Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

MÖHTƏŞƏM FESTİVAL, AZƏRBAYCAN GUŞƏSİ, HƏR KƏSİ AĞLADAN ZƏNCİ BALASI – REPORTAJ

.

əvvəli http://simsar.az/news/a-35022.html

Öncəki yazıda İzmirə gəlməyimizdən, burda əhalinin ümumi vəziyyətindən, dənizkənarı parkda gəzintimizdən danışmışdım. Artıq növbə yetişdi İzmirə getməyimizin əsas məqsədinə. Onu deyim ki, ümumiyyətlə Türkiyəyə getməkdə əsas məqsədimiz 11-ci Beynəlxalaq Türk Dili Olimpiadaları Festivalında iştirak etmək idi. Hazırda İzmirin ən böyük parkında - “İzmir Kültüpark Fuar Merkezi”ndəyik

Dünyanın ən böyük dil festivalı

Bu il 11-cisi keçirilən Beynəlxalaq Türk Dili Olimpiadaları Festivalına 140 ölkədən 1 milyon 2 yüz min adam qatılıb. Festival başlamazdan hələ bir gün öncə ölkələrin tanıtımı üçün sərgilər təşkil olunmuşdu. Qapalı və 4 salonda təşkil olunan sərgidə Hindistandan, Afrika ölkələrinə, Venesueladan Koreyaya, Rusiyadan Ərəb ölkələrinə qədər 110 ölkə öz milli mədəniyyət nümunələrini, tarixini, yaşam tərzini və mətbəxini nümayiş etdirirdi. 4 sərgi salonunda ən böyük guşə Azərbaycana məxsus idi. Azərbycana aid guşənin başlanğıcında ulu öndər Heydər Əliyevin və prezidentimiz İlham Əliyevin portretləri yer alıb. Azərbaycanın mədəniyyət inciləri Mömünə Xatun məqbərəsi, İçəri Şəhər, Kız Qalası, Qoşa Qala Qapısı, Yəhya Bakuvi Türbəsi və Sultan Murad Qapısının maketləri hər kəsi heyrətləndirdi. Azərbaycan guşəsinin digər tərəfində isə Naxçıvan guşəsi yer alıb. Azərbaycan guşəsi öz möhtəşəmliyi ilə hamını özünə çəkir. Burda ölkəmizin tarixini, qədim mədəniyyətini, geyimlərini, milli adət-ənənlərini, milli mətbəxini, şirniyyatlarını əks etdirən stendlər yer alıb. Bir tərəfdə milli musiqi alətlərimiz canlı ifa olunur, digər tərəfdə milli geyimli qızlarımız rəqs edir.
Azərbaycan mətbəxi, şirniyyatları, milli geyimləri, tarixi əşyaları, musiqi alətləri reklam olunur.

50 min bayraq, 50 min şar, 20 min paxlava və 20 min şəkərbura

Burda öyrənirik ki, festivalın açılış mərasiminə qatılan Azərbaycan nümayəndə heyəti və “Çağ” Öyrətim Şirkəti yeni rekordları ilə diqqəti çəkib. Böyüklüyü ilə seçilən Azərbaycan guşəsində ölkədən gətirilmiş 50 min bayraq, 50 min yazılı şar, 50 min Azərbaycan adı yazılmış yelpənək, 20 min tanıtım broşurası, 50 min qoz mürəbbəsi, 20 min paxlava, 20 min şəkərbura ziyarətçilərin marağına səbəb olub.
Şəkərbura, paxlava, şar, bayraq və yelpənəklər sərgi iştirakçılarına pulsuz paylanıb. Bu isə “Çağ” Öyrətim Şirkətinin bu dəfə sərgiyə tam fərqli şəkildə qatıldığını göstərir.

İzmirin İl Əmniyyət müdiri dedi ki...

Azərbaycan guşəsini ziyarət edənlərdən biri də İzmir İl Əmniyyət müdiri (İzmir şəhər Baş Polis İdarəsinin rəisi) Ali Bilkay idi. Ali bəy, Simsar.az-a xüsusi açıqlama verdi. Dedi ki, “Azərbaycan bizim kiçik qardaşımızdı. Burdakı azəri uşaqlar bizim öz övladlarımızdı. Mən Azərbaycanın əzəmətli guşəsini görəndə çox qürurlandım. Bunu yaradanlara əhsən. Azərbaycanı çox sevirəm və bu sevgimi götərmək üçün məhz bu guşədəyəm”. “Azərbaycanlılara bir sözünüz varmı?” sualmıza isə “Azərbaycana qucaq dolusu salamlar göndərirəm. Azərbaycanda çoxlu dostum var. Teymur adlı dostumsa bilirəm ki, məndən salam gözləyir. Sizin vasitənizlə Teymuru salamlayıram. Fuardakı insanlarda Azərbaycan bayrağını görmək çok hoş. Şimdi sizin şekerburanı və baklavanı da taddım. Çok güzelmiş. Hər kesin tadmasını tavsiye ederim”.

Kriştiano Ronaldo sərgidə
Sərgiyə xüsusi hazırlıq görən və digərlərindən fərqlənən ölkələr də var idi. Bunların arasında Hindistanın, Qazaxıstanın, Qırğızıstanın, Moldavanın, Makedoniyanın, Rusiyanın, Koreyanın və Portuqaliyanın da adlarını çəkmək olar. Hindistandan gələnlər qızların qoluna xına ilə gül çəkir, Koreyalılar isə yeməli böcəkləri reklam edirdilər. Qırğızlar xüsusi geyimləri ilə diqqəti çəkirdilər. Onların guşəsinin yanında çadırdan aul da var idi. Portuqaliya isə daha bir hiyləyə əl atmışdı. Kristiano Ronaldonun Türkiyədə yaşayan oxşarı guşəyə dəvət edilmişdi və onunla şəkil çəkdirənlərin sayı hesabı yox idi. Azərbaycandan gələn jurnalist olduğumuzu bilən türk Ronaldo bizi şəkil çəkdirməyə dəvət etdi. Ronaldodan ayrıldıqdan sonra sərgini xeyli gəzdim və ölkələrin özünəməxsus mədəniyyətləri ilə tanış oldum. Onu da deyim ki, sərgi iyunun 1-inə kimi davam edəcək.

Bir-birindən fərqli atraksionlar, ucuz qiymət

Sərgini gəzdikdən sonra bir az da parkı gəzmək qərarına gəldim. Onsuz da yoldaşlarımı itirmişdim və çətin tapa bilərdim. Saat 7-ə qədər vaxtım var idi. 7-də isə festival başlayacaqdı. İzmir kültür parkında xeyli atraksion quraşdırılıb. Atraksionların qiyməti də fərqlidir. Uşaqlar üçün olan atraksionlar digərlərindən ucuzdu. Məsələn, böyüklər üçün nəzərdə tutulmuş atraksionların qiyməti 3 lirədirsə (təx. 1,5 manat), böyüklər üçün atraksionlar 5 lirədi – yəni bizim pulla 2 manat 50 qəpik. Sözün açığı burdakı atraksionlar Bakıdakından xeyli ucuzdu. Kompyuter və fotoaparatın dərdindən yalnız 2 atraksionu sınaqdan çıxardım. Bunlardan biri şəhəri görmək üçün ən azından 20 metrə qalxan sakit yelləncək idi.

Səfirliyin nazirə oxşar xanım işçisi

Saat 7-yə qalmış festivalın keçiriləcəyi məkana üz tutdum. Yolda Azərbaycan bayrağı əlində tutmuş dəstəyə qoşuldum. Sən demə, bunlar Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələridi. Sonra da öyrəndim ki, mənimlə söhbətləşərək Azərbaycanın keçirəcəyi tədbiri axtaran və mühafizəçilərin onun qarşısından keçənləri yoldan kənarlaşdırdığı şəxs Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibovadır. Ancaq özüm də bilmədən bu şəxsi nazir zənn etmişdim və ona necə yaxınlaşdığımı, mühafizəçilərinin məni nə üçün qovmadıqlarını təsəvvür belə edə bilmirdim. Nəhayət, konsert salonuna çatdıq və mühafizəçilər salonun mühafizəçilərinə tapşırdıqları kimi bizi VİP zalından konsert salonuna buraxdılar. Konsert salonuna çatdığımdan səfirliyin işçisinə yenidən yaxınlaşıb, müsahibə almaq istədiyimi bildirsəm də müsahibə vermək istəmədi.
Amma əvəzində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin müdiri Ənvər Özərəndən müsahibə aldıq. Ənvər bəy çox məmnun görünürdü. Deyəsən, istəyinə çatmışdı. Çünki konsert salonunda 5 minə yaxın adam vardı. Hələ üstəlik İzmirdəki parkda gəzənlərin əlindəki Azərbaycan bayraqlarını demirəm. Nəhayət, bu sevinci öz sözləri ilə dilə gətirdi: “Bu il 11-cisi düzənlənən Uluslararası Türk Dili Olimpiatları Şöleninə bütün gücümüzle katılmışık. Azerbaycandan buraya 50 bin bayrak, 50 bin üzerinde Azerbaycan yazılmış şar, 50 bin Azerbaycan yazılı yelpenek, 20 min baklava, 20 bin şekerbura getirmemiz işte nasıl bir işin altına girdiyimizi gösteriyor. Azerbaycan her alanda başkalarından farklı olduğunu göstermeli. Şimdiye kadar böyle olub, bundan sonra da böyle olur, İnşallah. Azerbaycandan buraya bizi desteklemeye gelen kardeşlerimize selam ve sayğılarımı sunarım. Sağ olsunlar ki, bize destekleyirler”.

Zənci balası: “O gedib özümə gələ bilmirəm”

Azərbaycan konsertini TRT-nin məşhur aparıcılarından biri aparır. Tədbiri o qədər gözəl aparır ki, fikirləşirsən ki, Azərbaycandakı aparıcıları onun yanına kursa qoymaq lazımdı. Görmədiyi Şəkidən, “Piti”nin dadından, ləzzətindən, Azərbaycan mətbəxindən, Azərbaycan musiqisinin gözəlliyindən elə danışır ki, 5 min nəfərlik amfiteatrda (tədbir amfiteatrda keçirilirdi) hər kəs ağzıaçıq, heyranlıqla onun danışığını dinləyir. Alqışı elə istəyir ki, sanki bunu etməyə borclusan. Bir neçə azərbaycanlı uşaq oxuduqdan sonra Afrikadan, Somalidən tədbirə təşrif buyuran zənci balası Ahmed Somalilini səhnəyə dəvət edir. Bu zənci balası da “Əziz dostum, məndən küsüb inciyib” mahnısını elə gözəl, ürəkdən və səmimi oxuyur ki, elə bilirsən həqiqətən Azərbaycanda bir dostu varmış və bu zalım oğlundan küsüb, inciyib. O da yandığından belə oxuyur.
Konsert zamanı bir-birindən maraqlı, gözəl musiqi nümunələri, rəqslər konsertə təşrif buyuranların alqışları sədasında davam edir. Nəhayət, 3 saatdan artıq davam edən konsert gur alqışlarla sona çatır. Konsert zamanı Türkiyədə oxuyan azərbaycanlı tələbələri tapıb, onlardan müsahibə də alıram.

“İstərdik ki, Bakıdakı universitetlər İzmir universitetləri ilə əlaqə yaratsınlar”

Ruslan Aslanov: “Sevindirici haldır ki, İzmirdə 11-ci Türk Dili Olimpiadaları Festivalında Azərbaycan çox yüksək səviyyədə təmsil olunub. Türkiyədə ən güclü Azərbaycan tələbələr birliyi də İzmirdədi. Çalışırıq ki, İzmirdə Azərbaycanı layiqli şəkildə təmsil edək.

Orxan Cəlilov: Bu günə qədər İzmirdə Azərbaycanla bağlı müxtəli tədbirlər keçirmişik. Xocalı soyqırımına aid tədbirimiz isə Türkiyə və Azərbaycan medyasında işıqlandırıldı. İzmirdə keçirilən bu qeyri-adi təbirimiz çox möhtəşəm olmuşdu. Hazırda Festivalda da Azərbaycanı layiqincə təmsil etməyə çalışırq. Burda Azərbaycanının mədəniyyəti, tarixi, coğrafiyasını təbliğ edirik.”

Ramin Cəfərov: “Bizim əsas məqsədimiz ümumiyyətlə burada oxuyan tələbələr olaraq Azərbyacan həqiqətlərini, Qarabağ həqiqətlərini burdakı insanlara tanıtmaqdı. Hər bir tələbənin borcudu ki, olduğu xarici ölkədə bir növ diaspor fəaliyyəti ilə məşğul olsun. Hər birimiz burada yaşadığımız, oxuduğumuz yerdə gənc səfirik ona görə də çalışırıq ki, Azərbaycanı ən yüksək səviyyədə tanıdaq, təmsil edək, bütün Azərbaycanla bağlı gecələrdə, müxtəlif tədbirlərdə yaxından iştirak edək. İzmirdə tələbələrimizin aktivliyinə bir az dəstək olsalar çox işlər görmək olar. Məncə İzmirdə birinci növbədə Azərbaycana aid nişanələri axtarmaq lazımdı burada buna misal olaraq Heydər Əliyev küçəsi, bulvarı, Azərbaycan küçəsi var burada mütəmadi aktiv iş görülməlidi. Məncə, bu, ən önəmli mövzudu.”

Ehsanə Babaşova: “Hazırda İzmirdə 10-a yaxın universitet var və bu universitetlərdə 350-yə yaxın azərbaycanlı tələbə təhsil alır. 5 universitetdə azərbaycanlı tələbələr daha aktivdir və sayları da çoxdu. Biz tələbələr əziyyətlə də olsa burda nələrisə etməyə çalışırıq. Azərbaycandan bura oxumağa gələn qızlar da aktivlik göstərirlər. İstərdik ki, Bakıdakı universitetlər İzmir universitetləri ilə əlaqə yaratsınlar. Buradan ora, oradan bura tələbələr ekskursiyaya göndərilsin. Birgə hər hansı bir təcrübə qazanıla bilər.”

ÜÇÜNCÜ GÜN. Yenidən İstanbula qayıdış

Sabah saat 5-in yarısı yemək başlayacaq və saat 6-da aeroportda olmalıyıq. Amma təəssüf ki, yuxu tutur və saat 6-da ayılıb, qrupumuzun rəhbəri ilə ayrıca maşında aeroporta getməli oluruq. İzmirdən yola çıxıb, 1 saat sonra yenidən İstanbula çatırıq. Qrupumuzun rəhbəri deyir ki, bu gün gəzinti günüdü. Proqrama uyğun olaraq ilk öncə İstanbulda balıq yeməklərinin mərkəzi hesab olunan Eminönünə - Qalata körpüsünün yanına yollanırıq. Burda boğaza gəmi səyahətinə çıxırıq. Dənizdən həm Avropanı, həm də Asiyanı doyunca seyr edirik. 2 saat davam edən gəmi səyahətində İstanbulun ən gözəl yerlərinin şəkillərini çəkirik. Gəminin kapitanı ilə də söhbətləşməyə vaxt tapırıq. Gəmidə demək olar ki, bütün vətəndaşlar xaricidi. Fransız, ispan, ingilis, alman – hamı bir-birinə qarışıb. Jurnalistlər burda da boş durmurlar. Xarici vətəndaşlardan müsahibə alırlar. Yaddaqalan anlardan biri də Lider televiziyasının əməkdaşınıın qrupumuzun digər üzvünə yaxınlaşıb ondan ingiliscə müsahibə alması oldu. Yazıq qız sual dolu nəzərlərlə üzümə baxır, İlqar Qulusoyun ondan nə istədiyini öyrənməyə çalışır. Məni isə gülmək tutur. Nəhayət, İlqara başa saldım ki, qardaş, bu ingilis deyil, bizim qrupla Türkiyəyə gələnlərdəndi. Hadisəni danışdığımda bütün jurnalistləri gülmək tutur.
Gəmi ilə dəniz səyahətini başa vurduqdan sonra elə dənizin kənarındaca balıq yeməyinə dəvət edildik. İstanbulda balıq yeyəsən, öz də şalğamsız? Şalğam suyu bir az turşməzə içkidi. Bir növü kələm turşusuna oxşayır. Burda balığı ən çox məhz şalğam suyu ilə yeyirlər. Balıq yeməyini başa vurduqdan sonra İstanbul səfərimizin proqramı başa çatır.
Anar müəllim təklif edir ki, haranı istəyirsiz deyin, sürücü ora aparsın alış-verişlə məşğul olun. 4 saatlıq alış verişdən sonra, Qartalda bir restoranda Türkiyənin özünəməxsus kabablarından olan təndir kababına qonaq edilirik. Burda şirniyyat mağazasına da baş vurduqdan sonra Atatürk Hava Limanına yollanırıq.
Beləcə iki qitə arasındakı səfərimzi sona çatır...

Elmar Hüseynov
İzmir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






30 May, 2013  18:28 Baxılıb: 2312 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner