Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

35 İLİN 3 AYLIQ KƏDƏRİ

Bu gün mərhum jurnalistimizin doğum günüdür

Salam Şahin. 

Yaxşı səslənir amma. Deyəcəm, Salamın soyadını belə yazdırsınlar. Salam Şahin. Əslində, Salam Şahinoğlu da yazdırmaq olar, amma Salam Şahin daha gözəldir. Həm Salamın kimliyini, həm də gerçək bir şahin olduğunu göstərəcək. Deyəcəm, Salamın soyadını dəyişsinlər.

Salam, Şahin. Görürsən də, bir vergül nəyə qadirdi. Vergül olmayanda sən olmursan, Salam olur, Şahin balası Salam. Vergül sənə bağlayır cümləni.

Belə çıxır ki, aramızda bir vergüllük məsafə var?!

Kaş, hər sözdən əvvəl, hər sözdən sonra vergül olsaydı və o vergüllər səni bizə bir az da yaxınlaşdırsaydı.

Kaş, çarəsizliyin ən böyük və ən kədərli hayqırtısı olan “kaş”lar da olmasaydı da, biz də sənlə bağlı danışanda bu “kaş”lara sığınmasaydıq.

Kaş...

Hə, bilirəm ki, yaxşısan. Amma yəqin çox darıxırsan. Elə bizim kimi. Elə Salam kimi. Gərək çox nigaran qalmayasan, burda hamı yaxşıdı, ancaq bir az darıxırıq. Elə Sənin kimi...

Bir də sənsiz qalmağın, sənsiz qalmağa öyrəşməyin doğurduğu acı bir iztirabla qıvrılır, qıvrılır, gecələrin lal qaranlığında sənsizlikdən yaranan kədərin altında əzilirik... Elə Sənin kimi...

Bilirəm, Sən də çox kədərlisən Salamdan, Anandan, O-ndan və digərlərindən sarı... Qığılcım saçan gözlərinin bu qədər kədəri bir araya sığdırdığında necə göründüyünü görmək istərdim, Şahin. Mən o gözləri çox az hallarda kədər yüklənmiş gördüm...

İndi için-içini yeyir ki, bu, nə vaxt girəcək əsas mövzuya. Tələsmə...

Başlayanda nəyi, necə yazacağımı bilsəydim, barmaqlarım kompüteri bu qədər həvəssiz və bu qədər miskin şəkildə döyəcləməzdi... Sadəcə düşündüm ki, nəsə yazmalıyam sənə. Onsuzda yazmaq istədiklərimi insan beyninin ürətdiyi hansısa cihaza doldurmaq mümkün deyil... Çünki insan beyninin almayacağı qədər doluyam...

3 ayın sənsizliyi 30 ilin ələmini, 300 ilin həsrətini, 3000 min ilin söhbətini toplayıb özündə. 3 aylıq yoxluğun 3 qərinəlik yük doldurub çiynimizə...

Narahat olma, bu yük daşınmalı və sənlə görüşənədək saxlanmalı yükdür. Hamısını danışacam sənə.

3 ayın sənsiz keçən qırıq və səndən yoxsun anlarını təsvir etməyə şairlər varmı, görən?

Söhbətlə, şikayətlə, sitəmlə yüklənmişəm. Danışmağa səni axtarıram, axtarıram ki, dinlədikdən sonra 3 aylıq sənsizliyin nələr yaşatdığını biləsən...

Məqsədim səni də dərdləndirmək deyil... Bağışla yazdıqlarım üçün...

Bayaqdan qulaqların söz çəkir... Çatdım sən deyənə...

Bu gün sənin doğum günündür. Yoxluğunun 3-cü ayında varlığının 35-ci ilini qeyd edirik. Həyat nə qədər təzadlardan ibarətdir?!

Soruşsam ki, 35 il daha uzundu, yoxsa 3 ay, görəsən, hansının daha uzun və daha dözülməz olduğunu deyər, Mənsurə Ana?!

Səfeh sualdır. Təbii ki, 3 ay daha uzundur və təbii ki, məhz Mənsurə Ana üçün, məhz sənsizliyin 3 ayını keçmək bilməyən günlər təki əzab çəkən kəslər üçün.

Belə baxanda, rəqəmlər yalan deməz və biz bilirik ki, 35 il 3 aydan düz, 140 dəfə böyük, uzun, kədərli və çəkilməzdir. Ancaq bunun kimdən və nə zaman sorulduğunun anlamı başqadır.

35 il öncə incə və çığırqan səsiylə işıqlı dünyaya qədəm basan sonbeşiyinin 35 il sonra olmayacağını və o 35 ilin də tam 3 ayını 35-ci ili onsuz keçirəcəyini bilərək yaşayacağını desəydilər Mənsurə anaya, neylərdi?

Dağların qarını əritməzdimi nəfəsinin istisiylə? Çayların yönünü dəyişməzdimi onu deyənə etiraz hayqırtısı ilə? Və ağlının ucuna belə gəlməyəcək bu gerçəyi görəni göz yaşlarıyla doldurduğu dərin-dərin quyulara atıb, ordaca, eləcə boğmazdımı?

Analar belədir... Analar edər, məncə...

Mənsurə Ana belə edərdi 35 il öncə səhər çağı sonbeşiyinin 35 il sonrası haqqında məlumat verən həmin kimsəni...

Bu gün yoxluğunun 3-cü ayında varlığının 35-ci ilini qeyd edəcək sənsizliyin 3 aylıq kədəri altında sıxılan kimsələr.

Bu gün 35-ci baharını görmədiyin bu dünyaya gəlişinin 34-cü ilini qeyd elədiyimiz həmin yerdə varlığının şərəfinə, yoxluğunun kədərinə qaldıracam qədəhimi. Və qarşı masada sənin yarısını içdiyin yarımçıq badənə toqquşduracam növbəti badələrimi... Və varlığının növbəti illərinin hamısında sənin o yarım araq dolu badəni qarşıma qoyub onla içəcəm, bütün növbəti badələri...

Və mən keflənəcəm, hər kəs keflənəcək səndən savayı... Sənsə, badələrini həmişə yarımçıq saxladığın üçü bizdən daha ayıq, daha sayıq və daha şux görünəcəksən gözümüzə hər zaman...

Biz badələri dolu içərək sənin qarşında dik saxlamağı bacarmadığımız başımızı sənin həmişə dik görünən qamətinə söykəyib yuvarlanacağıq sənsizliyin kədərinə qərq olmuş növbəti baharlara...

Və biləcəyik ki, dolu badələrin doğurduğu xatirələrin sevinci bir baş ağrısından sonra dağılacaq...

Və gəlsin, növbəti badələr...

**

İnsanlar doğulur, insan ölür. Və onlar özlərindən sonra qoyduqları ilə anılırlar geri qalanlar sağ qaldıqları müddətdə... Və onların qoyduqları bəzən ölümsüzlük gətirir ölənlərə. Ölməyin sadəcə söz olduğunu, sadəcə yox olmaq olduğunu anladır qalanlara... Və həmin ölənlər ölməkləri ilə doğulurlar bir daha. Doğularkən başqa bir dünyada öldükləri kimi ölərkən bir daha doğulurlar...

Və bu doğulmalar daha əbədi, daha sönməz olurlar beyinlərdə, yaddaşlarda, qalanların xatirələrində doğulduqları üçün...

Sən bir bax, gör nələr qoyub getmisən?!

Qoyub getdiklərin, sanarmısan ki, sənin unudulmana imkan verər?!

Mən heç nəyi demirəm, heç kimi demirəm, bir Salamı deyirəm! Təkcə Salamı! Ölməklə yenidən doğulmağının bir nömrəli səbəbi olan Salam Şahini. Dedim axı, yuxarıda.

Ölməklə doğulmağının digər səbəblərini də bir-bir sıralayardım sənə... Ancaq bilənlər bilir. Və sən də bilənlərin, sənin ölümünlə yenidən doğulduğunu qəbul edənlərin kimlər olduğunu bilirsən...

**

Yoxluğunun 3-cü ayını geridə buraxırıq varlığının 35-ci ilini qeyd elədiyimiz yanvar sıcağında...

Sənsizlikdə yaranan sənsizliyin ağır məsuliyyəti altında verdiyim qərarların arxasında olduğunu düşünürəm. Səhv qərarlar verdiyim şübhəsizdi, ancaq o səhvləri mənə bağışlayacağını bilirəm. Çünki mənim qərar verərkən nələr düşündüklərimi bildiyini bilirəm. Atdığım bütün addımlarda əsas məqsədim sənə aid məsələlərdə səni əsla utandırmamaq idi. Çünki mənim sənin kimi düşündüyümü düşünənlərin düşüncələrini yanıltmaq istəmirəm.

Doğum günü təbrik edirəm, Şahin. Bağışla, birazca ağladım bu yubiley günü. Bağışla, Şahin, bağışla. Biz bağışlamarıq özümüzü, sən bağışla.

P.S. AğaSalam dayıyla yaxşıca qeyd edin varlığının yubileyini. O da çox darıxıb səndən sarı... O da çox kədərlidi... Bölüşün kədərlərinizi, yüngülləşin... Bizim kimi, Şahin, bizim kimi...

P.P.S. Bilirəm ki, bundan sonrakı addımlarımda da arxamda olacaq, mənə dəstək verəcəksən. Sağol, Şahin, dəstəyin üçün...

Ən ağır gülümsəmə və ən acı kədərlə,

Anar Gəraylı






27 Yanvar, 2011  21:22 Baxılıb: 1928 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner