Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GƏLƏCƏYİ PUÇ EDİLƏN ÜMİDLƏRİMİZ – ARAŞDIRMA

Bu gün Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdü

“Bir bacım var, anam xəstədir. Evimizdə danışanda eşıtmişəm ki, atam balaca olanda bizi atıb gedib. Ona görə də işləyirəm. Nə bacım, nə də mən məktəbə gedirik. Gecəyə qədər küçələrdə tütək çalıram, pul verənlər də olur verməyənlər də” - bu sözləri 9 yaşlı Orxan deyir. İsmayıl isə deyir ki, küçədə maşın silir. On qardaşdılar. Birlikdə çalışır, kirayə evdə yaşayırlar. Gündüzlər isə sığınacağa gəlirlər. İsmayıl da oxumaq istəyir. Amma sənədi yoxdur deyə heç bir məktəbə qəbul etmirlər.

Əhalinin siyahıya alınmasına əsasən 1900-cü ildə ABŞ-da 1,7 milyon həddi-buluğa çatmamış uşaqların, böyüklərlə bərabər məcburi çalışdığı ortaya çıxıb. Artıq o vaxta qədər bir çox ştatlarda uşaq əməyinin qadağan olunmasına baxmayaraq, bəzi yerlərdə hələ də bu qanun höküm sürürdü. Yalnız 1908-ci ildə qadağa bütün ölkəyə yayıldı, həm də bundan sonra bu problemin aradan qaldırılmağı üçün illərlə vaxt lazım oldu.

10 il əvvəl isə Beynəlxalq Əmək Təşkilatı (BƏT) 12 iyun gününü Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi təsis edib. BƏT-in növbəti qərarında deyilir:

"Yüzlərlə, milyonlarla oğlan və qız uşaqları bütün dünyada işlə məşğul edilib, hansı ki, bu onları adekvat təhsildən, səhiyyədən, istirahətdən və əsas azadlıqlardan məhrum edir, onların hüquq və haqlarını pozur".

Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü ölkəmizdə uşaq əməyi ilə mübarizənin hansı vəziyyətdə olduğunu araşdırmaq istədik. Öncə Statsitik məlumatlara nəzər yetirək: Daxili işlər nazirinin müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov Milli Məclisə təqdim etdiyi illik hesabatda bildirib ki, 2012-ci ilin 10 ayında Azərbaycan polisi tərəfindən aparılmış reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən edilib.

Bəs bu uşaqların taleyi necə olacaq? Onlarla maraqlanan varmı? Onlar harda və necə yaşayırlar? Bu suallara cavab tapmaq üçün Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən “Müvəqqəti Sığınacaq-R-inteqrasiya Mərkəzinin direktoru Dadaş Əhmədova müraciət etdik. D.Əhmədov dedi ki, bu gün taleyi sual altında olan onlarla uşağa rast gəlmək olar. Onların bu sahədə önəm verdikləri əsas məsələ ailə zorakılığına qarşı mübarizə və küçə uşaqları ilə işdir: “Bununla əlaqədar təşkilatımız yerli dövlət qurumları və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir və onların dəstəyi ilə sözügedən məsələnin həlli üçün 5 ilə yaxındır intensiv iş görür. Nəticə olaraq, 2007-ci ilin sonundan AUB nəzdində gün ərzində fəaliyyət göstərən uşaq sığınacağı yaradılıb. 2010-cu ildən isə bu sığınacaq bütün günü fəaliyyət göstərir. Uşaq Birliyi Sığınacağı insan alveri qurbanı ola biləcək uşaqların müdafiəsi üçün tədbirlər həyata keçirir. Sığınacağımızda onlara tibbi, hüquqi, psixoloji xidmətllər göstərilir. Məktəbə getməyən uşaqlara dərslər tədris olunur. 2012-ci ildə BMT-nin Bakı ofisi baxımsız uşaqlar üçün layihələrimizi dəstəkləyib. Aprel ayında nazirlik tender elan edib və biz müraciətlərimizi etmişik”.

D.Əhmədovun sözlərinə görə, sığınacaqda yaşayan uşaqların əksəriyyəti ailəsindən qaçmış, müxtəlif səbəblərdən küçəyə düşmüş uşaqlardır: “Səhiyyə Nazirliyi tərəfindən dəstəklənən “Zərərin azaldılması” proqramı çərçivəsində baxımsız uşaqlarla tez-tez maraqlanırıq. Həmçinin sənədi olmayan uşaqlara sənəd almaqda kömək edirik. Müxtəlif yollarla sığınacağımıza düşmüş uşaqları ailələrinə qaytarmağa, yaxud dövlət müəssisələrinə yerləşdirməyə çalışırıq. Bütün bunlar mümkün olmadıqda isə müəyyən yaş həddinə çatana qədər burda qalırlar. Uşaqların sayı dəyişkəndir. Məsələn, ötən il bu rəqəm 109 nəfər təşkil edirdisə, indi sığınacağımızda olan uşaqların sayı 31-dir”.

QHT Alyansı idarə heyətinin sədri Nazir Quliyevsə deyir ki, onlar ailə mühitindən kənar düşmüş uşaqlarla məşğul olurlar: “Bu uşaqların həyatı üçün bir çox problemlər yaranır. Uşaqlar təhsil ala, sağlamlıqlarının qeydinə qala bilmirlər. Onlarda yoluxucu xəstəliklərin yayılması riski daha böyükdür. Araşdırmalar bu cür uşaqların zorakılığa məruz qalma hallarının geniş yayıldığını da göstərir. Xarici ölkələrdə bu sahədə bir çox tədbirlər aparılır, onlar üçün xüsusi mərkəzlər yaradılır. Psixoloji vəziyyətlə əlaqədar ailə mühitindən kənar düşmüş uşaqların əsas probleməri öyrənilir, uşaqların bu vəziyyətə düşməsinin qarşısının alınması üçün, ailəyə dəstək proqramları icra olunur. Təəssüf ki belə mərkəzlər Bakıda barmaqla sayılacaq qədərdi. Regionlarda isə belə mərkəzlər yoxdu. Bu uşaqlar üçün sosial yardım xidmətləri yaradılmalıdı. Həmin uşaqlara psixoloji, tibbi xidmət göstərilməlidi. Bunlar yalnız beynəlxalq təşkilatların həyata keçirtdiyi proqramlar çərçivəsində yox, dövlətin sosial sifarişləri nəticəsində də həyata keçirilməlidi. Hesab edirəm ki, bu işdə icra qurumlarının bələdiyyələrin rolu güclənməlidi. Çünki küçədə yaşayan uşaqların problemi bir anlıq həll olunan məsələ deyil, davamlı olaraq baş verən prosesdi. Bu uşaqlara da davamlı olaraq xidmət göstərilməlidi. Məsələnin köklü həlli isə onların küçələrə düşməsinin birdəfəlik qarşısını almaqdı”.
N. Quliyev qonşu ölkələrin təcrübəsinə də nəzər salmağın vacibliyini qeyd etdi: “ABŞ Dövlət Departamentinin hesabatında, BMT-nin Uşaq Komitəsinin 3 Fevral 2012-ci ildə Azərbaycanla bağlı tövsiyəsində küçədə yaşayan uşaqlarla bağlı məsələlər müzakirə edilib. Sosial problemli təhlillərin aparılması, eyni zamanda onların ailəyə qaytarılması prosesində dövlət orqanlarının böyük rolu var. Avropa ölkələrində küçədə tapılan uşağın ailəsinə qaytarılmasıyla bağlı reqstrasiya proqramları mövcuddur. Yəni, uşağın bioloji ailələrə qaytarılması mümkün deyilsə, həmin uşaqların küçələrdən uzaqlaşdırılması üçün qəyyumluğa götürülməsi həyata keçirilir. Ümumiyyətlə, küçəyə düşmüş uşaqların çoxu boşanmış ailələrin uşaqlarıdı. Bütün bunlar onların psixologiyasına çox pis təsir edir. Uşaq həmişə özünü cəmiyyətdən kənar, lazım olmayan şəxs kimi hiss edir.

“Müasir Uşaq Psixologiya Mərkəzi”nin psixoloqu Aidə xanımsa uşaqların psixoloji durumundan narahatdır: “Bu uşaqlar düşünürlər ki, “məni başa düşən dostum valideynimdən daha yaxındır”. Onlar bu kateqoriyadan olan insanlarla daha yaxın və mehriban münasibət qururlar. Bu uşaqların belə bir xüsusiyyəti olur ki, onlar insanlara qarşı aqressivləşirlər, hətta öz yaxınlarına qarşı da. Şiddətə qarşı çıxaraq ailəni tərk edirlər. Bu uşaqlarda aktiv olaraq kiməsə uyğunlaşma, ünsiyyətə girmə yüksək olur. Bir müddət sonra onlarda utancaqlıq hissi itməyə başlayır. Onlar heç bir mənfi davranışı özləri üçün ar hesab eləmirlər. Belə olan halda, istənilən davranışı özlərinə rəva bilirlər”.
Psixoloq deyir ki, küçə uşaqlarında yoluxucu xəstəlik şəkli alan, birindən digərinə ötürülən xarakterik xüsusiyyətlər mövcuddur: “Zaman keçdikcə bir-birlərinə bənzəməyə başlayırlar, bir-birlərinə sığınırlar, biri digərinə qarşı daim diqqətli olmağa çalışır. Onlar öz beyinlərinə, psixikalarına uyğun bir qrup yaratmaq istəyirlər. Hansı ki, bu normalara meylli olmayan qeyri-standart bir qrupdu. Bu baxımdan, demək olar ki, küçə uşaqlarının reabilitasiyası çox vacibdir. Əgər reabilitasiya olmazsa, gələcəkdə insanlara qarşı onlardan hər hansı müsbət addım, müsbət münasibət gözləyə bilmirik.
Demək olar ki, küçə uşaqlarının hamısı qeyri-standart və natamam ailələrdən çıxırlar. Bəziləri atılmış olur, çoxlarının sənədi olmur. Onlarla ünsiyyətdə olanda görünür ki, hər birinin psixoloji travması var və məhz o problemlərə görə onlar küçə həyatını seçirlər.
Küçə uşaqlarının davranışında dağıdıcı, zərərverici meyllər yüksək olur, neqativ davranışları götürməyə daha çox meylli olurlar. Bu onlar üçün maraqlı, çəkici və əyləncə predmeti rolunu oynamağa başlayır. Ona görə də narkomaniya, alkoqolizm kimi vasitələrə tez yönəlirlər. Müəyyən bir yaş həddinə çatdıqdan sonra bu uşaqlarda oğurluğa meyllilik yaranır.Yalançılığa meyllilik,insanları aldatma, vədinə əməl etməmək, məsuliyyət, qayğı, inam hissinin aşağı olması, işgüzarlığın zəif olması, kimi hallar bu uşaqların tipik psixoloji xüsusiyyətləridir. Bunun başlıca səbəbi onların
natamam ailələrdən çıxmasıdı”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev isə bildirir ki, küçə uşaqları ilə bağlı layihə hazırlayırıq, onu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə hazırlamaq fikrindəyik. Əmək müfəttişi manitorinq işini aparacaq biz isə uşaqların maarifləndirməsi işini həyata keçirəcəyik. Yəni, valideyinlərin və uşağı qanunsuz işə götürənlərin maarifləndirilməsi aparılacaq. Polislə qarşılıqlı tədbirlər planı həyata keçiriləcək. Ərazidə işləyən azyaşlı uşaq varsa onlar araşdırılacaq ya valideynləri, ya da onları işlədən şəxslər məsuliyyətə cəlb olunacaqlar. Bu il ərzində bu layihə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi orqanları və digər aidiyyatı orqanlarla razılaşdırılacaq. Təkliflər edilib sənədləşmə və icrası qalıb.
Hazırda “valideyin mənsuliyyəti ilə bağlı qanunvericiliyə” dəyişiklik işi aparılır. Yeni layihədə uşağı ilə maraqlanmayan hər bir valideyn məsuliyyətə cəlb olunacaq. Uşağı ilə maraqlanmayan hər bir valideynə cərimə tətbiq olunması göstərilir, onların valideyinlik hüquqları məhdudlaşdırıla bilər. Bizim qarşımızda duran problem ölkədə realibitasiya mərkəzinin olmamasıdı. Baxımsız küçə uşaqlarının aşkarlanması, ailələrə cəlb olunması, uzun bir prosesdi. Biz risk qrupunda olan ailələri müəyyənləşdiririk hansı ailələrdə uşaqların küçə həyatına məruz qaldığını dəqiqləşdiririk. Ola bilsin, valideyn maddi səbəblərlə bağlı uşağına baxa bilmir, ya da tüfeyli həyat tərzi keçirir.

Əmək və Əhalinin Sosial müdafiə Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin sektor müdiri Vüqar Behbudov isə 30 dekabr 2012-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Sosial Sifarişlərin Hüquqi Komitəsinin təsdiq olunduğunu dedi: “Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmətlərin təşkili və yerinə yetirilməsi üçün həmin komitəyə sifarişlər verir. Yaxın iki ay ərzində yetkinlik yaşına çatan və çatmayan baxımsız uşaqlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin yaradılması planlaşdırılır. Ancaq sığınacaqlar tam hazır olmadığı üçün verilən sifarişlərin icrası yarımçıq qalıb. Respublikada 7 yerdə sığınacaqların tikilməsi üçün layihə sənədi təşkil olunub. Sosial təhlükəli vəziyyətdə olan uşaqlarla bağlı sifarişlər vermişik”.
Nazirlik rəsmisi deyir ki, yetkinlik yaşına çatmayan sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası ilə bağlı müsabiqə elan olunub. Sənədlər qəbul olunub. Müsabiqə artıq yekunlaşır. Müsabiqə komissiyası yaxın günlərdə yekun qərarını verəcək: “Müsabiqənin nəticələri 7-10 gün ərzində açıqlanacaq və ilkin müsabiqə qalibləri ilə müqavilə bağlanacaq. Həmçinin “Sağlamlıq inkişafından məhdud uşaqlar” üçün də layihə hazırlanıb. Ancaq hazırda əsas diqqət mərkəzində olan layihə sırf baxımsız uşaqlarla bağlı layihədir. Baxımsız uşaqlar üçün “qaynar xətt”in yaradılması ilə bağlı da sifariş verilib”.

İyunun 6-da isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmət sahələri üzrə dövlət sifarişlərinin yerinə yetirilməsi üçün elan edilmiş müsabiqələrin ilkin yekunlarına dair təqdimat mərasimi keçirilib. Beynəlxalq təşkilatların, aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirin məqsədi müsabiqələrin nəticələrinin elan edilməsi və icra ediləcək layihələr haqqında məlumatların ictimaiyyətə təqdim edilməsindən ibarət olub.
Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 mart 2012-ci il tarixli Fərmanı ilə tətbiqinə başlanılan «Sosial xidmət haqqında» Azərbaycan Respublikası Qanunu bu sahədə, o cümlədən sosial cəhətdən risk qrupunda olan və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı xidmətlər sferasında çoxtərəfli rəqabət mühiti şəraitində daha effektli reabilitasiya imkanları yaradır. Nazir bildirib ki, Sərəncamın yüksək səviyyədə icrası və ən başlıcası Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan vəsaitin sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara göstərilən sosial xidmətlərdə nəzərə çarpan keyfiyyət yüksəlişinə səbəb olmaqla səmərəli xərclənməsi nazirlik üçün prioritet vəzifəyə çevrilmişdir.
Eyni zamanda, burada ixtisaslaşmış qeyri-hökumət qurumlarının daha geniş şəkildə iştirakına şərait yaradılmaqla onların müsbət xidmət təcrübəsindən maksimum istifadə olunması diqqətdə saxlanılır. Elan olunmuş müsabiqələrə ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən yüksək marağın müşaiyyət olunması müvafiq sahədə dövlət sifarişlərinin icrasında arzu olunan rəqabət mühitinin yaradılması, bu sifarişlərin icrası üçün daha effektli iş təcrübəsinə malik tərəfdaşların seçilməsi üçün münasib şərait formalaşdırır.«Ona görə də bizim praktikamızda sağlamlıq imkanları məhdud uşaqlara, eləcə də sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara münasibətdə yeni meyillər - sosial və həm də sistemli yanaşma əsasında sosial inteqrasiyaya şərait yaradan xidmət tendensiyaları genişlənir»-deyən nazir F.Ələkbərov bildirib ki, belə tədbirlər həmin uşaqların cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hüquqlarının tam reallaşmasına, onların tədricən cəmiyyətin digər üzvləri sırasına keçərək, ictimai həyatın fəal və müstəqil subyektinə çevrilərək özlərini təsdiqləməsinə yol açır. Nəticədə bu proseslər ölkədə insan faktoruna yönələn diqqətin daha da artmasını, insan kapitalının inkişafına verilən önəmin bütün sferalarda təsdiqini tapmasını şərtləndirəcək.

Maraqlı məqam ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elan etdiyi müsabiqənin yekunlaşdığını bildirsə də, hansı QHT-lərlə əməkdaşlıq ediləcəyini nədənsə açıqlamadı. Görünür bu işdə də nazirliyin öz marağı var.

Ortaya çıxan digər problemlər ondan ibarətdir ki, ölkədə indiyədək uşaqların reabilitasiya mərkəzi tikilməyib. Baxımsız uşaqların sağlamlığı, onlardan əməkdə istismarın qarşısı yetərincə alınmayıb. Bu uşaqların insan alverinin qurbanınına çıvrilib. Onlardan kimlərsə öz məqsədləri üçün istifadə edib.

Qeyd. Bu gün də Bakıda – yol kənarlarında, metroların girişində, baxımsız, müxtəlif işlərlə məşğul olan, əyin başlarından cin hürkən uşaqları görəndə təəccüblənməyin. Bütün bunlar Azərbaycan reallığıdır.

Aysel Kərimova







12 İyun, 2013  14:59 Baxılıb: 2634 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner