Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

İŞSİZLİK GİRDABINDAKI KİŞ – REPORTAJ – FOTOSESSİYA

“Burda kişi qalmayıb, ölənləri arvadlar basdırır”

Şəki avtovağzalından Kiş kəndinə cəmi 10 dəqiqəlik yoldu. Sürücümüz gənc və bir o qədər də danışmağa həvəslidi. Şəkidəki görməli yerləri, qalaları, Xan sarayını, mənzərəli yamacları seyr etməli olduğumuzu deyir. Şəhərin içi ilə irəlilədikcə keçmişlə müasirliyin vəhdətinin şahid olursan. Evlərin hamısının dam örtüyü qırmızı kirəmitdəndi. Sürücünün sözlərinə görə, bu şəhərin qədimiliyini göstərmək üçündü. Başqa örtük istifadə etməyə icazə yoxdu. Kişin 4 tərəfi dağla əhatə olunub. Əsas hissəsi "Tat" dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz sıra dağlarından götürən Kiş çayı kəndin kənarından axır. Çayın üzərindəki körpüdən kənd çox gözəl görünür. Biri birinə-yaxın tikilmiş, hündür pilləkənli, qırmızı dam örtüklü bir və iki mərtəbəli evlər, fərş döşənmiş küçələr... Kişin gözəlliyi haqqında çox yazılıb. Bu mövzunu nə qədər istəsən davam etdirmək olar. Mən isə yazımda Kiş camaatından danışacam. O insanlardan ki, fotogörüntülərini çəkəndə belə gülümsəyərək minnətdarlıq edirlər. Amma bu gülümsəmə onların yalnız simalarındadı. Üç günlük müşahidədən sonra kənddə daha çox qoca, qadın və uşaqların yaşadığına əmin oldum. Məktəbli uşaqlar ata, təzə gəlinlər ər, qoca analar oğul həsrəti çəkir burda. Kişilərin çoxu bir tikə çörək üçün Rusiyanın müxtəlif vilayətlərinə yollanıblar. İşsizlik Kişin boyük dərdidi. 

4 oğul yolu gözləyən Rəfiqə nənə

65 yaşlı Rəfiqə nənə ömrünü bu kənddə keçirib. Məqsədimizi öyrənən kimi evə dəvət edir. Bu evin 70-dən çox yaşı olar. Kiçik həyətyanı sahəsi olsa da, həyətdə heç nə əkilməyib – nə tərəvəz, nə göyərti, nə də ağac. Rəfiqə nənənin bir tikiş maşını var. Deyir, paltar tikə bilmirəm, yataq örtüyü kənarı bükürəm. Söhbətimiz zamanı güzəranından şikayətlənir. Keçmiş Kişi xatırlayır. “Əvvəl evimiz çayın kənarında olub. Bağımızda lobya, xiyar, qabaq əkirdik. Mal-qara saxlayırdıq. Daşqından sonra köçmüşük bura. Özüm toxucu işləmişəm. O vaxtlar canımız bərk idi. Atam çox cəsur kişi idi. Qorxu-hürkü bilməzdi. Çörəyi boşqaba doğrayardı, üstünə nehrə yağı süzüb yeyərdi. At belində evə çəltik gətirərdi, un üyüdərdi. İndi yediyimiz “Sana”, marqarindi. Canımız xəstəlik tapıb. 120 manat pensiya alıram, onu da dərmanlara xərcləyirəm”.
Rəfiqə nənə 4 oğul yolu gözləyir. Onlar Rusiyada alverlə məşğuldular. Təkcə birinin Kişdə evi var. Digərlərinin adına heç bir mülk yoxdu. “Kişdə vəziyyət 1990-cı ildən sonra pisləşdi. Əvvəl ipək kombinatı var idi. Nə qədər adam orda işləyirdi. Bir kişi maaşı ilə 10 baş külfəti dolandıra bilirdi. Oğlumun ikisi burdakı evini satıb alver üçün xərclik etdilər. Əlimizdə bircə bu ev qalıb. Qayıtsalar hamısı burda yaşamalı olacaq. Bu gəlinin yaşadığı otaq əvvəl tövlə olub. Gəlinlər, uşaqlar başsız qalıb. Bir oğlum şəhərdə fəhlə işləyirdi. Bir günlük işə 7 manat verdilər. O da məcbur oldu getdi. Qoca canımla məktəbin bufeti üçün peraşki bişirirəm. Səhər saat 5-də oyanıb xəmir yoğururam, içlik hazırlayıram. 10 peraşki 1 manat edir, 80 qəpik bizə qalır, 20 qəpik onlara. Heç sərf eləmir. Dedim cütünü 30 qəpiyə satın, almadılar. Burda gəlin köçəndə şirinçörək aparırlar. Hərdən sifariş verirlər, onu da bişirirəm”.
Bağçada heç bir tərəvəz-göyərtinin əkilməməsini isə müsahibimiz torpağın yararsızlığı ilə əlaqələndirir: “Əkirsən də bitmir”.

“Oxuyana hər yerdə iş var”

Kişdə 3 orta məktəb, 1 uşaq baxçası və 1 tibb məntəqəsi var. Burada yaşayanların sözlərinə görə, tibb məntəqəsində bir neçə işçi var. Xəstə iynə vurmaq lazım olanda dərmanı özü alması şərtilə bu işçilərin köməyindən istifadə edə bilər. Xidmət qarşısında da haqq ödəməlidi. Tibb məntəqəsinin şəkilini çəkmək istəyirəm. Bu işdə mənə kənddə böyümüş, hazırda Bakı Dövlət Universitetində təhsil alan İlkanə kömək edir. Tibb məntəqəsinə ayaqla getmək çox zaman aldığından marşrutla gedirik. Marşrutlar “RAF”lardan ibarətdi ki, 1,60 metrdən hündür boya sahib sərnişinlər mütləq ikiqat dayanmalıdılar. “RAF” fərş küçələrlə kəndin içinə doğru irəlilədikcə çox gözəl mənzərə açılır. Bəzi həyətlər arasında hündürlüyü çox olmayan çırpıdan hörülmüş çəpər var. Həyətlərdə demək olar ki, heç bir əkin işləri aparılmır. Bələdçim İlkanə ilə söhbətləşirik. O məktəbi bir il bundan öncə bitirib. Deyir kənddəki gənclərin əksəriyyəti oxumaq istəyir. Çünki oxuyana hər yerdə iş var. “Dərslər çox ciddi keçirilmir. Universitetə qəbul olunmaq üçün müəllim yanına gedirdik. Burda qızlara Şəkidən kənarda oxumağa çox icazə vermirlər. Oğlanlardan imtahanlarda yaxşı nəticə göstərənlər az olur. Çox vaxt peşə məktəbində oxuyurlar”.
İlkanə univeristeti bitirəndən sonra Şəkidə işləmək istəmədiyini də söyləyir. Səbəb isə əməkhaqqının az olmasıdı. Rayondakı işsizlikdən narazı olan bələdçimin də atası Rusiyadadı. “Atam 20 ildi orda alverlə məşğuldu. İstəməzdim belə uzaqda olaq. Burda iş yeri olsaydı, o da getməzdi. Ona görə, bu hala çox pis baxıram”.
“RAF” tibb məntəqəsinin qarşısında saxlayır. Məntəqə bağlıdı. Barının üzərində bir neçə şəkil çəkirik. Bura köhnə evdi, həyətində yığılmış odunlardan istilik sisteminin olmaması məlum olur. Məntəqədən ayrılarkən küçəni qazan bir fəhlə ilə rastlaşırıq. Onunla söhbət etmək cəhdimiz baş tutmur. Bu zaman bir az irəlidəki mağazadan bir sakin “Kişin yollarını, dağlarını çəkməyin, camaatın güzərənından yazın” deyir. Onun istəyini yerinə yetirmək üçün yanına gedirik. Akif İdrisov da işsizlik qurbanıdı. “İpək kombinatında 20 il işləmişəm. 1990-cı ildə ixtisarlar başladı. İşsiz qalanlardan biri də mən oldum. 23 ildi orda-burda fəhləlik edirəm. Bir ara Rusiyaya getdim, amma geri qayıtdım”, - deyən həmsöhbətim kəndin kişilərinin xarici ölkələrə üz tutmasını məcburiyyət hesab edir. “İş yeri yoxdu. Açılacaq, açılmayacaq onu da bilmirik. Cavanlar boş-boş gəzməklə günlərini keçirirlər. Burda kişi qalmayıb, ölənləri arvadlar basdırır” – deyir Akif İdrisov.

Qəzadan sonra dəyişən həyat

Kişdə rastlaşdığım ailələrin hamısının müxtəlif hekayələri var. Amma işsizlik əsas problem olaraq qalır.
“2006-cı ildə ailəlikcə avtomobil qəzasına düşdük. Sürücü elə orda vəfat etdi. Həyat yoldaşım, mən, iki övladım möcüzə nəticəsində sağ qaldıq. Oğlum 4 dəfə, qızımla həyat yoldaşım 2 dəfə əməliyyat olundu. Bütün xərclərin hamısını özümüz çəkmişik. Oğlum dövlət xəstəxanasında gözündən əməliyyat olundu, pul aldılar. Amma çek vermədilər. İndi yoldaşım Rusiyadadı. Gündəlik xərcimizi ödəyə bilmirik. Bankdan kredit götürüb müalicə olunuruq. Qohum-tanış da kömək edir. Məktub yazıb, köməklik edilməsini xahiş etdim. Cavab gəldi ki, dərman yardımı edilsin. Onun da hamısını vermədilər”- bu sözlər Kiş sakini İradə Əhmədovaya aiddir. Bir neçə il öncə baş vermiş ağır yol hadisəsinin təsiri bu gün də bu ailənin üzərindədi. Qızı Şəfa 8-cu sinifdə oxuyur. Qəzadan sonra yaddaşı zəifləyib, daimi baş ağrıları olur, onurğasında əyilmə gedir. 11-ci sinif şagirdi Şahinin isə yenidən əməliyyata ehtiyacı var. Ancaq ailənin maddi vəziyyəti buna imkan vermir. Digər tərəfdən bir neçə ay sonra Şahin 18 yaşını tamam edib hərbi xidmətə çağrılacaq. Bu isə ana üçün dözülməz haldı. “Hərbi xəstəxanada müayinəyə aparıram, deyirlər sağalıb. Etiraz edəndə Bakıya getməli olduğumu bildirirlər. Şahinin alın sümüyü sınmışdı, yerinə “kapron” qoydular. Gözü əməliyyat olunmalıdı. Əsəbləri pozulub, dişlərinin çoxu qırılıb. Mən görürəm axı övladım sağlam deyil. Oxumaq istəyir. Amma məşğələlərə yollamağa imkanım yoxdu. Oxumasa necə iş tapacağını bilmirəm. Fəhləlik edə bilməz. Qalmışam çıxılmaz vəziyyətdə”.
İ.Əhmədova danışdıqca kövrəlir, işsizliyin çətinliyinə dözməyin mümkün olmadığını deyir. Bankdan götürdüyü kredit borcunu ikinci kreditlə ödədiyini deyir. Bu hal zəncirvaridi. Söhbətimizə onun bacısı Kəmalə Əzizova qatılır. Yoldaşı ikinci qrup əlildi. İşləyə bilmir. 44 manat pensiya alır, 4 nəfərlik ailə bir ay bu pulla keçinməlidi. “Oğlum ödənişli əsaslarla universitetdə qəbul oldu. Bir il borc tapdıq ödədik, sonra imkanımız olmadı. O da əsgərliyə getdi. O biri oğlum 10-cu sinifdədi. O da oxumaq istəyir. Məşğələyə gedir. Pulu ödəmək üçün şorqoğal bişirib satıram. Bir günə 100 dənə hazırlamalıyam. Məşğələ pulunu çatdıra bilirəm, amma o pula uşaq oxutmaq mümkün deyil”- deyir Kəmalə Əzizova.

“Cavanlar özünü işə vermir”

Kənddə sonuncu söhbətləşdiyim sakin 86 yaşlı Cahangir baba olur. O kəndin keçmişindən danışır. Deyir, Kişin 500 ildən çox tarixi var. Vaxtilə albanlar yaşayıb. Onunla ayaqüstü söhbət edirik:
- Ömrüm burda keçib. Əvvəllər su idarəsində fəhlə işləmişəm. İndi pensiyadayam.
- Cahangir baba, bu kənddə mal-qara saxlamırlar?
- Saxlayırlar, indi hava soyuqdu, - deyə tövlədədi.
- Təbii qidalardan istifadə edərsiz.
- Yox ay bala, mal-qara azdı. Südü, qatığı mağazadan alırıq.
- Rayon camaatı sevmir axı dükan malını.
- Məcburuq, amma çətindi. Mənim də bu yaşda gücüm çatmaz mal-qara saxlamağa.
- Bəs cavanlar?
- Cavanlar özünü işə vermir. Heyvanat saxlayan yaylaqdan ot biçib gətirsin, tövləni təmizləsin gərək. Bunlar deyir tövlədən iy gəlir (gülür).

Günel Səfərova

 

 

 

 

 






22 Aprel, 2013  16:08 Baxılıb: 3167 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner