Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

Mahir Cavadov keçmiş baş prokurorun dediklərinə güldü

«Əli Ömərova inananlar elə onun səviyyəsində olanlardır»

Keçmiş baş prokuror Əli Ömərovun «Yeni Müsavat» qəzetinə verdiyi müsahibədə yaxın keçmişimizə boylanaraq özü ilə bağlı olan bəzi məsələlərə aydınlıq gətirməyə çalışıb. Ömərovun vəzifədən gedəndən sonra övladlarına vəzifə verilməməsi və YAP-ın guya onun Gəncədəki kabinetində yaradılması barədə dedikləri hakim partiya tərəfindən təkzib olunaraq, Əli Ömərovun özü tənqid atəşinə tutulub. Eks baş prokuror həm də hazırda siyasi mühacir həyatı yaşayan və Xətai rayon prokuroru olmuş Mahir Cavadov barədə danışıb. Deyib ki, onun cinayətkarlığa qarşı apardığı mübarizə bəzilərinin, o cümlədən Cavadovun maraqlarına cavab vermədiyi üçün silahlı təzyiqlərə məruz qalıb. 
«Mən caniləri tutduğuma görə Cavadov qardaşları Baş Prokurorluğa basqın elədilər, mən də qardaş qırğını olmasın deyə istefa verdim. Onlar mənim istefamı tələb edirdilər, fikirləşdim ki, bunun xalq üçün ağır nəticələri olar, ona görə də könüllü istefa verdim. Onlar məndən sonra da dövlət çevrilişi etmək istədilər. Mənim tutduğum adamlar buraxıldı, amma sonra yenə həbs edildilər. OMON-çu olan Fazil Muxtarov hələ də həbsdədir. Onlar
Afiyyədin Cəlilovla Şəmsi Rəhimovu öldürmüşdülər».
«Həqiqətən Cəlilovla Rəhimovu həmin adamlar öldürmüşdü» sualına keçmiş baş prokuror belə cavab verir: «Bəli. Orada müəmmalı heç nə qalmamışdı. Çünki həmin cinayət işi üzrə materialları dəqiq bilirəm. Göstərilən maşınların həmin hadisə yerindən getməsi barədə ekspertizanı şəxsən özüm keçirmişəm. Maşının təkərindən götürülən torpaqla hadisə yerindəki torpağın mənşəyi eyni idi. Deyirdilər ki, guya həmin vaxt onlar toyda olublar, amma üzləşmədə bunların hamısı yalan çıxdı. Məndən sonra da həmin işi təhqiq etdilər, təsdiqləndi ki, cinayəti onlar törədiblər».
Ə.Ömərov Mahir Cavadovla bağlı belə deyib: «Mahir Cavadov Yasamal Rayon Polis Şöbəsinə gələndən sonra demişdi ki, cibində qumbara olub, istəyirmiş Əli Ömərovla Vaqif Novruzovu partlada. Amma biz öz vəzifəmizi yerinə yetirdik...Qəflətən otağıma hücum oldu. Kabinetimdə oturmuşdum, bir də gördüm atışma səsləri gəlir. Mühafizəçilərimə dedim ki, bir nəfərə də güllə atmayın, kimsənin burnu qanamamalıdır. Mən baxırdım ki, bunlar cinayətkar dəstədir, hamımızı öldürə bilərlər. İçərilərində narkotik qəbul etmişləri də var idi. Hücum edənlərin içərisində “Malış” ləqəbli biri var idi, sonralar eşitdim ki, onun üzərinə benzin töküb yandırıblar. Belə bir canilərin hücumuna məruz qalmışdım, ona görə də qan düşməməsi üçün dedim ki, bunlara güllə atmayın. Bir dəstə avtomatlı adam, əllərində kamera, girdilər otağa, sorğu-sualsız sinəmə avtomatı dirədilər».
«Konkret tələbləri nə oldu» sualına Ömərov belə cavab verir: «Dedilər Heydər Əliyevin həbsi üçün sanksiya ver. Dedim ki, niyə verməliyəm? Hansı cinayəti eləyib ona sanksiya verim? Mahir dedi səni öldürəcəyik, dedim öldürün, belə şərəfli ölümü şərəfsizlik edib yaşamaqdan üstün tuturam. Mən İxtiyar Şirin deyildim ki, öz prezidentimə sanksiya verim. Sonra hadisə yerinə Rövşən Cavadov gəldi, Mahirə bir şillə vurdu ki, niyə Əli Ömərova hücum eləmisən, onun günahı nədir? Bundan sonra prezidentlə danışdı ki, biz bu dəqiqə buradan çıxırıq, Əli Ömərovu buraxırıq getsin».
Ə.Ömərov Cavadov onun kabinetində olarkən qorxusundan stolun altına girməsi barədə yazılanları da təkzib edir.
Məlum hadisələr zaman-zaman gündəmə gəlir, müəyyən şəxsmlər ittiham olunur. Həmin hadisələrin əsas fiqurlarından sayılan bəzi insanlar dünyalarını dəyişiblər. Bəzilərinin isə səslənən ittihamlara, fikirlərə cavab vermək imkanları, yaxud da iradələri yoxdur.
Məlum olaylarda daha çox adı hallanan Avstryada yaşayan, keçmiş prokuror Mahir Cavadovla dünən sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb Ə.Ömərovun fikirlərinə münasibətini öyrəndik.
M.Cavadova görə, Ə.Ömərov onunla bağlı müsahibədə dediklərini 1995-ci ilin mart hadisələrindən sonra parlamentdə demişdi: «AzTV-də bunu canlı yayımlamışdı. Həmin vaxt Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov yerdən replika ataraq bildirmişdi: «Əgər siz deyənləri bişmiş toyuq eşitsəydi yəqin ki, o da sizə gülərdi. Mən də onun dediklərilə tam şəriyəm. O ki qaldı Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun qətllərinə, o şəxslər hakimiyyət nümayəndələri tərəfindən öldürülüb. Bunu Azərbaycanın xaricindəki bütün məhkəmələrdə sübut etmişəm. Hansılar ki, Bakıda hakimiyyətdə olan qüvvələr mənim həbsimi Azərbaycana təhvil verilməyimi tələb edirdilər. Amma Şərqdə və Qərbdə olan müstəqil məhkəmələr mənim müəyyən şəxslərə qarşı olan ittihamlarımla razılaşdılar deyə, haqlı olmağım barədə qərar çıxardılar. Elə müsahibədə də açıq olaraq əliyevləri ittiham etməyim bu fakt üçün sübutdur. İndi Əli Ömərova inananlar elə onun səviyyəsində olanlardır. Dünyadakı bütün rəsmi, hüquqi qurumlar mən deyəni deyir, hakimiyyətin tutuquşusu olan Ömərovun söylədiklərini yox! İstərdim ki, Ömərovla bağlı sizin suallara verdiyim cavabı siyasət rubrikası deyil, yumor səhifəsində verəsiniz».
«Gündəm-siyasət»






1 Fevral, 2011  15:14 Baxılıb: 7600 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16