Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

SÜRÜŞMƏ ZONASINDAKI MÜƏMMALI ŞIXOV VİLLALARI – REPORTAJ

.

Yolu Salyan şossesindən düşən hər kəs Şıx çimərliyinin yaxınlığındakı həmin bu villalar kompleksni görmüş olar. Daha doğrusu, bir-birindən təqribən 250-300 metr aralıda yerləşən üç kompleksi. Onların inşası təqribən 8-9 il öncə başlayıb. Adətən həyata keçirilən belə irihəcmli layihələrin səsi-sədası özündən qabaq gəlir. Reklamlar, posterlər… Amma bu baxımdan sözegedən inşaaat kompleksləri istisnadı. Hərəsi 15-20 villadan ibarət olan bu komplekslərdən birinin inşası artıq başa çatdırılıb otel kimi fəaliyyətə başlasa da nə onun, nə də hələ tikilməkdə olan digər iki kompleksin adı heç yanda çəkilmir. Sanki söhbət gizli hərbi obyektlərdən gedir…

Burdan villa alacaqsınız?

Odur ki, bu gizləmlərin səbəbini anlamaq üçün komplekslər barədə əlimiz yetən qədər məlumat toplamağa çalışdıq. İlk olaraq Salyan şossesi üstündə yerləşən bu komplekslərə baş çəkmək qərarına gəldik. Şəhərdən gedərkən birinci kompleksdən başlayırıq gəzintimizi. 

Əvvəlcə inşaat həndəvərindəki taksi sürücüsünü sorğu-suala tuturuq. Əyin-başımıza baxıb:

“Niyə maraqlanırsız, burdan villa alacaqsız?” – deyə soruşur, səsindəki istehza bizi də, onu da güldürür. Jurnalist olduğumu deyirm. Bundan sonra ciddiləşir və bildiklərini bölüşməyə başlayır:

“Otel kompleksimi olacaq, ya yaşayış üçün satılacaqmı, deyə bilmərəm. Orda işləyən ustalar dəfələrlə miniblər mənim maşınıma. Amma qəribədi ki, hərəsi bir söz deyir. Biri deyir otel kimi işlədəcəklər, o biri deyir ayrı-ayrı adamlara satacaqlar. Amma tikintinin sahibini soruşanda hamısı eyni sözü deyir: “bilmirik, heç bilmək də istəmirik, buyruq quluyuq, nəyimizə lazım”. Bir nəfər tanınmış adamın adını da bir usta çəkmişdi, amma həmin usta deyəsən, daha işləmir burda, nə vaxtdı görmürəm onu. Yeri gəlmişkən, sizin nəyinizə lazım? Nahaq gedirsiz ora, orda nə sizin suallarınıza cavab verəcəklər, nə də cibinizə pul qoyacaqlar”, - deyə taksi sürücüsü Rasim məsləhətindən də qalmır.

Ondan ayrılıb üzü yuxarı, təpəliyin düz yuxarısında yerləşən villalar kompleksinə doğru yol alıram. Hələ inşası davam edən kompleksin girişində mühafizə xidmətinin əməkdaşı qarşılayır. Amma sən deyən, məlumat ala bilmirik ondan:

“Patronlar gələndə qaçhaqov başlayır”

“Buranın sahiblərinin kim olduğunu heç burdakı işçilər də düz-əməlli bilmir. Sifətdən görmüşük, amma inanırsız, heç adlarını da bilmirik. İldə uzağı bir-iki dəfə bir neçə nəfərlik qrupla gəlirlər. Gələn kimi də tikintiyə hay düşür ki, patronlar gəlir. Qaçhaqaç- qovhaqov başlayır. Gəlib hərlənib, “prorabla” danışıb gedirlər. Daha onlardan kim kimdi, adları nədi, bilmirik. Həm də kimin nəyinə lazımdı, hamı alacağına baxır. Elə biri mən, bu işi tapana kimi daha canım çıxmışdı, indi şənliyimə şitlik eləmək harama olar, odu ki, lazım olmayan yerə burnumu qətiyyən soxmuram”, - deyən mühafizəçi maaşının nə qədər olduğunu da açıqlamır, gülərək “Nəyinizə lazım, şükür Allaha dolanmağıma yetir”, - deyir.

“Sahibləri sifətdən tanıyırıq” dediyi üçün “patronlar” arasında orta boylu, bir qədər dolu bədənli, çal saçlı və çal bığlı birinin olub-olmadığını soruşuruq və “Dedim axı, burnumu lazım olmayan yerə soxmuram” cavabını alırıq.

“Prorabla” danışmaq cəhdimiz də boşa çıxır. Mühafizəçi bizi qapıda qoyub onu çağırmağa getsə də, geriyə tək qayıdır. Və bildirir ki, “prorab” qətiyyətlə jurnalistərlə danışmaq səlahiyyəti olmadığını deyir.

“Nə isə...” deyib növbəti kompleksə doğru gedirik. Buranın girişi yola daha yaxındı. Özü də bir müddət əvvəl inşası başa çatıb və otel olaraq fəaliyyət göstərir. “Resepşn”da bizi biri qarşılayır. Bu dəfə özümüzü təqdim edərkən yalan danışası oluruq:

“Müstəqil jurnalistik. Yeni turizm obyektləri haqda məqalələr hazırlayırıq, xüsusi dərgi üçün”.

Bir sutkası 300 manata?

Kompleksi gəzib, fotolar çəkməklə başlayırıq məlumatlanmağa. Bir-birindən o qədər də fərqlənməyən 20 möhtəşəm villa VİP, Biznes və Ekonom kateqoriyalarına bölünüb. Sahəsi 270-360 kvadratmetr arasında dəyişən villalarda mətbəx, 3 yataq otağı, 5 eyvan, çarhovuz, cakkuzi, sauna, bilyard, stolüstü tennis, məşq zalı, mini-klub və dənizə baxan terras var. Bunlardan başqa kompleksin ərazisində restoran, avtomobil dayanacağı, bar, yüksəksurətli internetlə və telefonla təchiz edilmiş konfrans zalı mövcuddu. Otel kompleksi Şıx çimərliyinin 50 metrliyində yerləşir.

Söhbətləşdiyimiz inzibatçı hesab edir ki, təqdim olunan lüks xidmətə rəğmən oteldəki qiymətlər tam uyğundu. “Uyğun” dediyi isə Ekonom klass villalar üçün 1 sutkası 250, Biznes klass villalar üçün 260, VİP villalar üçünsə 300 manat təşkil edir. Amma inzibatçının dediyinə görə, yay mövsümü olduğu üçün qiymətlər bu qədər “ucuzdu”. Hər yanda olduğu kimi müsafirlərin sayı ilə bərabər onsuz da ucuz olmayan qiymətlərin də kəllə-çarxa çıxması gözləniləndir.

Nə isə ki, əsas suallarımıza keçməyə cəhd edirik.

- Belə bir iri kompleksin kommunal xərcləri də yəqin çox olar.

- Əlbəttə. Müştəri yığana qədər qiymətləri də artıra bilmərik. Belə biznesə qoyulan mayanı çıxarmaq yetərincə vaxt aparır.

- Məsələn, nə qədər işıq, qaz, su pulu ödəyirsiz?

Sualımızdan alınır elə bil, tonu dəyişir, bayaqkı həvəsi də harsa buxarlanır və gəzintini yekunlaşdırmağa çalışır.

- Nə bilim vallah, bunları otelin sahibi daha yaxşı bilər.

- Sahibi kimdi ki? Siz əlaqə telefonunu verə bilərsizmi, sualımız olarsa onunla əlaqə saxlayaq.

- Yox, verə bilmərəm. Nə sualınız olsa mənə zəng vurun. Artıq getsəz yaxşıdı. Müştərilərimiz onsuz da azdı, olanları da narahat etməyək.

Bizi mədəni surətdə qovur. Son olaraq yaxınlıqdakı digər iki villa kompleksinin onlara aid olub-olmadığını soruşuruq. “Onların bizə aidiyyatı yoxdu. Həm də bildiyimə görə o komplekslərdəki villalar otel üçün yox, satış üçün nəzərdə tutulub.

Əli İnsanovun villaları?

İçimizdə qalan sualların cavabını zorla ala bilməyəcəyimizə görə ordan uzaqlaşmaqdan başqa çarəmiz qalmır. Az gedib, dərə-təpə düz gedib üçüncü villalar kompleksinə çatırıq. Bu dəfə bizi “prorab” qarşılayır. Salam-əleykdən sonra tikinti və onun sahiblərilə bağlı suallarımızı yağdırsaq da heç birinə cavab ala bilmirik. Əvəzində “qoyun rəisə zəng vurum, lazım olsa, özü gəlib sizə məlumat verər”- deyir. Sonra da “prorab” bizi telefonla biriylə calaşdırır. Özünü sadəcə İslam kimi tanıdan həmin şəxs çox kobud və kəsə şəkildə “reklama ehtiyacımız yoxdu, ora şəxsi mülkiyyətdi, mən istəməyincə kimsə o tikinti haqda heç nə yaza bilməz, gedin başınıza başqa yerdə problem axtarın” deyir və telefonu qapadır.

Bundan sonra tikinti işçilərinin də niyyətinin dəyişdiyini görürük. Bizi çevrəyə alıb əl-qol ölçməyə, səslərini yüksəltməyə başlayırlar. Burdan da sorularımıza cavab ala bilməyəcəyimizə əmin olunca, növbəti kompleksi də tərk edirik. Amma yaxınlıqda yaşayan və işləyən insanlardan öyrənirik ki, bu tikinti əvvəlcə sabiq səhiyyə naziri Əli İnsanovunmuş. Sakinlərdən biri onu da deyir ki, vaxtilə ağaclardan, yaşıllıqdan ibarət olan bu ərazini Əli İnsanov sotu o vatkı pulla 120 min manatdan (indiki pulla 24 manat) alqı-satqı rəsmiləşdirərək, əslində tikinti üçün nəzərdə tutulmayan bu əraziləri dəyər-dəyməzinə əldə edib. Həbs olunandan sonra bu tikintiyə də əl qoyulub. Xeyli müddət inşası dayanan villalar kompleksinə sonradan başqa bir məmur – oliqarx əl qoyub. Amma bu şəxsin konkret kim olduğunu dəqiq bilən yoxdu.

Bir müddət əvvəl mətbuatda sürüşmə zonasında inşa edildiyi üçün bu villa komplekslərinin sökülməsinə qərar verildiyini və sahiblərinin etirazlarına baxmayaraq, yaxın vaxtlarda qərarın həyata keçiriləcəyini yazmışdı. Amma sökülmədən xəbər-ətər yoxdu, əksinə komplekslərdən biri artıq otel kimi ilk mövsümünü yaşayır, digər ikisində isə tikinti işləri sona çtmaq üzərədi. Amma villa komplekslərinin sürüşmə zonasında yerləşdiyi həqiqətdi.

Memar Emil Axundov dəfələrlə mətbuatda çıxış edərək Bakıda xeyli sürüşməyə meyilli təhlükəli zonanın olduğunu söyləyib. Bunlar Bayıl, Badamdar, Şıx qəsəbəsi və Xəzər dənizindən keçmiş «Sovetski» adlanan hissəyə qədər olan ərazilərdi.

Emil Axundovun fikrincə, əgər regionlarda baş verən sürüşmə Bakıda da olsa, fəlakətin miqyası daha geniş olacaq. Çünki ölkənin təsərrüfatının böyük hissəsi Bakıdadı, regionlara nisbətən paytaxtda əhali daha sıx yaşayır: «Nə qədər tənqid etsək də, paytaxta binalar yenə sıx-sıx tikilir. Bundan əlavə təhlükəli zonaların hamısında yaşayış var, üstəlik oralarda çoxmərtəbəli binalar ucalıb. İndiki tikililərin heç birində şəhərin seysmik cəhəti nəzərə alınmır. Paytaxtın altında sanki bomba yerləşdirilib. Kiçik bir sürüşmə həmin binaların yerlə-yeksan olmasına gətirib çıxaracq. Çünki bu yamaclarda bir vaxtlar sürüşəminin qarşısını almaq üçün yaşıllıq salınmışdı. İndi həmin yaşıllıq məhv edilib, yerinə binalar tikilib. Bakı Şəhər İcra Hakimiyyəti paytaxtı öz əli ilə fəlakətlərə qarşı riskli bir zonaya çevirib», - bu da nəzərə alınmayan mütəxəssis fikri...

Nə isə ki, gəzintimizin sonuna çatınca sürücü Rasimin haqlı olduğunu anladıq. Heç bir sualımıza doğru-dürüst cavab ala bilmədik. Reportajımızı yanıtı tapmayan sorularla bitiririk. Bu tikinti layihələrinin məqsəd və məramına, sürüşmə zonasında niyə və kim tərəfindən bu tikintilərə icazə verildiyinə cavab tapa bilmədik.

Emil Məmmədli,
xüsusi olaraq Simsar.az üçün






3 İyul, 2013  17:47 Baxılıb: 3774 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner