Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

OSETİYA İLƏ GÜRCÜSTAN SƏRHƏDDİNDƏN XÜSUSİ REPORTAJ – FOTOLAR

İki od arasında

Maşında beş nəfər idik. 
Sürücü, üç fotoqraf və bir jurnalist.
Dörd kişi və bir qadın.
Dörd azərbaycanlı və bir gürcü.
Aralarındakı qadın mən idim.
Gürcü olan sürücü David idi.

Yaz yağışının təzəcə isinmiş havaları təzədən soyutduğu günlərdən birində o dörd səfər həvəskarını heç də gəzməli və görməli, əyləncəli olmayan bir yerə aparırdı. Gürcüstanın şimalına, Qori ilə Çxenvalininn arasında. Atəşkəs elan olunandan bəri həm Osetiya həm də Gürcüstan tərəfdən əliavtomatlı hərbçilərin qoruduğu sərhəddə.

İçimizdə həyəcan dolu maraqdan başqa qorxu da vardı – zarafat deyildi, bu yaxınlarda sərhəddən reportaj hazılayan qadın jurnalistlərdən biri fotoaparatını Çxenvaliyə tuşlayanda rus sərhədçilərinin gülləsinə tuş gəlmiş və yaralanmışdı.

Gürcü sərhədçilərin, (daha doğrusu, bu sərhəddi hazırda gürcü polisi qoruyur) maşınlarla durmadan o baş-bu başa gedib-gəldiyi Erqneti Gürcüstanla tanınmamış Osetiyanı ayıran son kənddir. Kənar adamların bu kəndə girişi qadağandır. Sürücü David məyusluqla təkrarlayırdı ki:
- Boş yerə vaxt, pul sərf eləyirsiniz, onsuz da bizi Erqnetiyə buraxmayacaqlar. Kəndin bəri başından isə Çxenvalini nə görə, nə də çəkə bilməyəcəksiniz.

Yaşıl, sarı, qırmızı rənglərə boyanmış hasarların, təzəcə tumurcuqlayan alma və narıngi ağaclarının, təkəm-seyrək gözə görünən yorğun, boz, həvəssiz kənd qadınlarının, arıq, çirkli və tənha donuzların, heç bir şey ifadə etməyən baxışlarla yollara və ötənlərə baxan yerli gənclərin yanından ötüb, boş, atılmış həyətlərin, damları sökülmüş, divarları güllələnmiş evlərin yanına çatdıq. Bura Erqneti idi. Cəmi iki həftə əvvəl buralara jurnalistləri gətirmiş sürücü Davidin dediyinə görə, bu yerdə bizi sərhəddi qoruyan gürcü polisləri qarşılamalı və geri çevirməli idi. Amma «Erqneti» yazılmış köhnə və paslı lövhənin yanında, kənd yolunun ortasından keçən zolaqlı şluqbaumu görsək də, yanında gözümüzə heç kim dəymədi. Sərhəddi qoruyan iki məntəqənin birincisi bu olsa da, məntəqədə heç kim yox idi. Deməli, qalırdı ikinci, əsas məntəqə. Osetiya ilə Gürcüstanı ayıran məntəqə.

İsrarla David dayıdan xahiş elədik ki, maşını həmin məntəqəyə qədər sürsün. David dayının qorxduğunu, ən azından ehtiyatlandığını hiss elədik. Amma gürcü qonaqpərvərliyindən xəbəri olanlar bilər ki, bir gürcü ondan nəsə xahiş eləyən qonağın arzusunu heç vaxt yerə salmaz. Bu - gürcü üçün az qala şərəf məsələsdi. Buna görə də, sürücümüz sağa-sola baxa-baxa maşını kənd boyunca sürdü.
Rus silahlarının izi Erqnetidəki hər evin divarlarında, həyətində, damında qalmışdı. Ağacların gövdəsində, indi sahibsizlikdən, işsizlikdən canı dincələn əşyalarda güllələrin izi qalmışdı. Aramsız yağan yağışda bu savaşdan çıxmış, kimsəsiz, yaralı mənzərə daha da kədərli görünürdü...


Uzaqdan nəhəng, yaşıl göbələklərə oxşayan şeylər görürdük. Yaxınlaşdıqca, bu nəhəng yaşıl göbələklərin yanındakı əli avtomatlı, iri cüssəli, qırmızıyanaq sərhədçiləri görəndə canımıza düşən xofa baxmayaraq, bunların sərhəd kazarmaları olduğunu başa düşdük. Sərhədçilərdən bir neçəsi qəzəbqarışıq çaşqınlıqla bizə tərəf addımlasa da, biz artıq «nəhəng göbələklər»in düz iki addımlığında idik.

Sərhədçilər avtomatı bizə tərəf doğrultdular. Udqundum. Amma nəsə düşünməyə macalım olmadı. Bizi dövrəyə alan sərhədçilər maşından düşməyimizi qəzəblə və səbirsizliklə gözləyirdilər. Hamımız maşından düşdük. Zorla gülümsədik. Gürcü dilində nəsə deyən sərhədçiyə ilk cavab verən sürücü David oldu. Əvvəl gülümsəyə-gülümsəyə nəsə danışdı, sonra gərgin-gərgin, əl-qol ataraq nəsə izah eləməyə çalışdı.

Sərhədçilərdən biri rusca bizdən kim olduğumuzu soruşdu. Fotoqraflardan birinin uzun, qara saqqalı onun heç xoşuna gəlməmişdi. Gözü onda idi. Rusca jurnalist olduğumuzu, sərhəd məntəqəsindən reportaj hazırlamaq istədiyimizi dedik. İcazə istədik. Heç nə ifadə etməyən gözlərlə bizə baxdı. Gözləməyimizi tapşırıb, harasa zəng elədi.

Bir neçə dəqiqədən sonra kazarmaların yanı polislərlə doldu. Bayaq keçdiyimiz kimsəsiz sərhəd məntəqəsi tərəfdən bir maşın sürətlə bura yaxınlaşdı. Maşından iki nəfər yüksək rütbəli polis düşdü. Yanımızdakı sərhədçilərə yaxınlaşıb, onlardan gürcü dilində nə isə soruşdular. Gürcü dilində əsəbi-əsəbi xeyli danışdılar.

Onları gözlədiyimiz müddətdə maşına oturmaqdan çəkinirdik. Açıq havada yağış hamımızı cumculuq islatmışdı. Sonra sərhədçilərdən biri bizə yaxınlaşıb, sənədlərimizi tələb elədi. Üstümüzdə nə qədər sənəd var idisə, hamısını alıb, kazarma tərəfdə yoxa çıxdı.

Sürücü David dayı uzun çəkən çəşə-boğazdan sonra telefonun çıxarıb kiməsə zəng elədi. Bir azdan içində daha yüksək rütbəli polislər olan daha bir maşın gəldi. Onlar da maşından düşüb söhbətə qoşuldular. Anlamadığımız dildə gedən söhbətin gərginliyi, əsəbiliyi get-gedə artırdı. Sənədlərimizi alıb aparan adam təzədən qayıdıb, yenə adlarımızı, harada işlədiyimizi, bura nə məqsədlə gəldiyimizi soruşdu. Baxmayaraq ki, sənədlərdə adlarımız da, əməkdaşlıq etdiyimiz mətbu orqanlarının adları da yazılmışdı. Bir daha təkrarladıq.

Tərslikdən yağış dayanmaq bilmirdi. Bu vaxt hadisə yerinə bir maşın gəldi. İçindən bir polis düşüb, sərhədçilərə deyil, düz David dayıya sarı getdi, onunla öpüşüb-görüşdü, sonra gülə-gülə sərhədçilərə nəsə dedi. Sonradan öyrəndik ki, bu adam David dayının burada yaşayan dostudu, yerli polisdi. Onun zəmanətindən sonra məntəqənin birini özbaşına keçib gəlmiş jurnalistləri bağışlamaq olarmış.

Sənədlərimizi gətirdilər. Bizə bir polis qoşub, yaxınlıqdakı evlərin həyətlərinə girib, ordan Çxenvalini çəkməyə icazə verdilər. Qaraqabaq sərhədçi bizi yaxınlıqdak kimsəsiz həyətlərdən birinə apardı. Evin divarlarında güllə yeri vardı. Ev, yaxınlığındakı köməkçi tikililər darmadağın dağıdılmışdı. Fotoqraflar işə başladılar. Çxenvali yağışda daha tutqun, daha uzaq görünürdü. Bu vaxt onlardan biri polisə olduqca ehtiyatsız sual verdi:
- Ora Çxenvalidi, hə? Osetiyanın paytaxtı?
Sərhədçi qəzəblə fotoqrafa baxdı. Hamımız bir ağızdan onun yanlışını düzəltməyə çalışdıq:
- Yəni tanınmamış Osetiyanın!

Sərhədçi bizi tələsdirdi. Şəkillərimizi çəkib, tələm-tələsik maşına doluşduq. Sərhədçilərdən ikisi öz maşınlarına minib, Erqnetidən çıxana qədər bizi ötürdülər. Bir neçə il əvvəl savaşın qaynadığı, indisə tənhalığın və yağışın ümdinə buraxılmış Gürcüstan-Osetiya sərhəddi, onunla bərabər təhlükə, qorxu, həyəcan da geridə qalırdı.

Günel Mövlud






15 May, 2013  18:03 Baxılıb: 1731 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner