom saatları bu zaman zədəsini qeydə almaq üçün kifayət qədər dəqiqdirlər və hərəkət zamanı vaxtın uzandığını təsdiq edirlər. Beləliklə, çox yaxın gələcəyə səyahət təsdiq olunmuş faktdır.

Kosmosda saat neçədir?

Sürət gələcəyə getməyin yollarından biridir. Digər üsul qravitasiyadır. Ümumi nisbilik nəzəriyyəsində Eynşteyn göstərib ki, qravitasiya zamanın gedişini yavaşıdır. Damdakı saat zirzəmidəki saata nisbətən daha tez hərəkət edir. Zirzəmidəki saat Yerin mərkəzinə daha yaxındır və cazibə qüvvəsini daha güclü hiss edir. Analoji olaraq kosmosda saat Yerdəkinə nisbətən daha sürətlidir. Buradakı fərq çox cüzidir, lakin onlar yüksək dəqiq saatlarla qeydə alınıb. Bu fərqlər Qlobal mövqe sistemi (GPS) yaradılanda nəzərə alınıb, əks halda dənizçilər, taksiçilər və qanadlı raketlər həmişə istiqaməti səhv salardılar.

Neytron ulduzların qravitasiyası o qədər güclüdür ki, onlarda vaxt Yerə nisbətən 30% ləngdir. O ulduzdan Yerdəki hadisələr sürətli video kimi görünə bilər. Qara dəliklər vaxtın əyilməsinin ən yüksək həddidir: onlarda vaxt xarici müşahidəçi üçün donub. Yəni hansısa astronavt qara dəliyə çox yaxınlaşa və sağ-salamat geri qayıda bilsə - Yerə qayıdanda artıq çox uzaq gələcəkdə olacaq. Ona görə də, alimlər əmindirlər ki, qara dəliyin sirrinin açılması, həm də insanlara zamanda səyahət etmək imkanlarını tanıyacaq.

Keçmişə müdaxilə qadağandır

Keçmişə səyahətin başqa ssenariləri də düşünülüb. 1974-cü ildə Tuleyn universitetindən Frenk C. Tipler hesablayıb ki, öz oxu ətrafında işıq sürətilə fırlanan və ətrafında işıqdan həlqə yaradan nəhəng uzun silindr insanı öz keçmişinə apara bilər. 1991-ci ildə Prinston universitetindən C. Riçard Qott Böyük partlayışdan sonrakı ilk dövrdə əmələ gəlmiş kosmik tellərin də bu işi görə biləcəyini bildirib. Vaxt maşınının daha həqiqətəoxşar ssenarisi ötən əsrin 80-ci illərində əmələ gəlib. Bu ssenari məkan-zaman tunelinə əsaslanır.

Məkan-zaman tuneli hara aparıb çıxarır?

Elmi fantastikada məkan-zaman tunelini adətən ulduz qapıları adlandırırlar. Onlar məkanda çox uzaq yerləşmiş iki nöqtə arasında ən qısa yol sayılırlar. Məkan-zaman tunelinə daxil olub qalaktikanın digər ucuna çıxmaq olar. Ulduz qapıları ümumi nisbilik nəzəriyyəsinə görə həqiqətən mövcud ola bilərlər. Bu nəzəriyyəyə görə nəinki zaman, hətta məkan da transformasiyaya uğrayır. Misal üçün kəsə və uzun yolu götürək. Kəsə yol digərindən qısa olduğu kimi məkan-zaman tuneli də adi vaxt və məkandan qısadır. Kaliforniya texnoloji institutundan Kip S.Torn və həmkarları ulduz qapıları ideyasının müasir fizika qanunları ilə ziddiyyət təşkil edib-etmədiyini öyrənmək qərarına gəliblər.

Onlar məkan-zaman tunelinin qara dəlik tipli bir cisim olduğu qənaətindədirlər. Yəni tuneldə dəhşətli cazibə qüvvəsi olmalıdır. Lakin qara dəlikdən fərqli olaraq bu qapıların çıxışı da olmalıdır. Bunun üçün Tornun sözlərinə görə, tuneldə anticazibəni yaradan ekzotik materiya olmalıdır. Alimlər anticazibənin mənbəyi kimi mənfi enerjini qəbul ediblər. Məlum olduğu kimi, mənfi enerji bəzi kvant sistemlərində mövcuddur. Bundan nəticə çıxır ki, ekzotik materiyanın mövcudluğu müasir fizikaya zidd deyil.

Səyyah vurmadı, alim yıxılmadı,... bəs məlumat hardan gəldi?

Tutaq ki, vaxt maşınının yaradılmasında mühəndis çətinlikləri həll olunandır. Lakin o yaradılsa, ortaya çoxlu sayda digər təzadlar çıxır. Tutaq ki, səyyah keçmişə gedərək orada öz anasını uşaqkən öldürür. Əgər qız ölsə, o bizim səyyahın anası ola bilməyəcək. Lakin əgər o anadan olmayıbsa, necə keçmişə düşüb və anasını öldürüb? Başqa təzadlar da var. Tutaq ki, səyyah gələcəyə gedərək orada elmi jurnalda bir ixtira ilə tanış olur. Onu hərtərəfli yadda saxlayan səyyah geri qayıdaraq ixtira barədə hər şeyi müvafiq sahənin aliminə danışır. Sonra bu alim həmin ixtiranı səyyahın gördüyü jurnalda çap etdirir.

Əlbəttə ki, səyyah məhz bu ixtiranı həmin jurnalda görüb oxumuşdu. Bəs onda ixtira barədə məlumat haradan peyda olub? Səyyah onu jurnalda görüb, alim isə səyyahdan eşidib. Demək məlumat havadan peyda olub? Bu tipli təzadlar bir sıra alimləri məsələyə yeni gözlə baxmağa məcbur etdi. Kembric universitetindən Stiven Hokinq «xronologiyanın müdafiəsi» hipotezini irəli sürüb. Bu hipotezə görə keçmişə müdaxiləni qadağan edən hansısa amil olmalıdır.

Burda sökülüb orda yığılacağıq

Vaçovski qardaşlarının «Matrisa» filmi bizə fantaziya məhsulu kimi görünür. Necə ola bilər ki, insan bir məkanda sökülüb, o biri məkanda yığılsın. Amma fiziklər iddia edirlər ki, bu gələcəkdə mümkün olacaq. Avstraliyanın Kvinslend universitetinin fizikləri Cey Olson və Timoti Ralf zamanda səyahət problemini həll etdiklərini bildirirlər. Onların sözlərinə görə, kvant hissəciklərinin teleportasiya (şüalanma) qabiliyyəti elə zamanla səyahət deməkdir. Kvant hissəcikləri indi yox olub, gələcəkdə mövcud ola bilirlər. Lakin onların keçdiyi yol bilinmir. Bir anlıq təsəvvür edin ki, iki azərbaycanlı səyyah yanvarın 30-da saat 14.00-da Vaşinqtona səfər etmək istəyir. Onlardan biri təyyarə ilə səyahəti seçir. Ona Vaşinqtona bu nəqliyyat növü ilə getmək üçün 12 saat vaxt lazımdır.

O, bu sürətlə Vaşinqtona yanvarın 31-də çatacaq. İkinci səyyah isə teleportasiyaya üstünlük verir. Bunun üçün ona bir an kifayətdir. İkinci şəxs burada hissəciklərə parçalanır və Vaşiqtonda birləşərək əvvəlki vəziyyətinə qayıdır. Birinci şəxs isə Vaşinqtona hələ 12 saat sonra çatacaq. Burada ikinci şəxs üçün Vaşinqtona çatdığı vaxt - 30 yanvar keçmiş deyil. Birinci şəxs isə Vaşinqtona çatarkən, 30 yanvar artıq onun üçün keçmiş olacaq. Çünki birinci Vaşinqtona 31 yanvarda çatacaq. Burada zamanın sürətə görə əyilməsi baş verib.

Alimlərin beyni niyə son yüz ildə inkişaf edib?

Teleportasiya prosesi keçmişə səyahət üçün də unikal vasitə ola bilər. Kvinslend universitetinin alimləri hesab edirlər ki, zamanda səyahət üçün hər hansı qurğuya ehtiyac yoxdur. İnsan səyahəti teleportasiyanın köməyilə də həyata keçirə bilər. Bu zaman isə hazırda insanların istifadə etdiyi və ya fasiləsiz olaraq təkmilləşdirdiyi texnikaya heç bir ehtiyac qalmayacaq. İnsanların beyni işıq sürətləri ilə işləməyə başlayanda, artıq bu problem həllini tapmış olacaq. İnsan beyninin durmadan inkişafa məruz qaldığını, beyin qırışlarının getdikcə daha çox informasiyanı sərfnəzər etdiyini neyrologiya da sübut edir.

İnsanın bu gün hamı üçün adi olan texniki cihazları, maşınları, mövcüd olduğu minilliklər ərzində deyil, son yüz ildə ixtira etməsini də alimlər beyindəki inkişaf sürətləri ilə bağlayırlar. Hesablamalar göstərir ki, son yüz ildə insanın beyni əvvəlki minilliklər ərzindəki inkişafdan dəfələrlə irəliyə gedib. Buna «insan beyninin kosmik sürətlə inkişaf etməsi» də demək mümkündür. Timoti Ralf hesab edir ki, insan beyni hazırkı səviyyəsindən bir neçə dəfə artıq inkişaf etsə, onda zamanda səyahətin sirləri heç kəs üçün gizli qalmayacaq. Onda vaxt maşınına da ehtiyac olmayacaq. Çünki insan özü hissələrə parçalana və yenidən yığıla bilən varlığa çevriləcək.

Kopperfildin sirləri: insan tikələri necə birləşir?

Avstraliyalı fiziklərin ilk baxışdan absurd görünən bu mülahizələrini hardasa insan orqanlarının transplantasiyasını həyata keçirən həkimlər sübuta yetirə bildilər. Hələlik bu cihazların köməyi ilə mümkündür. Misal üçün, həkimlər bir insanın müxtəlif bədən üzvlərini kəsərək steril qablarda və soyuducularda başqa məkana daşıya və onları yenidən sahibinin bədəninə tikə bilərlər.

Bu, hazırda həm nəzəri, həm də praktiki baxımdan mümkündür. Gözə görünməyən, yaxud da məkana və tutduğu mövqeyə görə rəngini dəyişən materiyanı hazırda nanotexnologiyalar vasitəsilə əldə edirlər. Sehrbazlar fizikaya dəxli olmayan heç bir sehri icad edə bilməzlər. Misal üçün, dünya şöhrətli illüzionist-hipnozçu Devid Kopperfild bir məkanda yox olub başqa məkanda gözə görünmək fəndini məhz fiziki cihazların və hadisələrin köməyi ilə işlədə bilirdi.

Vaxt maşınını nə vaxt kəşf ediləcək?

Haqqında bəhs etdiyimiz zamanda səyahət, gözəgörünməzlik kimi paranormal halların baş verməsi üçün müasir elmin bir çox məsələlərə aydınlıq gətirməsi lazımdır. Məsələn, alimlər hesab edirlər ki, qara dəliklərin sirrinin açılması, qara materiyanın mövcudluğunun təsbit olunması bizə zamanda səyahətin və teleportasiyanın sirlərini yaxından öyrədərdi. Bizi hələ filmlərdə gördüyümüz çarx effektinin reallıqda da baş verəcəyinə inandırmağa çalışan alimlər var. Təsəvvür edin, sanki bizim həyatımızı kino lentinə alırlar. Və biz istədiyimiz zaman o lenti fırladıb keçmişimizə qayıtmaq imkanı əldə edirik. Son dövrlərdə ABŞ və Rusiya alimləri nüvə hissəciklərinin sürətləndiricisi olan kollayderlərin köməyi ilə həm də qara materiyanın kəşfinin zamanda səyahətin mümkünlüyünü isbat edib-etməyəcəyini araşdırırlar. Yer kürəsi üçün gözlənilməz fəlakətlər yarada biləcəyi qorxusunu nəzərə alaraq onlar bəzi sınaqları təxirə salıblar. Lakin alimlər arxayındırlar ki, qara materiyanın sirrini açan kimi vaxt maşınını da kəşf edəcəklər.   

Keçmişə qayıtmayaq, gələcəyə də tələsməyək

Amma belə qənaətlər də var ki, insanlar heç vaxt keçmişə qayıtmaq, gələcəyə isə tələsmək istəmirlər. Son dövrlərdə Wikileaks-in açıqladığı sənədlər dünyada çox böyük təlatümlər yaratdı. Baxmayaraq ki, həmin sənədlərdə adları çəkilən insanların «bu uydurmadır, iftiradır, heç bir əsası yoxdur, təəssüf doğurur» deyə canlarını qurtarmaq imkanları var. Təsəvvür edin ki, biz bir anlıq keçmişə gedirik və orda baş verənləri öz gözlərimizlə görürük. Və heç kəsə də gördüklərimizi təkzib etmək şansı vermirik. Onda nə baş verəcək? Bir jurnalist dostumuz zamanda səyahətdən danışarkən deyir: «Təsəvvür edin ki, biz orta əsrlərə qayıdıb inkvizisiyanın qurbanı oluruq. Yaxud da peyğəmbərlərin həqiqətdə mövcud olmadığını təsdiqləyirik. Görürük ki, milyonlarla inanclının istinad etdiyi dini kitablar hansısa məzəkeşin qələmə aldığı cəfəngiyyatdan başqa bir şey deyil. Və dəhşətə gəlirik ki, əsrlərdir insanlar necə mövhumatın qurbanı olublar. Bununla da dindarların bütün həyat və fəaliyyətləri alt-üst olur. Yaxud da gələcəyə gedərək bəşəriyyətin necə məhv olduğunu görürük. Öz zəmanəmizə qayıdıb böyük təlaş içərisində, sadəcə həmin dəhşətli anın gəlməsini gözləyirik.

Keçmişini və gələcəyini necə görmək olar?

Yəqin ki, oxucuların çoxu SSRİ dağılan zaman KQB-nin arxivlərinin açılıb-açılmaması barədə mübahisələrin şahidi olub. O vaxt arxivlərin açılmamasını israr edənlərin arqumenti bu idi ki, insanlar öz ata-babalarının əməllərinə görə bir-birilərinin düşməninə çevrilə bilərlər. Milyonlarla insanlarınsa pərəstiş etdikləri adamlar barədə mifləri alt-üst olar.

... Fizika müəllimim orta məktəbdə bizi elmi sübutlarla ona da inandırmışdı ki, əslində ağ və qara magiya kimi tanıdığımız şeylər doğrudan da mövcuddur. Bəzi insanlar beyinlərinin köməyi ilə özlərinin və başqalarının keçmişini və gələcəyini görə bilirlər. Amma falçılıq kütləviləşdiyindən və fırıldaqçılar üçün qazanc mənbəyinə çevrildiyindən, magiyalarla peşəkarcasına məşğul olanlara da inam sarsılıb. Əgər insan beyninə keçmişi və gələcəyi görmək imkanı verən səbəblərin mahiyyətini fizika maddiləşdirə bilsə, onda insanların zaman səyahəti kimi problemi də qalmayacaq.

Tomris






7 Fevral, 2011  13:06 Baxılıb: 3703 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
13 Avqust, 2020  17:56





13 Avqust, 2020  09:59
















7 Avqust, 2020  14:58





5 Avqust, 2020  14:05


5 Avqust, 2020  09:37


4 Avqust, 2020  16:47




4 Avqust, 2020  10:26

4 Avqust, 2020  09:44


30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42

sagbanner