Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ÖLMƏ, PULUMUZ YOXDUR!!! – ARAŞDIRMA - FOTOLAR

.

“Artıq elə günə gəlib çıxmışıq ki, ölmək də böyük problemə çevrilib. Əslində ölməkdən qorxmuram, öləndən sonra evdəkiləri nə qədər əziyyətə salacağımdan qorxuram. Yazıq uşaqlar güc-bəla ilə evə bir tikə çörək ancaq qazanırlar. Hərdən çalışıram pensiyamdan onlara kömək edəm. Mən öləndən sonra necə edəcəklər, yas saxlamaq bir tərəfə, basdırmaq üçün hansısa qəbiristanlıqdan yer ala biləcəklər? Artıq qoca kişiyəm, belə şeyləri düşünəndə tüklərim biz-biz olur. Az qalıram dəli olam” – bu sözləri yaşı 70-i haqlamış Bakı şəhər sakini Həsən dayı deyir. 
Bu gün yaşlı adamlar, pis çıxmasın “bir ayağı burda, bir ayağı gorda” olanlar belə, o dünya haqqında düşünə bilmirlər. Səbəbsə bu dünyadakı ölmək problemi, ölümün özü ilə gətirdiyi böyük maddi bədbəxtlikdi. Həsən dayı həsədlə - "heyif deyildi keçmişdəki yas mərasimləri", - deyib köks ötürür və gözləri dolur, artıq danışa bilmir. Amma keçmiş yas mərasimləri haqqında hazırda Bakıda məcburi köçkün həyatı yaşayan Ağdam rayon sakini Cəmilə Məmmədova danışır: 

Keçmiş yas mərasimləri...

“1984-cü ildə bacım rəhmətə gedəndə kənd camaatının yığışıb xeyir-şər məclislərinin keçirilməsi üçün aldığı çadırı həyətimizdə qurduq. Yaxında yaşayan qohum-qonşu ölü sahibi üçün isti yemək gətirirdi ki, ağır itki baş verib və ailənin yemək bişirməyə halı yoxdu. “3” mərasimində süfrəyə pendir-göyərti, halva və plov qoyduq. O zaman süfrəyə konfet, şokolad qoyulmazdı. Qənd və evdə bişirilən şirnilər qoyulardı. O da onun üçün ki, bəzi insanların qan təzyiqi və ya şəkəri ola bilərdi. Bundan başqa “7”, “40” mərasimləri də keçirilirdi. Cümə axşamları isə çox adam gəlməzdi. Mərhumun adına bir qazan yemək bişirilərdi”.

Azərbaycanda yas cəhaləti

“Harada görünüb ki, yas süfrəsində ananas, banan, ləpə verilsin? Hətta Novruz bayramında süfrəyə qoyulan çərəzlər də bu süfrələrdə olur. Bu yolverilən bir şey deyil. Azərbaycan cəhalətə sürüklənir”, -bu sözləri sosioloq Cümşüd Nuriyev deyir. Onun fikrincə, Azərbaycanda yas mərasimləri göstəriş yerinə çevrilib. Və insanlar bazar iqtisadiyyatı ilə bazarı qarşıdırıblar.
“İnanın bu adamların əksəriyyəti ölmüş yaxınlarının sağ vaxtı o qədər də qiymətini bilmirlər. Onlara elə gəlir ki, belə etməklə ölülərinə hörmət qoyurlar, amma əksinə onu hörmətsizləşdirirlər. Çünki hamı öləndən sonra Allah qarşısında eyni ölçü ilə qəbul olunur”.
Cümşüd Nuriyevin sözlərinə görə, imkanlı şəxslərin çoxu, elmdən, təhsildən, dindən uzaqdırlar: “Bu insanlar hər şeyi pullarını nümayiş etdirmək üçün edirlər, çünki özlərini başqa cür göstərmək imkanları yoxdu. Ya toylarda nəzərə çarpmalıdırlar, ya da yaslarda. Toyu başa düşmək olar, amma yası heç cür. Yas mərasimlərinə o qədər aludə olublar ki, süfrədə bircə araq əksikdi”.

Borc pulla saxlanılan yas mərasimləri

Vüqarın 26 yaşı var. Tikintidə fəhlə işləyir. Üç il öncə dekabr ayında atası dünyasını dəyişib. Onun sözlərinə görə, yas mərasimini keçirmək üçün borc etməli olub. Amma məclislərdən yığılan pulla borcunu qaytarıb. Kirayə çadır götürüb, çadırı verənlə tanış olduqları üçün qiymətdə güzəşt edərək gününə 120 manat ödəyib. Qəbir daşı isə 1500 manata başa gəlib. Dindar ailə olduqlarndan yalnız “3” məclisinə molla gətirilib, ona da 30 manat ödənilib. Söhbət zamanı “3” məclisinə alınan yeyinti məsullarının siyahısı ilə qarşılaşdıq. Bu siyahını sizə təqdim edirik:

Çadır kirayəsi- 120 man.
Çay - 2 kq- 10 man
Qənd - 10 kq- 10 man
Xurma - 20 qutu- 30 man
Limon - 40 ədəd - 8 man
Şəkər - 10 kq - 10 man
Marmalad - 6 kq- 18 man
Kartof - 1 kisə- 36 man
Yağ - 10 kq - 50 man
Mal əti - 14 kq- 100 man
Un - 10 kq- 6 man
Kürə çörəyi - 250 ədəd- 80 man
Yuxa - 250 ədəd- 25 man
Pendir - 7 kq- 30 man
Qazlı su - 80 ədəd- 32 man
Kələm turşusu - 10 kq- 8.5 man
Göyərti(dovğa üçün) - 250 dəstə- 25 man
Tərxun - 10 dəstə- 5 man
Tomat - 5 ədəd- 8 man
Alça qurusu - 3 kq- 18 man
Salfet - 30 qutu- 15 man
Süfrə duzu - 2 qutu-2 man
Xörək duzu - 4 qutu- 2 man
Mixək - 1 qutu- 2 man
Sarıkök - 2 qutu- 4 man


Cəmi: 654.5 manat

Qeyd edək ki, mərhumun “2”, “3”, “7”, “40” və “7 cümə axşamı” mərasimi də keçirilib.

“VİP” çadırlar...

Bakının hardasa hər küçəsində çadırların kirayəsi ilə məşğul olan müəssəsəyə rast gəlmək mümkündü. Yollarda yaranan tıxacların da səbəbkarı çox vaxt yolun ortasında qurulmuş bu çadırlar olur. Yaxınını itirən şəxslər bu xidmətdən yararlanmağa sadəcə məcburdurlar. Biz də bir neçə müəssəsədə çadırların kirayəsinin neçəyə başa gəldiyini soruşduq. İşçinin sözlərinə görə, çadırın 12 saatlıq kirayəsi 200-250 manata başa gəlir. Çatdırılma, quraşdırılma, “qara madonna” qablar, masalar, kətillər də xidmətə daxildi. Ölü sahibi qulluq emək üçün ofisiant istəyirsə o da təşkil olunur. Amma bunun pulu xidmətə daxil deyil. Çadır bir neçə gün qurulu qalarsa, qiymətdə güzəşt edilir. Bundan başqa, rayonlarda da bu xidməti göstərmək mümkündü. Məsələn, bir dəfə Şirvan şəhrinə gediblər. O zaman da maşının yol xərclərini nəzərə alıb qiyməti artırıblar. İşçinin dediyinə görə, qiyməti 1000 manatdan başlayan bahalı çadırlar da var. Bunlara “VİP” çadırlar deyilir. Ucuzlardan fərqi döşəməsi, tavanı, pərdələri, yumşaq masaları, hətta ayaqyolusunun olmasıdır. 
Başqa bir çadır kirayədarı isə eyni xidmətlərin 100-150 manata başa gəldiyini dedi.

Qeyd edək ki, Təzə Pir məscidinin tərkibində mərasim zalları fəaliyyət göstərir. 50-1000 nəfərlik zallarda yas mərasimlərini keçirmək mümkündü. “Standart menyu” ilə masanın hər biri 12 manat dəyərindədi.
Burada yas mərasimini keçirən şəxsin bacısı Eliza xanım qiymətin sərf etmədiyini dedi. “Süfrəyə aş, dovğa, xurma, konfet, yuxa, çörək, göyərti, pomidor-xiyar, turşu, qazlı su qoyulmuşdu. Bir mərasim üçün 5000 manat pul ödədik”.

Kasıbların və varlıların daşı

Qəbir daşlarının emalı ilə məşğul olan Eldar Əliyev deyir ki, adi daş və mərmərdən qəbir üstləri düzəldilir. Adi daşın da növünə əsasən qiymət 350-650 manat arasında dəyişir. Mərmər daşlarının qiyməti isə 1200 manatdan başlayır. Ən çox adi daş qəbir üstləri sifariş olunur. 
Qəbir daşlarının üzərinə şəkil həkk edən Ağahüseyn İsayev isə bizə iş prosesini anladır. “Əvvəlcə şəkil böyüdülür. Altına qara kağız qoyularaq daşın üzərinə iz salınır. Sonra həmin izlər təbaşirlə ağardılır. “Bəzən izlər aydın düşmür. Onda problem yaranır. Şəkli daşın üstünə toplu iynə, bir də matorlu iynə ilə döyürəm. Bir şəkilin döyülməsi 60-70 manatdır. Aya 10 və daha artıq sifariş alıram”.
“Daşların hamısı eyni olmur. Yaponiyadan, Ukraynadan gələn daşlar döyüləndə tam ağarmır. Müştəri də deyir, yox ağarmalıdır. Onda mübahisə yaranır. Bu günə qədər şəkil döydüyüm daşların sayını itirmişəm. Bir şəkli 4-5 günə tamamlayıram” – A.İsayev bu sözləri də dediklərinə əlavə edir.

Molla məsələsi...

Yas mərasimlərinə “molla”ların gətirilməsi adi hal alıb. Əksəriyyət mərhumun ruhunu şad etmək üçün duaların oxunmasının, mərsiyyələrin deyilməsinin savab əməl olduğu düşüncəsindədi. Amma günümüzdə mollalıq bir peşə kimi fəaliyyət göstərir. Və bir çox insanlar dini biliyinin səviyyəsindən asılı olmayaraq bu peşə ilə məşğul olmaqdadır. Səbəb isə çox sadədir. Bu gəlirli peşədir.

Dini ekspert İlqar İbrahimoğlu İslamda, ümumiyyətlə ritualları həyata keçirən xüsusi bir kastanın mövcud olmadığını deyir. Onun sözlərinə görə, bu, daha çox Rus imperiyası dönəmində yer alan kastalaşdırma tendensiyasının və Sovetlər zamanı həyata keçirilən güclü dinsizləşdirmə kampaniyasından doğan bir mənfi modeldir. İnancımızın nəzərində vacib rituallara görə pul almaq ümumiyyətlə yolverilməz sayılır. O, məsələnin həllinin gerçək İslam maarifçiliyindən keçdiyini və konkret bu mövzunun ən yaxşı həll variantının vəqf modelinin real işə salınması sayəsində baş tuta biləcəyini dedi.

İsrafçılığın qarşısının alınması

Araşdırma zamanı öyrəndik ki, Naxçıvan Muxtar Respublikasında yas mərasimləri Bakıdan fərqli keçirilir. Naxçıvan sakini Hacı Qasım Qahablı deyir ki, əvvəllər Naxçıvanda da bəzi varlı adamların yas mərasimi digərlərindən fərqlənirdi. Amma Ali Məclis sədri tərəfindən xüsusi göstəriş verildi ki, xeyir şər evlərində yas mərasimlərinin hamısı eyni şəkildə keçirilsin. Bundan sonra əhali də bunu çox xoş qarşıladı. İndi Naxçıvanda yas mərasimi əsasən 3 gün olur. Mərhumun “3”-ündə ehsan verilir. İlk iki günsə yalnız süfrədə çay, limon və xurma olur. Havalar isti olanda su da qoyulur. Ehsan günündə isə bir cür yemək və salat verilir. Yemək şəxsin istəyindən asılı olaraq plov və ya sous olur. “Cümə axşamı” və “Qırx” isə yalnız yaxın qohumlar və uzaqdan gələnlər üçün kiçik məclis şəklində olur.

Araşdırma aparan zaman Bakının Fatmayı kəndində ehsanın geniş şəkildə verilmədiyini öyrəndik. Fatmayi kənd İmam Hüseyn Məscidinin axundu Raminin sözlərinə görə, keçmiş zamanlarda camaat dinlə getmirdi, qəbir üzərində şam yandırmaq və qəbir daşlarının üzərinə su çiləmək kimi adətlərə riayət edirdilər. İndi isə, insanlar dinə daha çox yaxınlaşırlar: “Abşeron rayon icra başçısı Zakir Fərəcov qərar verib ki, yas məclisləri təntənə ilə keçirilməsin. Bunun səbəbi insanların ehsan vermək üçün borc etməsi, hətta faiz altına girməsi hallarının çoxalması olub. Fatmayı kəndində artıq mərhumun “2”, “3”, “7” , “40” məclisində yemək verilmir, yalnız çay süfrəsi açmaqla kifayətlənirlər”. Raminin sözlərinə görə, bu qərara radikal mövqe göstərənlər də oldu, amma təbii ki, çoxluq yaxşı qarşıladı. Heç kim özü ölüsünü başqasının ölüsündən artıq saymır”.
Fatmayı kənd sakini Mübariz Mikayılov isə “3” və cümə axşamları mərasiminin belə keçirilməsi ilə razılaşdığını, amma “40” məclisini geniş keçirdiklərini dedi. Səbəb isə heç olmasa bir dəfə mərhumun ruhuna geniş ehsanın verilməsidir.

“Gülər üz də ehsan sayıla bilər”

“Bu gün insanın qəlbinə qonşudan geri qalma prinsipi hakim kəsilib. İnsanlar arasında gərəksiz rəqabətin aparılmasının toylardan yaslara keçməsi anını yaşayırıq. Hər kəsin öz yas mərasimini sadə formada, maddi və mənəvi ziyanlara düşmədən, mərhumun ruhuna əngəl gəlməyəcək şəraitdə keçirməsi daha qəbulolunandı. Yemək-içməkdən başqa bu mərasimlərdə dini məsələlərdə də həddini aşma anları olur. Təəssüf ki, Azərbaycanda ehsan anlayışı “aş” səviyyəsində anlaşılır. Bu cahillikdən doğan bir şeydi. Gülər üz də ehsan sayıla bilər”, - bunu şərqşünas Camal Əzimbəyli dedi. Onun fikrincə, əhalini bu cəhalətdən xilas etməyin yeganə yolu var, o da dini maarifləndirmədir: “Azərbaycanda İslami maariflənmə sistemli şəkildə qurulmalıdır. Orta məktəblərdə İslam dini və digər səmavi dinlər dərs kimi keçilməlidir. Belə olsa hər kəs öz haqq və hürriyyətlərini doğru anlayar”.

Günel Səfərova

 

 

 

 






1 İyul, 2013  16:35 Baxılıb: 4462 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner