Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«YAZI VƏ ZİBA»NIN EŞQİNDƏN DOĞULAN SABZIVAN KOŞIKLARI – TÜRK DÜNYASI

Əfqanistanda yaşayan özbək türklərin Sabzıvan koşıkları necə yarandı?

Əfqanıstan özbəklərinin xalq ədəbiyyatı nümunələri əsasən dilə söykənir və şifahi olaraq nəsildən nəsilə köçürülərək, xalqın yaşayış tərzini, dünya görüşünü və zövqünü əks etdirir. Bugünkü Özbək xalq ədəbiyyatı ümumtürk xalq ədəbiyyatının ayrılmaz hissəsidir. Özbək xalq ədəbiyyatının ən əhəmiyyətli və gözəl nümunələri bugünkü Əfqanıstan özbəklərinin xalq ədəbiyyatında da yer alır. 

Bu ədəbiyyat nümunələri el ədəbiyyatı, ağızdakı icad və ağzaki ədəbiyyat da adlandırılır. Əfqanıstan özbəkləri daha çox şifahi ədəbiyyat nümunələri yaratdıqları üçün ədəbiyyatları haqqında indiyə qədər çox az məlumat əldə olunub. Ancaq yenə də, bu ədəbiyyat kifayət qədər araşdırılıb. Araşdırmalardan bəziləri bunlardır:
Eine Prosodisch-folkloristiche STUDIE (Gebundene Ausgabe-1984); Ingeborg Baldauf, Materialien zum Volkslied deyər Özbeken Afghanistans von (Broschiert -1989) (Əfqanıstanda Özbək xalq türküləri və materialları); Doktor Harif HUSMANN “Afghanistan uzbeklerining folkloridan namuneler” (1980); Doktor Feyzullah Ayman “Xalq Durdanələri” (2008); Saleh Məhəmməd Hassasın “Koşıklar və Oyunlar” (2009) və “Säbzıvan Koşıkları” (2005).

Əfqanıstan Özbəklərinin şifahi ədəbiyyat nümunələrinə nağıllar (ertekler), atalar sözləri (makaller), türküler (koşıklar), dastanlar (dastanlar), tapmacalar (taftamataller), əfsanələr (afsane), lətifələr (latifə), laylalar (əllə), alğış(alqış) və qarğışlar (karqış) aiddir.

Koşıklar-Türkülər

Əfqanıstan Özbək Türkləri arasında xalq mahnılarının yar-yar, öleng, nay, naylar, sabzıvan, mehnet koşıkları, qəhrəmanlıq koşıkları, yığı, yoklavlar və balalar koşukları kimi növləri mövcuddur. Əfqanıstan Özbəklərində toylarda və başqa xoşbəxtlik mərasimlərində yar-yar və ölenglər oxunur. Öleng şeirləri yaşlı qadınlar tərəfindən oxunulur. Nay-nay şeirləri isə gənc qızlar tərəfindən söylənilir.

Sabzvan Koşıkları (Türküləri)

Əfqanıstan Özbək Türklərinin xalq ədəbiyyatının ən zəngin nümunələrindən biri olan Sabzıvan koşukları anonim xalq türküləridir. Bu türkülər günümüzə qədər şifahi olaraq varlığını davam etdirib. Sabzıvan koşıkları dördlüklər şəklindədir. 11 və 16-lıq heca ölçüsüylə aaba şəklində olurlar. Bu türkülər müəyyən bir zaman və məkan içərisində, xüsusilə də xalça toxuyarkən və ənənəvi sümelek bişirərkən qadınlar və gənc qızlar tərəfindən oxunur. Sabzıvan koşıkları əsasən eşq, sevgi, ayrılıq, vəfasızlıq, qəm və qayğı kimi mövzularda olur. Qadınlar və qızlar; kədərlərini, ağrılarını, sevinclərini, istək və duyğularını bu türkülərdə ifadə ediblər.

Əfqanıstan Özbəklərinin xalq ədəbiyyatı araşdırmaçısı Dr. Fayzullah Ayman koşukların sabzıman və ya savzıvan kimi tanındığını qeyd edir. Saleh Məhəmməd Xaşxaş da bu türkülərin xalq arasında daha çox sabzıvan adlandırıldığını yazır. Sabz sözü farscada yaşıl mənasını verir, van isə şəkilçi funksiyasını daşıyır. Yəni, sabzıvan yaşıllıq deməkdir.

Bu xalq türküləri Əfqanıstanın Meymene, Sarpul, Çavızcan şəhərlərində qadınlar, qızlar və az sayda da olsa kişilər tərəfindən deyilən eşq mövzulu və duyğulu mahnılardır. Qadın və qızlar xalça toxuyarkən, hörgü, tikiş və naxış işləri ilə məşğul olarkən və ya Novruzda semenek (səməni) bişirərkən sabzıvan türkülərini oxuyurlar. Bunlar Dr. Fayzullah Ayman və Saleh Məhəmməd Xaşxaş tərəfindən toplanaraq kitab halına gətirilib.

Dr. Fayzullah Ayman 1980-ci ildə sabzıvan koşuklarını toplayaraq “Xalq Dordanaları”adlı kitabını çıxarıb. Kitab Əfqanıstanın paytaxtı Kabildə nəşr edilib. 1986-cı ildə isə kiril əlifbası ilə yazılmış “Əfqanıstan Özbəklərinin Xalq Koşukları” adlı kitabını Daşkənddə nəşr etdirib.

Əfqanıstanda uzun illər müharibə olduğu üçün Özbək xalqı da bu vəziyyətdən mənfi təsirlənib. Döyüşdə ölənlər, itənlər, şikəst qalanlar, yoldaşlarından və ailələrindən ayrılanlar, dul qalan qadınlar duyğu və düşüncələrini, acı və kədərlərini, sabzıvan koşıklarıyla ifadə ediblər. Koşıklar Özbək xalqının kədərini hər istiqamətiylə izah edir. Dr. Fayzullah Ayman 2003-ci ildə müharibə və müharibədən sonrakı dövrlərdəki xalqın duyğu və düşüncələrini ehtiva edən koşıkları nəşr etdirib.

Dr. Fayzullah Aymandan sonra bu mövzuda ən çox araşdırma aparan Məhəmməd Saleh Hasassdır. Hassas 17 yaşından etibarən xalqın arasında gəzərək sabzıvan koşuklarını toplamağa başlayıb. 2006-cı ildə isə topladığı sabzıvanları nəşr etdirib. 1994-cü ildə Alman xalq araşdırmaçısı İnge Borg Baldauf sabzıvan koşıklarını toplayaraq alman və ingilis dillərində nəşr etdirib. Əfqanıstanda yaşayan etnik qrupların içində ən zəngin folklor nümunələri özbək türklərinə aiddir. Özbək şairlərindən Abdülhak Kuygen və Məhəmməd Alim Lebib anonim sabzıvan koşıklarından təsirlənərək sabzıvan koşıklarının heca ölçüsüylə şeirlər yazıb. Bu gün sabzıvan koşıkları yavaş-yavaş itməyə üz tutub.

Sabzıvan koşıkları “Yazı və Ziba” dastanıyla əlaqələndirilir. Bu türkülər Yazı və Zibanın eşqindən doğulub. Əfqanıstan özbəklərin rəvayətlərinə görə, Yazı adlı aşıq Meymene şəhərinin Almar mahalında dünyaya gəlib. O, Ziba yəni gözəl adlı qıza aşiq olub. Ayrılığından Məcnun kimi eşq şeirləri söyləyərək dolaşırmış. Ziba isə Meymenenin Gülcan Seyat kəndindənmiş. O dövrlərdə aşiq və məşuqların yaşadığı yerlərdə min cür maneələr olub. Ona görə də Yazı və Ziba bir-birlərinə qovuşa bilməyiblər. Yazı Zibanın həsrətinə dözə bilməyərək özünü öldürür. O, Zibanın evinə yaxın bir qəbiristanlığa dəfn edilir. Ziba sevgilisinin öldüyü xəbərini alır və bir neçə rəfiqəsiylə Yazının qəbrinə gedir. Ziyarət etdikdən sonra qızlar geri dönmək istəyəndə Ziba onlara bir yalan uydurub məzarın başına geri qayıdır. Ziba Yazının məzarının yanında başına daşla vuraraq intihar edir. Bu eşq dasdanıyla başlayan və günümüzə qədər gələn koşıklar zəngin bir xalq mədəniyyəti nümunəsidir.

Əfqanıstan özbəkləri tacik və puştunlarla bir bölgədə yaşadıqları üçün dil və ədəbiyyatlarına çoxlu sayda fars, ərəb və puştu sözləri daxil olub. Xarici sözlərin koşıklarda tez-tez təkrarlandığını görürük. Özbək mədəniyyətində, qız istəməyə gediləndə və ya qız ilə kürəkənin evlərinə bayramlarda qonaq gedəndə gənc qızlar dəfin müşaiətiylə sabzıvan türkülərini oxuyurlar.
Toylarda, bayramlarda, Novruz bayramlarında xüsusilə də çərşənbə günləri gənc qızlar ailələriylə yaylalara və təpələrə çıxaraq xalq türküləri söyləyirlər. Yerli paltarlar geyinən qızlar həm də xalq oyunları oynayırlar. Sabzıvan koşıklarında Yazı və Zibanın adları da tez-tez keçir.

Çölda kördim çöl börüni uyini
Saġınib-man Yazı canınig boyini
(Səhrada gördü çöl Kürün evini
İstəmişəm Yazı canın boyunu)

Ayt deganda aytib bermas mi, kishi
Kishini qurboni bolmas mi, kishi.
Ayt deganda aytib bersa razini,
Yigit bolsang kotar, qizning nozini.

Söylədiyin deyilib getməz mi adam,
Adamın qurbanı olmaz mı adam?
Söylədiyini söyləyib versə razını,
İgid olsan qaldır qızın nazını.

Asta asta boramiz, gor boshiga,
Quloq soling yozijon nolishiqa.
Xudodan hukum bo'lib yorilsa gor,
Man tushsam yozining yonboshiga.


Yavaş yavaş gedərik qəbir başına
Qulaq versin Yazıcanın yalvarışına
Allahın hökmüylə yarılsa qəbir
Mən düşüm Yazıcanın yanına


Müəllif: Filoloq Firuz Fevzi Fevzi
Tərcümə etdi: İlknur Salamova






10 Aprel, 2013  20:53 Baxılıb: 2116 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner