Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

- SALAM, QƏŞƏNG QIZ...- GET İŞİNLƏ MƏŞQUL OL CAVAN OĞLAN

QIZLARI HARDA BƏYƏNSİNLƏR: HAMAMDA,BULAQ BAŞINDA, YOXSA FACEBOOKDA?

"Bulaq başı toz olar, üstü dolu qız olar". Məşhur Azərbaycan mahnısındakı bu misra yaxın keçmişdə evlənmək istəyən oğlanların öz gələcək yarlarını seçmək üçün hara üz tutduqlarına konkret işarədir. 
Bulaq başı. Bir neçə yüz il bundan qabağa qədər subay qızlar əllərində səhəng bulaq başına gedər, kəndin oğlanları isə onları görmək üçün dərədə, təpədə pusqu qurardılar. Şəhərlərdə isə qızları analar-gələcək qaynanalar hamamda bəyənərdilər.
Beləcə ilkin tanışlığın bünövrəsi qoyulardı. Biz bu cür tanışlıqlarla çoxdan vidalaşmışıq. Əvvəlki dövrlərdən fərqli olaraq indi tanışlıq üçün məkan çoxdur. Telefonda, küçədə, iş yerlərində, universitetlərdə, virtual aləmdə-internetdə özünə dost-tanış tapmaq mümkündür. Çoxlu sayda tanışlıq imkanı verən saytların yarandığını və gənclərimizdə onlara olan marağı nəzərə alıb bu mövzuya müraciət etməli olduq.
Ancaq Azərbaycanda da ailə qurmaq istəyən gənclərin tanışlıq məsələsi əsas sosial problemlərdən sayılır. Orta məktəbi bitirən qızlar bəzən aylarla evdə oturub, qapını tıqqılladacaq elçisini gözləyir. Həmin evdə qızın olmasını isə əsasən yaxın qonşular və qohumlar bilir. Deməli, evdən bayıra çıxmadığı təqdirdə qız ya qonşu, ya da qohum oğlana ərə gedəcək. Kənd yerlərində oğlanlar qız bəyənmək üçün toya gedirlər. Elə qızların da əksəriyyəti toya bəyənilmək üçün gedirlər. Toy həm də gənclərdə ailə qurmağa həvəs yaradır, mənəvi stimul verir. Bir toyda növbəti toyun rüşeymləri qoyulur.
Bəs həmkarlarımız nə düşünür?Oğlanla qızın harda tanış olmasına üstünlük verirlər?

“LAP CƏHƏNNƏMDƏ DƏ TANIŞ OLMAQ OLAR”


“Yeni Müsavat” qəzetinin əməkdaşı Samir Kazımlı:
- Əsasən tələbəlik illərində baş tutan tanışlıqlara üstünlük verirəm. Çünki tələbəlik illərində qızla oğlanın bir-birlərini yaxşı tanımaları üçün əlverişli şərait olur. Amma tanış olmaqla bağlı problemlər də var. Məsələn, Azərbaycanda sanki tanış olmaq da, sevgi də siyasiləşib. Bəzi istisna halları çıxmaq şərti ilə iqtidarda olanlar müxalifətdə olanlara qız verib, qız almaqda maraqlı olmurlar. Bu səbəbdən də siyasi baxışlarına görə fərqli düşünən şəxslərin övladları gələcəkdə bu kimi problemlərlə rastlaşmamaqları üçün bir-birləri ilə tanış olmaqdan vaz keçirlər. Amma bu yaxşı hal da deyil. Bəzən harada tanış olmaq da bir o qədər önəmli deyil. Əsas səmimi münasibətin, sevginin olmasıdır. Səmimiyyət olan yerdə lap ayda da, cəhənnəmdə də tanış olmaq olar. Əgər oralarda sevgi varsa və bu mümkündürsə.
AYSEL ALİZADƏ : “GƏRƏK İNSAN SEVGİLİYƏ EHTİYACI OLDUĞUNU BƏRKDƏN DEYƏ BİLSİN”
Yazar Aysel Əlizadə:
-Biz bir ayaqqabı üçün nə qədər dükan gəzirik. Amma özümüzə sevgili , həyat yoldaşı axtarmağı ayıb sayırıq. İnsan yarını hər yerdə axtarmalıdır. İndi ağ atlı oğlan ve zoluşka dövrü deyil ki, oturub gözləyəsən sevgilim nəvaxt gəlib öz ayaqları ilə çıxacaq. Tapana qədər axtarmaq lazımdır, hər yerdə hər vasitəylə. Nə mentalitet? Hissin mentalı olmur. Bütün dövrlərdə və bütün ölkələrdə bütün irqlər və bütün millətlər sevendə eyni cür sevir. Mentalitet gedib mətbəxdə yeməyini bişirsin, xalq mahnısını oxusun, şifahi xalq ədəbiyyatını yaratsın. Onun insanın hisslərində nə işi?! Bir yazı oxumuşdum interntdən. Qadın öz həyat yoldaşını necə tapdığından danışırdı. Yazır ki, ömrü boyu işləmişəm və tək olmuşam. Düşünürəm ki, təkəm yəqin hələ öz yarım qarşıma cıxmayıb. Sonra bir gün ayıldım ki, mən heç onu axtarmıram, o niyə məni axtarmalıdır? Başladım axtarmağa. Hamıya, dosta, tanışa xəbər verdim ki, həyatımı paylaşacağım birini axtarıram. Müxtəlif tanışlıqlarım oldu, heç biriylə alınmırdı. Axırda evimi satıb, Amerikanın bir ştatına köçdüm, orda subay kişilər cox yaşayırdı. Soraqlaşadım, maraqlandım və buldum. İndi çox xoşbəxtəm. Gərək insan sevgiliyə ehtiyacı olduğunu bərkdən deye bilsin.

“QƏRBDƏ İKİ GƏNCİN BİR YERDƏ YAŞAYARAQ BİR BİRİNİ TANIMASI NORMAL HALDIR”

Müstəqil jurnalist Çingiz Sultansoy:
- Yarını tapmaq, tanışlıq məsələsi həmişə böyük problem olub, indi də problemdi.

Mən küçədə, təsadüfü tanışlıqlara da pis baxmıram. Əyər davamı məhəbbət və ciddi münasibət olacaq, ailə qurulması ilə nəticələnəcəksə. Bunun nəyi pisdi ki? Qoy hər kəs sevsin, sevilsin və nəticədə bir gözəl azərbaycanlı ailəsi yaransın. Küçədə tanış olan oğlanla qızn yaxşı ailə qumasının da şahidiyəm. Tanışlıq olmaladı, qızla oğlan bi-birini hardansa tanımalıdı. Qərbdə hətta iki gəncin bir yerdə yaşayaraq bir birini tanıması normal haldır. Biz də isə belə deyil, təbii. Məsələn nişanlı olub, sonradan həmin insanla yola getməyəcəyini anlayan qız nişanını qaytarmaq istəsə ciddi təpkilərlə qarşılaşacaq. Həm ailəsi, həm də ətrafı tərəfindən.
Mən bu cür patriarxal adət-ənənələrin əleyhinəyəm. 5-7 il bundan əvvəl sosial şəbəkələr yox idi. İndisə bunların sayı sürətlə artır. Mən sosial şəbəkələrdə tanışlığa nəinki pis baxmıram, hətta yaxşı baxıram. Bu sayaq qurulan ailələr də tanıyıram. Sosial şəbəkələr qızla oğlana bi-birini tanımağa, səhv etməməyə imkan verir. Bunun nəyi pisdir?

“AVROPA STANDARTLARINDAN DANIŞIRIQ, AMMA TANIŞLIĞIN VİRTUALINI QƏBUL ETMİRİK”

Gəncə televiziyasının aparıcısı Məftunə Əlizadə:
-İnternet ən müasir və ən sürətli informasiya vasitəsidir. Amma, bu o demək deyil ki, ona etibar etmək olar. Çünki, mütəxəssislər belə etiraf edir ki, internet kitab qədər etibarlı informasiya mənbəyi deyil.
Əslində tanışlıq cəmiyyətin əsaslana biləcəyi məfhumdur. Ailə ideologiyasında da tanışlıq əsas götürülür. Yəqin ki, anladınız . Söhbətimiz qızla oğlan arasında başlayan virtual tanışlıq və söhbətləşmədən gedir. Burda nəzərinizi milli ədəbi nümunələimiz olan nağıl və dastanlarımıza çəkmək istəyirəm...Qısaca epizodlar...“Qızın uzun hörükləri su səhənginin üstündən gürzə kimi sallanmışdı. Oğlanın atın üstündən aşırılıb yerə düşməsilə qızın qarşısını kəsməyi bir oldu. Bir-birinə baxdılar...Odlu baxışlar suların şırıltısından daha çox şey söylədi bu iki gəncə...Oğlan kəskin səslə soruşdu: Kimsən? Kimin qızısan? Eviniz hardadır? Kimlərdənsən? Qız utancaq halda baxışlarını yerə dikib danışmağa başlayır… Yaxud hamımızın sevərək oxuduğumuz “Dəli Kür” romanı. Şamxal Çərkəzlə yaxın dost olur. Onların evlərinə tez-tez gedir, kasıb süfrələrinin qonağı olur. Nəticədə, Çərkəzin bacısıyla arabir qısa söhbətləri, isti baxışları onların gözəl ailəsinin təməlinə çevrilir. Fərqinə vardınızsa, tanışlıq doğrudan da böyük məfhumdur. Bəs baxaq görək ki, sevgi tanışlığın kölgəsindədir, yoxsa yox? Əlbəttə ki, yox. Bu iki amilin biri o birinin başlanğıcında olub həmişə. Bu gün də tanışlıq sevginin əvvəlində dayanır. Sevgi isə gələcək ailənin, ailə də cəmiyyətin. Bəs niyə hər şeyin təzə formasını, “modernləşən variantını”, “Avropa standartıarına cavab verənini” axtarırıq, amma, tanışlığın virtuallığını qəbul etmirik? Söhbət milli ideologiyadan gedirsə, tariximiz bulaq başında yaranan sevgilərə, pəncərədən yola dikilən baxışlara, yaxud da əkində, biçində gizlincə görüşmələrə gedib çıxmırmı? Bunları dansaq biz də yoxuq...Bunlar keçmişimizdir...Və əgər ən adi bir şeydə, geyindiyimiz altlı-üstlü paltarlarda belə Avropa standartı axtarırıqsa, onda niyə virtual tanışlığa yox deyək ki?

“TELEKANALLAR ARADÜZƏLDƏN VƏZİFƏSİNİ YERİNƏ YETİRİR”

“Bizim Yol” qəzetinin əməkdaşı Natiq Cavadlı:
-Bu məsələyə fərdi yanaşmağın tərəfdarıyam. Hər kəs özü bilər harda tanış olar. Mən bilmirəm onlar nə düşünür, amma bu gün əksəriyyət net vasitəsilə tanış olur. Sovet dövründə avtobusda, səfərdə, məktəbdə, parkda, telefonda da tanış olurdular. Onda canlılıq var idi, indi bir az quruluq var. Azərbaycan telekanallarındakı “Toy olsun” kimi proqramlar da bu tanışlığı arsızlığa gətirir. İnsanlarda hiss, duyğu, həyacan itir, hər şey süni olur, çünki mexanikidir. Bir zamanlar ara düzəldən deyilən ifadə vardı, bax, bu gün telekanallar həmin proqramları ilə bu vəzifəni yerinə yetirir . Bütün hallarda bu məsələni gənclərin öz öhdəsinə buraxmaq gərək.

“YALNIZ BEYİNLƏ SEVMƏLİYİK”

“Kanal 13” televiziyasının aparıcısı Ulviyyə İsmət:
-Mən ümimilikdə bələ məsələləri qismət işi olduğuna inanıram. Məkanın məncə elədə önəmi yoxdur. Sevgi harda olsaq, bizi yaxalayır. Önəmli olan doğru insanı tapmaqdır. Onu qeyd edim ki, son zamanlarda internetdə tanışlıq dəb alıb. Amma mənim internetdə tanış olub evlənən rəfiqələrim, dostlarım da var. Deyirlər qəlb-qəlbə qarşıdır. Ancaq indiki zamanda gərək deyəsən ki, beyin-beynə qarşıdır. Çünki artıq seçim edərkən gərəkdir ki məntiqini də çalışdırasan. Yalnız qəlblə hərəkət etmək o böyük xoşbəxtliyi gətirməz. Sevginin bizi kor etməsinə imkan verməməliyik. Düzgün seçim, ağıllı hərəkət etməliyik.


“SEÇİM HAQQI OLMALIDIR ”

Aztv-nin aparıcısı Rəşad Mehdili:
-18, 24 yaş arası insanlar üçün tanışlığın və məkanın fərqi yoxdur . Çünki onlar hər şeyin dadına baxmaq istəyirlər . Yetişkin insan üçün isə bu iş hər hansı bir ziyafət və ya əyləncə mərkəzləri ola biler. Qətiyyən əleyhinəyəm ki, kiminsə vasitəsi ilə kimsə tanış olsun . Bu cox gülünc və doğru olmayan bir şeydi. Nə üçün məkanda, hər hansı bir ziyafətdə və ya əyləncə mərkəzində tanış olmalıdır?. . Çünki o insan ən azından özü haqqında qabaqcadan nə isə demiş olur, yəni olacağınız bir neçə saatmi deyim, dəqiqəmi bu vaxt ərzində sən onu sezə bilərsən və onun necə bir insan olduğu haqqında artıq səndə ilkin də olsa fikir olur. İnsanın özünün seçim haqqı olmalıdır.

“HƏR YERDƏ TANIŞ OLA BİLƏR ”


Atv kanalının jurnalisti Aygün Nürəddinova:
- Oğlanla qız məktəbdə, universitetde, iş yerində, elecə də internet şəbəkələrində tanış ola bilər. Men məktəb, iş, bir də internetdə tanIşlığa üstünlük verirəm.

…“BU FİKİRLƏR ÇOXDANDI Kİ DƏBDƏ DEYİL”


Ans televiziyasının aparıcısı Ayaz Mirzeyev:
- Birinci addım, ilk növbədə qorxma. Çünki yaxınlaşacağın insan ən azından adamyeyən deyil. Risq edirsən? Həyatda bundan çətin işlər var. Bu addımla sən nəinki özünü, hələ bəlkə onu da təklikdən xilas edəcəksən. Özünü hörmətdən salacağını fikirləşirsən? Bu fikirlər çoxdandır ki, dəbdə deyil. Yer üzündə minlərlə insan var ki, bu addımı atıb və onların yarısından çoxu bu addımdan peşman deyil. Ikinci addım, tanışlıq və ünsiyyət insanda gözəl nitq formalaşdırır. Bu vaxta qədər eşitdiyin və ya filimlərdən, kitablardan sənə tanış olan deyimləri yada salıb ən məqsədəuyğununu seç. Məşhur məsəldə deyilir ki, gərək tanış olanda elə edəsən ki, qarşı tərəf onunla tanış olduğunu hiss etməsin. Bunun üçün düşünülmüş təbii səbəb və şərait seçmək kifayətdir. addım, tanışlıq üçün seçdiyin gün həddən artıq bəzək-düzəkli olma. Dəbdəbədən qaç. Axı sən onun zövqünü bilmirsən. Ona zəngin oglan təəssüratı bağışlama. Çantanda əvvəlcədən kağıza yazılmış telefon nömrən olsun. İstədiyi zaman tez əl-ayağa düşüb, kağız-qələm axtarmayasan. Amma nömrəni deməyədə tələsmə. Çalış, onun nömrəsini öyrən. Yox əgər, ondan səs-səmir çıxmasa, öz nömrəni təqdim et.
Aynurə Həsənova






29 Yanvar, 2011  18:51 Baxılıb: 7716 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner