|
GƏDƏBƏYİN İCRA BAŞÇISI SORĞU-SUALA TUTULUB
Zamanlı kəndində yanan ailənin məsuliyyəti Kamran Rzazadənin üstünə atılır
«Azərbaycan müxalifətini yandırmağa göysatan axtarmaq fikrindən çəkinməyə çağırıram». Bunu Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirmişdi. Bu müsahibədən bir neçə gün qabaq isə Gədəbəyin Zamanlı kəndində yaşayan Hüseynov Ədalət Razim oğlu özünü və ailəsini yaşadığı mənzildə yandırmışdı. Xatırladaq ki, Ədalət Hüseynov, həyat yoldaşı Hakimə Hüseynova, azyaşlı övladları Tural və Tapdıq Hüseynovlar ağır yanıq xəsarətləri ilə əvvəlcə Gədəbəy rayon xəstəxanasına, oradan isə Gəncədəki xəstəxanalardan birinə çatdırılıblar. Vəziyyətləri ağır olduğuna görə Ədalət Hüseynov və övladları elə həmin gün - yanvarın 20-də Bakıdakı 5 saylı Kilinki Xəstəxanaya gətiriliblər. Ədalət Hüseynov yanvarın 21-i xəstəxanada dünyasını dəyişib.
Ədalət Hüseynovun bu addımına səbəb isə Gədəbəy Rayon Polis Şöbəsi, Meşə Mühafizəsi və Bərpası Müəssisəsi əməkdaşlarının təzyiqlərindən bezməsi olub. Məhrumun Aşağı Zamanlı kəndinə yaşayan qayını Səyyad Hümbətov mətbuata açıqlamasında bildirib ki, hadisədən iki gün əvvəl polislər Ə.Hüseynovun yaşadığı evə hücüm çəkərək evin qapısını sındırıb. Onu yatdığı yerdə ailəsinin yanından Saratovkada yerləşən polis bölməsinə aparıblar. Qohumunun sözlərinə görə, orada polislər tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalan Ədalət Hüseynov özünü və ailəsini yandıracağını deyib: «Amma inanmayıblar. Gəlib evə bu hadisəni törədib».
Kənd sakinlərindən bir isə bildirib ki, basqın edən polis əməkdaşları sərxoş olub. Onlar Ədalət Hüseynovun həyat yoldaşına qarşı əxlaqsız hərəkətlər ediblər. Məruhumu intihara vadar edən əsasl səbəb isə bu olub. 7 yaşlı Nigar Hüseynova: «Gecə qapımızı qırıb evimizə girdilər, atamı apardılar, biz də ağladıq» Hadisədən yeganə xəsarətsiz çıxan Ədalətin 2-ci sinif şagirdi olan qızı Nigar olub. Evlərində yaşanan faciəyə görə özünə gələ bilməyən Nigar başlarına gələnləri ağlaya-ağlaya belə nəql edib: «Gecə qapımızı qırıb evimizə girdilər. Atamı apardılar. Biz də ağladıq. Səhər günorta atam evə gəldi. Dedi sizin üzünüzə necə baxım? Sizi dolandıra bilmirəm, imkan vermirlər. Sonra mən qonşumuzun evindəydim. Bir də dedilər ki, eviniz yanır».
Araşdırmalar zamanı məlum olub ki, mərhumu incidən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Gədəbəyin icra başçısı Kamran Rzazadənin yaxın qohumudur. İcra başçısına güvənən baş meşəbəyi yaşıl soyqrımla məşğul olur. Camaatın yandırmaq üçün kəsdiyi bir-iki ağaca görə, isə onları cərimələtdirir. Gədəbəyin keçmiş deputatı Nazim Məmmədov hadisənin obyektiv araşdırılmasını gözləyir: «Gədəbəydə bu tipli hadisələr təkrar olunur. Görünür, burada polis şöbəsinin kadr problemi var. Mən bu ailəyə baş çəkdim. Müəyyən qədər maddi köməklik göstərmişəm. Oğlunun vəziyyəti kritikdir. Xanımı ilə söhbət elədim. Bu ailə məmur özbaşınalığının qurbanı olub».
N.Məmmədovun sözlərinə görə, əhalini meşəni qırmaqda günahlandırmaq doğru deyil: «Ucqar dağ kəndləridir. Nə qədər ki, təbii qaz çəkilməyib, insanlar odun doğramağa məcburdurlar». Göründüyü kimi, məmur özbaşnalığı bir ailənin faciə ilə üzləşməsinə gətirib çıxarıb. Məlumatlara görə, Zamanlı kəndində ailənin özünü yandırması Prezident Administrasiyasında müzakirə olunub və baş verənlərlə bağlı icra başçısı sorğu-suala tutulub. Növbəti qərarın necə olacağı isə yaxın günlərdə məlum olacaq.
PƏRVİZ
25 Yanvar, 2011 17:19 ⁄ Baxılıb: 3212 ⁄ Çap
Bu bölmədə
|
|
|