Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MƏŞHUR TÜRK AKTYORU: “QARABAĞLA BAĞLI FİLMDƏ OYNAMAQ İSTƏRDİM”

“Berlin Türk Film Həftəsi”nin direktoru, “Tiyatro Aktuel Berlin” teatrının rəhbəri, teatr və kino aktyoru Səlcuq Sazak ilə Türk Film Həftəsində görüşüb müsahibə aldıq

Tərcümeyi-hal

Səlcuq Sazak, 16 Mart 1954-cü ildə Ankaranın Kalecik rayonunda anadan olub. 1976-cı ildə Ankara Dövlət Konservatoriyası teatr şöbəsini bitirib. 1977-ci ildə Almaniyaya gedib və Münhen Qabara teatrında rejissor Ernst Wendtinin assistenti işləyib. Bundan sonra, o, 1990-cı ilin başında bir aktyor kimi Berlinə köçüb. Berlin-Kreuzberg Türk teatrı “Tiyatrom”da müxtəlif oyunlara quruluşçu rejissor kimi rəhbərlik edib. 1993-cü ildə İzmir Dövlət Teatrının təklifi ilə həmin teatrda rəhbər kimi çalışıb. 1995-ci ildə “Tiyatro Aktuel Berlin” adlı öz teatrını yaradıb. 2007-ci ildə Ərzurum Dövlət Teatrında Əziz Nesinin “Hadi Öldürsənə” tragikomediya əsərini tamaşaya qoyub. 2007-ci ildə Almaniyanın Kassel şəhəri Dövlət Teatrının təklifi ilə həmin teatrda aktyor işləyib. Almaniya və Türkiyənin Dövlət teatrlarında rejissor-aktyor kimi çox sayda oyunu tamaşaya qoyub və Almaniya Dövlət Televiziyası ARD və ZDF başda olmaqla, Türkiyədə də çox sayda televiziya filmlərində, seriallarda oynayıb. O, 2003-cü ildən “Berlin Türk Film Həftəsi”nin direktorudur.


- Səlcuq bəy məşhur bir aktyor kimi özünüzü azərbaycanlı oxuculara necə tanıdardız?

-1976-ci ildə Ankara Dövlət Konservatoriyasının teatr şöbəsindən məzun oldum və həmin il peşə həyatıma qədəm qoydum. Bir il Ankara Dövlət Teatrında aktyor işləyəndən sonra magistratura təhsili üçün Almaniyaya getdim. Müxtəlif dövlət və şəhər teatrlarında aktyor və rejissor kimi işləmişəm. Almaniyada və Türkiyədə müxtəlif seriallarda oynamışam.

-“Berlin Türk Film Həftəsi” necə yarandı?

-2003-ci ildə "Zoo Palast" adlı kinoda başladı. Həmin il büdcəmiz yox idi, bəzi filmlərin alt yazısı İngiliscə gedirdi. O zaman 6 film göstərə bildik. İndi isə filmlərin sayı 30-u ötüb.

-Bunu yaratmaqda qarşınıza qoyduğunuz əsas məqsəd nə idi?

- İlk hədəfimiz türk filmlərini alman tamaşaçıya mənimsətmək idi. Bununla yanaşı Berlində yaşayan türk tamaşaçının da burada yer almasını hədəfləyirik.

- 11-ci “Berlin Türk Film Həftəsi”nin builki mövzusu nə idi?

- Bu ilin ana mövzusu "keçmişdə edilən səhvlər" üzərinə təyin olunmuşdu. 11-ci “Berlin Türk Film Həftəsi”nin fəxri qonağı, “Türk Sinemasının Sultanı” adını daşıyan hörmətli sənətkarımız Türkan Şoray idi. Bilirsiz ki, türk kinosu Sirat körpüsünü çoxdan keçib. Lakin hələ də dünya kinosunda öz layiqli yerini tuta bilməyib.

-Türklər, Almaniyada 52-ci ilə qədəm qoyub. Siyasət, ticarət, elm, sənət, idman kimi daha bir çox sahədə böyük uğurlar qazanıb. Tarixdən bəri türk-alman əlaqələri həmişə yaxşı səviyyədə davam edib. Kino sahəsində prodüser-rejissor Fateh Akın çox sayda əhəmiyyətli mükafatlar qazanıb. Bu qədər müsbət təsirlər ola-ola türk-alman kino əlaqələri niyə güclənə bilmir?

- Təəssüf ki, diqqətə çarpan etibarsızlıq bu sahədə də özünü büruzə verir. Bir də ortaq mövzu tapma çətinliyi var. Əslində mövzu o qədər çoxdur ki...ancaq bunu həyata keçirmək üçün cəsarət yoxdur.

-Almaniyada kino və musiqi təhsili çox sistemli bir quruluşa sahibdir. Belə olduğu halda Alman aktyorlar beynəlxalq şöhrəti alman filmlərilə deyil, Hollywood istehsalı filmlərlə qazanıb. Məsələn Daniel Bruhl, David Kross, Diane Kruger və s. kimi. Almaniyada kino kifayət qədər dəstək görmürmü?

- Bundan daha yaxşı dəstək harada var, bilmirəm. Amma alman tamaşaçı Hollywood istehsallarına 1945-ci ildən bəri mübtəla olduğu üçün bir növ tərz dəyişdirə bilmir. Tamaşaçı Alman filmini bəyənmirsə, kino nə etsin? Tamaşaçı yalnız komediya növündə bu vərdişini aşa bilib. Hər il Almaniyada yüzdən çox film çəkilir, amma bütün filmləri izləyən tamaşaçı sayı bir milyona belə çatmır.

- Həm Türkiyədə, həm Almaniyada aktyorluq təhsili almısız. Çox sayda film, serial və teatrda oynadız. Almaniyanın ARD Dövlət Televiziyasının ən uzun müddətli və şah əsərlərindən "Tatort" kimi bir serialda rol aldız. Alman kino sektorunda türk aktyor olmaq necədir?

-Çətin. Dünyagörüşlü və yüksək ideyalı həmkarlarla işləyirsən. Rəqabətdən rənginizin fərqliliyi sizi istər-istəməz tipik xarakterləri oynamağa vadar edir. Buna görə bir çox türk aktyorlar alman kinosuna arxa çevirib, Türkiyədə seriallarda oynayır.

- Əgər Türkiyədə qalsaydız, sənət həyatınızda hansı istiqamətdə dəyişiklik olardı?

-Almaniyada öyrəndiklərimdən məhrum olardım. Ayrıca aktyorluqda, harada yaşadığınızdan asılı olmayaraq, heç bir zaman "mən yetkinləşdim" deyə bilməzsiniz. Bizim peşəmizdə öyrənməyin zirvə nöqtəsi yoxdur.

- Türkiyədə kino təhsili beynəlxalq standartlara uyğundurmu?

-Sistem, demək olar ki, eynidi. Əsas iş praktikada yekunlaşır.

-Avropada kino təhsili almış türklər, Türkiyədə kifayət qədər diqqəti cəlb edirmi?

- Diqqəti cəlb etsələr də, təəssüf ki çox da xeyri olmur. Artıq rəqiblər güclüdü.

- Siz məşhur bir aktyor kimi Fateh Akının Türkiyədə kifayət qədər diqqət çəkdiyini düşünürsüz?

-Fateh Akın diqqət çəkir amma o, artıq beynəlxalq miqyasda tanınan prodüsser-rejissor kimi qəbul olunur. Türkiyədə işləmək istəsə, heç kəs ona yox deməz.

-Türk kinosu son illər xeyli böyük layihələrə qol qoyur. Məsələn "Fətih 1453" üçün 8milyon dollar xərcləndiyi deyilir. Bu film, İstanbulun fəthi kimi tarixin ən vacib dövrünü izah etməsinə baxmayaraq gözlənilən nəticəni verə bilmədi. Sizcə belə əhəmiyyətli layihələrin Hollywood iş birliyi ilə həyata keçirilməsi daha doğru olar?

- Sənətdə marketinq çox əhəmiyyətli bir faktordur. Bir işi nə qədər yüksək səviyyəli edirsən-et, satışa çıxara bilmirsənsə bu, bir yerlərdə səhvə yol verdiyini göstərir. Bazar Hollywoodun əlində olduğu üçün bu cür istehsallarda əməkdaşlıq zəruridir.

- Türk filmlərinin OSCAR-a namizəd ola bilməməsinin sizcə səbəbi nədir?

-Kifayət qədər təqdimat edə bilmirik. Mədəniyyət Nazirliyinin təqdimat büdcəsi kafi deyil. Bunu turizm sahəsində əla bacarırlar, amma sənətə gəldikdə deyəsən ciblərində əqrəb var.

- TRT, 2013-ci ildə İsveçdə keçiriləcək 58-ci Eurovision müsabiqəsində, səsvermədə edilən dəyişiklik və haqsızlığa qarşı reaksiya kimi qatılmama qərarı qəbul etdi. Sizcə OSCAR üçün də bunu etmək lazımdır?

- Yox, elə bir səhv OSCAR üçün edilə bilməz. Qarşı reaksiyanı heç kim ciddiyə almaz. “dovşan dağdan küsüb, dağın bundan xəbəri yoxdur” kimi qəbul edilər.

- Son illərdə Türk seriallarının sayı sürətlə qalxır. Sizcə seriallar cəmiyyətin sosial-mədəni quruluşuna hansı istiqamətdə təsir edir?

-Zərərli və xeyirli tərəfləri var. Mən xeyirli cəhətlərini deyim: Türk kinosunun bu qədər irəli getməsinin ən böyük səbəbi seriallardır. Serildan pul qazanan hər prodüser bir kinofilm çəkdi və hələ də çəkirlər. Aralarında yaxşısı da, pisi də var. Ancaq ən vacibi filmlərin çəkilməsidir. Bir də tamaşaçı seriallar sayəsində kitab oxumağa başlayıb.

-Almaniyada yaşayan gənc türklərə peşə seçimində kinonu tövsiyə edərdiz?

-Əlbəttə, tövsiyə edərəm. Gələcəyi olan bir peşə olaraq, kino hər zaman var olacaq. Mütləq oyunçu ya da rejissor olmaq lazım deyil. Bu peşənin kamera, səs, montaj, işıq, makyaj, kostyum kimi başqa elementləri də var.

-Qarabağın işğalı mövzulu bir filmin çəkilməsini zəruri görürsüz? Belə bir film çəkilsə oynamaq istərsiz?

- Yaxşı ki xatırlatdınız, Qarabağ unudulur. Elə bir filmdə oynamağı çox istərdim.

- Bu suallara əlavə etmək istədiyiniz başqa nələrsə var?

- Azərbaycanlı və qarabağlı qardaşlarımı, bacılarımı sevgi və hörmətlə salamlayıram.

-Zaman ayırıb fikirlərinizi Azərbaycanlı oxucularla bölüşdüyünüz üçün sizə öz təşəkkürümü bildirirəm.

-Mən də təşəkkür edirəm.


Abdulkadir İnaltekin






2 Aprel, 2013  13:28 Baxılıb: 1748 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner