Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TƏHSİL SİSTEMİMİZ MÜTƏXƏSSİS YETİŞDİRƏ BİLİRMİ? – ARAŞDIRMA

.

Sabahdan ölkədə ali məktəblərə qəbul imtahanlarına start verilir. Əvvəlcə III ixtisas qrupu ilə başlayan qəbul imtahanlarına avqustun 3-də II ixtisas qrupu üzrə keçiriləcək imtahanlarla yekun vurulacaq. İlk imtahan verəcək qrup üzrə 28939 abituriyent ərizəsini təsdiqləyib. Artıq bir neçə ildir imtahanlar yalnız paytaxt Bakıda yox, bölgələrdə də keçirilir. Bu həm valideynlər, həm də abituriyentlər üçün necə deyərlər sərfəli olub.

İmtahan verəcək Gülnaz Qazıyevanın valideyni Yasəmən xanım – “Biz Şəkidə yaşayırıq. İmtahana görə, Bakıya gəlmək uşaq üçün əlavə yorğunluq olur. Mühitə uyğunlaşmaq, məktəbi tapmağa görə əvvəlcədən bura gəlmək lazımdır. Həm də tanımadıqları yerdə uşaqlar daha çox həyəcan keçirirlər” – deyir. 

Sabah imtahan verəcək abituriyent Əzizə Əhmədli çox həyəcanlı olduğunu deyir:. “Elə bil bildikərim də yadımdan çıxıb. İki ildir dayanmadan oxuyuram. Universitet oxumaq ən böyük xəyalımdır. İnşaallah qəbul olaram”. Abituriyentdən hansı ixtisasa yiyələnmək istədiyini soruşduqda “hara düşsəm oxuyacam, əsas odur universitetə girim” – dedi.

Qəribə də olsa, bu cür cavab təkcə bir abituriyentə məxsus deyil. Universitetə sənəd verən məzunların əksəriyyəti bu fikirdədir. Ali məktəbə məqsədsiz şəkildə, qəbul olmaq arzusunda olanların gələcək taleyi haqlı olaraq sual doğurur.

Bu gənclər universiteti bitirdikdən sonra nə işlə məşğul olacaqlar?
Ümumiyyətlə bu gedişlə hər hansı ixtisas üzrə mütəxəssis yetişdirməkdən söhbət gedə bilərmi?

Yaranan suallara təhsil üzrə ekspert Rüfət Əliyev aydınlıq gətirdi. R. Əliyevin sözlərinə görə, artıq bu cür seçimlər öz mənfi nəticəsini göstərməkdədir. “Abituriyentlər məqsədsiz olaraq hansı qruplarda keçən il müsabiqə yüksək olmayıbsa, həmin qrupu seçirlər. Burada peşə, ixtisas məsələsi yox, əsas olan universitetə girməkdir. Artıq bu cür seçimlərin mənfi nəticələri görünür. Məsələn, iqtisadiyyat sahəsində peşəkar kadrların çatışmazlığı və ya mövcud kadrların bilik səviyyəsinin yetərsizliyi müşahidə olunur. Çünki valideyn uşağı yönləndirərkən övladına “əsas peşə yox, diplomdur” ideyasını yeridir. İndi universitetə girmək adi məişət ehtiyacına çevrilib”.
Ekspert ali məktəbə qəbul olunmaq üçün istifadə edilən üsullardan danışarkən repetitorluğun mənfi təsirləri məsələsinə də toxundu. “Artıq quru repetitorluğun mənfi nəticələrini görürük. Əksər məzun, universitet haqda məktəbi qurtarmağa iki il qalmış fikirləşir. Ancaq heç kim düşünmür ki, “mən niyə ali məktəbə daxil oluram?” Bunu nə abituriyentin özü, nə valideyn, nə məktəb düşünür. Nə də ki, test üsulu bü cür düşünməyə şərait yaradır. Düzdür, test üsulu hazırda bəzi mənfi halları aradan götürmək üçün bizə lazımdır. Ancaq ixtisas seçimində test üsulu əsas olmamalıdır. Tək- tək fənlər üzrə hazırlaşmaq yalnız ali məktəbə girmək üçündür. Əsas sual isə odur ki, tək-tək fənlərdən hazırlaşıb 600 bal yığanlar, məzun olduqdan sonra hara yox olur? Məktəbi bitirən 100 məzundan yalnız 30% ali məktəbə qəbul ola bilər. Bəs 70% hardadır? Bu məzunlar yüksək nəticə ilə məktəbi bitirsə belə ali məktəblərdə onlar üçün yer yoxdur. Ona görə, bu problemlər ciddi araşdırılmalı, həll olunmalıdır”.

Rüfət Əliyevdən fərqli olaraq ekspert Məhərrəm Zülfüqarlı qruplara bölünmənin müsbət addım olduğunu qeyd etdi. Onun sözlərinə görə Hüquqşünasa “Kimya” fənni lazım deyilsə həmin ixtisas arxasınca gedən şagirdə digər fənnlər barədə məktəbdə təzyiq göstərilməməlidir. “Bu məsələlər qanuniləşdirildikdən sonra artıq şagirdlər çətinliklə üzləşməyəcəklər. Onlara bütün fənnləri öyrənməklə bağlı təzyiqlər edilməyəcək. Bu sovet dövrünün sistemidir. Tarixçi “kimya”, “fizika” fənnini oxumasın. Onu məcbur etmək mənasızdır”. Təhsil Nazirinin iki alan məzunlara attestat verilməsi ilə bağlı qəbul etdiyi qərarın, yeni qanunlar üçün zəmin yaradacağını düşünən M. Zülfüqarlı, “Qanunvericilikdə belə şey olmadığı üçün bu hələ qərar kimi verilir. Bu cür qərarlar, gələcəkdə təmayül məktəblərin açılması üçün zəmin yaradır. Təmayül məktəblər müəyyən ixtisas üçün gərəkli olan fənnlərin tədris olunmasını təmin edəcək” – deyir.

Abituriyentlərin məqsədsiz şəkildə ixtisas seçimi etmələri onların psixoloji durumu ilə birbaşa əlaqəlidir. Kimisi həqiqətən istədiyi, kimisi bunu yaşıdlarından geri qalmamaq, kimisi isə sadəcə valideynlərinin təzyiqi ilə edir. Psixoloq Dəyanət Rzayev məzunların psixoloji durumuna aydınlıq gətirdi. D. Rzayev abituriyentlərdə imtahanqabağı və sonrası müxtəlif psixoloji durumların yarandığını dedi. “İmtahanqabağı stresslər daha çox gələcəklə bağlı narahatlıqdan irəli gəlir. İmtahandan sonra az bal toplayanlar özlərini həyatda məğlub olmuş kimi hiss edirlər. Bəzi hallarda bu intiharla nəticələnir. Ona görə də, burada əsas məsuliyyət valideynin üzərinə düşür. Əvvəlcə valideyn özlüyündə başa düşməlidir ki, övladının universitet oxumaması ən böyük uğursuzluq deyil. Özü buna inansa, övladına da asanlıqla təsəlli verə biləcək.
Adətən, seçim vaxtı valideynlərin təsiri ön plana çıxır. Valideyn gəncliyində prokuror olmaq istəyir, ola bilmir və uşağı da bu istiqamətə yönləndirir. O, övladını səlahiyyətli məmur kimi görmək istəyir. Amma təbii ki, abituriyentin bu sahəyə həvəsi yoxdursa, o gələcəkdə də bu sahə ilə məşğul olmayacaq. Həm də bu cür təzyiqlər gələcəkdə həmin insanın şəxsiyyət kimi formalaşmasına əngəl törədir. Özünə qiymət verməkdə çətinlik çəkir. Ümumiyyətlə valideynlər övladların fikirlərinə, seçimlərinə hörmətlə yanaşmalıdırlar. Əsas olan onun istəyidir. Axı bu həyatı yaşayacaq olan da həmin uşaqdır. Müəyyən qədər istiqamət vermək olar, ancaq tamamilə öz fikrini yeritmək yanlışdır”.

Abituriyentlərin bütün seçimsizliyi və həyəcanlarına, valideynlərin istiqamətləndirmələrinə baxmayaraq, sabah saat 11:00-da imtahan başlayacaq. Azərbaycanın Bakı ilə yanaşı 10 bölgəsində keçiriləcək imtahanın ən yaşlı abituriyenti 57 ən gənci isə 15 yaşındadır.

Ülviyyə Cövdətqızı






13 İyul, 2013  15:04 Baxılıb: 1665 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner