Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

STALİNİN EV MUZEYİNDƏN ÖZƏL REPORTAJ – FOTOSESSİYA

Gürcüstan, Qori…

Gürcüstanda Qori şəhərinə səfərim zamanı orda yerləşən bir muzeyə baxmaq dəvəti aldım. Bu, Qoridə doğulub-böyümüş mərhum diktator İosif Vissarionoviç Stalinin ev muzeyi idi. Daha doğrusu, muzey-kompleksi…

Ora çatanda iki tikili və bir qatar vaqonu qarşıladı bizi. Evlərdən biri olduqca böyük, çoxmərtəbəli binadan, biri isə kərpicdən və taxtadan tikilmiş, köhnə, sınıq-salxaq bir komadan ibarət idi. Çoxmərtəbəli binada bir vaxtlar zəhmi yeri-göyü qorxudan diktatorun əşyaları və şəkilləri yerləşirdi. Balaca koma isə Stalinin doğulduğu kasıb ev idi.
Tənha yaşıl vaqon isə 1943-cü ildə Stalini Tehrana aparan vaqonun özü idi.

Daxmada doğulan diktator

Mən daxmadan başladım. 5 lari (gürcü pulu) verib, arxasınca taxtaları qaralmış, kərpicləri ovulmuş komaya tərəf addımladım. Daxmanın altında qapısı kilidli zirzəmi də vardı. Barmaqlıqlı qapıdan zirzəminin qaranlıq içərisi azacıq sezilirdi. Qara, rütubət qoxulu boşluq.
Bələdçi: “Bu zirzəmidə Stalinin atası Vissarion Cuqaşvili çəkməçilik eləyib”. İndi buranı bağlamışıq. İçəri turist buraxmırıq”.
Üç köhnə, sınıq-salxaq pilləni qalxıb, eni bir metrdən çox olmayan, qaralmış köhnə döşəməli, alcaq sütunlarını zaman yemiş artırmaya çıxdıq. Artırmadan iki ayrı-ayrı otağa açılan qapı var idi. Bələdçi izah elədi:
- Bu ev Stalinin ailəsinin olmayıb. Atası bu evin bir otağını kirayə tutub. Otaqlardan birində onlar, birində də ev sahibinin ailəsi yaşayıb. Stalinin doğulduğu otağa girdik. İçəridə üstü köhnəörtüklü taxta yataq, bir qədim sandıq, dördkünc balaca masa, bir neçə sınıq kətil, güzgü, saxsı qablar vardı.
Böyük Rəhbər bu balaca otaqda doğulmuş, uşaqlğının dörd ilini bu daxma küncündə keçirmişdi. Daxmanın qabağında uzun, enli, mərmər döşəli xiyaban uzanırdı. Çünki sonralar diktatorun bütün qonşularının evini söküb, bu tarixi yeri Stalin Parkına çevirmişdilər…

Qatarın dalınca baxma…

Stalini 1943-cü ildə Tehrana aparan tənha, yaşıl vaqona baş çəkdim. Qatardan köhnə, rütubətli bir qoxu gəlirdi. Əşyalardan, sovet vaxtı üçün şıq hesab olunan qapaqlı vannadan, iclas otağındakı masadan, kətillərdən, pəncərələrin kip qapalı pərdələrindən tarix yağır, adamı xof basır, elə bilirsən ki, bu dəqiqə hardansa uzunboğaz çəkməli, kitelli, damağı qəlyanlı, zəhmli bir kişi peyda olub, barmağını sənə tuşlayaraq, - “Rasstrelyat!” - deyəcək.
Arxamca bir əcnəbi cütlük girdi. Onlar bələdçi ilə nəsə pıçıldaşdılar. İngiliscə yaxşı bilmədiyimə görə, sadəcə söhbətin məğzini tuta bildim. Bu əcnəbi, gənc cütlük bələdçiyə pul təklif edirdilər. Bu pulun qarşılığında isə, bir saatı ikilikdə burada keçirmək istəyirdilər.
Qısacası, diktatorun tarixi qatarında sevişmək istəyirdilər…

Məişətə uduzan, toyuqlara atılan tarix

Qatarın çölündə bir kişi əyilib, dəmir təkərlərin altından göyərən ot-ələfi yığıb, köhnə torbasına doldururdu. Onun bu otları xatirə kimi topladığını, qurudub, mərhum «atası»nın qoxusunu bu otlardan almaq istədiyini düşündüm. Özümü saxlaya bilməyib, rusca ondan bu otları niyə yığdığını soruşdum. Cavabı çox sadə və məişətvari oldu:
- Doğrayıb, toyuqlara atacam….
Ala, bu da sənə tarix…

Kompleksdə Stalinin çox da böyük olmayan heykəli vardı. Sovet vaxtı Qoridə onun olduqca nəhəng heykəli varmış. Amma Sovetlər dağılan kimi gürcülər o nəhəng heyəli dağıdıblar. Nə olsun ki, Stalin gürcülərin böyük oğlu olub. Heç bir xalq dktatora rəğbətdə ittiham olunmaq istəmir. Bu balaca heykəli isə tarixi fakt kimi saxlayıblar. Onun uzaqlara baxan daş gözləri…

Bələdçidən onun özünün Stalinə münasibətini soruşuram. “Sevməli adam olmayıb” - deyir. Və davam edir “bura gələn turistlərin demək olar ki, heç birinin ona rəğbəti yoxdu. Onlar diktatura tarixinə baxmağa gəlirlər. Xüsusilə də yəhudilər. İldə otuz beş mindən çox turist gəlir bura. Onlardan çoxu İsraildən olur. Səbəbini bilmirəm…

Stalinin əşyalarının, fotolarının saxlandığı böyük muzeyin ikinci mərtəbəsinə qalxıram. Muzeyin zalları izahagəlməz dərəcədə soyuqdur. Muzey işçiləri paltoda, gödəkçələrdə gəzirlər. Boz, sovetdənqalma qadınlar…otaqlardan birində üzərində stalinin əksi olan külqabılar, fincanlar, breloklar, şərablar, maykalar satılır. Tarixdən pul qazanmaq gürcülərin də haqqıdır. Nə qədər əhli-kef, alverçi məntiqi ilə düşünməyən xalq olsalar da…

Diktator olacaq körpələri qadınlar doğmurlar
Dikator olacaq uşaqları qadınlar qusurlar bətnlərindən…


Muzey zallarının birində Trotski, Lenin, Stalinin yoldaşlığını əks etdirən fotolarla, Sovet dövrünün mətbuatından seçilmiş səhifələrlə, mərhum diktatorun fəaliyyətini əks etdirən sənədlər, şəkillər, rəsm əsərləri ilə yanaşı bir dənə foto da diqqətimi çəkdi. Bu köhnə paltarlı, yaşlı, başına milli gürcü ləçəyi örtmüş yaşlı qadının şəkli idi. Onun qırışlı üzündən sadə əyalət qadının yorğunluğu, fərəhsizliyi yağırdı. Bu, dünyanın yarısını lərzəyə salan Stalinin anasının şəkli idi…Dahi, diktator, rəhbər doğduğundan xəbərsiz – əyalət qadını…Bir gün şəklinin muzeylərdə asılacağına inanmayan, belə bir şeyi eşidəcək olsa, gülən, zarafata salan sadə ana…

Günel Mövlud

 

 






2 Aprel, 2013  18:29 Baxılıb: 3376 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner