Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

ÜÇ GÜN İKİ QİTƏ ARASINDA – REPORTAJ – FOTOSESSİYA

.

Baş redaktorumuz çox yorğun olduğuma görə, - “hazırlaş İstanbula gedəcəksən, orda dincələrsən, həm də 11-ci Türk Dili Olimpiadaları Festivalından reportaj hazırlayarsan” - demişdi. Sənədlərimi qaydasına salıb, səfər hazırlığına başladım. Qrup rəhbərimiz Anar müəllimin sözlərinə görə, saat 6-da Beynəlxalq Hava Limanında olmalıydım. Fikirləşin ki, Abşeron rayonunun Görədil kəndində yaşayan və öz maşını olmayan jurnalist üçün saat 6-da aeroportda olmaq nə deməkdir. Ya birbaşa taksi ilə baha qiymətə hava limanına getməlisən, ya da Azadlıq metrosunun yanından...

Yuxulu taksi şoferi

Səfərə çıxmazdan bir gün öncə Simsar jurnalının yayım şöbəsinin müdiri Məzahir müəllim dedi ki, bəs mən də İstanbula, eyni tədbirə gedirəm, taksi ilə gəl Azadlıq metrosunun yanına, oradan mənim maşınımla birgə gedək. Tək getməmək üçün ikimiz də razılaşdıq. Ancaq bir əmma var idi ki, sübh tezdən, “gecənin koru açılmamış” yola çıxmalı idim. Azadlıq metrosunun yanında bir taksi şoferi ilə razılaşıb, evə yollandım.
Nədənsə həmişə səfərə çıxanda yuxum özümdən əvvəl səfərə hazırlaşır. Nə qədər etsəm də səhərə qədər yata bilmədim. Saat 4-ə qalmış taksi şoferinə zəng elədim. Dedi ki, az qalıb çatıram. Saat 4-də hamı ilə sağollaşıb, evdən çıxdım.
Taksiyə yenicə oturmuşdum ki, sürücünün yuxulu olduğunu gördüm. Dedi ki, bu gecə işim çox idi deyə yatmamışam. Yuxum gözümdən tökülür. Mən də yatmasın deyə, onu söhbətə tutmağa başladım. Müxtəlif mövzularda danışsam da sürücünün gah gözləri yumulur, gah da açılırdı. Hətta bir-iki dəfə qəza vəziyyəti də yarandı. Yaxşı ki, səsimə həmin vaxt oyanırdı. Təsəvvür edin ki, hətta sürücü arada maşını mənim sürməyimi təklif etdi. Amma elə rol arxasına oturub ilk həmlədə maşına necə qaz verdimsə, sürücü yuxudan ayılıb, dedi, qardaş, düş, maşın sürmək sənlik deyil. Doğrusu elə sürücü düz tapmışdı.
Mən qorxa-qarxa, udquna-udquna, sürücü də yata-yata birtəhər Azadlıq metrosunun yanına çatdıq. Çatan kimi də şoferi yuxu tutdu. Az sonra Məzahir müəllim də gəldi və birlikdə Aeroporta yollandıq. Aeroparta yenicə girmişdik ki, sürücülərdən biri, - “Ə bə qardaş, keç görək”, sözlrinə Məzahir müəllim bu sənin naxçvanlı olduğunu hardan bildi? – deyərək məni sorğu-suala tutdu.
Nəhayət, İstanbula gedəcək 60-a qədər jurnalist və yaxud jurnalistikaya dəxli olan adam toplaşdı və İstanbul səfərimiz başladı.

BİRİNCİ GÜN, İstanbul

2 saat yarımdan sonra artıq İstanbuldaydıq. Saat 8-ə qalmış Bakıdan çıxıb, 9-a on beş dəqiqə işləmiş İstanbula Səbiha Gökçek adına hava limanına çatmışdıq. Təbii ki, onaların saatı ilə.
Hava limanına yaxın bir oteldə məskunlaşdıq. Veş-vüşümüzü boşaldıb, yarım saat sonra Camlıcaya getmək üçün yola çıxdıq.

Asiyadan Avropaya baxan Camlıca

Doğrusu, hələ biz Avropaya keçməmişdik. Avtobusumuz Asiya tərəfdən Avropadakı İstanbulu görmək üçün bizi Camlıcaya aparır. Türkiyədə Camlıca adlı xeyli yer var. Camlıca şam ağaclarının bol olduğu yerlər adlanır. İstanbuldakı Camlıcaya gəlməmişdən öncə, Boluda və Sarıkamışda (Kars) camlıca adlı yerləri görmüşdüm. Amma qarşıdan Avropanın göründüyü Camlıcada ilk dəfə olurdum. Asma körpünün (1-ci və ya 2-ci olduğunu bilmirəm) yanındakı Camlıca turistlərlə doludu. İstirahət edən, şəkil çəkdirən hər kəs bir-birinə qarışıb. Buradan Avropaya baxanda bir anlıq Fateh Mehmetin “Ya İstanbul beni alacak, ya ben İstanbulu” sözləri yadıma düşür. Elə Fateh Mehmetin həsrətlə baxdığı kimi baxıram. Onun bu sözləri deyərkən gözlərində bir damla yaşın parladığını düşünürəm. Ala bilmədikcə qəzəbini, hiddətini boğa bilmədiyi Avropadakı İstanbula baxıram... Fatehin o zamankı həsrətli baxışları, nifrəti, hiddəti indi milyonlarla türkün sevgisinə, sevgilisinə çevrilib. Bu həsrət qarışıq sevgiyə yanımdakı tanışımın İstanbul məni çox ağlatdı sözləri qarışır. O, düz 10 il öncə bu şəhərə fəhlə kimi gəlib. Həmin vaxt universitetdə oxuyurmuş. Yoxun üzü qara olsun. Pul üçün gəldiyi İstanbulda heç nə əldə edə bilməyib. Deyir ki, elə oldu günlərlə ac qaldım, iş tapa bilmədim. Fəhləlik belə eləmək çox çətindi bu şəhərdə. İstanbulun dəbdəbəli görüntüsünə milyonlar aldanıb. Amma çoxlarının gözü yaşlı qalıb. Burda uğur qazanmaq çox çətindi. Yanımızdakı türk söhbətə qoşulur. – “Bak, kardeşim, bizde bir söz var: kız dediyin İstanbul kimi olmalı, fethi çetin, fatehi tek olmalı. İstanbul da böyle kız gibi. Ağlatmadığın burakmaz”.
Bu söhbətlərə elə Camlıcanı gəzdikdən sonra bir neçə şəkil çəkdirib, “Yayla” şorbası içdikdən sonra Avropadakı İstanbula yola düşürük.

Xristian və müsəlmanları birləşdirən məkanlar – Ayasofya məbədi, Sultan Əhməd camisi

Asma körpüdən çıxdıqdan sonra yolumuz Ayasofya məbədinədi. Tarixin, müasirliyin və yaşıllığın vəhdətindəki bu şəhəri seyr edə-edə, 1 saat sonra Ayasofya məbədinə çatırıq. Gəzinti üçün 3 saat verilib və onu qiymətləndirməliyik. Məbədin həyəti xarici turistlərlə doludu. Burda az sayda türkə rast gəlmək olar. Məbədə giriş 25 lirədir. Yəni bizim pulla, təxminən 12 manat. Amma bələdçi pulu bura daxil deyil. Bələdçi tutmaq istəyirsizsə, gərək əlavə xərc də çəkəsiniz. Burdakı vəziyyəti görəndə öz muzeylərimizə şükr edirsən. Həm bizdə qiymətlər çox ucuzdu, həm də bələdçi pulu yoxdu. Bilet almaq üçünsə, bir saat gözləmək lazımdı. Lider televiziyasının müxbiri İlqar Qulusoy jurnalist vəsiqələrimizi alır və Azərbaycansayağı şəkildə növbə gözləmədən kassaya yaxınlaşır. Vəsiqə ilə pulsuz üç bilet alır və deyir ki, “hələ çox vaxtımız var, bir saat da növbə gözləyək. Onun “fərasəti” hamımızı güldürür. Aya Sofya məbədində gəzintiyə başlayırıq. Şəkil çəkmək həvəsimdən qrupdan ayrı düşürəm və Ayasofyadan xeyli şəkillər çəkirəm. Burda öyrənirən ki, Aysofyanın əsası 532–ci ilə İmperator Yustianın şahlığı dövründə qoyulub. Hətta onun əsasının qoyulması haqqında bir əfsanə də mövcuddu. Əfsanədə şahın bütün memarları topladığı və əzəmətli bir məbəd tikəcəyi söylənilir. Bu zaman onun əlində bir çörək parçası varmış. Bir arı bu çörək parçasını şahın əlindən qoparıb qaçır. Şah çörək parçasını axtarır və nəhayət tapdıqda bəlli olur ki, onun tikəcəyi məbədin maketini arılar düzəldib”.
Jüstian memarlar fizik Miletli İsidoros ile riyaziyyatçı Trallesli Anthemiusun bu işi görməsi üçün tapşırıq verdi. Nəhayət, 10000 nəfərdən çox insanın 5 il 10 ay gecə-gündüz davam edən çalışması nəticəsində dünyanın ən gözəl tikilisi ortaya çıxır. 26 min 664 kvadrat metr ərazini əhatə edən məbəd bir neçə dəfə zəlzələ nəticəsində ziyan görsə də, konstruksiyasına toxunulmadan yenidən bərpa olunub.
1453-cü ildə Fateh Sultan Mehmet İstanbulu fəth etdikdən sonra məbədin ətrafından dörd minarə ucaldılıb. İçərisində isə ərəb əlifbası ilə “Quran ayələri” və dini adlar yazılan lövhələr asılıb. Bunlar elə edilib ki, məbədin konstruksiyasına heç bir ziyan dəyməyib. Onu da deyək ki, məbədin bir hissəsində restorvasiya işləri gedir. Məbədin əsas sütunu Nəmli sütun adlanır. Deyirlər ki, bu, məbədi saxlayan əsas sütundu. Sütun daima nəm olur. Qurşaqdan yuxarı hissədə sütunun dəliyi var və hər kəs bir niyyət edib baş barmağını dəliyə salıb fırladır. Əgər kim barmaqlarını divardan aralamadan tam dövrə fırlada bilsə niyyəti qəbul olar deyirlər. Mən də digərlərinə qoşuldum. Ayasofya 2 mərtəbədən ibarətdi. Məbədin gümbəzlərinə vurulan naxışlar, çəkilən rəsmlər qızıl suyu ilə xüsusi işləmələr və qədim tarixə malik ikonalar daha çox diqqəti çəkir. Divarlarda Məryəm ananın, İsa peyğəmbərin və Yustianın ikonaları var.
Ayrıca müxtlif tarixə aid qədim əşyalar, mis, saxsı qablar da burda nümayiş etdirilir.
Ayasofyanı gəzdikdən sonra, qrupdan ayrı düşdüyüm üçün nə edəcəyimi bilmirəm. Onu da deyim ki, Türkiyədə jurnalistlərin ən yaralı yeri telefon idi. Burada itdinsə, çətin yoldaşlarını tapasan. Buna görə də, qrupumuzun rəhbəri Anar müəllim bir yerə gedərkən deyirdi ki, hara gedirsiz, gedin saat filanda, filan yerdə toplaşacağıq.
Ayasofyanın həyətində bir az gəzişdikdən sonra Sultan Ahmet camisinə üz tuturam. Elə caminin qarşısında “Zaman” qəzetinin müxbiri Pənah bəylə qarşılaşıram. O da qrupdan ayrı düşdüyünü söyləyir. Birlikdə camini ziyarət edib, namaz qılırıq. Sultan Əhməd camisi dünyadakı ən böyük məscidlərdən biridi. Sultan Əhməd Camisi 1609-1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən İstanbuldaki tarixi yarımadada Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa etdirilib. Caminin interiyeri mavi, yaşıl və ağ rəngli İznik çiniləriylə bəzədildiyi və yarımqübbələrin, böyük qübbənin içi mavi tonlu qələm işləri ilə bəzədildiyi üçün avropalılar məscidi "Mavi Cami (Blue Mosque)" adlandırır. Bütün gümbəzlər məscidin ortasındakı baş gümbəzlə əlaqəlidi. Mərkəzi qübbənin hündürlüyü 43 metr, diametri 23,5 metrdir. Camidə 6 minarə var və dünyadakı ilk 6 minarəli məscid hesab olunur. Burda memarlıq və bədii baxımdan diqqətə layiq ən önəmli məqamı bədii tərtibatda ümumi sayı 20.000-dən çox olan İznik çinilərinin istifadəsidir. Bu çinilərin bəzədilməsində sarı və mavi tonlardan, ənənəvi bitki motivləri isitfadə olunmuş, nəticədə tikinti sadəcə ibadətxana olmaqdandan ziyadə möhtəşəm sənət əsərinə çevrilib. Caminin içi 200-dən çox rəngarəng şüşələrlə işıqlandırılıb. Caminin ibadətxana bölümü 64 x 72 metr ölçülərindədir. Burda ümumilkdə 40 min nəfər eyni vaxtda namaz qıla bilər. Məscidin qibləgahında isə qızıl suyuna çəkilmiş hərflərlə yazılar yazılıb. Qismətimizdə Sultan Əhməd camisində namaz qılmaq da var imiş...

Zamanın nəbzini tutan “Zaman” qəzeti

Saat 6-da bütün qrup üzvləri toplaşdı və Türkiyənin ən böyük mətbuat orqanı olan “Zaman” qəzetinin ofisinə yollandıq. 2 saatdan sonra Yenibosna ərazisindəki Qışlalı keçəsindəki 6 mərtəbəli zaman qəzetinin ofisinə çatdıq. Öncə onu deyək ki, qəzet 26 ildir fəaliyyət göstərir. Ofisdə qəzetin məsul şəxsləri bizi gülərüzlə qarşıladılar. Qəzetin rəhbərliyi dedi ki, “Feza” çətiri altında Türkiyənin ən böyük media orqanı birləşib. Burda 4 min işçi çalışır. 1,2 milyon tirajla çıxan “Zaman” qəzeti Türkiyənin ən çox tirajla satılan qəzetidi. Ayrıca qəzet dünyanın 17 ölkəsində çıxır və 34 ölkədə yayımlanır. Qazetdən əlavə burada “Cihan” xəbər agentliyi də fəaliyyət göstərir ki, 90-dan çox televiziya, 110-dan çox mətbuat orqanına öz xəbərlərini verir. Xəbər agentlyinin xəbərləri BBC, CNN, Əl-Cəzirə, EuroNews kimi dünyanın məşhur televiziyalarında yayımlanır. Ayrıca holdinqdə “Irmak” televiziyası da fəaliyyət göstərir. Hər gün nəşr olunan qəzetin çapını nəşriyyat (1,2 milyon nüsxəni) 2 saata bitirir.
Ofislə tanışlıqdan sonra, yenidən otelə qayıdırıq və səhər İzmirə getmək üçün hazırlaşırıq.

İKİNCİ GÜN. Bakının Qardaş şəhəri - İzmir

Səhər yeməyindən sonra İzmirə yolçuluq başlayır. Səfərimiz Sabiha Gökçən hava limanından İzmirə təyyarə ilə 45-50 dəqiqə çəkir. “Sun Express” hava yolları şirkəti başqalarından fərqlənir. Təyyarədə bütün xidmətlər pulludu. Hətta adi su da. İzmir Egey dənizin kənarında yerləşir. Əhalisi 4 milyondu. Bura İstanbul qədər böyük şəhər deyil. Üstəlik İzmir qədim və yeni şəhər olmaqla 2 yerə bölünür. Şəhərdəki aeroport Bakıdakı və İstanbuldakına nisbətdə çox balacadı. Şəhərə düşən kimi ilk səfərimiz Sahilə olur. Ümumiyyətlə, Türkiyədə dəniz kənarlarına yaşıl otlar döşənib və bura əhalinin istirahət etməsi üçün əla məkandı. Dəniz kənarında balıq tutan, çimənliklərdə süfrə açıb, yemək yeyən, çay içən, top oynayan hamısı qarışıb bir-birinə. İzmirdə dəniz kənarında balıq tutmağın da ayrı ləzzəti var. Lider tv-nin əməkdaşı İlqar Qulusoyun təklifi ilə balıqçılardan birindən xahiş etdik, tilovunu alıb balıq tutmağa girişdik. Tilovumuza balıq da düşdü. Balıqçılar dedi ki, bəxtiniz gətirib. Lidoki balığı dənizdə ən yeməli balıq hesab olunur. Tutduğumuz balığı balıqçılara verib, gəzintini yekunlaşdırdıqdan sonra, avtobusla şəhər gəzintisinə çıxırıq.

“Burda böyük maşın sürmək çox varlı olmaq deməkdi”

Bələdçimiz deyir ki, Azərbaycanın dünyada ən çox yatırım yatırdığı şəhər İzmirdi. Hökumət təkcə bu şəhərə 5 milyard dollar yatırıb. Bakı və İzmir qardaş şəhər olduğu üçün burda xeyli azərbaycanlı da var. Şəhərdə 5 mərtəbəli evlər daha çox üstünlük təşkil edir. Burda qiymətlər isə “ceyran düzündədir” maaş başqa şəhərlərdən bir az yüksək olsa da, evlərin qiyməti maaşla tərs mütənasibdir. Ən ucuz evin qiyməti 150 min dollardan başlayır və yarım milyonadək yüksəlir. Müəllimlərin maaşı 700 manat, həkimlərin 1500, dövlət qulluqçularınınkı isə 2000-ə qədərdi.
İzmirdə böyük maşınlar demək olar ki, yox səviyyəsindədi. Bələdçimiz bunun səbəbinin şəhərdə maşınların motoruna görə tətbiq olunan vergi olduğunu deyir. “1,6 motor belə çox böyük maşın deməkdi. Şəhər əhalisi daha çox 1,2 motorlu maşınlara üstünlük verir. Burda böyük maşın sürmək çox varlı olmaq deməkdi”.
Bakı ilə İzmir qardaş şəhər olsalar da, nə mağazalarda, nə də restoranlarda bunun əksini görmədik. İzmirdə Azərbaycan yeməkləri, ya da Azərbaycana məxsus məhsulların satıldığı mağaza demək olar ki, yoxdu. Bələdçimiz deyir ki, Azərbaycan hökuməti İzmirdə əsasən sənaye sahəsinə yatırım qoyur. Şəxsi iş adamları isə mebel ticarəti ilə məşğul olur. “Burda mebellər çox ucuzdu. Məsələn, mətbəx, yataq, yumşaq dəst birlikdə 1000 dollara satılır. Burdan su qiymətinə alıb, Bakıda baha qiymətə satırlar”.
Bu söhbətləri dinləyə-dinləyə qalacağımız otelə yaxın bir yeməkxanada Urfa kababına qonaq edirlər bizi. İzmirdə ən gözəl içkilərdən biri ayrandı. Burda nə yeyirsən ye, yanında mütləq ayran olmalıdı. Ayranları da o qədər gözəldi ki, bir neçə stəkanı birnəfəsə içmək olar. Yeməkxanadan ayrılıb otelə yollanırıq və otelə yerləşdikdən sonra yarım saat dincəlib 11-ci Beynəlxalaq Türk Dili Olimpiadaları Festivalında iştirak etmək üçün, İzmirin ən böyük parkına - “İzmir Kültüpark Fuar Merkezi”nə yollanırıq...

“İzmir Kültüpark Fuar Merkezi”ndə nələr oldu, Azərbaycan festivalda necə iştirak etdi, İzmir İl Əmniyyət müdiri, Simsar.az-ın əməkdaşına nə dedi, zənci balası konsert iştirakçılarını necə ağlatdı?.. bütün bunlar haqqında isə növbəti yazımızda oxuyacaqsız...

Elmar Hüseynov


 

 

 

 






29 May, 2013  17:13 Baxılıb: 2120 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner