Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Deputat Hacı Qalib Milli Məclisdə sərt danışdığını etiraf etdi

«Çıxışımda Azərbaycanda bütün bələdiyyə işçilərinin haqlarını müdafiə etmişəm»

«Mənim Milli Məclisin Regional məsələlər üzrə komitəsinin iclasında bələdiyyələrin fəaliyyətinin müzakirəsi zamanı bəzi məsələlər barədə etiraz etməyim doğru məlumatdır. Həqiqətən də Azərbaycanda bələdiyyələrin fəaliyyətinə qanunsuz müdaxilələr var».
Bunu «Simsar.az»a açıqlamasında Milli Məclisin deputatı, Bilgəh Bələdiyyəsinin keçmiş sədri Qalib Salahzadə bildirdi.
Mətbuatda gedən məlumatlara görə, yanvarın 27-də Milli Məclisin Regional məsələlər üzrə komitəsinin iclasında bələdiyyələrin fəaliyyəti müzakirə olunarkən söz alan Q.Salahzadə ayrı-ayrı dövlət qurumların qanunsuz müdaxilələrinə sərt şəkildə etirazını bildirib.

Hacı Qalib bələdiyyələrdə aparılan qanunsuz yoxlamaların dayandırılmasını tələb edib.

“Hərə gəlib bir vəsiqə göstərir və bələdiyyələrin işinə yersiz müdaxilə edir. Ölkədə ən müxtəlif qurumlar bələdiyyələrin fəaliyyətinə əngəllər törədirlər. Odur ki, bələdiyyələr inkişaf etmir. Əksinə, bu yoxlamalar bələdiyyələrin fəaliyyətinin məhvinə gətirib çıxarıb. Artıq bələdiyyələrin fəaliyyəti yox dərəcəsindədir ”, -deyə Hacı Qalib bildirib.

Deputatı bələdiyyələrin fəaliyyətinə nəzarəti konkret bir quruma tapşırmağı və digər qurumların qanunsuz müdaxilələrinin qarşısını almağı təklif edib. O, Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadənin fəaliyyətini təqdir edərək deyib ki, bütün bələdiyyələr təkcə ondan razıdır. Şəhər Bələdiyyələri Assosiasiyasının sədri Əbülfəz Babayev də Hacı Qalibin fikirlərinə tərəfdar çıxıb. O da bir çox qurumların bələdiyyələrin işinə qanunsuz müdaxiləsindən şikayətlənib və bələdiyyələrin fəaliyyətinə nəzarət edəcək bir qurumun yaradılmasını təklif edib. Bunun ardınca M.Səlimzadə də bələdiyyələrin fəaliyyətinə süni maneələrin olması faktını təsdiqləyərək narazılığını çatdırıb.

Deputat Fəttah Heydərov isə son 10 ildə bələdiyyələrin inkişaf etdiyini qeyd edərək konkret misal çəkib. Deyib ki, elə Hacı Qalib Salahzadənin adını çəkdiyi Bilgəh bələdiyyəsinin fəaliyyəti nümunəvi olub. Komitə sədri Arif Rəhimzadə bələdiyyələrin fəaliyyətinə maneələrin olduğunu təsdiqləsə də, bunu qurumun öz hüquqlarını bilməməsi ilə əsaslandırıb.

Bu fikirlərdən sonra Hacı Qalib növbəti dəfə söz alıb və daha kəskin danışıb: “Burada açıq danışmaq lazımdır. Mən bir daha bəyan edirəm ki, bələdiyyələrin vəziyyəti acınacaqlıdır. Bəli, Bilgəh bələdiyyəsi nümunəvi idi. Ancaq vəziyyət ona görə yaxşı idi ki, oranın rəhbəri mən idim, heç kim qanunsuz yoxlamalara gələ bilmirdi. Amma Maştağa bələdiyyəsinin sədrinin ürəyi partladı öldü. Kürdəxanı bələdiyyəsinin sədri özünü asdı, Balaxanı bələdiyyəsinin sədrini isə torpaq satmaqda günahlandırıb həbs ediblər. Bu gün Kürdəxanı və Pirşağı bələdiyyələrində vəziyyət həddən artıq acınacaqlıdır. Bələdiyyələr özləri bir metr belə torpaq sata bilməz”.
Hacı Qalib Sabunçu Rayon Polis İdarəsinin rəisini də ittiham edib: “Sabunçunun polis rəisi burda torpaq satmaqla məşğuldur. Bu rayonda torpağı ancaq o satır. Bu qanunsuzluğa son qoyulmalıdır”.

Hacı Qalib bizimlə söhbətində barəsində yazılanların tam doğru olduğunu dedi: «Nə yazıblarsa, doğru yazıblar. Vaxı ilə bələdiyyə sədri olmuş insanlardan hələ də əl çəkmirlər. Gəlib deyirlər ki, 10 il bundan qabaq filankəsə arayış vermisən, nə bilib nə etmisən. Belə şey olar? Bələdiyyə yazıq neyləsin?. Çıxışımda Azərbaycanda bütün bələdiyyə işçilərinin haqlarını müdafiə etmişəm».

RUSLAN XƏLİL






28 Yanvar, 2011  15:09 Baxılıb: 4799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner